Türk dövlətləri başçılarının 2-ci zirvə toplantısının açılışında nitqi
18 oktyabr 1994-cü il
Hörmətli prezident Süleyman Dəmirəl, hörmətli məclis iştirakçıları, hörmətli dövlət başçıları, hörmətli nazirlər, qonaqlar!
Mən bu gün İstanbulda bu toplantının keçirilməsi münasibətilə buraya toplaşmış altı müstəqil dövlətin başçılarını və ümumiyyətlə, bizim ölkələrin vətəndaşlarını Azərbaycan Respublikası adından təbrik edirəm. Sonra bu təşəbbüsə görə, bu toplantının yaranmasına görə Türkiyənin prezidenti, hörmətli dostumuz və qardaşımız Süleyman Dəmirələ öz minnətdarlığımı bildirmək istəyirəm. Mən çox məmnunam ki, bu gün İstanbulda bir kökdən olan, bir mənşədən olan, eyni dilə mənsub olan altı ölkənin başçıları, dövlət başçıları səviyyəsində bu toplantı keçirilir və bu, iki il öncə Ankarada keçirilmiş Zirvə toplantısının yaxşı ənənəsinin davamıdır. Mən bunu Azərbaycan Respublikası adından bəyənirəm və bu ənənənin davam etməsinin vacibliyini bildirmək istəyirəm.
Mən burada, İstanbulda bu toplantıya gəlmiş hörmətli dostumuz, qardaşımız, Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevi, Qırğızıstan Respublikasının prezidenti Əsgər Akayevi, Türkmənistan Respublikasının prezidenti Saparmurad Niyazovu, Özbəkistan Respublikasının prezidenti İslam Kərimovu salamlayıram. Burada toplaşan bütün şəxsləri salamlayıram və hesab edirəm ki, bu görüş də Ankaradakı görüş kimi, gələcəkdə bizim əlaqələrimizin inkişaf etməsi üçün yaxşı bir əsas yaradacaq.
Ankara görüşündən iki il keçir. İki il müddətində bir çox işlər görülüb. Ancaq bu gün etiraf etmək lazımdır ki, Ankara görüşündə əldə olunmuş qərarların hamısı tam yerinə yetirilmir. Ona görə də bu gün hörmətli prezident Süleyman Dəmirəlin dediyi fikirlərlə, müddəalarla və onun təklifləri ilə tam razıyam. Eyni zamanda hesab edirəm ki, biz hamımız hərə öz tərəfindən bu fikirləri, müddəaları yerinə yetirməyə çalışsaq, bundan sonra daha çox nailiyyətlər əldə edə bilərik.
Şübhəsiz ki, bizim toplantı xalqlarımızın, ölkələrimizin tarixi kökləri, əsrlər boyu toplanmış adət- ənənələrinin birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında qurulub. Bu, çox böyük əsasdır. Ona görə də bu əsasda bizim ölkələr arasında bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə, genişləndirməyə, bütün istiqamətlərdə bu əməkdaşlığı təmin etməyə bizim böyük imkanlarımız var. Azərbaycan Respublikası belə qərara gəlib ki, bundan sonra da bu imkanlardan istifadə etsin və əməkdaşlığı genişləndirsin.
Üç ildir ki, Orta Asiya, yaxud da Mərkəzi Asiya dövlətləri və Azərbaycan dövləti artıq müstəqil dövlətlərdir və dünya dövlətləri birliyinə müstəqil dövlət hüququ ilə daxil olublar. Ötən iki il müddətində bizim dövlətlərimiz, mən xüsusən Azərbaycan haqqında demək istəyirəm, Türkiyə Cümhuriyyəti ilə əlaqələri çox sürətlə inkişaf etdiriblər. Bu dövrdə bu iki ölkə – Türkiyə ilə Azərbaycan arasında olan əlaqələr, mən deyə bilərəm ki, çox böyük sürətlə inkişaf etdirilir. Azərbaycanın üç il müstəqil dövlət kimi yaşadığı bir dövrdə biz Türkiyənin daim hörmətini, ehtiramını hiss etmişik.
Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan respublikaları da indi müstəqil dövlətlər içərisindədirlər. Bu respublikalarla Azərbaycan arasında tarixi ənənələr, dostluq və qardaşlıq əlaqələri əsrlər boyu mövcud olmuşdur. Biz əsrlər boyu bir yerdə yaşamışıq, bir adət-ənənələrdən istifadə etmişik və bir- birimizə həmişə kömək etmişik. Müstəqil olmadığımız 70 illik bir dövrdə də, sovetlər birliyinin tərkibində olduğumuz vaxtda da ölkələrimiz arasında, yəni Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında dostluq, qardaşlıq əlaqələri həmişə sıx olub, həmişə çox möhkəm olubdur və biz bir-birimizə həmişə dayaq olmuşuq. Doğrudur, o vaxt biz Sovetlər İttifaqının tərkibində idik, Türkiyə Cümhuriyyəti ilə əlaqələr saxlamağa bizim istənilən səviyyədə imkanlarımız olmayıbdır. Ancaq Azərbaycan ilə Xəzər dənizinin o tərəfində olan Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan arasında əlaqə həmişə sıx olub, çox etibarlı olub və mən bu gün artıq müstəqil dövlət olan dost, qardaş ölkələrin başçıları ilə görüşərkən, burada, İstanbulda bu tarixi bir daha yada salmaq istəyirəm və bir daha bildirmək istəyirəm ki, biz bu dostluq, qardaşlıq ənənələrinə həmişə sadiq olmuşuq, bundan sonra da sadiq olacağıq.
Ancaq bir həqiqəti də qeyd etmək istəyirəm ki, ölkələrimiz müstəqillik əldə edəndən sonra, iki il bundan öncə Ankarada bizim ölkələrimizin rəhbərləri toplaşıb, görüşüb birgə bəyanat qəbul edəndən sonra ola bilər ki, Azərbaycan tərəfinin buraxdığı səhvlər nəticəsində Azərbaycan Respublikasının Qazaxıstanla, Özbəkistanla, Türkmənistanla, Qırğızıstanla əlaqələri çox zəif olub. Təxminən bir il bundan öncə, mən Azərbaycan Respublikasına başçılıq etməyə başladığım gündən bu qardaş respublikalarla əlaqələrin bərpa olunması üçün çox çalışmışam və bildirmək istəyirəm ki, bu əlaqələrin zəifləməsi və bəzən də qırılması səbəbləri ancaq Azərbaycandadır. Ona görə də Azərbaycan tərəfindən bu əlaqələrin uzun müddət zəiflədilməsinə görə və xüsusən 1992-ci ildə Ankara bəyannaməsindən sonra Azərbaycan tərəfindən bu dövlətlərlə əlaqələri inkişaf etdirmək üçün təşəbbüs göstərilmədiyinə görə mən dostlarımdan, qardaşlarımdan üzr istəyirəm və bunu etiraf edirəm. Eyni zamanda bildirmək istəyirəm ki, Azərbaycan bu əlaqələrin gücləndirilməsinə çalışır və bundan sonra da çalışacaqdır. Bu toplantı bizim əlaqələrin inkişaf etməsinə, daha da geniş olmasına çox böyük şərait yaradacaqdır.
Ümumiyyətlə, bir kökdən, bir mənşədən olan və adət-ənənələri bir olan xalqların, ölkələrin, dövlətlərin əməkdaşlığının böyük gələcəyi var və mən hesab edirəm ki, biz bu imkanlardan səmərəli istifadə etməliyik.
