Bakıda keçirilən beynəlxalq konfransda və Qafqaz Müsəlmanları Qurultayında nitqi

faza29 sentyabr 1998-ci il

Möhtərəm Şeyxülislam həzrətləri! Hörmətli konfrans, qurultay iştirakçıları, hörmətli qonaqlar, əziz qardaşlar!

Sizi – «Müasirlik və dini-mənəvi dəyərlər» mövzusunda beynəlxalq konfransın iştirakçılarını, Qafqaz müsəlmanları X qurultayının nümayəndələrini səmimi qəlbdən salamlayıram. Beynəlxalq konfransın və qurultayın işinə uğurlar arzulayıram!

Mən çox məmnunam ki, bu iki böyük beynəlxalq tədbir məhz Azərbaycanda, onun paytaxtı Bakı şəhərində keçirilir. Dünya müsəlmanlarının «Müasirlik və dini-mənəvi dəyərlər» mövzusuna həsr etdikləri beynəlxalq konfrans çox böyük əhəmiyyətə malikdir. Qafqaz müsəlmanları özlərinin X qurultayını keçirirlər. Beynəlxalq konfrans və qurultay adı daşıyan bu iki yüksək səviyyəli tədbirin məhz Azərbaycanda, Bakı şəhərində keçirilməsi müstəqil Azərbaycana, onun bugünkü imkanlarına və Azərbaycanın dövlətçiliyinə göstərilən diqqət və ehtiram əlamətidir. Buna görə mən bütün din xadimlərinə, islam aləminin mötəbər insanlarına, Qafqaz müsəlmanlarına təşəkkürümü bildirirəm və sizi əmin edirəm ki, həm konfransın, həm də qurultayın müvəffəqiyyətlə keçməsi üçün Azərbaycanın hökuməti, hakimiyyət orqanları əlindən gələni edəcəklər.

Əmin ola bilərsiniz ki, Azərbaycanın ciddi problemlərlə və çətinliklərlə rastlaşmasına baxmayaraq, siz bu günlər böyük qonaqpərvərlik, mehribanlıq, dostluq münasibətləri görəcəksiniz. Bu, Azərbaycan xalqının mənəvi xüsusiyyətlərindən, mənəvi dəyərlərindən biridir. Bizim xalqımız həmişə dostluğu, qardaşlığı, mehribanlığı möhkəmləndirməyə cəhd göstərmiş, insanların dini mənsubiyyətindən asılı olmayaraq onların arasında sülh və əmin-amanlıq, mehribanlıq əlaqələrinin olmasına çalışmışdır. Ümid edirəm ki, siz bu günlər Azərbaycan xalqının bu mənəvi dəyərlərinin şahidi olacaqsınız.

Beynəlxalq konfrans həqiqətən tək islam aləmimiz üçün yox, bütün müasir dünya üçün də vacib bir məsələnin müzakirəsinə həsr edilibdir. XX əsrin sonunda bəşəriyyət böyük təhlükələrlə, böyük münaqişələrlə, çətinliklərlə rastlaşıbdır. Dünyada gedən ictimai-siyasi proseslər, dünyanın əksər ölkələrində demokratiyanın inkişafı, dünyanın əksər ölkələrində insanlara bütün azadlıqların verilməsi və insan haqlarının qorunması sahəsində görülən işlər və xüsusən 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 50 illiyi tamam olan bir ildə müsbət cəhətlərlə yanaşı, dünyada gedən proseslər içərisində mənfi cəhətlər, mənfi meyllər də mövcuddur. Bunların çoxu da insanın mənəviyyatı ilə bağlıdır. Ona görə də müasir dünyada dini-mənəvi dəyərlərdən səmərəli istifadə olunması hər bir ölkə üçün, hər bir xalq üçün, hər bir din üçün çox əhəmiyyətlidir.

Məlumdur ki, bütün dinlər dünyada yüksək mənəviyyatı təbliğ edirlər. O da məlumdur ki, bəşər tarixində insanlar öz şüurunu, adət-ənənələrini və cəmiyyətlərdə yaranan qanun-qaydaları əsasən dini dəyərlərdən, dinin insanlara bəxş etdiyi keyfiyyətlərdən götürüblər.

Bu gün biz keçmiş tariximizə baxaraq böyük məmnuniyyətlə qeyd etməliyik ki, din çoxminillik bəşər tarixində həmişə müstəsna, böyük rol oynamışdır və insanlara həmişə səadət, sülh və əmin-amanlıq gətirmişdir. İslam dini yüksək mənəvi dəyərlərə malik olan bir dindir. İslam dininin bəşər mədəniyyətinə, bəşər sivilizasiyasına verdiyi töhfələr və xüsusən mənəvi dəyərlər əvəzsizdir, misilsizdir. Biz müsəlmanlar fəxr edirik ki, mənsub olduğumuz islam dini dünyanın böyük bir hissəsini əhatə edir və bəşər tarixi boyu insanların mənəvi cəhətdən yüksəlməsinə və dünyada inkişafa, sülhün, əmin-amanlığın yaranmasına həmişə xidmət etmişdir. Ona görə də mən inanıram ki, bu gün burada işə başlayan beynəlxalq konfrans islam dininin mənəvi dəyərlərindən müasir həyatda səmərəli istifadə olunması üçün müvafiq tövsiyələr irəli sürəcək və beləliklə, biz ölkəmizin və buraya toplaşan nümayəndələrin ölkələrinin həyatında olan çətinliklərin, problemlərin həll edilməsinə nail ola biləcəyik.

