Şüvəlanda Mirmövsüm Ağanin ziyarətgahında nitqi

19 dekabr 2000-ci il

Əziz bacılar və qardaşlar!
Hörmətli dindarlar!

Bu gün toplaşdığımız ziyarətgahda görülən işlər xeyirxah işlərdir. Bu, millətimiz üçün, xalqımız üçün, müsəlmanlar üçün çox gərəkli işlərdir. Mirmövsüm ağa burada 1950-ci ildə dəfn olunubdur. Bunun üstündən 50 il keçibdir. İndi, 50 il keçəndən sonra burada belə abadlıq işləri və onun xatirəsinə layiq, təkcə onun yox, bizim islam dininin bütün adət-ənənələrinə layiq bir abidə yaradırsınız.

Mən keçən dəfə buraya gələndə ancaq onun qəbrini və ətrafındakı tikilini gördüm. Amma indi burada geniş bir kompleks yaranıbdır. O vaxt bunu mənə demişdilər. Amma mən bu dərəcədə təsəvvür edə bilməzdim. Çox gözəldir, mən bəyənirəm. Burada zəhmət çəkənlərin hamısına təşəkkür edirəm və bütün işlərin görülməsi üçün öz arzuları ilə nəzir, yaxud başqa kömək verən adamların da hamısına təşəkkür edirəm. Çünki bu, bizim ümumxalq işimizdir. Bu, bizim öz dərin, qədim milli-mənəvi köklərimizə sadiqliyimizi nümayiş etdirir və gələcək nəsillər üçün örnək olur. Bu, bizim müqəddəs islam dininə olan bağlılığımızı bir daha sübut edir. Bunların hamısı olduqca təqdirəlayiqdir və burada zəhmət çəkən, əziyyət çəkən, qəlbən bu işi görən adamların hamısının əməyini bir daha, bir daha yüksək qiymətləndirirəm.

İndi bizim ölkəmizdə də, hər yerdə də böyük-böyük tikinti işləri gedir. Tikinti belədir ki, bu, kiməsə lazımdır, kimsə ona vəsaitini qoyur, kimsə də o tikintini aparır, oradan pul ‎qazanır.‎

Amma burada isə belə deyildir. Bura bütün xalqa, millətə lazımdır, getdiyimiz Allah yolunda lazımdır və bunu da xalq özü edir. Heç kəs bunun sifarişini də vermir, müstəqil olaraq vəsaitini də vermir. Heç kəs bunun inşaatını da aparmır. Hamısını xalq özü aparır. Nə üçün? Ancaq qəlbinin hökmü ilə! Yəni özünün mənəvi dəyərlərə bağlılığı ilə, Qurani-‎Kərimə bağlılığı ilə bu işləri görür. Ona görə də mən burada gördüklərimdən çox məmnunam. Əgər indi iş belə gedirsə, bir müddətdən sonra yəqin ki, hamımız burada daha çox şeyləri görəcəyik.

Yerdən səslər: Cənab prezident, hamısı Sizin uğurunuzun nəticəsidir.

Heydər Əliyev: Mən sizi Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Allah hamınızın orucunu qəbul etsin. Bizim hər bir dini ibadətlərimiz insanlara sağlamlıq gətirməlidir, insanların arzusunun yerinə yetirilməsini təmin etməlidir, insanlara xoşbəxtlik gətirməlidir. Ramazan ayı ölkəmizdə geniş qeyd olunur. Arzu edirəm ki, bütün oruc tutanlar, ibadət edənlər, namaz qılanlar - bu Ramazan ayında öz dini borclarını yerinə yetirənlər hamısı xoşbəxt olsunlar, öz arzularına çatsınlar. Sizin hamınıza cansağlığı arzulayıram.‎

Yerdən səslər: Cənab prezident, Sizinlə birlikdə. Allah Sizə uzun ömür versin!

Heydər Əliyev: İndi bizim həyatımız bir neçə çətinliklərlə rastlaşır. Bunu bilirsiniz. Bir vaxtlar həyatda bu qədər çətinlik yox idi. Ancaq biz dinimizdən, milli-mənəvi dəyərlərimizdən məhrum idik. Hamımız sovet hakimiyyətinin, sovet ideologiyasının qanun-qaydaları ilə yaşayırdıq. Bir az loru dildə desək, onda qarnımız daha dolu idi. Ancaq qəlbimiz dolu deyildi, boş idi. İnsan isə təkcə qarın üçün yaşamır. Azərbaycan xalqı əsrlər boyu, islam dinini qəbul edəndən sonra dini adət-ənənələri, dini mənəvi dəyərlərimizi hər şeydən üstün tutubdur.

