Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə nitqi

Naxçıvan şəhəri

3 oktyabr 2009-cu il

Hörmətli prezidentlər, 
Hörmətli qonaqlar, 
Xanımlar və cənablar! 

Mən sizin hamınızı ürəkdən salamlayıram. Azərbaycana, Azərbaycanın qədim torpağı olan Naxçıvana xoş gəlmisiniz. Bugünkü zirvə görüşümüz çox gözəl və əlamətdar bir hadisədir. Əminəm ki, zirvə görüşünün nəticələri gözəl olacaq, çox səmərəli işləyəcəyik və qəbul ediləcək qərarlar bizim birliyimizi daha da gücləndirəcəkdir. Mən çox şadam ki, Siz mənim dəvətimi qəbul edib bu gün buradasınız, Naxçıvandasınız. Naxçıvan qədim Azərbaycan torpağıdır, qədim tarixə və mədəniyyətə malikdir. Naxçıvanın tarixi abidələri Azərbaycan xalqının böyük istedadının nümunələridir. Dünən biz Naxçıvanla bir daha tanış olduq. Mən çox şadam ki, mənim hörmətli qonaqlarım da bu fürsəti əldə etdilər və dünən axşam gözəl konserti bərabər dinlədik. Əslində o konsert bizim birliyimizin təntənəsi idi, dostluq, qardaşlıq konserti idi. Mən əminəm ki, bizim birliyimiz bundan sonra daha da güclənəcəkdir. Bunu etmək üçün bütün imkanlar vardır. Ölkələrimiz arasında əlaqələr ikitərəfli formatda çox yüksək səviyyədədir, çox güclü siyasi dialoq aparılır. Biz beynəlxalq təşkilatlarda əməkdaşlıq edirik. BMT-də, İslam Konfransı Təşkilatında, ATƏT-də və digər təşkilatlarda bizim ölkələrimiz bir-birinə həmişə dəstək verir və bu, belə də olmalıdır. Çünki, bizi müştərək tarix birləşdirir, tarixi-mədəni köklər birləşdirir. Dünən bütün türkdilli ölkələrin istedadını və incəsənətini təmsil edən konsertdə səslənən mahnılar bir daha onu göstərir ki, bizim xalqlarımız bir-birinə nə qədər yaxındır. Biz öz işimizi bu möhkəm təməl üzərində qururuq. Bizim birliyimiz təkcə ölkələrimizi gücləndirmir, bizim birliyimiz böyük mənada regional əməkdaşlığın da çox vacib amilidir. 

Biz çox istəyirik ki, aramızda olan iqtisadi əlaqələr daha da sürətlə inkişaf etsin. Bunu etmək üçün yaxşı imkanlar vardır. Bizim iqtisadiyyatlarımız bir-birini tamamlayır. Bizim iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır, bu da çox önəmlidir. Gələcək illərdə iqtisadi sahədə yeni layihələrin həyata keçirilməsi əlbəttə ki, bizi daha da yaxınlaşdıracaqdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi artmalıdır. Hələ ki, ticarət dövriyyəsinin səviyyəsi bizi qane edə bilməz. Biz qarşılıqlı investisiya layihələrində iştirak etmək arzusundayıq və bu da qarşılıqlı maraq doğura biləcək layihələr ola bilər. 

Humanitar sahədə də çox gözəl perspektivlər vardır. Mədəniyyətlərimiz bir-birinə çox bağlı olduğuna görə humanitar sahədə əməkdaşlıq daha da sürətlə inkişaf etməlidir. Bu sahədə TÜRKSOY təşkilatının fəaliyyətini mən yüksək qiymətləndirmək istəyirəm. Gələcək illərdə TÜRKSOY-un fəaliyyətini biz daha da gücləndirməliyik. Biz təklif edirik ki, TÜRKSOY Fondu yaradılsın. Fondun maliyyə təminatı təşkil edilsin və bu Fond bütün türk dövlətlərində və eyni zamanda bütün türk diyarlarında tarixi abidələrin bərpası, mədəniyyətlərarası əlaqələrin inkişafı ilə məşğul olsun. Bir sözlə, Fond praktiki cəhətdən səmərəli işlərlə xalqlarımızı daha da sıx birləşdirsin. Dünyada türkdilli xalqlar çoxdur və türkdilli xalqlar arasında dostluq, qardaşlıq ölkələrimizi də gücləndirəcəkdir. 

