Zəvvarlarin Həcc ziyarətindən qayıtması münasibətilə keçirilən mərasimdə nitqi
Səttarxan adına maşınqayırma zavodu
20 may 1995-ci il
Hörmətli bacılar və qardaşlar.
Hörmətli həmvətənlərimiz!
Mən bu gün burada, Səttarxan adına maşınqayırma zavodunda sizinlə görüşməyimdən çox məmnunam. Hamınızı səmimi qəlbdən salamlayır, sizə xoşbəxtlik və səadət arzu edirəm.
Bizim bu gün buraya toplaşmağımızın əsas səbəblərindən biri Azərbaycandan Məkkəyə və Mədinəyə getmiş, İslam aləminin müqəddəs yerlərini ziyarət etmiş, Həcc ziyarətindən qayıtmış vətəndaşlarımızla görüşməkdir. Müstəqil Azərbaycan dövlətinin həyatında çox əlamətdar haldır ki, xalqımız dininə öz münasibətini sərbəst ifadə edir və uzun illərin həsrətindən sonra ölkəmizin istənilən vətəndaşı tamamilə sərbəst olaraq İslam aləminin müqəddəs yerlərini ziyarət edə bilər. Son illərdə Azərbaycandan həmin yerləri çoxlu adam ziyarət etmişdir. Bu, bizim müstəqilliyimizin və mənəviyyatımızın dirçəlməsi rəmzidir. Bu il də beş yüz nəfər Azərbaycan vətəndaşı Məkkəyə və Mədinəyə getmiş, Kəbəni, İslamın müqəddəs yerlərini ziyarət etmiş, müsəlmanlıq borclarını vermiş və öz arzularına çatmışdır. Həmin şəxslərin böyük bir qrupu indi buradadır. Əziz hacılar, əziz həmvətənlərimiz, sizi bu mübarək işinizə və çox gözəl ziyarətinizə, müqəddəs yerləri ziyarət edib mənəviyyatca daha da saflaşdığınıza və yüksəldiyinizə görə təbrik edirəm, hamınıza cansağlığı və xoşbəxtlik arzu edirəm.
İslam bu dinə itaət edənləri həmişə mənəvi saflığa, ədalətə, düzlüyə, bütün müsbət keyfiyyətləri özündə toplamağa dəvət edir. Müqəddəs kitabımız Qurani-Kərimin ayələri, surələri və bütün yazılarının hamısı İslam aləminin nə qədər böyük mənəvi potensiala malik olduğunu göstərir. Əsrlərdən-əsrlərə keçən adət-ənənələr İslam dininin insanlar üçün əhəmiyyətli və zəruri olduğunu sübut edir. Hesab edirəm ki, müqəddəs Quranımızdan və İslam dininin tələblərindən hər bir şəxs, hər bir müsəlman bəhrələnəcək, cəmiyyətdə layiqli yer tutacaq, Vətəninə, xalqına, insanlara gərəkli xidmət edəcək və şübhəsiz ki, arzularının hamısına çatacaqdır.
Buna görə də İslam dünyasının müqəddəs yerlərini ziyarət edib Azərbaycana qayıdan soydaşlarımızla bu gün görüşərkən fürsətdən istifadə edərək bütün vətəndaşlarımıza, Azərbaycandakı bütün müsəlmanlara bir daha müraciət edirəm ki, bu əxlaqi normalara, adət-ənənələrə hər kəs riayət və hörmət etsin, ona sadiq olsun. Ən çətin dövrlərdə bu, həmin adamları hifz edəcək, onları qoruyacaq, hər bir insana xoşbəxtlik bəxş edəcəkdir. Ancaq bunlara həqiqətən sidq ürəkdən riayət etmək lazımdır. Güman edirəm ki, biz ilbəil öz mənəvi dəyərlərimizə, adət-ənənələrimizə qayıdaraq, hər yerdə milli, dini ənənələrimizi bərqərar edərək ölkəmizdə, cəmiyyətimizdə buna nail ola biləcəyik. Əminəm ki, din xadimləri də, möminlər də, o cümlədən Həcc ziyarəti edən şəxslər də bu məsələlərdə fəal iştirakçı olacaq, xalqımızın mənəvi cəhətdən saflaşmasına, yüksəlməsinə, mətinləşməsinə öz səylərini göstərəcəklər.
