Ermənistan və Azərbaycan arasındakı münaqişə ilə əlaqədar 11/7-P IS saylı qətnamə
13 dekabr 1994
İƏT üzvü olan ölkələrin 7-ci zirvə görüşü
İslam Konfransı Təşkilatı dövlət və hökumət başçılarının 13-15 dekabr 1994-cü il tarixdə Mərakeş Krallığının Kasablanka şəhərində (Ləyaqət, Dialoq, İştirak) zirvə toplantısı keçirilmişdir.
İslam Konfransı Təşkilatı Nizamnaməsinin prinsip və vəzifələrindən çıxış edərək;
Ermənistan Respublikasının təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizindən çoxunun işğalından ciddi şəkildə narahat olduğunu bildirərək;
Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və köçkünlərin düşdüyü ağır vəziyyətdən, humanitar problemlərin miqyası və ağırlığından həddindən artıq təsirlənərək;
İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirlərinin 1992-ci ilin iyununda və 1994-cü ilin sentyabrında İslamabadda keçirilmiş fövqəladə sessiyalarının bu məsələ ilə bağlı prinsipial mövqelərini yada salaraq;
Həm də İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Əlaqələndirmə Şurası iclasının BMT-də 23 sentyabr 1992 və 3 oktyabr 1994-cü illərdə Nyu- Yorkda qəbul olunmuş Yekun Bəyannamənin müvafiq abzaslarını yada salaraq;
Qonşu ölkələr və bölgə ölkələri, xüsusilə İran İslam Respublikası və Türkiyə Cümhuriyyətinin Azərbaycan və Ermənistan arasındakı münaqişəni sülh yolu ilə həll etmək səylərini xüsusilə qeyd edərək;
Ermənistanın təcavüzünün beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükə yaratdığını bilərək;
BMT Nizamnaməsinə əməl edilməsi və Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsində təkid edərək;
Ermənistan Respublikasının təcavüzkar siyasətinin ATƏT çərçivəsində sülh prosesinə destruktiv təsirini qeyd edərək;
- Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü ciddi şəkildə pisləyir.
- İşğal olunmuş Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətləri insanlığa qarşı cinayət hesab edir.
- Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin yerinə yetirilməsini, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə, o cümlədən Laçın və Şuşa rayonlarından çıxarılmasını, Ermənistanın Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsini qəti şəkildə tələb edir.
- Təhlükəsizlik Şurasını Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünü tanımağa; BMT Nizamnaməsinin 7-ci fəslinin tələblərinə uyğun olaraq öz qətnamələrinin yerinə yetirilməsi üçün müvafiq addımlar atmağa çağırır, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüzü pisləyir və BMT-də buna son qoyulması üçün atılacaq addımları əlaqələndirməyi qərara alır.
- Zorakı yolla torpaqların qəsb edilməsinin tanınılmaz olduğunu bir daha təsdiq edərək;
- Ermənistanla Azərbaycan arasındakı münaqişəni onların ərazi bütövlüyü və beynəlxalq aləm tərəfindən tanınmış sərhədlərin toxunulmazlığına hörmət prinsipləri əsasında ədalətlə və sülh yolu ilə həll etməyə çağırır.
- Ermənistanı və Azərbaycanı, eləcə də Minsk qrupuna daxil olan bütün dövlətləri ATƏT-də gedən sülh prosesləri ilə konstruktiv şəkildə məşğul olmağa, münaqişənin sülh yolu ilə həllini çətinləşdirə biləcək hər hansı addım atmamağa çağırır.
- Azərbaycan hökuməti və xalqının öz ölkələrini qorumaq üçün göstərdiyi bütün səyləri dəstəkləyir və onlarla tam həmrəy olduğunu bir daha təsdiq edir.
- Qaçqın və köçkünlərin təhlükəsiz və ləyaqətlə öz doğma torpaqlarına qayıtması üçün şərait yaratmağa çağırır.
- Azərbaycan ərazisində bir milyondan artıq qaçqın və köçkünlə bağlı ciddi humanitar problemlərin yaşandığından narahatlığı ifadə edir, üzv ölkələr, İslam İnkişaf Bankı və digər İslami qurumlardan Azərbaycan Respublikasına təcili maliyyə və humanitar yardımı göstərməyi xahiş edir.
- Baş Katibdən bu qətnamənin yerinə yetirilməsini izləməyi və bu barədə İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirlərinin 23-cü sessiyasına məruzə təqdim etməsini xahiş edir.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.