Türkdilli dövlətlərin başçılarının VII zirvə görüşündə nitqi
26 aprel 2001-ci il
İstanbul
Hörmətli cənab sədr!
Hörmətli dövlət başçıları!
Xanımlar və cənablar!
Qardaş türkdilli dövlətlərin başçılarına, nümayəndə heyətlərinin üzvlərinə, bütün qonaqlara İstanbul şəhərində öz işinə başlayan VII zirvə görüşü münasibətilə Azərbaycan xalqı adından bir daha ən səmimi salamlarımı və xoş arzularımı çatdırıram.
Görüşümüzün uğurla keçəcəyinə və qarşıya qoyulmuş məqsədlərə çatacağına, ölkələrimizin və xalqlarımızın əməkdaşlığı, işbirliyi yolunda mühüm addıma çevriləcəyinə ümidvar olduğumu bildirirəm.
Türkiyə Cümhuriyyətinin prezidenti, dostum və qardaşım Əhməd Necdət Sezərə, Türkiyə hökumətinə və xalqına bu mühüm görüşün ev sahibliyini öz üzərinə götürdükləri üçün ürəkdən minnətdarlığımı bildirirəm.
Böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, türkdilli dövlətlərin başçılarının 1992-ci ildə keçirilmiş ilk, Ankara görüşündən ötən illər ərzində qarşıladığımız bütün çətinliklərə baxmayaraq birliyimiz inkişaf edib, möhkəmlənibdir.
Keçən illər ərzində ölkələrimiz, dövlətlərimiz və xalqlarımız arasında bir çox sahələrdə əlaqələr genişlənib, əməkdaşlığımız artıq öz səmərəsini göstərməyə başlayıbdır.
Əminəm ki, yeni əsr dövlətlərimiz üçün sabitlik, dinamik inkişaf, konstruktiv siyasi dialoq, qarşılıqlı surətdə faydalı əməkdaşlıq, xalqlarımız üçün isə ictimai tərəqqi və rifah əsri olacaqdır. Bütün bunlara biz, əldə etdiyimiz tarixi nailiyyətlərin – mili azadlığımız, dövlət müstəqilliyimiz və müştərək işbirliyimizin daha da möhkəmləndirilməsi nəticəsində nail olacağıq.
Bu gün toplaşdığımız VII zirvə görüşü bir daha təsdiq edir ki, müstəqillik qazandıqdan sonra xalqlarımız və ölkələrimiz arasında çoxtərəfli əməkdaşlıq birinci növbədə ortaq mədəniyyətimizin, adət-ənənələrimizin, tariximizin, milli mənəvi dəyərlərimizin bərpası baxımından bir sıra müsbət nəticələr vermiş və gələcək üçün aydın perspektivlər açmışdır.
Türkdilli dövlətlər dünyanın çox mühüm coğrafi-strateji bir regionunda yerləşirlər. Onlar əlverişli mövqeyə, zəngin təbii ehtiyatlara, yüksək intellektual potensialı olan insan resurslarına malikdirlər. Xalqlarımızın çoxəsrlik dövlətçilik ənənələri, zəngin mədəniyyəti, yüksək humanist keyfiyyətləri vardır.
Hələ keçən əsrin əvvəllərində türk xalqlarını yaxınlaşdırmaq, onları vahid siyasi, iqtisadi və mədəni gücə çevirmək istəyən görkəmli şəxsiyyətlərimiz "Dildə, fikirdə və əməldə birlik" şüarı ilə çıxış edirdilər. Biz uzun və çətin mübarizələrdən sonra yalnız XX əsrin sonunda bu istiqamətdə böyük irəliləyişlərə nail olduq. Şübhəsiz, indiki şəraitdə türkdilli dövlətlərin başçılarının qarşılıqlı əməkdaşlığı və ardıcıl təması bu sahədəki uğurlarımızı daha da artıracaqdır.