Bu, bizim üçün çox lazımdır. Çünki bilirsiniz ki, Azərbaycan artıq yeddi ildir Ermənistan tərəfindən təcavüzə məruz qalmışdır. Bunun nəticəsində Azərbaycana böyük fəlakətlər üz vermiş, çoxlu itkilərimiz olmuşdur. Şəhid olanlarımız vardır. Ərazimizin, torpaqlarımızın təxminən 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. Elimizin-obamızın o gözəl yerlərindən vətəndaşlarımız didərgin düşmüş, dağlarımızın qoynunda, bulaqlarımızın başında əsrlər boyu yaşamış soydaşlarımız qaçqın və köçkünə çevrilib, ağır şəraitdə yaşayırlar.
İqtisadiyyatımızda, sosial həyatımızda çətinliklərimiz var. Bunlar həm müharibə, həm də bir sistemdən başqa sistemə keçidlə əlaqədardır. Yəni cəmiyyətimiz, ölkəmiz, xalqımız öz tarixinin çətin mərhələsini yaşayır. Belə bir dövrdə hər kəs gərək çalışsın ki, cəmiyyətə, ölkəyə mümkün qədər çox fayda versin. Öz qonşusunu da, həmkarını da, dostunu və qardaşını da bu işə. cəlb etsin. Dinə xidmət edən, Həcc ziyarəti etmiş adamlar, İslama həqiqətən sadiq olan insanlar bu baxımdan nümunəvi olaraq cəmiyyətimizdə mənəvi saflığı təmin etməlidirlər.
Hesab edirəm ki, indi cəmiyyətimizdə belə müsbət hallar əksəriyyət təşkil edir. Mənfi hallar az olsa da, ancaq vardır.
Bu mənfi hallar cəmiyyətimizin ümumi mühitinə, əhval-ruhiyyəsinə bəzən çox zərər vurur. Bunların qarşısını almaq lazımdır. Güman edirəm ki, din xadimlərimiz bu sahədə indən sonra da öz fəaliyyətlərini artıracaqlar.
Din xadimlərimiz, Həccə getmiş adamlarımız gərək xalqımızı, xüsusən gənclərimizi Vətənə sədaqət, vətənpərvərlik ruhunda tərbiyə etsinlər, onları Vətəni qorumaq üçün hazırlasınlar. İndi buna çox böyük ehtiyac vardır. Çünki iqtisadi-sosial çətinliklər insanları bəzən yolundan çıxardır, çaşbaş qoyur, mənfi təsirlər altına salır. Buna görə də mənəviyyatca saf insanlar, dinə xidmət edən adamlar İslam dininin hər bir şəxs üçün, hər bir fərd üçün nə qədər gözəl töhfə verdiyini anlatmalı, onları mənəvi saflığa dəvət etməli və buna nail olmalıdırlar. Bu, indi bizə çox lazımdır.
Təəssüf olsun ki, İslamın təbliğində, dinin təbliğində bəzən əyintilərə yol verilir. Mən bu gün burada, din xadimlərinin, Həccə getmiş adamların qarşısında bu sözləri deməyi zəruri hesab edirəm, Dinimizdən bəzən sui- istifadə, öz məqsədləri üçün istifadə etmək istəyənlər də var. İslam dinindən bəzən ölkəmizdə sabitliyi pozmaq, aranı qarışdırmaq, insanları bir-biri ilə vuruşdurmaq, onları qarşı-qarşıya qoymaq üçün istifadə etmək istəyənlər də vardır. Bəzən içərimizə təxribat salmaq istəyənlər də var. İslam dini Azərbaycan Respublikasının dinidir. Respublikamızda yaşayan əhalinin əksəriyyəti İslam dininə etiqad edir. Ancaq bu din birdir və onu parçalamaq olmaz. Ayrı-ayrı adamlar dindən istifadə etməyə çalışmamalıdır. Din vasitəsilə bizim ölkəyə haradansa kənardan kiminsə təsir etməsinə yol vermək olmaz.