Bu konfransın xüsusən keçmişdə Sovetlər İttifaqına mənsub olan, indi müstəqil dövlət kimi yaşayan ölkələr, dövlətlər üçün çox böyük əhəmiyyəti vardır. Çünki məlumdur ki, biz 70 il kommunist ideologiyası altında tərbiyələnərək dinimizdən və dinin bizə bəxş etdiyi mənəvi dəyərlərdən məhrum olmuşduq. Kommunist ideologiyasının bəşəriyyətə vurduğu zərbələrdən ən böyüyü 70 il müddətində dinə qarşı aparılmış təbliğat və xüsusən dinin qadağan olunması və dinin təhrif edilməsi olmuşdur. Ancaq eyni zamanda bu tarix onu da göstərir ki, din və o cümlədən bizim mənsub olduğumuz islam dini o qədər qüdrətə malikdir ki, o qədər gücə malikdir ki, heç bir ideologiya, heç bir hakimiyyət, heç bir hökmdar onunla bacara bilməz və 70 illik tarix də göstərdi ki, bunu bacara bilmədi.

Doğrudur, kilsələri, məscidləri partlatdılar, dağıtdılar, dinin əleyhinə müntəzəm təbliğatlar apardılar. O dövrdə doğulmuş, həyata atılmış insanlar bəzən dinin nə olduğunu da bilmədilər və onlara təsir gücü xüsusən artıq oldu. Amma bunlara baxmayaraq insanlar, o cümlədən müsəlmanlar dini öz qəlbində yaşatdılar. Hər bir ailədə, hər bir evdə, hər bir ocaqda din yaşadı və dinin insanlara bəxş etdiyi adət və ənənələr, qanun və qaydalar yaşadı və onlar o hakimiyyət dövründə tətbiq edilən qanunlardan və yeni yaranan adət-ənənələrdən hətta güclü oldu. Çünki din və xüsusən bizim islam dini çoxəsrlik tarixi boyu özündə elə gözəl xüsusiyyətlər formalaşdırmışdır ki, bizim üçün müqəddəs olan Qurani-Kərim, həzrəti Məhəmməd peyğəmbərin müsəlmanlara göstərdiyi yol və verdiyi tövsiyələr insanların daxili mənəviyyatına o qədər uyğun olmuşdur, insanlar üçün o qədər faydalı olmuşdur və insanların həyatında o qədər müsbət rol oynamışdır, insanları o qədər səadətə çatdırmışdır ki, bu adət-ənənələr, bu dini qanun-qaydalar nəsildən-nəslə yaşamış və heç bir məhdudiyyət bunun qarşısını ala bilməmişdir.

Təsəvvür edin, o dövrdə Azərbaycanda məscidlər məhv oldu, Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman ölkəmizdə cəmi 18 məscid var idi. Azərbaycanın dövlət müstəqilliyinin hələ 7 yaşı tamam olmayıbdır. Yəni tarixi nöqteyi-nəzərdən biz dövlət müstəqilliyi, milli azadlıq şəraitində kiçik bir zaman yaşamışıq. Ancaq Azərbaycan xalqı öz milli azadlığını qazanandan sonra, özünün dövlət müstəqilliyini elan edəndən sonra, öz dövlətini, öz quruluşunu özü istədiyi kimi qurandan sonra qısa bir zamanda indi Azərbaycanda 1000-dən artıq məscid var. Demək, insanların hamısının qəlbində məscid intizarı, məscid arzusu, - məscid Allah evidir, məscid dini məbəddir, dini mərkəzdir, - o qədər yaşayıbdır ki, qısa bir zamanda heç bir hökumətin, dövlətin köməyi, vəsaiti olmadan məscidlər tikilib yaradılıbdır. Bu, mənim dediklərimə əyani sübutdur. Mən bu il böyük sevinc hissi ilə Bakıda müqəddəs yer adlanan Bibiheybət məscidinin yerində yeni bir məscidin yaradılmasına nail oldum və onun açılışında iştirak etdim.

Təsəvvür edin, o yer müqəddəs yerdir. Orada YII əsrdən həzrəti Hökumənin qəbri olmuşdur. İmam Museyi-Kazımın qızı, imam Rzanın bacısı həzrəti Hökumənin qəbri üzərində vaxtilə insanlar məscid qurmuşdular və ora ziyarətgaha çevrilmişdi. Ancaq o müqəddəs yer, o insanların, tək Azərbaycandan yox, dünyanın bir çox yerlərindən də gələn müsəlmanların ziyarət etdiyi müqəddəs yer 1933-cü ildə partladılmışdır, dağıdılmışdır. Məscidi partladıblar, dağıdıblar, yerlə yeksan ediblər, amma insanlar ayağını o yerdən çəkməyiblər. Həmişə Bibiheybət piri, - bizdə ona pir deyirlər, - müsəlmanların ziyarət yeri olubdur, müsəlmanlar gedib orada o yerə öz ehtiramını bildiriblər, nəzirlərini veriblər və o yeri yaşadıblar.

Biz dövlət müstəqilliyini əldə edəndən sonra, 1994-cü ildə mən piri ziyarət edən kimi orada yeni, ondan da gözəl bir məscidin tikilməsi haqqında qərar verdim və məscid bu ilin may ayında açıldı. Ancaq tikilmiş o məscid daha da genişlənəcək və böyük bir ibadət, ziyarət yerinə çevriləcəkdir. Bu, mənim, Azərbaycan prezidentinin etdiyi işdir. Amma qalan bütün məscidləri insanların özləri tikiblər, dövlətin heç vəsaiti ayrılmadan. Bu onu göstərir ki, bizim islam dininə insanlar nə qədər bağlıdır, buna nə qədər itaət edirlər və islam dini nə qədər güclüdür.