Hörmətli prezident Süleyman Dəmirəlin dediyi kimi, bizim həm iqtisadiyyat sahəsində, həm ticarət sahəsində, həm elm sahəsində, həm ekologiya sahəsində, həm mədəniyyət sahəsində, həm də təhsil sahəsində əməkdaşlıq etmək üçün böyük imkanlarımız var. İndi bizim cümhuriyyət də, yeni müstəqillik əldə etmiş digər cümhuriyyətlər də, respublikalar da keçid dövrü yaşayırlar. Məsələn, Azərbaycanı götürsək, biz iqtisadi cəhətdən böyük sosial-iqtisadi böhran içərisindəyik. Ona görə də bu keçid dövründə bir-birimizə köməyimiz və iqtisadi əlaqələrimizin inkişaf etməsi hər bir ölkənin bu böhran vəziyyətindən çıxmasına kömək edəcəkdir.
Azərbaycan üç ildir ki, müstəqillik yolu ilə gedir, hüquqi, sivilizasiyalı, demokratik dövlət qurmaq yolu ilə gedir. Azərbaycanda siyasi plüralizm, şəxsiyyət azadlığı, insan hüquqlarının qorunması, söz azadlığı, mətbuat azadlığı bərqərar olubdur, çoxpartiyalı sistem artıq fəaliyyət göstərir. İqtisadiyyat sahəsində biz iqtisadi islahatlar yolu ilə gedirik və bazar iqtisadiyyatı yolu ilə getmək əzmindəyik. Beləliklə də dünya birliyinə, dünya iqtisadiyyatına qoşulmağa çalışırıq. Ona görə də biz iqtisadi əlaqələrimizi, ticarət əlaqələrimizi bütün dünya dövlətləri ilə ikitərəfli, sərfəli əsaslarla qurmağa çalışırıq. Ancaq bu əlaqələri – həm ikitərəfli, həm də çoxtərəfli əlaqələri burada təmsil olunan dövlətlərlə səmərəli, faydalı qurmaq Azərbaycan üçün daha da əhəmiyyətlidir, daha da mənfəətlidir. Ona görə də mən bildirmək istəyirəm ki, biz o əlaqələri bundan sonra da qurmağa, yaratmağa çalışacağıq.
Qeyd etdiyim kimi, Azərbaycan müstəqillik qazandıqdan sonra üç il müddətində Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında çox geniş proseslər gedibdir və biz bunlardan ümumiyyətlə məmnunuq. Ancaq hesab edirik ki, bizim bütün imkanlarımızdan hələ indiyə qədər istifadə olunmayıb. Azərbaycanın professorları, alimləri Türkiyənin universitetlərində uzunmüddətli əməkdaşlıq ediblər. Eləcə də Azərbaycanda Türkiyədən gələn tələbələr oxuyublar. Elm sahəsində, təhsil sahəsində, mədəniyyət sahəsində əlaqələrimiz böyükdür. Bu əlaqələr müəyyən inkişaf mərhələsi keçibdir, bunun əsasında biz bundan sonra daha çox işlər görə bilərik. İqtisadiyyat sahəsində, şübhəsiz ki, bizim imkanlarımız böyükdür. Məsələn, Qara dəniz hövzəsindəki ölkələrin əməkdaşlıq etməsi təcrübəsi artıq dünyaya məlumdur və bu sahədə müəyyən nailiyyətlər əldə olunubdur. Ancaq eyni zamanda mən hesab edirəm ki, Xəzər dənizi hövzəsində də əməkdaşlığı təşkil etmək mümkündür.
Sizə məlumdur ki, Azərbaycan bazar iqtisadiyyatına keçərək, xarici ölkələrin investisiyalarını Azərbaycana cəlb etməyə çalışaraq həm öz sənaye potensialından, həm intellektual potensialından, həm do təbii sərvətlərindən başqa ölkələrlə müştərək istifadə etməyə çalışır və bu sahədə müəyyən addımlar atır.