Dindən ancaq xeyirxahlıq, insanları ağır vəziyyətdən çıxarmaq, onları mənəvi saflığa yönəltmək üçün istifadə etmək lazımdır. Başqa məqsədlər üçün yox. Təəssüf ki, belə hallar var. Əgər belə hallar olmasaydı, mən bunu deməzdim. Buna görə də güman edirəm ki, hamımız çalışmalıyıq cəmiyyətimizdə hər kəs öz yerini tutsun, öz işi ilə məşğul olsun və onlar da çalışsınlar ki, birlik, bərabərlik, milli həmrəylik və vətəndaş həmrəyliyi yaransın. Güman edirəm ki, biz buna nail olacağıq.
Son illərdə, respublikamızın ağır dövründə Ermənistanın təcavüzü ilə yanaşı, ölkəmizi daxildən parçalamaq, Azərbaycanı dağıtmaq cəhdləri də olubdur. Bunları siz bilirsiniz. Allaha şükür olsun ki, Allahın köməyi ilə biz bunların qarşısını almışıq. İndən sonra da bunu etməyə qadirik. Bu gün mən sizə deməliyəm ki, son illərdə xalqımız bir neçə fəlakətdən, bir neçə xətadan xilas olubdur. 1993-cü ilin iyun ayını yada salın. Artıq həmin vaxtdan iki il keçir. 1994-cü ilin oktyabrını xatırlayın. Burada dövlət çevrilişinə cəhd etdilər. Bunun qarşısı alındı. Xalq ayağa qalxdı, öz qüdrətini göstərdi. Xalqımız göstərdi ki, cəmiyyətimizdə bu cinayətkarlara yer ola bilməz. Cinayətkarların bir qismi cəmiyyətdən təcrid olunub. Onlar ədalət məhkəməsi qarşısında duracaqlar. İndi istintaq gedir. Bəziləri qaçıb gizləniblər. Bəziləri də öz günahlarını gəlib etiraf etdiklərinə görə bağışlandılar. Lakin bəziləri bunlardan özləri üçün ibrət dərsi götürmədi, ötən ilin oktyabrında başlanan hərəkəti davam etdirməyə və bu ilin martında Azərbaycanda böyük bir faciə törətməyə çalışdılar. Təəssüflər olsun ki, bir çox qüvvələr birləşib, Azərbaycan gənclərinin bir qismini – onların arasında cinayətkarlar da var, bəziləri də yollarım azmış adamlardır – pis istiqamətə yönəltdilər, dövlət çevrilişinə cəhd göstərməyə sövq etdilər.
Bunun da qarşısı alındı. Cinayətkarlar cəzalandı, onların bəziləri məhv oldu, bir qismi həbs edildi, yenə də başqa bir qismi isə öz səhvlərini başa düşdü, müraciət etdi, bağışlandı, indi azad-asudə yaşayırlar.
Bu barədə də istintaq gedir. İstintaq orqanlarımız çox ciddi işlər aparırlar. Güman edirəm ki, həmin bu cinayətkarlar – həm oktyabr ayında, həm də mart ayında cinayət etmiş adamlar Azərbaycanın ədalət məhkəməsi qarşısında duracaqlar. Bu lazımdır, bu zəruridir. Çünki xalqımızı artıq bu bəlalardan xilas etməliyik. Artıq bəsdir! Azərbaycan yeddi ildir ki, Ermənistanın təcavüzü nəticəsində şəhidlər, itkilər verir. Respublikamızın torpaqlarının bir qismi itirilibdir. İndi biz onların geri qaytarılmasına çalışırıq. Axı, daxilimizdə bu hərəkətləri edən adamlar nə məqsədə xidmət edirlər? Ona görə oktyabr ayında da, mart ayında da Azərbaycan vətəndaşları birinci olaraq öz dövlətini, öz müstəqilliyini qorumaq əzmini bildirdilər. Digər tərəfdən isə müstəqil Azərbaycan dövləti öz qüdrətini, öz dövlətçiliyini qorumağa qadir olduğunu göstərdi və bu dövlətin yaşamağa haqqı olduğunu bir daha dünyaya nümayiş etdirdi.