Bizim zirvə görüşlərimiz nəticəsində bir sıra nəcib ənənələrin əsası qoyulmuşdur. Onların sırasında dahi şəxsiyyətlərimizin, milli mədəniyyətlərimizin korifeylərinin, bəşər sivilizasiyasının inciləri möhtəşəm eposlarımızın əlamətdar ildönümlərini, xalqlarımızın həyatındakı mühüm tarixi hadisələri birlikdə bayram etməyimiz əhəmiyyətli yer tutur.
"Manas" eposunun 1000, Əmir Teymurun 660, Məhəmməd Füzulinin 500, Abay Kunanbayevin 150, "Kitabi-Dədə-Qorqud" dastanının 1300 illiyinin, əsasən, türkdilli dövlətlərin başçılarının zirvə görüşü çərçivəsində bayram edilməsi, bu görüşlərin əhatə dairəsini daha da genişləndirmişdi.
Belə yubiley tədbirlərinin birlikdə qeyd olunmasında əsas məqsəd xalqlarımızın əsrlər boyu yaratdığı zəngin mənəvi irsi indiki nəsillərə qaytarmaq, eyni kökə, eyni tarixə malik olduğumuzu bütün dünyaya bir daha nümayiş etdirməkdir.
Digər tərəfdən, belə yubiley tədbirlərini keçirməklə, biz inandırıcı şəkildə göstəririk ki, İbn-Sinanın, Nizaminin, Yunus İmrənin, Füzulinin, Məxtumqulunun, Mahmud Qaşqarinin, Abayın və bir çox başqa dahilərimizin yaradıcılığı, "Kitabi-Dədə Qorqud", "Manas", "Alpamış" kimi ölməz dastanlar təkcə bizim xalqlarımıza məxsus deyil, onlar həm də bütün bəşəriyyətin mədəni sərvətidir.
Sarsılmaz tarixi tellərlə bağlılığımızla bərabər, məqsəd və vəzifələrimizin, qarşılaşdığımız problemlərin oxşarlığı ölkələrimizi və xalqlarımızı birləşdirən güclü amildir.
Dərin razılıq hissi ilə qeyd etmək istəyirəm ki, 1992-ci ildən başlayaraq, sıra ilə qardaş dövlətlərimizin paytaxtlarında keçirilən zirvə görüşləri nəticəsində keçən müddət ərzində türkdilli dövlətlərin ikitərəfli münasibətləri daha da inkişaf etmiş, aramızda yüksək səviyyəli çoxlu görüşlər keçirilmiş, danışıqlar aparılmış, dost ölkələrimizə qarşılıqlı səfərlər olmuş, bir sıra mühüm dövlətlərarası sazişlər imzalanmışdır.
Bu sazişlər dövlətlərimizin müstəqilliyinin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir.
Türkdilli dövlətlərin başçıları arasında sıx şəxsi ünsiyyət, mehriban dostluq və qardaşlıq münasibətləri yaranmışdır. Bu isə bir çox çətin və mürəkkəb məsələlərin birgə səylərlə həll olunmasına kömək edir. Bunun nəticəsidir ki, ölkələrimiz bir sıra iri beynəlxalq layihələr çərçivəsində uğurla əməkdaşlıq edirlər.
Bu gün hamımızı birləşdirən belə nəhəng layihələrdən biri də Xəzər hövzəsindəki enerji daşıyıcılarının hasil edilməsi və onları dünya bazarına çıxaracaq infrastrukturların yaradılmasıdır.
1994-cü ildən başlayaraq, Azərbaycanın ardıcıl surətdə həyata keçirdiyi enerji strategiyası nəticəsində dünyanın iri neft şirkətlərinin təmsil olunduğu konsorsium ilə məşhur "Əsrin müqaviləsi" imzalanmış və Xəzər hövzəsi enerji ehtiyatlarının işlənilməsi üzrə uzunmüddətli beynəlxalq əməkdaşlıq bölgələrindən birinə çevrilmişdir. Məhz bundan sonra karbohidrogen ehtiyatlarının aşkara çıxarılması üçün göstərilən səylər Qazaxıstanda və Türkmənistanda da zəngin yataqların olduğunu təsdiq etmişdir.
