Bakıda İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısının açılış mərasimində nitqi
Bakı, “Gülüstan” sarayı
23 iyun 2010-cu il
Bismillahir-Rəhmanir-Rəhim!
Hörmətli İslam İnkişaf Bankının prezidenti doktor Əhməd Məhəmməd Əli!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz!
İslam İnkişaf Bankının Müdirlər Şurasının illik toplantısının Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox əlamətdar bir hadisədir. Əminəm ki, bu toplantı uğurlu keçəcək və toplantının nəticələri bankın üzvü olan ölkələr arasında əməkdaşlığın dərinləşməsinə xidmət edəcək, eyni zamanda, bankın perspektivləri haqqında geniş fikir mübadiləsi aparılacaqdır.
İslam İnkişaf Bankı ilə Azərbaycan arasında əlaqələr çox uğurla və sürətlə inkişaf edir. Bu gün bu barədə burada artıq rəqəmlər göstərildi. Uzun illərdir ki, biz bu səmərəli əməkdaşlıqdan böyük mənfəət götürürük və Azərbaycanın uğurlu iqtisadi inkişafında İslam İnkişaf Bankının xidməti çox böyük olmuşdur. Əminəm ki, gələcək illərdə də bu əməkdaşlıq dərinləşəcək və ölkəmiz qarşısında duran iqtisadi və sosial məsələlərin həlli üçün biz uğurlu əməkdaşlığımızı davam etdirəcəyik.
Əməkdaşlığımızın gözəl perspektivləri vardır. Azərbaycan öz inkişaf dövrünü yaşayır və bankın xətti ilə Azərbaycanda həyata keçirilmiş layihələr özünü doğruldur. Ölkəmizin hərtərəfli inkişafını təmin etmək üçün biz gələcəkdə də iqtisadi islahatlarımızı davam etdirəcəyik. Bir sözlə, mən qeyd etmək istəyirəm ki, İslam İnkişaf Bankı ilə Azərbaycan arasında bu günə qədərki əməkdaşlıq çox uğurlu olmuşdur. Biz bu əməkdaşlıqdan çox məmnunuq və ümid edirik ki, biz gələcəkdə də bu əməkdaşlığın dərinləşməsinə bərabər səylərimizi göstərəcəyik.
Hesab edirəm ki, bugünkü toplantı, eyni zamanda, bankın üzvü olan ölkələr arasında da əlaqələrin genişlənməsinə xidmət edəcək, islam həmrəyliyini gücləndirəcəkdir. Azərbaycan islam həmrəyliyinin gücləndirilməsi üçün öz səylərini göstərir. Baxmayaraq ki, biz müstəqil ölkə kimi nisbətən gəncik, biz artıq İslam Konfransı Təşkilatının çox fəal üzvünə çevrilmişik. İslam Konfransı Təşkilatının xətti ilə Azərbaycanda çoxsaylı tədbirlər keçirilmişdir və o tədbirlərin çox gözəl nəticələri vardır. İslam həmrəyliyinin gücləndirilməsi bizim ümumi işimizdir. Biz bu həmrəyliyi bir-birimizə verdiyimiz siyasi dəstəklə gücləndirə bilərik. Aramızda olan iqtisadi əlaqələrin inkişafı sayəsində bu həmrəyliyi daha da gücləndirə bilərik. Belə imkanlar vardır və İslam Konfransı Təşkilatının üzvü olan ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişlənməsi hamımızın marağındadır. Azərbaycan öz tərəfindən bu istiqamətdə səylərini davam etdirəcəkdir. Nəinki iqtisadi və siyasi sahədə, eyni zamanda, bütün başqa sahələrdə - mədəniyyət, humanitar sahələrində əlaqələrimizi gücləndirməliyik.
Böyük iftixar hissi ilə deyə bilərəm ki, 2009-cu il Bakı şəhəri islam mədəniyyətinin paytaxtı elan edilmişdi və bütün il boyu müxtəlif tədbirlər keçirilmişdi. Yəni, biz bütün istiqamətlərdə çalışırıq ki, müsəlman ölkələri arasında əməkdaşlığa öz töhfəmizi verək və bu səylərimizi davam etdirəcəyik.