Buna görə də hesab edirəm ki, konfransın mövzusu – «Müasirlik və dini-mənəvi dəyərlər» - bir-biri ilə bağlanmalıdır. Dini-mənəvi dəyərlərdən biz müasir həyatımızın daha da genişlənməsi və inkişaf etməsi üçün istifadə etməliyik. Dini mənəvi dəyərlər bizi geriyə çəkməməlidir, irəli aparmalıdır və mütləq belə olmalıdır. Çünki islam dininin mənəvi dəyərləri insanları həmişə inkişafa aparmışdır, insanlara həmişə qarşıdakı uzaq və işıqlı yolu göstərmişdir və insanları daha da irəli getməyə, daha da savadlanmağa, mədəniyyətə daha da qovuşmağa, müasir həyatın bütün vasitələrindən öz həyatını, öz millətinin həyatını, xalqının həyatını daha da yaxşılaşdırmaq üçün, maddi və mənəvi vəziyyətini yaxşılaşdırmaq üçün daha da səmərəli istifadə etməyə yönəldilmişdir. Mən güman edirəm ki, siz məsələləri məhz bu istiqamətdə müzakirə edəcəksiniz. Əminəm ki, beynəlxalq konfrans islam aləmində tarixi bir hadisəyə çevriləcəkdir və biz dövlət olaraq, dövlət işləri ilə məşğul olan insanlar Azərbaycanda, tək Azərbaycanda yox, bütün ölkələrdə sizin konfransın verdiyi tövsiyələrdən istifadə edərək cəmiyyətimizdə mənəviyyatı daha da yüksəltməyə nail ola biləcəyik.

Azərbaycan müstəqil dövlət olaraq demokratiya yolu ilə gedir. Biz öz müstəqilliyimizi əldə edəndən sonra Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurmaq yolunu tutmuşuq və bu yolla da gedirik. Hesab edirəm ki, Azərbaycan xalqı üçün, Azərbaycan dövləti üçün bu, yeganə və ən düzgün, ən doğru yoldur. Demokratik, hüquqi dövlət insanlara bütün azadlıqları verir və bunlar Azərbaycanın 1995-ci ildə qəbul etdiyi ilk demokratik Konstitusiyasında öz əksini tapıbdır. Dövlətimiz, Azərbaycan Konstitusiyası insanlara bütün azadlıqları verərək, o cümlədən vicdan azadlığını, din azadlığını öz siyasətinin əsas hissəsi hesab edir. Konstitusiya din azadlığını, vicdan azadlığını elan etmişdir, biz isə dövlət kimi bunun təmin olunmasının qarantıyıq, bunu öz üzərimizə götürmüşük. Bəli, ona görə də bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik. Din ilə dövlət arasında sıx əməkdaşlıq var və hesab edirik ki, Azərbaycanda islam dini özünün gözəl mənəvi dəyərlərini Azərbaycan vətəndaşlarına aşılayaraq, Azərbaycan vətəndaşlarını islam dininin bu gözəl mənəvi dəyərləri əsasında tərbiyələndirərək Azərbaycan cəmiyyətini mənəviyyatca daha da yüksəldəcək və insanlar bu demokratiyanı, bütün azadlıqları doğru-düzgün başa düşəcək, onlardan səmərəli istifadə edəcəklər.

Bu, çox lazımdır, çünki ayrı-ayrı insanlar, yaxud qruplar, dəstə¬lər demokratiyanın insanlara verdiyi bütün bu azadlıqları bəzən özbaşınalıq, qanuna itaətsizlik, qanunu pozmaq, hərc-mərclik, hətta tərbiyəsizlik kimi anlayırlar, yaxud da ki, bu cür anlamaq istəyirlər. Demokratiya yüksək mədəniyyət deməkdir. Demokratiya yüksək mənəviyyat deməkdir. Bu yüksək mənəviyyatı, yüksək mədəniyyəti hər bir Azərbaycan vətəndaşında yaratmaq üçün, gənc nəsli bu əsaslarda tərbiyələndirmək üçün və böyütmək üçün islam dininin mənəvi dəyərləri çox gərəklidir.

Bu münasibətlə Qafqaz müsəlmanlarının X qurultayının keçirilməsini də mən çox əhəmiyyətli hesab edirəm. Qafqaz həqiqətən bir-biri ilə bağlı olan dövlətlərin, ölkələrin, xalqların ümumi evidir. «Ümumqafqaz evi» şüarı çox gözəl şüardır, mən bunu dəstəkləyirəm. Cəsarətlə deyə bilərəm ki, dünyanın bəlkə heç bir guşəsində, heç bir regionunda Qafqaz kimi çoxmillətli, çoxdinli və rəngarəng bir region, bir bölgə tapmaq mümkün deyildir. Bizim Qafqaz ərazi cəhətdən kiçik bir yerdir. Bizim o qədər böyük ərazimiz yoxdur. Ancaq eyni zamanda Qafqaz gözəl təbiətə, çox yüksək məğrur dağlara, gözəl çaylara, bulaqlara, gözəl meşələrə, dünyada təbiətin yaratdığı ən böyük gözəlliklərə malik olan yerdir. Qafqazın xüsusiyyəti bir də ondan ibarətdir ki, burada əsrlər boyu müxtəlif millətlərə, müxtəlif dillərə mənsub olan insanlar bir ailədə yaşamışlar.