İndi, həyatımızın bu keçid dövründə maddi cəhətdən çətinliklər vardır. Bunu siz də bilirsiniz, biz də bilirik. Onlar var. Ona görə yox ki, biz bu maddi çətinliklərin aradan qaldırılması ilə məşğul deyilik, yaxud da bunlara biganəyik. Yox. Ona görə ki, müstəqil olduq, milli azadlığa çıxdıq. Azərbaycanın müstəqil dövləti vardır. Ölkəmiz azaddır, heç kəsdən asılı deyildir.


Bu da təbiidir ki, keçmiş iqtisadi sistemin dağılması, dəyişdirilməsi və yeni müstəqil dövlətimizə, tarixi milli ənənələrimizə uyğun olan və dünya iqtisadiyyatına uyğun olan bir iqtisadi quruluşa keçid prosesi gedir. Ona görə də bu çətinliklər vardır. Ancaq əmin ola bilərsiniz ki, bunlar hamısı müvəqqəti xarakter daşıyır, keçib gedəndir. Amma daim yaşayan bizim mənəviyyatımızdır, xalqımızın özünəqayıdışıdır. Bizim dinimizin, islam dininin hər bir insan üçün azad istifadə edilməsi imkanının yaradılmasıdır. Ona görə bunları tərəziyə qoyanda, ağıllı adam seçə bilər - bizə hansı lazımdır. İndi ya gərək bəzi çətinliklərə dözək ki, sonra cahillərin əlinə düşməyək və millətimiz öz dini, adət-ənənələri, mənəvi dəyərləri ilə bundan sonra əsrlər boyu yaşasın. Yaxud da, bunların hamısından kənara çəkilək və kim nə cür istəyir, o cür də həyatımızı quraq ki, bu gün, sabah işlərimiz yaxşı olacaq, maddi vəziyyətimiz yaxşı olacaqdır. Mən özüm bunu tərəziyə qoyanda, əlbəttə ki, mənəviyyat tərəfi, yəni bizim müstəqilliyimiz həmişə ağır gəlir, o biri yuxarıya qalxır. Mən istəyirəm ki, hamı bunu başa düşsün, hamı bunu bilsin. Elə bu abidənin özü mən dediyim sözlərə sübutdur.

Mən Mirmövsüm ağanı görmüşəm. 1944-cü ildə onun evində olmuşam. Onda mənim bir problemim var idi, nəzir demişdim. Getdim həm nəzirimi verdim, həm də ziyarət etdim. Müharibə illəri idi. Çox çətin illər idi. Ancaq o vaxt heç kəs təsəvvür edə bilməzdi ki, əgər ‎o sistem qalsaydı, Mirmövsüm ağanın bu cür qəbri, bu cür abidəsi olacaq, bura böyük bir ziyarətgaha çevriləcək, bizim dini bir məbədimiz olacaqdır. Son illər, biz müstəqilliyi əldə edəndən sonra, keçmiş quruluşdan imtina edəndən sonra əldə etdiyimiz nailiyyətlər, bax, bundan ibarətdir.

Mən bilirəm ki, sizin hamınız dindar adamlarsınız, bu sözləri sizə deməyim bəlkə də ‎artıqdır.‎

Yerdən səslər: Möhtərəm prezident, çox xoşdur, hamısını qəbul edirik.

Heydər Əliyev: Siz bu işləri məndən yaxşı bilirsiniz. Ancaq bir halda ki, görüşmüşük, öz fikirlərimi sizə çatdırmaq istəyirəm. Hər halda, prezidentin də fikrini bilmək sizin üçün artıq olmaz.

Yerdən səslər: Allah Sizə cansağlığı versin, kölgənizi bizim üstümüzdən əskik eləməsin!

Hacı Arif Niftullayev (Buzovnadakı "Həzrət Əli" ocağının şeyxi): Cənab prezident, Siz bu ocağa bu qədər böyük qiymət vermisiniz. Azərbaycanda dinə, islama böyük qiymət ‎vermisiniz. Allah Sizdən razı olsun. Bunun xatirinə Azərbaycan Dövlət Teleradio ‎Verilişləri Şirkətinin sədri Nizami Xudiyevə göstəriş verin ki, həftənin dördüncü günlərində "Haqqın dərgahı" verilişini bərpa etsin. Onun aparıcısı professor Vasim ‎Məmmədəliyev Azərbaycanın gülü-çiçəyidir. O, həmin verilişdə cəmi 20 dəqiqə danışırdı. İndi o verilişi aradan götürüblər. Mirmövsüm ağanın xatirinə, xahiş edirik, həmin verilişi bərpa etdirəsiniz.

Heydər Əliyev: Niyə götürübdür?


Hacı Arif Niftullayev: Biz bunu bilmirik. Bir prezident kimi Siz ki, bu ocağa böyük qiymət verirsiniz, Allah-Təala Sizə cansağlığı versin. Mirmövsüm ağanın xatirinə, buradakı insanların adından xahiş edirəm, həmin verilişi bərpa etdirin.