Mən xüsusilə Azərbaycanın böyük dostu doktor Əhməd Məhəmməd Əlinin çıxışında səslənən fikirlərə öz münasibətimi bildirmək istəyirəm. Ona böyük minnətdarlığımı bildirmək istəyirəm ki, Azərbaycan dövləti və xalqı haqqında çox xoş sözlər ifadə edib, eyni zamanda, ölkəmiz üçün ən ağır, ən birinci problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini bildirib. Bu, çox qiymətli və dəyərli fikirlərdir. Bu, əsl dostluq əlamətidir. Mən bu fürsətdən istifadə edərək, bütün müsəlman bacı-qardaşlarımıza Azərbaycanın haqq işinə öz dəstəyini verdiklərinə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, ölkəmiz və bölgəmiz üçün böyük problemlər yaradır. Ermənistanın Azərbaycana əsassız torpaq iddiası nəticəsində Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazisinin 20 faizi hazırda Ermənistanın işğalçı qüvvələrinin işğalı altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyon Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu işğal nəticəsində zəbt edilmiş ərazilərdə demək olar ki, bütün binalar, infrastruktur dağıdılıbdır, muzeylərimiz talan edilibdir, eksponatlar oğurlanıbdır. Əcdadlarımızın qəbirləri, tarixi abidələrimiz, məscidlərimiz erməni vandalları tərəfindən dağıdılıbdır. İşğal edilmiş torpaqlar artıq ölü bölgəyə çevrilibdir. Bu ərazilərdə azərbaycanlılar əsrlər boyu yaşamışlar.
Ermənistanın işğalçı siyasəti bu gün də davam edir. Dağlıq Qarabağ və onun ətrafında yerləşən bölgələr uzun illərdir ki, işğal altında saxlanılır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və mən heç şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Münaqişənin həlli yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər və bizim mövqeyimizi, yəni haqq-ədalət mövqeyini dəstəkləyən beynəlxalq təşkilatların çoxsaylı qərarları və qətnamələri vardır. Bu gün hörmətli cənab Əhməd Məhəmməd Əli bu barədə öz fikirlərini bildirdi. BMT Təhlükəsizlik Şurası, yəni beynəlxalq müstəvidə ən ali orqan tərəfindən bu məsələ ilə bağlı dörd qətnamə qəbul edilmişdir. Bu qətnamələrdə birmənalı göstərilir ki, Ermənistanın işğalçı qüvvələri Azərbaycanın ərazilərindən qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr icrasız qalıbdır.
İslam Konfransı Təşkilatı dəfələrlə buna oxşar qətnamələr qəbul edibdir. ATƏT, Avropa Parlamenti, Avropa Şurası, bütün başqa beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyirlər. Ancaq Ermənistan bu beynəlxalq hüquq normalarına məhəl qoymur. Ermənistan beynəlxalq təşkilatların qərarları ilə hesablaşmır və bu siyasətə, bu işğalçı siyasətə son qoyulmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır və işğaldan əziyyət çəkmiş bütün insanlar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar.
Bir də demək istəyirəm ki, ölkəmiz üçün bu, ən böyük və ən ağrılı problemdir və Azərbaycan dövlət müstəqilliyinə qovuşandan sonra bu problem bir nömrəli problem kimi qarşımızda dayanır.
Buna baxmayaraq, biz müstəqillik dövründə böyük və şərəfli yol keçə bilmişik. Azərbaycan müstəqilliyi əldə edəndə - 1991-ci ildə vəziyyətimiz çox ağır idi. Bir tərəfdən erməni işğalı, digər tərəfdən ölkə daxilində gedən xoşagəlməz proseslər, iqtisadi tənəzzül demək olar ki, ölkəni iflic vəziyyətinə salmışdı. Ancaq Azərbaycan xalqının iradəsi və böyük lider Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan o böhranlı vəziyyətdən şərəflə çıxa bilmişdir. 1990-cı illərin ortalarında sabitlik yaranmışdır, həm iqtisadi, həm siyasi sabitlik bərqərar olunmuşdur. Bu, bizə imkan verdi ki, sürətlə inkişaf edək. O gündən bu günə qədər Azərbaycanın hərtərəfli inkişafı ölkə qarşısında duran problemlərin həlli üçün bizə şərait yaratdı.