Bildiyiniz kimi, sentyabr ayının 20-də Bakıda Azərbaycan ilə xarici ölkələrin şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda üç neft yatağından müştərək istifadə olunması üçün 30 illik müqavilə bağlanmışdır. Bu müqaviləni on bir şirkət imzaladı: Azərbaycan Dövlət Neft Şirkəti və xarici ölkələrin on şirkəti. Bunlar yeddi dövlətə mənsub olan şirkətlərdir. Bu, Azərbaycan, Türkiyə, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya, İsveç və Səudiyyə Ərəbistanının şirkətləridir. Biz hesab edirik ki, bu müqavilə Azərbaycanın müstəqilliyini bir daha nümayiş etdirir. Azərbaycanın dünya iqtisadiyyatına bağlanmaq üçün açıq bir ölkə olduğunu göstərir. Eyni zamanda o, həm xarici şirkətlər üçün, həm onların mənsub olduqları dövlətlər üçün, həm de Azərbaycan üçün müştərək fəaliyyət göstərməyə, böyük nailiyyətlər əldə etməyə imkan yaradır. Mən hesab edirəm ki, bu təcrübədən daha da geniş istifadə oluna bilər. Ona görə də Xəzər dənizi sahəsində əməkdaşlıq problemi, mənə belə gəlir ki, mühüm bir problemdir və bu, müzakirə olunarsa, bu barədə müəyyən fikir əldə edilə bilərsə, biz buna tərəfdar ola bilərik. Ancaq Xəzərin təbii sərvətləri böyükdür – onun həm neft sərvəti, həm də başqa təbii sərvətləri. Şübhəsiz ki, bizim işlərimiz dünyanın müasir, qabaqcıl texnologiyasının tətbiq olunması vasitəsilə həyata keçirilməlidir və ona görə də biz Xəzər dənizinin ekologiyasının təmin olunmasını, başqa təbii sərvətlərinin toxunulmazlığının təmin edilməsini əsas götürməliyik və Azərbaycan neft müqaviləsini imzalayarkən bütün bu məsələlərin həll olunması üçün Xəzər dənizi ətrafında olan bütün ölkələrlə sıx əməkdaşlıq etmək məramındadır və biz bu əməkdaşlığı təqdir edirik.
Ancaq hesab edirəm ki, təkcə Xəzər dənizinə bilavasitə çıxan ölkələr yox, başqa ölkələr də indi bu işə qoşula bilər və ümumiyyətlə, həm Azərbaycanın, həm də digər ölkələrin təbii sərvətlərindən, o cümlədən enerji daşıyıcılarından istifadə edilməsi və onların ixrac olunması, dünya bazarına birgə çıxarılması şübhəsiz ki, bizim ölkələrimiz üçün çox əhəmiyyətli ola bilər. Hər halda, bizim qonşu dövlətlərin bu barədə Azərbaycanın ərazisindən istifadə etmək fikirləri olsa, bu enerji daşıyıcılarını Azərbaycan ərazisindən başqa ölkələrə keçirmək fikirləri olsa, Azərbaycan buna şərait yaradacaqdır və bu barədə əməkdaşlıq etməyə hazırdır. Eyni zamanda mən ümumiyyətlə, bizim regionda olan bu təbii sərvətlərdən istifadə olunmasında Türkiyənin ərazisindən istifadə edilməsinə çox üstünlük verirəm və hesab edirəm ki, biz bu barədə də birgə əməkdaşlıq edə bilərik.
Bizim tarixi, milli, mədəni ənənələrimiz əsasında son vaxtlar görülən işlər təqdirəlayiqdir. Məsələn, "Türksoy" proqramının yaranmasını və onun artıq fəaliyyət göstərməsini biz böyük məmnuniyyətlə qəbul edirik. Yaxud da ki, bizim xalqlarımızın, türkdilli xalqların ümumi qüdrətinin yaranması sahəsində başlanan işlər də bizim tərəfimizdən bəyənilib və biz orada öz səylərimizi göstərəcəyik. Bir sözlə, mən bu barədə çox geniş danışıb vaxt almaq istəmirəm. Hesab edirəm ki, hörmətli prezident Süleyman Dəmirəl çox əhəmiyyətli fikirlər söylədi. Bu fikirlərlə razı olduğumu və hamımızın birlikdə həm iqtisadiyyat, həm ticarət, həm elm, həm də mədəniyyət sahəsində əməkdaşlıq etməyimizə Azərbaycanın hazır olduğunu bildirmək istəyirəm.