Biz müstəqil Azərbaycan dövlətini qururuq. Biz dövlətimizi çox mürəkkəb, çətin proseslər içərisində, ancaq əzmlə, inamla, böyük ümidlə qururuq. Biz bunu edəcəyik. Müstəqil Azərbaycan dövləti yaşayacaqdır. Müstəqil Azərbaycan dövləti erməni təcavüzündən xilas ediləcəkdir. Müstəqil Azərbaycan dövləti bütün torpaqlarının sahibi olacaqdır və xalqımız bu ağır bəlalardan çıxacaqdır. Mən buna inanıram. Mən buna əminəm. Siz də arxayın olun ki, mən bir prezident kimi həyatımı məhz buna həsr etmişəm, bütün imkanlarımı bundan sonra da bu işə sərf edəcəyəm. Bu işdə mənəviyyat bizim üçün ən böyük silahdır. Mənəviyyata malik olan insanlar, İslam dininin saflığını özündə cəmləşdirən adamlar bizim silahdaşlarımızdır və bizimlə bir yerdədirlər. Hamı çalışmalıdır ki, bütün bu imkanlarımızdan istifadə edək.
Bu gün mən əmin olduğumu bildirmək istəyirəm ki, din xadimlərimiz Azərbaycanın müstəqilliyinə, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına, cəmiyyətimizdə mədəni əhval-ruhiyyə yaratmağa, hüquqi dövlət qurulmasına, ölkəmizdə vətəndaş həmrəyliyinin, milli həmrəyliyin və birliyin bərqərar olunmasına xidmət edəcəklər, din xadimlərimiz cəmiyyətimizi mənfi hallardan təmizləmək üçün bizim mübarizəmizin ön sıralarında gedəcək, bizimlə birlikdə olacaqlar və bu işdə öz nüfuzlarını, imkanlarını əsirgəməyəcəklər.
Bu gün biz Səttarxan adına maşınqayırma zavodundayıq. Mən bu zavodda dəfələrlə olmuşam. 60-cı illərdə, hələ respublikaya rəhbərlik etmədiyim dövrdə də mən bu müəssisəyə gəlmişdim. Azərbaycana rəhbərlik etməyə başladığım dövrdə – bu yaxınlarda 26 il olacaqdır – 1969-cu ildə də burada olmuşam. Mən bu zavodun keçmişini bilirəm. Bu müəssisənin çox gözəl tarixi var. Ötən il biz bu zavodun 100 illik yubileyini qeyd etdik. Bu müəssisənin gözəl ənənələri var. Onlar nəsillərdən-nəsillərə keçibdir. Bu zavod Azərbaycan xalqı üçün, ölkəmizin müstəqilliyi üçün çox işlər görübdür. Ancaq 70-ci illərdə bu zavodun görkəminin tamamilə dəyişdiyini də qeyd etməliyik. Siz görürsünüz ki, bizim toplaşdığımız bu yer çox gözəl bir sexdir. O vaxtlar bu sex yox idi. Burada, eləcə də digər sexlər 70-ci illərdə qurulub, 1981-ci ildə istifadəyə verilmişdir. Bu zavodun görkəminin dəyişdirilməsinə böyük əmək və vəsait sərf etmişik. Çox böyük əzab-əziyyətlərə qatlaşdıq ki, müəssisə yeni texnologiya və avadanlıqla təchiz olunsun, müasir tələblərə cavab verən cihazlar, qurğular istehsal edilsin. Biz bunlara nail olduq. Bu nəhəng müəssisənin yenidən qurulması prosesi mənim gözümün qarşısında baş vermişdir. Bütün bunlar mənim həyatımdan keçən proseslərdir.
Ona görə də mən bu gün buraya gəlməyimə çox sevindim.
Əminəm ki, bu zavod və onun kollektivi müstəqil Azərbaycan üçün hələ çox işlər görəcək, böyük xidmət göstərəcəkdir.
Bu zavodun keçmişinə hamımız böyük hörmətlə yanaşırıq. Mən bu müəssisənin ənənələrinə və bu gününə böyük hörmət edirəm.
Bu müəssisənin ən gözəl xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, məhz bu zavodun fəhlələri, mühəndisləri, burada çalışan insanlar Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayarkən öz sözünü dedilər, xalqımız ilk dəfə səsini buradan qaldırdı. Bu zavodun kollektivi ayağa qalxdı və Azərbaycanın o dövrdəki hakimiyyət dairələrini sınağa çəkdi ki, respublikamızı, torpaqlarımızı qorumaq lazımdır. Qarabağı müdafiə etməliyik. Bu səslər ilk dəfə bu kollektivdən eşidildi. Bunu bizim cəmiyyətimiz bilir. Bu, bizim tariximizə həkk olunubdur.