Doğrudur, keçmişdə də münaqişələr olmuş, davalar olmuşdur, ancaq keçmiş tariximizin əsas hissəsi sülh və əmin-amanlıq şəraitində keçmişdir. Ona görə də Qafqazı parçalamaq, Qafqaz xalqlarının içərisində təfriqə yaratmaq, iğtişaş yaratmaq cəhdləri bizim hamımızı narahat edir və məlumdur ki, bu, «Ümumqafqaz evi» üçün zərərlidir və bundan heç bir xalq xeyir götürməyəcəkdir.

Eyni zamanda o da məlumdur ki, Qafqazda olan xalqların, millətlərin, insanların əksəriyyəti islam dininə mənsub¬dur və islam dini Qafqazda böyük mənəvi gücə malikdir, islam dini Qafqazda böyük hörmətə malikdir. Qafqazın adət-ənənələrindən biri ondan ibarətdir ki, Qafqazda həmişə ağsaqqala hörmət olubdur. Bu, bizim islam dininin xüsusiyyətlərindən biridir. Cəmiyyətdə seçilən adama, cəmiyyətdə mötəbər din xadiminə, özündə yüksən mənəvi dəyərləri cəm edən insana, müdrik insana, dünyagörmüş insana, ağsaqqal insana həmişə hörmət olub, ehtiram olub və onun da sözünə həmişə baxıblar. Xüsusən gənclər, cəmiyyətin başqa hissəsi. Bu, gözəl adət-ənənədir. Başqa yerlərdən, başqa diyarlardan, şimaldan, qərbdən Qafqaza gələn qonaqlar bəzən bizim bu xüsusiyyətimizə təəccüb edirlər, bəzən də heyran qalırlar. Xatirimdədir, 70-ci illərdə mən Azərbaycanda rəhbər olan zaman Azərbaycana cürbəcür qonaqlar gəlirdilər. Onlar ayrı-ayrı məntəqələrə, kəndlərə, şəhərlərə gedirdilər, görürdülər ki, məsələn, bir meydanda gənclər, insanlar oturublar. Bu qonaq ora daxil olan kimi hamı ayağa qalxır. Sonra gəlib bunu mənə çox təəccüblə danışırdılar ki, bu nə gözəl adətdir! Nə gözəl ənənədir, siz buna nə cür nail olmusunuz? Mən isə deyirdim ki, biz buna nail olmamışıq. Bu, bizim xalqımızın nəsildən-nəslə keçən xüsusiyyətidir. Bu, bizim xalqımızın mənəvi dəyərləridir. Sizinlə açıq danışıram, - o vaxt deyə bilmirdim ki, bu, islam dininin mənəvi dəyərləridir. Çünki biz hamımız o vaxtlar islam dinini qadağan edən adamlar idik. Amma bu gün deyirəm ki, bu, həqiqətən islam dininin bəşəriyyətə və islam aləminə bəxş etdiyi çox yüksək mənəvi dəyərlərdir.

Siz bunları bilirsiniz. Bəlkə mən bu sözlərimlə sizi heç də təəccübləndirmirəm. Çünki bu, bizim üçün adi bir şeydir. Ancaq bunu bilməyənlər, bizim dini ənənələrimizi bilməyənlər üçün bu, qeyri-adidir. Mən belə faktları çox saya bilərəm və deyə bilərəm. Ancaq indi buna ehtiyac yoxdur. Bir faktla göstərmək istəyirəm ki, bəli, islam dininin mənəvi dəyərləri içərisində mötəbər adama hörmət, din xadiminə hörmət, ağsaqqala hörmət həmişə cəmiyyəti tərbiyələndirib, cəmiyyətdə sabitlik yaradıbdır, cəmiyyəti düzgün istiqamətdə irəli aparıbdır. Mən bunu ona görə xüsusi qeyd edirəm ki, hətta bizim Azərbaycanda da islam dininin inkişafı ilə yanaşı, bizim konstitusiyamızın, qanunlarımızın verdiyi azadlıqları, demokratiyanı təhrif edən insanlar öz doğma atasını belə bəzən təhqir edirlər, hesab edirlər ki, insan azaddır, insan istədiyini edə bilər, ona görə də ağsaqqalı da təhqir edə bilər, öz doğma atasını da təhqir edə bilər, başqasını da təhqir edə bilər. Bizim içimizdə bunlar da var.

Məhz buna görə də mən hesab edirəm ki, müasir dünyada, xüsusən bizim Qafqazda dini-mənəvi dəyərlərdən geniş istifadə olunması Qafqazda, hər bir ölkədə inkişafı təmin edəcək, ictimai-siyasi sabitliyin yaranmasına kömək edəcək, sülhün, əmin-amanlığın yaranmasına kömək edəcəkdir. Bizim hamımızın, Qafqazda yaşayan insanların ən ali məqsədi Qafqazda sülhün, əmin-amanlığın təmin olunmasıdır. Təəssüflər olsun ki, XX əsrin son onilliyində Qafqaz, deyə bilərəm ki, dünyanın bütün başqa bölgələrindən fərqli olaraq bu münaqişələr içərisində çapalayır, boğulur. Birinci münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana torpaq iddiası, Dağlıq Qarabağı ədalətsiz olaraq əlinə keçirib özünə birləşdirmək cəhdi ilə başladı və sonra bu, Ermənistanla Azərbaycan arasında müharibəyə çevrildi.