Heydər Əliyev: Arxayın ol, darıxma, onu bərpa etdirmək mənim üçün çətin bir şey deyildir. Onu mən bu gün bərpa etdirəcəyəm.

Hacı Arif Niftullayev: Çox sağ olun, çox razıyıq.

Heydər Əliyev: Narahat olmayın.

Bahadur Allahverdiyev: (şəhid atası, zəngilanlı məcburi köçkün): Möhtərəm prezident, mən çox xoşbəxtəm ki, Sizinlə beşinci dəfə görüşürəm. Sizi bağrıma basıram. Allah-Təala Sizi bizim xalqımızın üstündən əskik eləməsin. Bütün qaçqınlar və məcburi köçkünlər, yerli camaat adından Sizə dərin minnətdarlığımızı bildirirəm.

Cənab prezident, Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısı Hacı Gülağa İslamov bizə ‎‎- məcburi köçkünlərə daim kömək göstərir. Buraya gələndən o, bizə arxa, kömək olubdur. ‎Hər birimizə əl tutub, imkanı daxilində kömək edibdir.

Şəhid atası kimi Sizdən xahiş edirəm, mənim bu məktubumu qəbul edəsiniz. ‎

Kərşivəz Quliyev: Möhtərəm prezident, Sizə müraciət edən Azərbaycan Dövlət Neft ‎Akademiyasının professorudur.‎

Heydər Əliyev: Mən səni yaxşı tanıyıram.

Kərşivəz Quliyev: Hörmətli Heydər Əlirza oğlu, xoşbəxtik ki, Sizinlə yenidən görüşürük. Bu gün axırıncı əhyə axşamıdır. Mübarək Ramazan ayının bu gözəl günündə Siz harayasa təməl qoymağa gedirsiniz. Allah- Təala taleyinizə elə bəxş edibdir ki, demək olar, Azərbaycanda qurulanların 85 faizini Siz yaratmısınız, təməlini qoymusunuz.‎

Sizin bura gəlməyinizdən camaatımız çox sevinir. Bayaq Sizin dediyiniz kimi, biz qarın ‎camaatı deyilik. Müsəlman qarın müsəlmanı ola bilməz. Biz Sizə baxırıq, Sizin işlərinizə dəstək veririk. Müsəlman kimi hamımız Sizi dəstəkləyirik.

Allah-Təala Mirmövsüm ağanın xatirinə Sizə cansağlığı versin. İnşallah, Azərbaycanı bundan sonra da inkişaf etdirəsiniz. Qoy xalq özü görsün ki, Siz həqiqətən bu işlər uğrunda, bu amal uğrunda həyatınızı fəda edirsiniz. Sizə, ailənizə, bütün Əliyevlər ailəsinə cansağlığı arzu edirik.

Başda Gülağa İslamov olmaqla, Hacı Nizamın və başqalarının Mirmövsüm ağanın ziyarətgahının ərsəyə gəlməsində zəhmətləri çox böyükdür. Bütün Əzizbəyov rayonunun möminləri, ziyalıları, camaatı adından Sizə təşəkkür edirəm. Sizə cansağlığı arzulayıram.‎

İnşallah, biz bu yaxınlarda Buzovnada məscidin tikintisini başa çatdıracağıq. Oranın açılışını bir yerdə edəcəyik.

Heydər Əliyev: İnşallah, oraya gələcəyəm.

Zərifə Manafova (Əzizbəyov Rayon Ağsaqqallar Şurası sədrinin müavini): Cənab prezident, icazə verin, bütün ağbirçəklər adından Sizə xeyir-dua verim, cansağlığı arzu edim. Balaca Heydərə də cansağlığı arzulayıram. O gün olsun ki, torpaqlarımız azad edilsin. Siz özünüzün əmək haqqınızdan 12 qurban alıb, gətirib burada kəsəsiniz. Mənim arzum budur. Allah, İmam Hüseyn köməyiniz olsun.

Heydər Əliyev: İnşallah.

Bilirsiniz, burada məşhur, çoxdankı elektrik stansiyası var, oraya gedirəm. Onu tamamilə yenidən tikmək haqqında qərar qəbul etmişəm. Bilirsiniz ki, indi bizim vəsaitimiz yoxdur. Oradan, buradan vəsait axtarmışam. 1998-ci ildə Yaponiyaya getdim. Oranın hökuməti ilə, imperatoru ilə, başqaları ilə danışıqlar apardım. Yaxşı əlaqələr qurmuşuq. Onlar bizə ‎‎360 milyon dollar uzunmüddətli - 40 ilə kredit veriblər və onunla mən bu stansiyanı yenidən qurmaq istəyirəm.