Beləliklə, Azərbaycanın bu siyasəti nəticəsində Xəzər hövzəsi bu gün bütün dünyanın diqqətini özünə cəlb edən ən cazibədar və perspektivli enerji mənbələrindən biri olan coğrafi-siyasi regiona çevrilmişdir.
Xəzəryanı dövlətlərin hər birinin enerji ehtiyatları ilə zəngin olan öz sektoru və buradan irəli gələn bütün hüquq imkanları vardır. Biz bu imkanlardan istifadə edərək, birgə çoxtərəfli layihələrin həyata keçirilməsində fəal iştirak etməklə Xəzər hövzəsini iqtisadi tərəqqi zonasına çevirər, dünya iqtisadi sistemində öz layiqli yerimizi tutarıq. Ümidvaram ki, İstanbul görüşü bu əməkdaşlığa yeni güclü təkan verəcəkdir.
Şübhə yoxdur ki, ölkələrimizin malik olduğu zəngin təbii sərvətlər və əlverişli coğrafi mövqe iqtisadi fayda ilə yanaşı, dövlətlərimizə həm də böyük siyasi üstünlüklər qazandırır.
Enerji resurslarının birgə hasilatı, dünya bazarlarına çıxmaq üçün neft və qaz kəmərlərinin çəkilişi dövlətlərimizin mənafeyini dünyanın inkişaf etmiş ölkələrinin mənafeyi ilə birləşdirəcək və regionun təhlükəsizliyinin, sabitliyinin və tərəqqisinin təminatçısına çevriləcəkdir.
Diqqətəlayiq haldır ki, beynəlxalq əməkdaşlığımızın nümunəsi sayılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilməsi ilə bağlı möhtəşəm layihənin reallaşdırılması 1998-ci il oktyabrın 29-da, Türkiyə Cümhuriyyətinin 75 illik yubileyi zamanı imzalanmış Ankara Bəyannaməsi ilə başlanmışdır.
1999-cu ilin noyabrında, ATƏT-in sammiti zamanı Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə əlaqədar imzalanmış tarixi İstanbul sazişi ölkələrimizin gələcək inkişafı, regionumuzun təhlükəsizliyi və çiçəklənməsi yolunda böyük uğur sayılmalıdır.
Türkdilli dövlətlərin iqtisadiyyatının dirçəlməsində mühüm rolu olan TRASEKA və Böyük İpək yolunun bərpası layihələrini xüsusi qeyd etmək lazımdır. TRASEKA proqramını yerinə yetirib Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizini reallığa çevirməklə, biz həm iqtisadi inkişaf və yeni iş yerlərinin açılması üçün imkanlar yaradır, həm də regionumuzda sülh və sabitlik şəraitini möhkəmləndiririk.
Tarixi Böyük İpək yolunun bərpasına dair 1998-ci il sentyabrın 7-8-də Avropa Birliyinin himayəsi altında Bakıda dünyanın 32 dövlətinin və 15 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilmiş beynəlxalq konfransın böyük əhəmiyyəti olmuşdur.
Böyük İpək yolunun bərpa edilməsi, TRASEKA proqramının həyata keçirilməsi nəticəsində Avropa İttifaqı məkanından başlayaraq, Qafqaz Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyayadək uzanan nəqliyyat dəhlizi Şərqlə Qərbi, Avropa ilə Asiyanı birləşdirəcəkdir. Bu layihənin reallaşmasında türkdilli dövlətlər açar rolunu oynayır.
1999-cu ilin aprelində Amerika Birləşmiş Ştatlarının Senatında İpək yolu ölkələrinin dövlət başçılarının, Amerika Birləşmiş Ştatları administrasiyasının yüksək səviyyəli nümayəndələrinin, konqresmenlərinin iştirakı ilə keçirilən konfrans bizim məqsəd birliyimizi, Böyük İpək Yolunun bərpasında fəal iştirak etmək arzusunda olduğumuzu bir daha təsdiq etdi.