On ildir ki, bu münaqişə, sonra müharibə davam edir. Biz böyük itkilər verdik. Azərbaycan xalqı şəhidlər verdi. Müxtəlif səbəblərdən, o cümlədən o vaxt sovet hökuməti rəhbərliyinin Ermənistana xüsusi köməyi və qayğısı nəticəsində və başqa dövlətlərin, - mən bu gün açıq deyə bilərəm ki, dini fərqi nəzərə alaraq, - Ermənistana daha çox kömək etməsi nəticəsində və Azərbaycanın özünün içərisində buraxılmış müxtəlif səhvlərin nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı, Azərbaycan vətəndaşı, müsəlman zorla çıxarılıbdır, yerindən-yurdundan didərgin düşübdür. Onlar çadırlarda yaşayırlar, ağır vəziyyətdə yaşayırlar.

İşğal olunmuş torpaqlarda yaranmış hər bir şey dağıdılıbdır, viran olubdur, - məktəb də, xəstəxana da, mədəniyyət evi də, fabrik də, zavod da. Eyni zamanda islam dininin müqəddəs yerləri də, məscidlər də dağıdılıbdır, qəbiristanlar da dağıdılıbdır. Böyük bir ölkənin – Azərbaycanın, müsəlman bölgəsinin bütün mənəvi-dini dəyərləri dağıdılıbdır, viran edilibdir. Bu, şübhəsiz ki, vəhşilikdir, barbarlıqdır. Belə vəhşilik dünyanın bəlkə də heç bir yerində olmayıbdır. Ancaq bu həqiqətdir.

Bütün bunlara baxmayaraq, Azərbaycan öz mənəvi köklərinə sadiq olaraq, mənəvi dəyərlərinə sadiq olaraq yenə də Qafqazda sülhün yaranmasına çalışır və məhz buna görə də dörd il bundan öncə, 1994-cü ilin may ayında Ermənistanla Azərbaycan arasında atəşkəs sazişi imzalanıbdır. Dörd ildən artıqdır ki, atəş yoxdur, qan tökülmür, ancaq sülh də yoxdur və işğal olunmuş torpaqlar işğal altında qalır və oradan zorla çıxarılmış insanlar da 5-6 ildir ki, çadırlarda yaşayırlar.

Buna baxmayaraq, biz məsələnin sülh yolu ilə həll olunmasına çalışırıq, danışıqlar aparırıq və bu gün bəyan edirəm ki, Ermənistan – Azərbaycan müharibəsinin, münaqişəsinin sülh yolu ilə həll olunması üçün Azərbaycan bundan sonra da öz səylərini qoyacaqdır. İnanıram ki, vəziyyət belə davam edə bilməz, sülh yaranmalıdır. Ancaq onun əsas şərti bundan ibarətdir ki, işğal olunmuş torpaqlar erməni silahlı qüvvələrindən azad olmalıdır, oradan zorla çıxarılmış azərbaycanlılar, müsəlmanlar öz yerlərinə, yurdlarına qaytarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağ kimi kiçik bir vilayətə, bir quruma özünüidarəetmə hüququ verilə bilər və Dağlıq Qarabağda ermənilər də, azərbaycanlılar da təhlükəsiz yaşaya bilərlər. Biz məsələnin bu şərtlərlə həll edilməsinə çalışırıq.

Ancaq, eyni zamanda, Abxaziya münaqişəsi də bizi narahat edir. Gürcüstanla Azərbaycan arasında sıx dostluq, qardaşlıq əlaqələri var. Bu gün mən burada xüsusi qeyd etmək istəyirəm ki, bəzən dini mənsubiyyətlərə görə ölkələr, xalqlar arasında savaşlar, davalar, müharibələr başlayır. Amma eyni zamanda insanlar sülhsevər olarkən, xalqlar, millətlər sülhsevər olduğu halda dini fərq heç vaxt müharibəyə, münaqişəyə gətirib çıxarmır. Gürcüstanla Azərbaycan arasında bizim dini mənsubiyyətimizin fərqli olmasına baxmayaraq, heç vaxt münaqişə olmayıbdır. Gürcüstan-Azərbaycan dostluğu dünya xalqlarına nümunə kimi göstərilə bilər. Gürcüstanda yarım milyon azərbaycanlı müsəlman yaşayır, onlar orada Gürcüstanın bərabərhüquqlu vətəndaşlarıdır. Azərbaycanda isə gürcülər də yaşayırlar. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır, Azərbaycanın bütün imkanlarından istədikləri kimi istifadə edə bilirlər. Ona görə də ürəyimiz ağrıyır ki, nə üçün Abxaziya münaqişəsi indiyə qədər davam edir. Şübhəsiz ki, biz öz münaqişəmizə son qoyulması kimi, Abxaziya münaqişəsinin də ləğv olunmasını istəyirik.

Çeçenistanın son illər başına gələn bəlalar, keçirdiyi həyat bizim hamımızı, bütün müsəlmanları, o cümlədən biz azərbaycanlıları incidib, narahat edibdir.

Ona görə də inanırıq ki, çeçen xalqı bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaqdır və çeçen xalqına qarşı keçmişdə olan təcavüz və vəhşiliklər bundan sonra təkrar edilməyəcəkdir. Biz inanırıq ki, Çeçenistanın içində də bütün insanlar, o cümlədən müsəlmanlar həmrəy olacaqlar, birlik əldə edəcəklər, Çeçenistanın xalq tərəfindən seçilmiş prezidentinin ətrafında birləşəcəklər və Çeçenistanda sabitliyin, sülhün yaranması Qafqazda sülhün, əmin-amanlığın yaranmasına çox kömək edəcəkdir.