O illərdə ölkəmizdən kənarda yaşamağıma baxmayaraq, bunu mən də bilirəm. Bunu hamı bilir. Zavodun bu ənənəsi də böyük hörmətə layiqdir. Milli azadlıq hərəkatına addımlar bu zavoddan atılıbdır. Bu zavodda respublikamızın müstəqilliyi üçün çıxışlar olubdur. İnsanlar meydanlara buradan çıxıblar. Hakimiyyət orqanlarına ittihamlar buradan verilibdir. Bunlar da Azərbaycan tarixinin çox gözəl səhifələridir.
Ona görə də Həcc ziyarətindən qayıtmış vətəndaşlarımızın bu zavoda gəlməsi bu müəssisənin keçmişinə, xidmətlərinə, buranın kollektivinə olan hörmətdir. Mən də bu hörmət naminə bu gün buraya gəlmişəm. Buna görə də mən bir daha zavodun kollektivinə öz hörmət və ehtiramımı, daxilimdən gələn ən gözəl duyğularımı çatdırıram. Əmin ola bilərsiniz ki, mən həmişə sizinləyəm və bu kollektivlə birlikdə Azərbaycanın həyatının çətin mərhələsini yaşayıb keçəcəyik.
Səttarxan adına zavod Azərbaycanın maşınqayırma sənayesinin bayraqdarıdır. Respublikamızda maşınqayırma sənayesi bu müəssisədən başlanıbdır. Müəssisə bu gün də öz mövqeyini əldən verməyibdir. Azərbaycanda neft sənayesi üçün maşın və avadanlıq istehsalı geniş inkişaf etmişdir. Səttarxan adına zavoddan başqa, digər zavodlarımız da neft maşınqayırması ilə məşğuldur. Həmin zavodlar da 70-80-ci illərdə təkmilləşdirilib və yenidən qurulubdur. Bizim gördüyümüz tədbirlər nəticəsində bu müəssisələr müasir səviyyəyə gəlib çıxıbdır. Ancaq indi sənayemiz, eləcə də neft maşınqayırması çətin dövr keçirir. Bunun səbəbləri məlumdur. Biz müstəqillik əldə etmişik. Əgər biz bunları tərəziyə qoyub çəksək və baxsaq ki, hansı bizim üçün əhəmiyyətlidir, – dövlət müstəqilliyimizi əldə etmək, yaxud da müstəqil olmayaydıq və zavod və ya sənaye yenə də başqa yerlərlə bağlı olaydı və işləyəydi, – hesab edirəm ki, müstəqillik bizim üçün daha əhəmiyyətlidir. Çünki biz müstəqillik qazanmaq üçün çoxlu qurbanlar vermişik. Bu olmalı idi, çünki müstəqillik Azərbaycan xalqı üçün əsrlərdən-əsrlərə keçmiş arzu və istəkdir. Biz buna nail olmuşuq.
Bu dövrdə biz şübhəsiz ki, yeni bir ictimai-siyasi cəmiyyət yaradırıq, yeni dövlət qururuq. İqtisadiyyatımız yeni formalarla yaşayır, yeni iqtisadi münasibətlər bərqərar olur. Bu yolu biz keçməliyik. Şübhəsiz ki, bu sahədə müəyyən çətinliklərlə rastlaşırıq. Bunlar təbiidir. Çünki ziddiyyət təşkil edən bir sistemdən digərinə keçid asan olmur. Ona görə də bu yoldakı çətinliklərin təbii olduğunu nəzərə alaraq onlara dözməliyik. Ancaq bu, o demək deyildir ki, biz oturub gözləməliyik ki, nə vaxtsa yaxşı işləyəcəyik. Mən o mənada dözmək deyirəm ki, bu həm də döyüşmək, həm də vuruşmaq, həm də çalışmaq deməkdir.
Mən may ayının əvvəlində Nazirlər Kabinetində çıxış edərkən ölkəmizin sənayesi barədə öz fikirlərimi söylədim. Göstəriş verdim ki, hər bir fabrik, zavod və digər müəssisə indiki şəraitə uyğun olaraq hansı yolla istehsalı qaldıra bilərsə, bu barədə öz təkliflərini hazırlasın və təqdim etsin, biz onların həyata keçirilməsinə kömək edək. Bu dövrdə sizin zavodun da imkanları böyükdür, ona görə də bunlardan istifadə edilməlidir. Bu, imkanlardan nə qədər səmərəli istifadə olunarsa, keçid mərhələsi bizim üçün o qədər qısa olar. Mən bilirəm ki, indi zavod tam gücü ilə işləmir, kollektivin iqtisadi vəziyyəti də keçmişdəki kimi deyildir.
