Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

24 may 2019

Azərbaycanın dünyaya nümunə olan hazırkı mədəni müxtəliflik və yüksək tolerantlıq mühiti əsrlərdən bəri burada ayrı-ayrı xalqların və konfessiyaların nümayəndələrinin qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində dinc yanaşı yaşamalarının nəticəsidir. Cəmiyyətdə qarşılıqlı mənəvi zənginləşmə üçün davamlı zəmin yaratmış bu etnik rəngarəngliyin qorunub saxlanmasının müstəqil dövlətçiliyin əsaslarının daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2,0 (iki) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 150,0 (yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 150,0 (yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 150,0 (yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək göstərilməsi üçün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100,0 (yüz) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 may 2019-cu il.

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.