Dağıstanda indi gedən proseslər də şübhəsiz, bizi narahat edir, çünki Azərbaycan Dağıstanla çox sıx əlaqədədir. Azərbaycanda yaşayan insanların bir qismi Dağıstan xalqlarına mənsubdur. Dağıstanda azərbaycanlılar da yaşayır. Bizim aramızda olan sərhəd tamamilə formal xarakter daşıyır, sərhəd yoxdur. Biz əsrlər boyu bir yerdə yaşamışıq, bir-birimizlə bir yerdə olmuşuq və Allaha şükürlər olsun ki, dinimiz də birdir. İslam dini bizi həmişə birləşdiribdir, bizi həmişə bir-birimizə daha da yaxınlaşdırıbdır. Ona görə də burada heç bir ayrı-seçkilik ola bilməz – nə Azərbaycanda, nə də Dağıstanda. Azərbaycanda bizim siyasətimiz məhz bundan ibarətdir. Ona görə də Dağıstanda ictimai-siyasi vəziyyətin sabitliyi, daxili vəziyyətin sabitliyi, sülh, əmin-amanlıq olması Qafqazda sülh, əmin-amanlıq olmasının əsasını təşkil edir.

Azərbaycanla Dağıstan arasındakı münasibətlər ümumqafqaz münasibətlərinə çox böyük təsir göstərir. Biz arzu edirik ki, Dağıstanda gedən cürbəcür mənfi proseslərə son qoyulsun. Biz hamımız Dağıstan müftisinə qarşı edilən təcavüz, terror aktından sarsıldıq. Mən onu şəxsən tanıyırdım və o, Azərbaycana rəsmi səfərə gəlmişdi, mən onunla çox maraqlı söhbətlər aparmışdım. Onun xahişi ilə biz hər il Dağıstandan həcc ziyarətinə gedən insanlara Azərbaycan ərazisində gözəl şərait yaradırıq. Hər il oradan 13 -14 min Dağıstan vətəndaşı, müsəlmanlar Azərbaycanın imkanlarından istifadə edərək, Azərbaycan ərazisindən həcc ziyarətinə, Məkkəyə, Mədinəyə, Kəbəyə gedib öz müqəddəs borclarını yerinə yetirirlər. Bunların hamısını Dağıstanın müftisinin, bizim unudulmaz dostumuzun xahişi ilə və onunla əməkdaşlığımız nəticəsində edirdik. Buna görə də ona terror edilməsini pisləyirik. Bilirsiniz, din xadiminə terror etməkdən də böyük cinayət yoxdur. Hər bir cinayət bağışlanılmazdır. Amma din xadiminə, böyük bir ölkədə islam dininin başçısına terror etmək, onu həlak etmək, onu qətlə yetirmək ən böyük cinayətdir. Biz ümid edirik ki, Dağıstanın, Rusiyanın hakimiyyət orqanları bu cinayətkarları axtarıb tapacaqlar və lazımi ölçü götürəcəklər.

Biz istəyirik ki, Şimali Qafqazda olan bütün respublikaların, ölkələrin hamısı sülh, əmin-amanlıq əldə etsinlər. Bu münasibətlə Rusiya müsəlmanları ilə Azərbaycan arasındakı əlaqələrə də mən xüsusi əhəmiyyət verirəm. Burada bizim dostumuz Ramazan Abdulatipov bəyan etdi ki, Rusiyada 20 milyon müsəlman yaşayır. Bunu bilmək lazımdır və Rusiyanın hakim dairələri bununla hesablaşmalı və öz siyasətində bunu nəzərə almalıdırlar.

Keçmişdə sovet hakimiyyətinin, kommunist ideologiyasının vurduğu zərbələrdən biri də bu idi ki, bu din tamamilə qadağan edildiyinə görə harada insanların hansı dinə mənsub olduğu bilinmirdi. Məsələn, müttəfiq respublikalarda, tutaq ki, Azərbaycanda, yaxud Orta Asiyada bilinirdi ki, burada əhalinin əksəriyyəti müsəlmanlardır. Amma Rusiyada nə qədər muxtar respublikalar vardı, vilayətlər vardı. Elə Şimali Qafqazın özündə hamısı islam dininə etiqad bəsləyirlər, müsəlman dininə mənsubdurlar.

Amma sovet hakimiyyəti onlarla hesablaşmırdı. Bu da keçmiş hakimiyyətin, keçmiş ideologiyanın tarix qarşısında ən böyük günahlarından biridir.

Güman edirəm ki, Rusiyanın hakim dairələri keçmiş Sovetlər İttifaqında buraxılmış səhvlərdən nəticə çıxaracaq və onlara yol verməyəcəklər. Mən bunu xüsusi qeyd edirəm, çünki Rusiya həmişə bəyan edir ki, o, keçmiş Sovetlər İttifaqının beynəlxalq aləmdə varisidir. Biz də bununla hesablaşırıq. Əgər bugünkü Rusiya keçmiş Sovetlər İttifaqının varisidirsə, Sovetlər İttifaqında, xüsusən milli münasibətlər sahəsində, Rusiya ərazisində yaşayan ayrı-ayrı millətlərə mənsub olan insanlara qarşı buraxılan səhvlər artıq bu gün və gələcəkdə buraxılmamalıdır.