Bilirsiniz ki, Azərbaycan müstəqilliyini əldə edib və mən sizə çatdırmaq istəyirəm ki, Azərbaycanın müstəqilliyi üç il bundan qabaq bu gün – oktyabrın 18-də elan edilib. Bu gün Azərbaycanın bayram günüdür və səciyyəvidir ki, biz burada, İstanbulda, Türkiyədə məhz bu gün toplaşmışıq. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan öz müstəqilliyini elan edərkən dünya dövlətlərindən birinci olaraq Türkiyə Azərbaycanı müstəqil dövlət kimi tanımış, Azərbaycanın dünya dövlətləri tərəfindən müstəqil dövlət kimi tanınmasına yol açmışdır. Ona görə də bu gün Azərbaycanın müstəqilliyinin 3-cü ildönümü münasibətilə mən burada, İstanbulda Türkiyə Cümhuriyyətinə və Türkiyənin prezidenti Süleyman Dəmirələ, Türkiyə xalqına Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Əmin ola bilərsiniz ki, Azərbaycan xalqı bu tarixi hadisəni heç vaxt yadından çıxarmayacaqdır.
Ancaq bu üç illik müstəqillik dövrü Azərbaycanın siyasi həyatında çox çətin dövr olmuşdur. Bunu bizim qardaş ölkələrin başçıları da, bütün dünya ictimaiyyəti də bilir. Bütün dünya bilir ki, Azərbaycanın daxilində ictimai-siyasi sabitliyi pozmağa çalışan qüvvələr olubdur, böyük dəyişikliklər olubdur. Bu, hamıya məlumdur. Mən bu barədə geniş danışıb vaxtınızı almaq istəmirəm. Ancaq qeyd etmək istəyirəm ki, 1993-cü ilin iyun ayında Azərbaycanın daxilində böyük çəkişmələr baş verdi və bəzi cinayətkar qüvvələr, siyasi qüvvələr Azərbaycanı parçalamağa, ölkəmizin daxilində ictimai-siyasi sabitliyi pozmağa və Azərbaycanın dövlətçiliyinə qəsd etməyə çalışdılar. Azərbaycan vətəndaş müharibəsi həddinə gəlib çatmışdı. Böyük məmnuniyyətlə qeyd edə bilərəm ki, biz vətəndaş müharibəsinin qarşısını aldıq və keçən ilin iyun ayından indiyə qədər Azərbaycanın daxili vəziyyətini sabitləşdirməyə çalışmışıq. O zaman da, Azərbaycanın bu ağır vəziyyətində də biz rəhbərləri burada olan dost ölkələrimizin, qardaş ölkələrimizin müsbət münasibətini daim hiss etmişik. Buna görə mən təşəkkür edirəm.
Təəssüf ki, bu hadisələr yenidən təkrar olunmağa başladı. Bu il oktyabr ayının əvvəlində yenə də bəzi qüvvələr ölkəmizin daxilində ictimai-siyasi sabitliyi pozmaq, dövlətçiliyimizə qəsd etmək və Azərbaycanda dövlət çevrilişi etmək üçün cəhd göstərməyə çalışdılar. Ancaq siz yəqin müşahidə etdiniz və mən bunu bildirmək istəyirəm ki, Azərbaycan xalqı artıq öz müstəqilliyini əldən vermək istəmir. Buna görə də mənim televiziya ilə çağırışımdan bir neçə dəqiqə sonra Bakının vətəndaşları, yüz minlərlə vətəndaş Azərbaycan prezidenti Sarayının önünə toplaşdılar, Azərbaycan dövlətçiliyini, Azərbaycan prezidentini qorumaq əzmində olduqlarını bildirdilər. Biz dövlət çevrilişi edən silahlı qüvvələrin qarşısını xalqın gücü ilə, xalqın iradəsi ilə aldıq, qan tökülmədən bu hadisənin qabağını ala bildik. Bu o demək deyil ki, indi bizim respublikamızda tam əmin-amanlıq yaranıb, ictimai-siyasi vəziyyət tam normallaşıbdır. Ancaq bir həqiqət dünyaya məlum oldu ki, Azərbaycan xalqı öz müstəqilliyini əldən vermək istəmir, öz dövlətçiliyini qoruyur və bundan sonra da qoruyacaqdır. Xalqımız üçün həmin o gərgin və ağır günlərdə dünya ictimaiyyəti Azərbaycanın dövlətcikliyinin