Biz böyük məmnunluq hissi ilə deyə bilərik ki, ölkələrimiz tərəfindən təşəbbüslə başlanan və uğurla icra edilən böyük layihələr öz səmərəsini verir. Bu gün neft-qaz sahəsində yaranmış əməkdaşlıq bizim dostluğumuzun nümunəsidir, eyni zamanda, regional əməkdaşlığın uğurlu nəticəsidir. Neft-qaz sahəsində Azərbaycan ilə Türkiyə, Azərbaycan ilə Türkmənistan, Azərbaycan ilə Qazaxıstan çox səmərəli əməkdaşlıq edir. Bu əməkdaşlığın praktiki nəticələri vardır. Xəzər dənizinin neft-qaz ehtiyatlarının dünya və Avropa bazarlarına çıxarılması üçün əməli işlər görülmüşdür, böyük investisiyalar qoyulmuşdur, neft kəmərləri inşa edilmişdir və bu proses davam edir. 

Vaxtilə əfsanə hesab olunan Bakı-Tbilisi-Ceyhan neft kəməri artıq üç ildir ki, fəaliyyətdədir və bütün bölgəyə fayda gətirir. Eyni zamanda, bu kəmərin əsasında Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də böyük uğurumuzdur. Bu gün Azərbaycanın neft-qaz resursları dünya və Avropa bazarlarına əmniyyətli yollarla nəql edilir. Dünən Bakıda Qazaxıstan ilə Azərbaycan arasında çox önəmli sazişlər bağlanmışdır. Bu sazişlər gələcəkdə Qazaxıstanın neft-qaz resurslarının şaxələndirmə yolu ilə Azərbaycan ərazisindən dünya bazarlarına çıxarılmasına gözəl şərait yaradır. Bu, hamımızın marağındadır. Biz hamımız istəyirik ki, iqtisadiyyatlarımız inkişaf etsin, çoxşaxəli olsun. Neft-qaz sahəsində şaxələndirmə prosesləri həm istehsalçılar, həm tranzit ölkələr, həm də istehlakçılar üçün çox böyük əhəmiyyət daşıyır. Bütün tərəflərin maraqları əlbəttə ki, beynəlxalq təcrübəyə uyğun olaraq qorunmalıdır və müdafiə olunmalıdır. 

Biz nəqliyyat sahəsində konkret layihələr üzərində işləyirik. Həm Xəzər dənizində əməkdaşlıq davam edir, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası uğurla gedir. Bu dəmir yolu çəkiləndən sonra Avropa ilə Asiya arasında çox əhəmiyyətli və yeni yol açılacaqdır. Biz yeni İpək Yolunun bərpasını təşkil edirik. Əlbəttə ki, bunlar böyük yatırımlar, investisiyalar və eyni zamanda, böyük siyasi iradə tələb edən layihələrdir. Bizim həm investisiya imkanlarımız, həm də siyasi iradəmiz vardır. 

Bir sözlə, bu konkret layihələr bizi daha da birləşdirəcək, ölkələrimizə əlavə maliyyə resursları gətirəcək və beləliklə bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi üçün də gözəl imkanlar yaradacaqdır. Biz bunu istəyirik, buna çalışırıq. 

Baxmayaraq ki, ərazi bütövlüyü pozulub, Azərbaycanın son illər ərzindəki uğurlu inkişafı, həmçinin regional əməkdaşlığın dərinləşməsinə yönəldilib. Bizim torpaqlarımızın 20 faizi işğal altındadır. Bu işğal nəticəsində və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma torpağından didərgin salınıb. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. 2004-2008-ci illərdə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artmışdır. Bu artım əlbəttə ki, ölkə qarşısında duran bütün iqtisadi və sosial məsələlərin həllində bizə kömək göstərir. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı uzun illərdir ki, danışıqlar aparılır. Ancaq əfsuslar olsun, hələ ki, biz heç bir nəticəyə gəlməmişik. Düzdür, danışıqlar prosesində müsbət dinamika müşahidə olunur. Danışıqlar prosesi deyə bilərəm ki, artıq sonuncu mərhələsindədir. Müzakirə olunan məsələlər münaqişənin həllinə kömək göstərə bilər. Müzakirə edilən məsələlər münaqişənin ərazi bütövlüyü əsasında həll olunmasını təmin edir. 

Azərbaycanın tarixi torpağı olan Qarabağ bölgəsi 20 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmur. O qətnamələrdə erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması nəzərdə tutulurdu. Digər beynəlxalq təşkilatlar buna bənzər qərarlar qəbul etmişlər. Ancaq əfsuslar olsun ki, Ermənistan tərəfi bu vaxta qədər beynəlxalq normalara məhəl qoymur. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Azərbaycanın prinsipial və dəyişməz mövqeyi bundan ibarətdir və bir daha demək istəyirəm ki, bu mövqe beynəlxalq prinsiplərə əsaslanır. Xalqların isə öz müqəddəratlarını təyinetmə prinsipləri ölkələrin ərazi bütövlüyü çərçivəsində uğurla həll oluna bilər və bundan kənarda heç bir başqa variant müzakirə oluna bilməz. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi nəinki Azərbaycan üçün, bütün region üçün böyük problemdir, regional əməkdaşlığı əngəlləyən ən başlıca amildir. 