«Qafqaz evi»ni yaratmaq üçün, Qafqazı sülhün bərqərar olduğu Qafqaz etmək üçün 1996-cı ildə mən Gürcüstanda rəsmi səfərdə olarkən prezident Eduard Şevardnadze ilə mən, iki prezident – Gürcüstan və Azərbaycan prezidentləri bəyanat verdik, «Qafqazda sülh» bəyanatı verdik ki, başqa ölkələr də, başqa dövlətlər də bu bəyanata qoşulsunlar və hamımız birlikdə sülhü təmin edək. Mən bu gün də bu bəyanatın vacib olduğunu bəyan edirəm, bu gün sizin irəli sürdüyünüz «Ümumqafqaz evi» təklifini də müsbət qiymətləndirirəm və hesab edirəm ki, bu iki təşəbbüsü bir-biri ilə birləşdirərək Qafqazda sülhün, əmin-amanlığın yaranmasına nail ola bilərik və nail olmalıyıq.

Xalqlarımız, Qafqazda yaşayan xalqlar və Qafqaz müsəlmanları böyük tarixə malikdirlər. Qafqaz elə bir yerdir ki, ayrıca bir kənd də özünün müstəqil dili ilə, müstəqil adət-ənənələri ilə və qədim tarixi ilə seçilir. Bunları sovet hakimiyyəti vaxtı hesaba almırdılar, saymırdılar, hamını bir hesab edirdilər. Hətta belə bir ideya vardı ki, sovet xalqı adamların yeni tarixi birliyidir. Bunu xatırlayırsınızmı? Yəqin ki, bunu dostum Abdulatipov da xatırlayır. Bilirsinizmi, ortaya əcaib bir ideya atılmışdı: sovet xalqı adamların yeni tarixi birliyidir. Şübhəsiz ki, belə bir ideya tarixin sınağından keçə bilmədi, dağıldı. Amma xalqlara, o cümlədən Qafqaz xalqlarına çox ziyan gətirdi, bizim xalqlarımızın bəzi adət-ənənələrinin ləğv olunmasına, yaxud unudulmasına gətirib çıxardı.

Ona görə də biz bu keçmiş tarixi düzgün qiymətləndirməliyik və buraxılan səhvləri aradan qaldırmalıyıq. Bunun üçün də Qafqaz müsəlmanlarının hamısının bir yerdə olması, sıx əməkdaşlıq etməsi və Ümumqafqaz məsələlərinin həll olunmasında öz səylərini göstərməsi hər bir xalq üçün əhəmiyyətlidir, bizim üçün, Azərbaycan üçün əhəmiyyətlidir, mən Azərbaycanın prezidenti kimi bəyan edirəm ki, Azərbaycan dövləti üçün əhəmiyyətlidir.

Bu baxımdan Qafqaz müsəlmanlarının X qurultayını tarixi hadisə hesab edirəm. IX qurultay beş il bundan öncə keçirilibdir. Amma güman edirəm ki, o qurultay bu səviyyədə keçməyibdir. Elədirmi? Bu beş il müddətində bütün Qafqaz müsəlmanları böyük bir yol keçiblər. Bu yolun çox əzab-əziyyətli cəhətləri var, bu yol bizə böyük itkilər verib, amma bu yol hər bir Qafqaz müsəlmanını daha da irəli aparıbdır və əsas odur ki, biz öz hüquqlarımızı əldə etmişik, öz müstəqil¬liyimizi əldə etmişik, milli azadlığımızı əldə etmişik və öz dini adət-ənənələrimizdən istifadə edə bilərik. Beş il bundan öncə bunlar hələ indiki səviyyədə deyildi.

Ona görə də Qafqaz müsəlmanlarının X qurultayı tarixi bir hadisədir. Mən çox məmnunam ki, siz keçmiş ənənələrə sadiq olaraq bu qurultayı da Azərbaycanda, Bakıda keçirirsiniz. Siz əmin ola bilərsiniz ki, mən Azərbaycanın prezidenti kimi Qafqaz Müsəlmanları İdarəsinə və ümumiyyətlə, Qafqaz müsəlmanlarının bütün işlərinə bundan sonra da hər türlü dəstək verməyə hazıram, hər türlü yardım etməyə hazıram.

Hesab edirəm ki, bir faktı da qiymətləndirmək lazımdır. Qafqaz Müsəlmanları İdarəsi hələ Sovetlər İttifaqı vaxtında yaranıbdır. O vaxtlar bir tərəfdən din qadağan olunmuşdu, amma digər tərəfdən, xüsusən İkinci dünya müharibəsi qurtarandan sonra, 1945-1946-cı illərdən sonra guya dini azadlıqlar verildi və Rusiyanın patriarxına imkanlar verildi ki, o özünü göstərsin. Eləcə də Gürcüstanın patriarxına da, başqalarına da, o cümlədən Orta Asiya, Qafqaz müsəlmanlarına da imkanlar verildi. Qafqaz Müsəlmanları İdarəsi hələ o vaxtlar yaranmışdı, amma o, simvolik bir şey idi. İndi isə Qafqaz xalqları Ali Dini Şurası çox böyük, güclü və səlahiyyətli bir təşkilatdır və özünün X qurultayını keçirir.

Mən əminəm ki, siz bu qurultayda Qafqaz müsəlmanlarının gələcək fəaliyyəti haqqında lazımi müzakirə aparacaqsınız və müəyyən qərarlar qəbul edəcəksiniz. Bu qurultay Qafqaz müsəlmanlarının daha sıx birləşməsi üçün, bir-birinə dayaq olması üçün, bir-birinə dəstək olması üçün böyük bir mərhələ olacaqdır. Çox məmnunam ki, Qafqaz Xalqlarının Ali Dini Şurasına rəhbərlik edən əlahəzrət Şeyxülislam Hacı Allahşükür Paşazadə də ötən illərdə öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetiribdir və beləliklə, sizin hörmət-izzətinizi qazanıbdır. Siz Şeyxülislam Hacı Allahşükür Paşazadəni tanıyırsınız, onu ali bir dini xadim kimi qəbul edirsiniz, ona hörmət edirsiniz və indi onun rəhbərliyi ilə bu qurultay toplaşıbdır.