1995-2010-cu illərdə ölkə iqtisadiyyatına 80 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bu sərmayə nəticəsində ölkə iqtisadiyyatının müxtəlif sahələri inkişaf etməyə başlamışdır. Bu gün iqtisadi inkişafımızı göstərən bəzi rəqəmlər səsləndi. Azərbaycan son illər ərzində iqtisadi inkişaf baxımından, sözün əsl mənasında, ən sürətlə inkişaf edən ölkədir. Ümumi daxili məhsulun, sənaye istehsalının artımı, investisiyaların cəlb edilməsi və ən önəmlisi yoxsulluğun demək olar ki, 4 dəfədən çox aşağı düşməsi bizim əsas nəticələrimizdir. Bu onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur. Biz sadəcə olaraq 20 ilə yaxındır ki, bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Bundan əvvəl - Sovet İttifaqının tərkibində yaşadığımız dövrdə Azərbaycanda bazar iqtisadiyyatı yox idi. Ancaq buna baxmayaraq, artıq iqtisadiyyatımızın 85 faizi özəl sektorda formalaşır və özəl sektorun inkişafı bizim üçün prioritetdir. Biz özəl sektoru müxtəlif yollarla stimullaşdırmaq üçün tədbirlər görürük ki, Azərbaycanda güclü sahibkarlar sinfi yaransın. Artıq bunun nəticələrini görürük.
Biz çalışmışıq və çalışırıq ki, ölkə iqtisadiyyatının bütün sahələrini inkişaf etdirək. Qeyri-neft sektorunu inkişaf etdirək və bu istiqamətdə də böyük nailiyyətlər əldə edildi. Bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, həm iqtisadi və maliyyə böhranına, eyni zamanda, bildiyiniz kimi, dünyada neftin qiymətinin bir neçə dəfə aşağı düşməsinə baxmayaraq, keçən il Azərbaycan iqtisadiyyatı 9 faizdən çox artmışdır. Yəni, bu artım bu günə qədər görülən işlərin nəticəsidir. Artıq Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır, bir sektordan asılı deyildir. Azərbaycan investisiya qoyuluşu üçün də çox əlverişli ölkədir. Həm daxili, həm xarici investisiyalar Azərbaycanda dövlət səviyyəsində qorunur və bu, bizə imkan verir ki, iqtisadiyyatımızı sürətlə inkişaf etdirək.
Biz beynəlxalq maliyyə qurumları ilə də sıx əməkdaşlıq edirik və bu əməkdaşlığın da gözəl nəticələri vardır. Ölkədə, ümumiyyətlə, iqtisadi və siyasi sabitlik mövcuddur. Hesab edirəm ki, uğurlarımızın əsas səbəbi məhz bundan ibarətdir. Çünki sabitlik olmayan yerdə iqtisadi inkişafdan, investisiyalardan söhbət gedə bilməz. Biz bunu yaxşı bilirik. Çünki müstəqilliyimizin qısa tarixində müxtəlif dövrlər olmuşdur və biz görürdük ki, sabitlik pozulanda bu, öz mənfi nəticələrini dərhal iqtisadi məsələlərdə də göstərir.
Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə baxır. Biz ölkə iqtisadiyyatının gücləndirilməsi sahəsində əldə edilmiş uğurlarla kifayətlənməyəcəyik. Qarşımızda böyük hədəflər var ki, Azərbaycanı inkişaf etmiş ölkələrin sırasına daxil edək. Bu istiqamətdə artıq gözəl nəticələr vardır. Bu gün rəqəmlər səsləndirildi. Rəqabət qabiliyyətliliyinə görə Azərbaycan MDB məkanında birinci, dünya miqyasında isə 51-ci yerdədir. Biz hələ bu yolun başlanğıcındayıq. İqtisadi islahatlarımızın davam etdirilməsi və böyük layihələrin icrası nəticəsində ölkədə əlavə imkanlar yaradılacaqdır.
Bir sözlə, iqtisadi sabitlik imkan verir ki, biz siyasi cəhətdən də müstəqil siyasətimizi cəsarətlə aparaq. Azərbaycan o ölkələrdəndir ki, müstəqil siyasət aparır. Bizim siyasətimiz Azərbaycan xalqının maraqlarına əsaslanır və eyni zamanda, bölgədə gedən proseslərə də müsbət təsir göstərir. Biz beynəlxalq və regional əməkdaşlıq işlərində çox fəal iştirak edirik. Azərbaycanın təşəbbüsü ilə bölgədə uğurla icra edilən nəhəng enerji layihələri bunun bariz nümunəsidir. Bizim təşəbbüsümüzlə müxtəlif istiqamətlərə neft-qaz kəmərləri çəkildi. Bu gün bu kəmərlər həm Azərbaycanın iqtisadi maraqlarını təmin edir, bölgənin inkişafına xidmət göstərir, bölgədə gedən əməkdaşlığı dərinləşdirir və bütövlükdə, qitənin enerji təhlükəsizliyinə də öz müsbət təsirini göstərir. Biz enerji resurslarımızdan çox uğurla və məharətlə istifadə edə bildik və əldə edilmiş gəlirləri qeyri-neft sektoruna yönəltdik. Məhz bunun nəticəsində biz ölkə iqtisadiyyatında şaxələndirmə meyillərini daha da gücləndirdik.