Bilirsiniz ki, onun əsası 1942-ci ildə qurulubdur, amma tikintisi 60-cı ildə qurtarıbdır və o, öz xidmətini göstəribdir. Daha tələbatı ödəmir. İndi bizim elektrik enerjisi sarıdan çətinliyimiz vardır. Bəzən görürsən ki, bir yerdə işıq söndü, qaz çatmadı - bədxah adamlar ‎oradan qalxırlar, buradan qalxırlar, nə bilim, televiziyada göstərirlər, filan edirlər, camaatı ‎qıcıqlandırırlar.‎

Yerdən səslər: Biz elələrinə nifrət edirik.

Heydər Əliyev: Başa düşürsünüz, bu, həyatdır. Ola bilər, bir gün sənin işığın olsun, bir gün olmasın. Bu, vacib bir şey deyildir. Əlbəttə, mən istəyirəm ki, hamının evində gecə-gündüz işıq yansın. Amma hələlik imkan yoxdur, bu imkanları axtarırıq.

Məsələn, mən Avropa şirkətlərindən kredit aldım. Xətai rayonunda qədim bir istilik-elektrik mərkəzi var idi. 50 milyon dollara onun birinci növbəsini yenidən tikdirdik. İndi onun ikinci növbəsinin tikilməsi üçün 50 milyon dollar da almışıq. O, elektrik enerjisi verəcəkdir. Hətta evləri qızdırmaq üçün buxar da verir. Bu gün təməli qoyulan blok isə ‎‎400 meqavat elektrik enerjisi verəcəkdir. Biz bununla Bakının çox hissəsini təmin ‎edəcəyik.‎

İndi Bakıya elektrik enerjisi Mingəçevirdən, Əli Bayramlıdan gəlir. Buraya gələnə qədər itkilər olur, ikinci tərəfdən isə, nə bilim, orada məftil qırıldı, filan oldu, peşməkan oldu - qəzalar baş verir. Bunu aradan qaldırmaq üçün 6-7 saat vaxt lazım gəlir. Bədxah adamlar da qalxırlar ki, niyə elektrik enerjisi yoxdur? Doğrudur, biz onlara fikir vermirik. Onlar hamısı Azərbaycana düşmən olan adamlardır.

Mən bununla demək istəyirəm ki, bizim müstəqil dövlətimiz əhalinin həyatını yaxşılaşdırmaq üçün ardıcıl surətdə lazımi işlər görür və bundan sonra da görəcəkdir. Onların bir nümunəsi bax, budur.

O ki qaldı işğal olunmuş torpaqların azad edilməsinə, əmin olun, azad ediləcəkdir. Ancaq mən bunu sülh yolu ilə etmək istəyirəm. Bilin, yenidən müharibə başlamaq istəmirəm. Çünki bilirsiniz, müharibə həm böyük qanlara gətirib çıxarır, həm də nəticəsi nə olacaq - bilmək mümkün deyildir. Axı biz müharibə edəndə, o biri tərəf də müharibə edir. Onun da gücü var, bizim də gücümüz vardır. Bəzən o tərəfin gücü, özünün gücü yox, dünyadan ona göstərilən yardımlar bizimkindən üstündür. Ona görə də biz bunu gecə-gündüz ölçürük, biçirik. Bunun yolu sülh yoludur. Amma bu sülh yolunu həyata keçirmək üçün çətinliklərimiz vardır. O da ondan ibarətdir ki, erməni silahlı qüvvələri torpaqlarımızın 20 faizini işğal edibdir. Demək, hərbi nöqteyi-nəzərdən üstünlük əldə edibdir. Ona görə də deyir ki, mən sənin ərazini işğal etmişəm. Sən mənim bu şərtimi yerinə yetir, mən işğal olunmuş torpaqları azad edim. Dünya ictimaiyyəti də buna bir söz demir. Ona görə də biz çox mürəkkəb, çətin danışıqlar aparırıq. Amma bu danışıqları aparan adam kimi, bu işlə gecə-gündüz məşğul olan adam kimi mən sizə deyirəm ki, biz buna nail olacağıq. İndiyə qədər dözmüşük, bir az da dözmək lazımdır. Mütləq buna nail olacağıq.

Kərşivəz Quliyev: İnşallah istəyinizə nail olacaqsınız.

Cənab prezident, gələn ilin bugünkü günü indi getdiyiniz obyektin açılışı münasibətilə burada bir də görüşək. Bu, gələn əsrə düşür. Sizə Allahdan uzun ömür diləyirəm.

Heydər Əliyev: Orucluq bayramı münasibətilə sizi bir daha təbrik edirəm, sizə cansağlığı arzulayıram. Sağ olun.

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.