qorunmasına tərəfdar çıxdı və Azərbaycan dövləti ilə həmrəyliyini bildirdi. Buna görə də mən bu gün bu fürsətdən istifadə edib hamin günlərdə bizimlə həmrəy olanların hamısına öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Ancaq Azərbaycanda daxili vəziyyətin belə gərgin olması eyni zamanda onun altı ildən artıq müddətdə Ermənistan tərəfdən təcavüzə məruz qalması ilə əlaqədardır. Bu müddətdə Azərbaycan torpaqlarının 20 faizi işğal edilibdir, 20 mindən artıq adam vətəni müdafiə edərkən həlak olubdur, 100 minə qədər adam yaralanıbdır, 5 min Azərbaycan vətəndaşı Ermənistanda əsir saxlanılır. İşğal olunmuş torpaqlarımızda şəhərlər, kəndlər, qəsəbələr, binalar hamısı dağıdılıbdır və həmin torpaqlardan bir milyondan artıq vətəndaşımız qaçqın düşərək Azərbaycanın başqa regionlarında yerləşdirilibdir.
Bunlar, təbii ki, Azərbaycanın daxili vəziyyətini, o cümlədən iqtisadi, sosial vəziyyətini gərginləşdirir. Biz bu vəziyyətdən çıxmağa çalışırıq. Birinci növbədə bir milyondan artıq qaçqını saxlamağa, ağır vəziyyətdə olan bu adamları təmin etməyə çalışırıq. Bu sahədə bizə beynəlxalq təşkilatlar da kömək edir. Mən böyük məmnuniyyət hissi ilə deyə bilərəm ki, Türkiyə, İran, Səudiyyə Ərəbistanı Azərbaycanda qaçqınlar üçün çadır şəhərcikləri yaradıblar, onların bir qismini öz öhdələrinə götürüblər və bizə kömək edirlər. Beynəlxalq təşkilatlar, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlara Yardım Komissarlığı, YUNİSEF və başqa təşkilatlar da Azərbaycana kömək göstərirlər. Bir neçə ölkə bu beynəlxalq humanitar yardımı təşkil edib Azərbaycana göndərməyə çalışır və elə indi də fəaliyyətdədirlər. Ona görə də mən bütün beynəlxalq təşkilatlara təşəkkürümü və minnətdarlığımı bildirirəm və bu gün dost, qardaş ölkələrə müraciət edərək demək istəyirəm ki, hazırda bizim qaçqınları təmin etmək üçün köməyə ehtiyacımız var – həm iqtisadi köməyə, həm də mənəvi köməyə. Hər bir kömək üçün minnətdar olacağıq. Güman edirəm ki, mənim bu fikirlərim də nəzərdən qaçmayacaqdır.
Ancaq Azərbaycanın əsas problemi müharibə vəziyyətindən çıxmaqdır. Bildiyiniz kimi, biz bu məsələni sülh yolu ilə həll etmək istəyirik, bu məqsədlə beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Rusiya bu sahədə vasitəçi rolu oynayır. Başqa böyük dövlətlər də vasitəçilik edirlər. ATƏM təşkilatı, onun tərkibində olan Minsk qrupu çox böyük fəaliyyət göstərir və onların vasitəçiliyi nəticəsində beş ay bundan öncə Ermənistanla Azərbaycan arasında müharibədə atəşin kəsilməsinə nail olmuşuq. Artıq beş aydır ki, atəş kəsilib. Biz bu atəşkəs rejiminə sadiqik, atəşkəs rejimini saxlayırıq. Sentyabrın 29-da mən Birləşmiş Millətlər Təşkilatının tribunasından Azərbaycan Respublikası adından atəşkəs rejiminin saxlanılmasına riayət olunacağını bəyan etmişəm və bu gün də bəyan edirəm. Biz çalışırıq ki, bu atəşkəs vaxtında beynəlxalq təşkilatların iştirakı ilə böyük sülh yaranmasına nail olaq. Biz ümumiyyətlə, dünyada gedən bütün silahlı münaqişələrin həll edilməsinin tərəfdarıyıq. Ancaq sizə məlumdur ki, bu münaqişələrdən ən dəhşətlisi və ən uzun sürən münaqişə Ermənistanla Azərbaycan arasında altı illik tarixi olan münaqişədir.