İçkeriyanın prezidenti tərəfindən Şeyxülislam Hacı Allahşükür Paşazadəyə İçkeriya Cümhuriyyətinin ali mükafatının – ordeninin verilməsini də mən əlamətdar hadisə hesab edirəm. Bu münasibətlə sizin adınızdan və öz adımdan, Azərbaycan dövləti adından şeyxülislam həzrətlərini təbrik edirəm. Bilməlisiniz ki, şeyxülislam həzrətləri öz xidmətlərinə görə hələ 1994-cü ildə Azərbaycanın ali mükafatı – «Şöhrət» ordeni ilə də təltif olunubdur. İndi yeni bir cümhuriyyətin, ölkənin ali mükafatını alması münasibətilə mən onu təbrik edirəm, ona cansağlığı arzu edirəm və gələcək işlərində uğurlar arzulayıram.

Siz bu gün burada öz nitqlərinizdə, qonaqlarımız öz çıxışlarında Azərbaycanda qarşıdan gələn – oktyabrın 11-dəki prezident seçkiləri haqqında arzularınızı, istəklərinizi bildirdiniz. Bunlara görə sizə təşəkkür edirəm. Mən beş il bundan öncə demokratik prinsiplər əsasında Azərbaycanın prezidenti seçilmişəm və məmnunam ki, mənim bu beş il müddətində etdiyim işləri həm Azərbaycan vətəndaşları görür və qiymətləndirir, həm də mən bu gün hiss etdim ki, müsəlman aləminin din xadimləri də və bizim dost, qonşu ölkələrin yüksək səviyyəli nümayəndələri də bunu qiymətləndirirlər və seçkilərdə mənə uğur arzulayırlar. Buna görə mən sizə təşəkkür edirəm. Ümidvaram ki, Azərbaycanın seçiciləri həm keçmişdə Azərbaycan xalqı qarşısında göstərdiyim böyük xidmətlərə görə, həm də ötən beş ildə Azərbaycan xalqı qarşısında göstərdiyim böyük xidmətlərə görə mənim işimi qiymətləndirəcəklər və oktyabr ayının 11-də mənə səs verəcəklər.

Əziz dostlar, əziz qonaqlar, sizə söz verirəm ki, mən bundan sonra da həm Azərbaycan xalqının etimadını doğruldacağam, həm də sizin etimadınızı doğruldacağam. Mənim həyat yolum böyükdür. Bilirsiniz ki, yaşım da çoxdur və bəzən olur ki, məsələn, Dağıstanda ali din xadiminə terror edildiyi kimi, mənə qarşı da belə cəhdlər göstərilir. Mən həmişə bütün o terrorçulara və cinayət yolu ilə məni məhv etmək istəyənlərə bir söz deyirəm. Deyirəm ki, bütün ömrümdə heç vaxt həyatımdan qorxmamışam, həmişə, hər yerdə cəsarətlə hərəkət etmişəm və heç vaxt düşünməmişəm ki, mənə nə olacaqdır.

1993-cü ilin iyun ayında mən Bakıya dəvət olunanda Azərbaycanda qardaş qırğını, vətəndaş müharibəsi gedirdi, Azərbaycan parçalanırdı. Mən isə – heç bir silahlı dəstəsi, ordusu olmayan bir adam – tək öz canımla odun içinə atıldım. Nə üçün atıldım? Çünki inanırdım ki, mənim arxamda xalq var və xalq məni dəstəkləyəcəkdir. Bir də ona görə ki, inanırdım ki, Allah məni indiyə qədər saxladığı kimi, bundan sonra da saxlayacaqdır.

Mən həmişə xalqa xidmət etmişəm. Mən əməlisaleh adam olmuşam. Bu gün də bu yolla gedirəm. Ona görə də öz xalqımın yolunda həyatımın son dəqiqəsinə qədər xidmət edəcəyəm və heç vaxt heç şey məni qorxutmayıb, çəkindirməyibdir. Əgər hansı bir namərd gülləsi məni məhv edə bilərsə, mən də Azərbaycan xalqının yolunda həlak olmuş şəhidlərin biri olacağam. Ancaq əminəm ki, böyük cənabi Allah məni indiyə qədər hifz etdiyi kimi, qoruduğu kimi, bundan sonra da hifz edəcək, qoruyacaqdır və mən Azərbaycan xalqı üçün öz xidmətlərimi bundan sonra da göstərəcəyəm.

Əziz dostlar, qardaşlar, mən bu gün sizinlə burada keçirdiyim saatları, dəqiqələri özüm üçün çox qiymətli hesab edirəm. Sizdən mən çox yeni şeylər öyrəndim və əmin ola bilərsiniz ki, bundan sonra da mən öz əqidəmə, islam dininin mənəvi dəyərlərinə sadiq olacağam və Azərbaycanda mənəviyyatın, mənəvi dəyərlərin, islam dininin yüksək dəyərlərinin inkişaf etməsini təmin edəcəyəm.

Sizə və sizin işlərinizə bir daha uğurlar arzulayıram. Çox sağ olun. 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.