Regionun çox böyük imkanları vardır. Regional əməkdaşlıq daha da hərtərəfli aparıla bilər. Bütün yollar, bütün kommunikasiyalar açıla bilər, regionda yerləşən bütün ölkələr qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edə bilər. 

Ancaq o da həqiqətdir ki, torpaqlarımız işğal altında qaldığı bir dövrdə Ermənistan ilə Azərbaycan arasında heç bir əməkdaşlıq mümkün deyildir. Azərbaycan gələcəkdə də öz coğrafi, iqtisadi, siyasi və başqa imkanlarından istifadə edərək Qarabağ məsələsinin, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına çalışacaqdır. 

Əziz dostlar, bu yaxınlarda Bakıda bizim birliyimizi daha da möhkəmləndirən önəmli hadisə baş vermişdir. Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci toplantısı keçirilmişdir. Bu da çox önəmli hadisədir. Bizim qanunvericilik orqanlarımız da bir-biri ilə daha sıx əlaqədə olacaqlar. Düzdür, ölkələrimizi təmsil edən deputatlar bu vaxta qədər də bir-biri ilə sıx əlaqədə olmuşlar, müxtəlif beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıq etmişlər. Ancaq Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması tam başqa bir hadisədir. Bunun çox böyük mənası vardır. Bu onu göstərir ki, türkdilli ölkələr arasında əlaqələr geniş formatda daha da sürətlə inkişaf edir. Biz buna çox sevinirik, buna çox böyük dəstəyimizi veririk. Əgər gələcəkdə bütün siyasi məsələlərdə, beynəlxalq təşkilatlarda, beynəlxalq müstəvidə biz bir-birimizə öz dəstəyimizi verməyə davam etsək, iqtisadi sahədə əməkdaşlığımızı konkret layihələrlə zənginləşdirsək, humanitar və mədəniyyət sahəsində TÜRKSOY vasitəsilə, konkret layihələr vasitəsilə bu birliyi daha da gücləndirsək bizim xalqlarımız bundan ancaq fayda götürəcəkdir. 

Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir. Eyni zamanda, bu, bugünkü vəziyyətin reallıqlarıdır. 

Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli ölkələrdə bütün imkanlar vardır - təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək türkdilli ölkələr dünya miqyasında böyük gücə çevriləcəkdir. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır. Mən çox şadam ki, bizim aramızda olan birlik son illər ərzində daha da güclənir. Dünən və bu gün hesab edirəm ki, türkdilli ölkələrin daha da sıx birləşməsi üçün çox vacib addımlar atılmışdır. Bizim bir yerdə olmağımız, qədim Azərbaycan torpağı olan Naxçıvanda yığışmağımız, ikitərəfli formatda aparılan danışıqlar, bugünkü zirvə görüşü və zirvə görüşünün nəticəsi olan imzalanacaq vacib sənədlər bizim birliyimizi daha da gücləndirəcəkdir. Bu, bizim arzumuzdur və mən əminəm ki, biz bütün arzularımıza çatacağıq. 

Bir daha Sizə mənim dəvətimi qəbul edərək Naxçıvana gəldiyinizə görə təşəkkürümü bildirmək istəyirəm və bu zirvə görüşünə uğurlar arzulamaq istəyirəm. 

X   X   X 

Prezident İlham ƏLİYEV zirvə görüşünə yekun vuraraq dedi: 

Əziz dostlar, əziz qardaşlar! 

Sizin dəyərli çıxışlarınız çox böyük maraq doğurur. Dünən və bu gün səslənən fikirlər, aparılmış fikir mübadiləsi, şübhəsiz türkdilli ölkələrin gələcək fəaliyyəti üçün başlıca istiqamətdir. Mən əminəm ki, növbəti aylarda, illərdə bizim əməkdaşlığımız bütün sahələrdə daha da dərinləşəcəkdir. Bu gün qəbul ediləcək qərarlar uğurla icra ediləcəkdir. Bu gün iki vacib sənəd imzalanacaqdır. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradılacaq və Naxçıvan bəyannaməsi qəbul ediləcəkdir. Bu sənədlər gələcək fəaliyyətimiz üçün əsas gündəliyi təşkil edəcəkdir. 