Biz, eyni zamanda, bütün maliyyə sistemimizdə şəffaflıq prinsiplərini tətbiq edirik və bu istiqamətdə də böyük nailiyyətlər əldə edilibdir. Azərbaycanın Dövlət Neft Fondu çox şəffaf bir qurumdur, Birləşmiş Millətlər Təşkilatı tərəfindən mükafatlandırılıb və hasilatda şəffaflıq təşəbbüsünün fəal üzvü kimi Azərbaycan bu sahədə də liderlik göstərir. Azərbaycanın enerji resursları hələ uzun illər bizə imkan verəcək ki, iqtisadiyyatımızı gücləndirək. Ancaq bizim əsas vəzifəmiz bu kapitalı insan kapitalına çevirməkdir. Bu məqsədlə Azərbaycanda sosial və humanitar sahələrdə çox böyük tədbirlər görülür.
Sosial sahənin gücləndirilməsi üçün konkret proqramlar icra edilir. Təhsil, səhiyyə, mədəniyyət, idman – bu sahələr bizim üçün prioritetdir. Gəlirlərin ədalətli bölüşdürülməsi bir tərəfdən cəmiyyətdə ədalət prinsiplərinin bərqərar olunmasını təsdiqləyir, digər tərəfdən bizə imkan verir ki, ölkə qarşısında duran vəzifələri daha da böyük səmərə ilə və keyfiyyətlə icra edək. Biz böyük infrastruktur layihələrini, xüsusilə nəqliyyat sektorunda layihələri icra edirik ki, onlar ölkəmizi gücləndirir və eyni zamanda, beynəlxalq məna daşıyır. Bizim təşəbbüsümüzlə çəkilən dəmir yolları, açılan dəhlizlər bölgə üçün böyük əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi nəticəsində Asiya ilə Avropa yeni dəmir yolu ilə birləşəcəkdir. Bu təşəbbüsü biz göstərmişik və ilkin maliyyə resurslarını biz səfərbər etmişik. Eyni zamanda, Şimal-Cənub dəhlizinin fəaliyyəti nəticəsində Azərbaycan bu baxımdan da öz imkanlarını genişləndirəcəkdir. Bizim coğrafi vəziyyətimiz əlverişlidir. Ancaq infrastruktur layihələri olmadan bu coğrafi vəziyyət o qədər də böyük əhəmiyyət daşımır. Biz öz coğrafi vəziyyətimizdən uğurla istifadə etməliyik və edirik. Beləliklə, Azərbaycan öz tarixi missiyasını davam etdirəcəkdir. Tarixi İpək Yolu vaxtilə Azərbaycan ərazisindən keçmişdir. Biz bu gün müasir infrastruktur layihələri ilə, öz təşəbbüslərimizlə bu tarixi İpək Yolunu müxtəlif formalarda bərpa edirik.
Qarşımızda duran vəzifələr çoxdur. Bu günə qədər əldə edilmiş uğurlar bizi daha da ruhlandırır. Çünki iqtisadi cəhətdən möhkəm və sabit olan ölkə əlbəttə ki, siyasi çəkisini də artıracaqdır. Azərbaycanın bölgədəki rolu artır, dünyadakı mövqeləri möhkəmlənir. Biz beynəlxalq təşkilatlarda özümüzü çox etibarlı tərəfdaş kimi göstərə bilmişik. Qonşu dövlətlərlə bizim çox səmərəli, qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurulmuş münasibətlərimiz vardır. Bu da hər bir ölkə üçün çox vacibdir ki, onun qonşuluğunda da işlər yaxşı getsin.
Bizim gələcək planlarımız da aydındır. Biz öz işimizi proqram əsasında qururuq. 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair birinci proqramın uğurlu icrası bizə imkan verdi ki, artıq ölkəmizin iqtisadiyyatını böyük dərəcədə şaxələndirək. Bu gün biz ikinci dövlət proqramını icra edirik. 2009-2013-cü illəri əhatə edən bu proqramın nəticəsində əminəm ki, ölkə qarşısında duran əsas infrastruktur və sosial məsələlər öz həllini tapacaqdır. Bizim proqramlarımız çox konkret xarakter daşıyır. Onların icra mexanizmləri, konkret cədvəli və ən önəmlisi maliyyə resursları vardır. Bu, bizə deməyə imkan verir ki, ikinci proqram da uğurla icra ediləcəkdir.