Mən qeyd etdim ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Ancaq bizim şərtlərimiz ondan ibarətdir ki, erməni silahlı qüvvələri işğal olunmuş torpaqlardan şərtsiz çıxmalıdırlar. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu barədə dörd qətnamə qəbul etmişdir. Ancaq bu qətnamələr Ermənistan tərəfindən indiyə qədər yerinə yetirilməyibdir. Biz bunların yerinə yetirilməsini tələb edirik. ATƏM təşkilatı Minsk qrupunun fəaliyyətini, Rusiyanın vasitəçiliyini qiymətləndiririk və onların vasitəsilə Azərbaycanla Ermənistan arasında sülh bağlanmasına çalışırıq. Ancaq yenə də deyirəm, bizim şərtlərimiz işğal edilmiş torpaqlarımızdan erməni silahlı qüvvələrinin şərtsiz olaraq çıxması ilə bağlıdır. O cümlədən Laçın rayonundan və Şuşa rayonundan erməni silahlı qüvvələri çıxmalıdır. Belə bir şəraitdə Azərbaycan Respublikası Dağlıq Qarabağın statusunu müzakirə etməyə hazırdır və ona müəyyən statusun verilməsinə tərəfdardır.
Güman edirəm ki, burada təmsil olunan dövlətlər də bizim bu ağır məsələmizin həllinə səy göstərəcəklər. Bu məsələnin həll edilməsi beynəlxalq prinsiplərin bərqərar olunmasını tələb edir. Beynəlxalq hüquq normaları, beynəlxalq hüquq prinsipləri hər bir yerdə dövlətlərin ərazi bütövlüyünün təmin olunmasını, hər bir dövlətin sərhədlərinin toxunulmazlığını tələb edir və bir dövlətin başqa bir dövlətin ərazisini zorla ələ keçirməsinə yol verilməməsini tələb edir. Ona görə də biz həmin beynəlxalq hüquq normalarına sadiq olaraq, bu məsələnin sülh yolu ilə həll edilməsinə çalışırıq. Ümidvarıq ki, bizə dost, qardaş olan dövlətlər də bu barədə bizə bundan sonra kömək edəcəklər.
Mən hesab edirəm ki, bizim dostluğumuzun, bütün sahələrdə əməkdaşlığımızın böyük gələcəyi var. Mən bu ənənənin davam etdirilməsinin tərəfdarıyam. Gələcək görüşün təxirə salınmadan keçirilməsinin tərəfdarıyam. Təəssüf ki, Ankara görüşündən sonra bu görüşə qədər iki il vaxt keçdi. Hörmətli prezident Süleyman Dəmirəl 95-ci ildə belə bir görüşün Türkiyədə keçirilməsini və Türkiyənin ev sahibi olmasını bəyan edib. Mən də bunun Azərbaycanda keçirilməsini və Azərbaycanın ev sahibi olmasını təklif edirəm. Ancaq burada ümumi razılıqla bu görüşün bir ildən sonra hansı dövlətdə keçirilməsi lazım bilinərsə, mən o qərarı qəbul etməyə hazıram. Yəni əsas məqsədimiz bu ənənənin davam etməsidir, bu görüşlərin daimi olmasıdır. Gələn il bu görüş hansı ölkədə keçiriləcəksə, o ölkəyə mən də getməyə hazıram.
Diqqətinizə görə sağ olun.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.