Mənim dəvətimi qəbul edib Naxçıvana gəldiyinizə görə Sizə bir daha öz təşəkkürümü bildirmək istəyirəm. Naxçıvanın türk dünyasında çox böyük xüsusi yeri vardır. Naxçıvan çox böyük tarixə malik olan diyardır. Naxçıvanın strateji əhəmiyyəti, tarixi, mədəniyyəti, tarixi abidələri bizim böyük dəyərimizdir, böyük sərvətimizdir. O da həqiqətdir ki, Azərbaycanın müstəqilliyinin formalaşması, müstəqilliyinin bünövrəsinin qoyulması da məhz Naxçıvanda həyata keçirilmişdir. O vaxt, hələ Sovet İttifaqının zamanında Heydər Əliyevin fəaliyyəti nəticəsində Naxçıvanda, burada görülən işlər bütövlükdə Azərbaycanın müstəqilliyi üçün çox böyük əhəmiyyət daşıyırdı. Azərbaycanın üç rəngli milli bayrağı böyük fasilədən sonra hələ Sovet İttifaqı zamanında ilk dəfə olaraq məhz Naxçıvanda ucaldılmışdır. Ondan sonrakı illərdə Azərbaycanın müstəqil ölkə kimi formalaşmasında ulu öndər Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bu gün Azərbaycan müstəqil ölkə kimi yaşayır, güclənir, qarşıda duran bütün vəzifələri uğurla icra edir. 

Naxçıvan, eyni zamanda, Azərbaycanın yeganə bölgəsidir ki, Türkiyə ilə həmsərhəddir. Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır. Ancaq biz bu gün qəbul edilmiş qərarlarla, atılmış addımlarla bu bağlantını daha da gücləndiririk. 

Düzdür, coğrafi baxımdan bu gün bizim aramızda Azərbaycanın indi Ermənistanın tərkibində olan qədim diyarı - Zəngəzur bölgəsi yerləşir. Ancaq mənəvi baxımdan, siyasi baxımdan və iqtisadi layihələrin həyata keçirilməsi nəticəsində türk dünyasının birləşməsi və bir qüvvə kimi fəaliyyət göstərməsi bu gün reallıqdır, həqiqətdir. Bu həqiqəti biz yaradırıq və bizdən asılıdır ki, bu birlik davam etsin, güclənsin və bizim xalqlarımıza yeni imkanlar yaratsın. 

Türkiyədən başqa, bütün digər türkdilli ölkələr müstəqil ölkələr kimi gəncdir, müstəqilliyimizin gənclik illərini yaşayırıq. Bu müstəqilliyin formalaşması, güclənməsi hər bir ölkə üçün böyük çətinliklərlə müşayiət olunurdu. Bu çətinlikləri aşmaq, bu çətinlikləri aradan qaldırmaq böyük səylər, böyük siyasi iradə, dünyagörüşü və cəsarət tələb edirdi. Bu gün biz böyük qürur hissi ilə deyə bilərik ki, bütün türkdilli ölkələrdə vəziyyət çox müsbətdir, siyasi vəziyyət sabitdir, iqtisadi böhran bizə o qədər də çox böyük təsir göstərməmişdir. Gənc müstəqil ölkələr öz müstəqilliyini təsdiq etdilər. Təsdiq etdilər ki, onlar öz taleyinin sahibləridir, müstəqil ölkələr kimi yaşaya və uğurla inkişaf edə bilərlər. Bu gün bu gözəl formatda bizim əməkdaşlığımızın çox yaxşı perspektivləri vardır. Bir daha demək istəyirəm ki, bu gün imzalanacaq sənədlər gələcək fəaliyyətimiz üçün praktiki əhəmiyyət daşıyır. Bizim səmərəli işimiz gələcəkdə bizi daha da birləşdirəcək, beynəlxalq mövqelərimizi daha da gücləndirəcək və ölkələr qarşısında duran bütün problemlərin uğurlu həlli üçün də yaxşı imkanlar yaradacaqdır. Bu gün biz bu barədə geniş danışdıq, dünən ikitərəfli formatda və birlikdə bu məsələləri müzakirə etdik. Bir daha görürük ki, çox böyük potensial, böyük imkanlar və güclü siyasi iradə vardır. 

Beləliklə bizim toplantımız başa çatır. Növbəti zirvə görüşünün təşkili ilə bağlı əziz dostum Qırğızıstan Prezidenti Kurmanbek Saliyeviç Bakiyev təşəbbüs göstərmişdir ki, növbəti zirvə görüşü gələn ilin avqustunda Qırğızıstanda keçirilsin. Biz də böyük minnətdarlıqla və məmnuniyyət hissi ilə bu təşəbbüsü dəstəkləyirik. Çox vacibdir ki, zirvə görüşləri mütəmadi qaydada keçirilsin. Əminəm ki, hər bir görüş yeni imkanların açılmasına gətirib çıxaracaqdır. 

Beləliklə, bizim görüşümüz başa çatır. İndi isə, sənədlərin imzalanma mərasiminə başlayırıq. 

“Xalq qəzeti”.-2009.- 4 oktyabr .- № 220.- S.1-2.

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.