Ramazan bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşdə çıxışı
Prezident sarayı
30 yanvar 1998-ci il
Hörmətli Şeyx həzrətləri!
Əvvəla, Ramazan bayramı münasibətilə sizi bir daha təbrik edirəm. Azərbaycan xalqına, respublikamızda yaşayan müsəlmanların hamısına Ramazan bayramı münasibətilə öz təbrik məktubumu elan etmişəm. Bütün azərbaycanlılara, respublikamızın vətəndaşlarına bu bayram günü bir daha səadət, sülh, əmin-amanlıq arzulayıram. Əminəm ki, indi Azərbaycanda yaranmış sağlam ictimai-siyasi vəziyyət və bizim apardığımız tədbirlər xalqımızın rifahını günü-gündən yaxşılaşdıracaq, biz sülhü, əmin-amanlığı, sabitliyi bundan sonra da qoruyub saxlaya biləcəyik.
Ramazan bayramı xalqımızın ən böyük, müqəddəs bayramlarından biridir. Camaatımız çox sevinir ki, bu bayram artıq xalqımıza qayıdıbdır. Bunu indi hər bir insan, eyni zamanda bütün ölkə, dövlət bayram edir. Sizi bir daha təbrik edirəm.
Verdiyim sərəncamla, qəbul etdiyim qərarlarla, həyata keçirilən tədbirlərlə əlaqədar sizin fikriniz, rəyiniz də mənim üçün çox qiymətlidir. Bildiyiniz kimi, mən həmişə Azərbaycanda xalqımızın mənəviyyatının qorunması üçün çalışmışam, mənəviyyatımıza zidd olan hər bir hala qarşı mübarizə aparmışam. Bütün həyatımla, gördüyüm işlərlə, respublikanın, dövlətin başçısı kimi atdığım bütün addımlarımla, tədbirlərimlə ölkəmizdə mənəviyyatın daha da möhkəmlənməsi, milli mənəvi dəyərlərimizin yaşaması, milli adət-ənənlərimizə sadiq olmağımızı təmin etməyə çalışmışam. Ötən dövrlərdə bu sahədə mənim gördüyüm işləri respublikamızın bütün vətəndaşları da, siz də bilirsiniz.
Mənim son qərarım təsadüfi bir qərar deyildir. Mən son illər, son zamanlar respublikamızda baş vermiş müsbət dəyişikliklərlə əlaqədar bəzi mənfi hadisələrin, meyllərin də meydana çıxdığını müşahidə edirdim. Bu, məni narahat edirdi. Məsələn, spirtli içkilərdən istifadə olunmasının yayılması, onların istehsalının artırılması, yaxud da narkotik maddələrdən istifadə edilməsinin yayılması məni çox narahat edirdi. Bunlardan sonra son vaxtlar respublikamızda kazinoların, qumarxanaların açılması, qanuni, qanunsuz, gizli, qeyri-leqal şəkildə ayrı-ayrı gecə klublarının açılması – bunlar hamısı xalqımızın mənəviyyatına zidd olan, onun mənəviyyatını, xüsusən gənclərimizin, gənc qız-qadınlarımızın tərbiyəsini pozan hallardır. Bunlar məni çox narahat edirdi.
Mən hakimiyyət, təhsil orqanlarına, gənclər təşkilatına, ictimai təşkilatlara və hüquq-mühafizə orqanlarına dəfələrlə göstəriş vermişdim ki, bunların qarşısı alınmalıdır, belə hallara qarşı mübarizəni gücləndirmək lazımdır. İndiyə qədər aparılan tədbirlərin istənilən nəticəni verməyəcəyini hiss edəndən sonra mən bu məsələni respublika Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarıb müzakirə etməyə məcbur oldum. Bu məsələ Təhlükəsizlik Şurasında bir neçə saat müzakirə edildi. Mən öz fikirlərimi, narahatçılığımı, mövqeyimi tamamilə açıq-aydın bildirdim. Mən bunların nəticəsində artıq elan olunmuş sərəncamı qəbul etdim.
Çox məmnunam ki, mənim gördüyüm bu tədbirlər, atdığım bu addımlar ictimaiyyət, xalqımız tərəfindən bəyənilir və hörmətlə, rəğbətlə qarşılanır. Şübhəsiz ki, bizim din xadimlərimizin, dindarların, ağsaqqalların bu məsələyə münasibəti mənim üçün çox qiymətlidir. Bunları mənə çatdırdınız, sizin mənə təqdim etdiyiniz məktubda da bunlar öz əksini tapıbdır.
Mən çox təşəkkür edirəm. Məmnunam ki, bizim bu barədə fikirlərimizin hamısı – yəni tarixi, dini, mənəvi ənənələrimiz, ulu babalarımızdan bizə qalmış nemətlər, dəyərlər barədə, həm də dünya ilə bugünkü münasibətlərimizə və ictimaiyyətdə gedən proseslərə aid olan anlayışımız üst-üstə düşür və eyni istiqamətdədir.
Şübhəsiz ki, biz Azərbaycanda dünyəvi dövlət qururuq. Biz ölkəmizi, vətəndaşlarımızı cürbəcür fanatizm əhval-ruhiyyəsinə qapılmağa heç vaxt dəvət etmirik və buna imkan da verməyəcəyik. Bizdə dinə, mənəvi dəyərlərimizə, eyni zamanda ümumi, bəşəri dəyərlərə hörmət var. Biz ümumbəşəri dəyərləri, yəni tarixin sınaqlarından keçmiş və yüksək mədəniyyəti, mənəviyyatı əks etdirən ümumbəşəri dəyərləri öz xalqımıza aşılamalıyıq, xalqımızı həmin ümumbəşəri dəyərlər əsasında da tərbiyələndirməliyik. Ancaq öz milli-mənəvi dəyərlərimizdən də ayrılmamalıyıq. Biz bu prosesdə əxlaqsızlığın inkişaf etməsinə, yayılmasına, mənəviyyatsızlığın yayılmasına yol verə bilmərik.
Qumarxanalar, gecə klubları, kazinolar, cürbəcür spirtli içkilərə insanların çox aludə olması şübhəsiz ki, bizim mənəviyyatımıza ziddir. Ona görə də hesab edirəm ki, mənim qəbul etdiyim bu qərar, verdiyim sərəncam, bu tədbirlər həyata keçirilməlidir və bunun üçün də uzunmüddətli iş görmək lazımdır.
Bunu bəyəndiyinizə və bu işlərdə mənə dəstək verdiyinizə görə təşəkkür edirəm. Ancaq mən istərdim ki, siz mənim bu tədbirlərimin əməli surətdə həyata keçirilməsində də fəal iştirak edəsiniz, beləliklə, biz mənəviyyatımıza zidd olan halları aradan qaldıraq. Ancaq təkcə bunun aradan qaldırılmasından söhbət getmir. Biz gərək mənəviyyatımızın keşiyində daim duraq. Çünki, ola bilər, bunu bir müddət aradan qaldıraq, ancaq diqqət yetirməsək, qısa bir vaxtdan sonra onlar yenə də bizim cəmiyyətimizə soxulacaqlar. Bu, təbii bir şeydir. Ona görə də bu, bizim üçün daimi, yəni kampaniya xarakterli deyil, daimi işlərdir. Biz bu işlərimizi daim aparmalıyıq.
Mən əminəm ki, bu barədə siz öz sahənizdə, cəmiyyətdə, insanlar arasında tutduğumuz bu dəst-xəttin və apardığımız tədbirlərin həyata keçirilməsində fəal iştirakçı olacaqsınız.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.