XX əsrin sonu dünyanın coğrafi-siyasi mənzərəsini dəyişdirmiş hadisələrlə əlamətdardır. Xalqlarımızın müstəqilliyini əldə etməsi, demokratik inkişaf yolunu seçərək irəliləməsi tariximizdə yeni səhifələr açır.
Qardaş Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanla bərabər, Azərbaycan da bu il müstəqilliyinin 10 illik yubileyini qeyd edir. Mən böyük iftixar hissi ilə bildirirəm ki, Azərbaycan Respublikası ötən illər ərzində müstəqilliyini və suverenliyini qorumuş, dünya birliyinə inteqrasiyasını müvəffəqiyyətlə davam etdirmişdir.
Bir sıra çətinliklərə baxmayaraq, Azərbaycan dünyanın mötəbər beynəlxalq təşkilatlarından biri olan Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmuş və bununla da Ümumavropa ailəsinə həqiqətən mənsubluğunu təsdiq etmişdir.
Lakin sadalanan uğurlarla yanaşı, yeni müstəqil dövlətlər həllini tapmamış, bu və ya digər şəkildə onların müstəqilliyi və suverenliyini təhlükə altına qoya biləcək problemlərlə üzləşirlər.
Dünyada separatizm, terrorizm, dini ekstremizm təhlükəsi hələ də azalmamış, əksinə, artmışdır. Məhz qonşu Ermənistanın hərbi təcavüzü, Azərbaycana qarşı haqsız ərazi iddiaları nəticəsində 1988-ci ildə Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yaranmışdır.
Əvvəlcə keçmiş sovet rəhbərliyinin, sonrakı dövrdə isə dünya birliyinin laqeydliyi üzündən artıq 10 ilə yaxındır ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Doğma torpaqlarından qovulmuş bir milyondan artıq azərbaycanlı hələ də qaçqın kimi çadır şəhərciklərində ağır və dözülməz şəraitdə yaşayır.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası hələ 1993-cü ildə münaqişə ilə əlaqədar dörd qətnamə qəbul etmişdir. Qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərindən qeyd-şərtsiz, dərhal çıxarılmasının tələb olunmasına baxmayaraq, Ermənistan bu günədək həmin qətnamələri yerinə yetirmir.
Azərbaycan tərəfi ardıcıl surətdə sülhsevər siyasət yeridərək, münaqişənin dövlətlərin ərazi bütövlüyü, beynəlxalq birlik tərəfindən tanınmış dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığına dair beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə ədalətli həllinə, işğal olunmuş ərazilərimizin azad edilməsinə, qaçqınların və köçkünlərin doğma yurdlarına qayıtmasına çalışır.
1994-cü ilin may ayında Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş imzalanıb və ona əməl olunur. ATƏT-in Minsk qrupu, onun həmsədrləri – Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa məsələnin sülh yolu ilə həlli istiqamətində çalışırlar. Lakin Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməməsi, danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutması münaqişənin aradan qaldırılmasına imkan vermir.
Münaqişənin həllində irəliləyiş əldə edilməsi məqsədi ilə son iki ildə Ermənistan prezidenti ilə Azərbaycan prezidenti arasında birbaşa görüşlər keçirilmişdir. Sülhə nail olmaq üçün qarşılıqlı kompromislərə gedilməsi zərurəti bildirilmişdir.
Son zamanlar Azərbaycan prezidenti ilə Ermənistan prezidenti arasında danışıqlar prosesi intensivləşmişdir. 2001-ci il yanvarın 25-26-da və martın 4-5-də Parisdə Fransa prezidenti Jak Şirakın vasitəçiliyi ilə Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məsələsi müzakirə edilmişdir.