Bununla bərabər, bir daha demək istəyirəm ki, biz beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlığımızı dərinləşdirəcəyik. Xüsusilə, İslam İnkişaf Bankı ilə əməkdaşlığımızın çox gözəl perspektivləri vardır. Biz bir daha İslam İnkişaf Bankının rəhbərliyinə böyük minnətdarlıq hissi ilə müraciət etmək istəyirik. Minnətdarlığımızı bildirmək istəyirik ki, bizə kömək göstərildi, xüsusilə ölkəmizin ağır illərində bu əməkdaşlıq, bu yardımlar, bu kreditlər çox böyük məna daşıyırdı. Bu gün də böyük məna daşıyır və mən heç şübhə etmirəm ki, biz bu uğurlu əməkdaşlığı gələcəkdə davam etdirəcəyik.
Bir daha demək istəyirəm ki, bugünkü toplantı ölkəmizin həyatında xüsusi yer tutur. Bir tərəfdən bizim üçün böyük şərəfdir ki, belə bir beynəlxalq tədbir Azərbaycanda keçirilir. Digər tərəfdən, mən bilirəm ki, qonaqlarımızın arasında Azərbaycanda ilk dəfə olanların sayı az deyildir. Bu da bizə, bizim hamımıza imkan yaradır ki, bir-birimizi daha da yaxşı tanıyaq, həm şəxsi əlaqələr yaradılsın, həm də nazirlər səviyyəsində əlaqələr daha da gücləndirilsin.
Azərbaycanın böyük tarixi, böyük mədəniyyəti vardır. Bu gün dostumuz doktor Əhməd Məhəmməd Əli Azərbaycanın tarixi haqqında çox dəyərli fikirlər söyləmişdir. Ancaq müstəqillik tariximiz o qədər də böyük deyildir. Ona görə bəzi hallarda Azərbaycan haqqında dünyada kifayət qədər məlumat yoxdur. Ancaq bu, müvəqqəti bir məsələdir. Vaxt keçdikcə Azərbaycanı tanıyanların sayı çox olacaqdır və ölkə haqqında dəqiq, qərəzsiz məlumat üstünlük təşkil edəcəkdir. Biz isə istəyirik ki, müsəlman aləmi arasında bu əməkdaşlığı daha da dərinləşdirək. Biz istəyirik ki, müsəlman ölkələri daim bir-birinə dəstək olsunlar. Bütün beynəlxalq təşkilatlarda bir-birimizin lehinə səsimizi ucaltmalıyıq. Biz bunu edirik, daha da böyük səviyyədə və daha da böyük miqyasda etməliyik. Çünki bizim gücümüz birliyimizdədir. Bizim amalımız da birdir. Biz istəyirik ki, dünyada sülh, əmin-amanlıq, ədalət olsun. Biz istəyirik işğalçılar işğal edilmiş bütün torpaqlardan çəkilsinlər. İşğaldan əziyyət çəkmiş bütün insanlar öz doğma torpaqlarına, tarixi torpaqlarına qayıtsınlar ki, nəhayət dünyada ədalət bərpa edilsin. Ancaq bu, asan məsələ deyildir. Əfsuslar olsun ki, ədalətsizliklər də kifayət qədər çoxdur. Biz birgə səylərimizlə bu ədalətsizliklərə qarşı mübarizə aparmalıyıq. Öz haqq səsimizi ucaltmalıyıq. Digər tərəfdən, gücümüzü, müştərək gücümüzü iqtisadi imkanlarla artırmalıyıq.
Bu niyyətlə mən sizə bir daha öz hörmətimi bildirmək istəyirəm, sizi bir daha Azərbaycanda salamlayıram. Əminəm ki, Azərbaycana səfəriniz uğurlu, yaddaqalan olacaqdır. Bütün nümayəndə heyətlərinin rəhbərlərinə müraciət edib, xahiş edirəm ki, mənim səmimi salamlarımı və ən xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız. Sağ olun.
“Xalq qəzeti”.- 2010.- 24 iyun.- N 134.- S.1-2.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.