2001-ci il aprelin 3-6-da Amerika Birləşmiş Ştatlarının Florida ştatının Ki Uest şəhərində dövlət katibi Kolin Pauellin təşəbbüsü və iştirakı, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında müzakirələr davam etdirilmişdir. Danışıqlar sona çatdıqdan sonra Azərbaycan və Ermənistan prezidentləri Amerika Birləşmiş Ştatlarının prezidenti Corc Buş ilə Vaşinqton şəhərində görüşmüşlər. Növbəti sülh danışıqları cari ilin iyun ayında İsveçrədə olacaqdır.
Ümid edirik ki, sülh danışıqları, nəhayət, öz bəhrəsini verəcək, biz məsələnin ədalətli həllinə, Azərbaycanın ərazi bütövlüyünün bərpasına, qaçqın və köçkünlərin öz yerlərinə qayıtmasına nail olacağıq.
Ermənistanın Azərbaycana hərbi təcavüzü xalqımıza böyük zərbələr vurmuşdur. Biz bu münaqişəni aradan qaldırmaq üçün var qüvvəmizlə çalışırıq. Hesab edirəm, bizim düşdüyümüz vəziyyətdən hamı nəticə çıxarmalıdır. Hər bir hərbi təcüvüzün qarşısı vaxtında alınmalıdır və dünya birliyi onun qarşısını almaq üçün ən qəti tədbirləri həyata keçirməlidir.
Separatizmin, terrorizmin, dini ekstremizmin qarşısını almaq üçün dünya birliyi, eləcə də Türkdilli Dövlətlər Birliyi səmərəli birgə fəaliyyət göstərməlidirlər.Bu təhlükələr isə yalnız Cənubi Qafqazda deyil, digər regionlarda da mövcuddur. Ötən ildən başlayaraq ayrı-ayrı dini ekstremist qruplaşmaların Mərkəzi Asiyada, ilk növbədə isə Özbəkistanda və Qırğızıstanda fəallaşmaları, onların separatçı və terrorçu fəaliyyətləri nəticəsində baş vermiş insan tələfatı və qarşıdurma Azərbaycanda da haqlı narahatlıqla qarşılanmışdır.
Bütün bunlar bir daha göstərir ki, biz terrorizm, dövlətlərin ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını pozan barışmaz separatizmə, dini ekstremizmə qarşı bundan sonra da birgə mübarizə aparmalı, bu sahədə səylərimizi birləşdirməliyik.
Diqqətinizə çatdırmaq istəyirəm ki, ATƏT-in İstanbul sammitində Azərbaycan Respublikası ilk dəfə olaraq, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik Paktının qəbul edilməsi barədə təkliflə çıxış etmişdi. Bizim təşəbbüsümüz regionun xarici hərbi qüvvələrdən azad edilməsi, təcavüz və etnik təmizləmə siyasətinin aradan qaldırılması, separatizm və terrorizmin qarşısının alınmasına yönəldilmişdir.
Biz regionda sabitliyin və sülhün bərqərar olmasına gətirib çıxaracaq Qafqaz Paktının yaradılması haqqında Türkiyə Cümhuriyyətinin səylərini alqışlayırıq. Bu təkliflərin həyata keçirilməsi üçün imkan və səylərimizi birləşdirməliyik. Baş verə biləcək təhlükələrin qarşısını yalnız bu yolla ala bilərik.
Hörmətli dövlət başçıları! Xanımlar və cənablar!
Görüş zamanı hazırlanmış İstanbul Bəyannaməsinin bütün müddəalarını bütövlükdə dəstəkləyirik.
Biz türkdilli dövlətlərin başçılarının zirvə görüşlərinin daimi katibliyinin yaradılması və onun iqamətgahının Türkiyədə yerləşdirilməsi fikrini bəyənirik.
Əminəm ki, Türkdilli Dövlətlər Birliyinin VII İstanbul zirvə görüşü bizim dostluq və qardaşlığımızın möhkəmlənməsinə, türkdilli dövlətlər və xalqlar arasında çoxtərəfli əlaqələrin inkişaf etməsinə qiymətli töhfə verəcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.