İqtisadi sahədə çətinliklərimiz var. Bu, təkcə sizin zavodda deyil, digər müəssisələrdə də belədir. Bunların hamısını mən bilirəm. Bu problemlər sənayemizdə və bütün iqtisadiyyatımızda mövcuddur. Ancaq eyni zamanda bu zavod kimi nəhəng potensiala malik bir müəssisə əvvəlki kimi olmasa da, müəyyən bir səviyyədə, indikindən yüksək səviyyədə işləyə bilər və işləməlidir. Bunu zavodun rəhbərliyi, mütəxəssisləri, mühəndisləri və bütün kollektivi birləşib birlikdə etməlidirlər. Biz bu prosesi keçməliyik. Hesab edirəm ki, siz bu işlərlə daha ciddi məşğul olmalısınız. Qarşılaşdığımız çətinliklərə dözməli və hər birimiz çalışmalıyıq ki, insanlarımızın həyatını müəyyən qədər yüngülləşdirək. Sizin indiyədək göstərdiyiniz xidmətləri mən yüksək qiymətləndirirəm. Ancaq zavodun qarşısında duran vəzifə indi bütün imkanların, burada olan zəngin potensialın hesabına mövcud vəziyyətdən çıxmaq və müəssisəni işlətməkdir. Bu həm kollektivin həyat şəraitinin yüksəlməsinə kömək edər, həm də bütövlükdə respublikamızın iqtisadiyyatının dirçəldilməsinə öz müsbət təsirini göstərər.
İndiki şəraitdə əhalimizin sosial vəziyyətinin ağır olduğu məlumdur. Bir dövlət başçısı kimi mən bunu bilirəm. Ən ağır vəziyyətdə olanlar bizim qaçqınlarımızdır. Onların bir hissəsi hələ də çadırlarda yaşayır. Bu yaxınlarda Şuşa və Laçının Ermənistan tərəfindən işğalının üç ili tamam oldu. Üç ildir ki, insanlar həmin rayonlardan didərgin düşüblər, orada-burada birtəhər yerləşiblər. Dağlıq Qarabağın özündən azərbaycanlılar dörd il bundan qabaq, Ermənistanda yaşamış azərbaycanlılar 1988-ci ildə, yeddi il bundan qabaq qovulublar, öz doğma yurdlarından didərgin salınıblar. Sonrakı illərdə, 1992-93-cü illərdə də qaçqınlarımız olubdur. Bu vətəndaşlarımız da indi ağır şəraitdə yaşayırlar. Onların bəziləri öz qohum-əqrəbalarının yanında, bəziləri ayrı- ayrı məktəblərdə, sanatoriya binalarında, müxtəlif tikililərdə yerləşiblər. Ancaq böyük bir qismi çadırlarda yaşayır.
Buna görə də bizim hamımız həmin insanlara qayğı göstərməliyik. Şübhəsiz ki, mən bunun zavod fəhləsinin qaçqınlarımıza qayğı göstərməsi üçün demirəm. Mən bu gün bu fürsətdən istifadə edib üzümü bütün ictimaiyyətə, dövlət orqanlarına, cəmiyyətimizə tutaraq deyirəm ki, bizim ağır dövrümüzdə ən çox qayğıya ehtiyacı olanlar şəhid ailələridir, müharibə əlilləridir, qaçqın düşmüş adamlardır. Onlara xüsusi diqqət olmalıdır. Biz dövlət tərəfindən lazımi tədbirləri görürük. Beynəlxalq təşkilatların humanitar yardımları ölkəmizə gəlir və qaçqınlarımızın vəziyyətini müəyyən səviyyədə saxlamağa kömək edir.
Lakin bizim ayırdığımız vəsaitlər, humanitar yardımlar, xeyriyyəçilər və müxtəlif təşkilatlar tərəfindən edilən köməklər bəzən qaçqınlara çatdırılmır. Ayrı-ayrı vəzifəli adamların öz vəzifələrindən sui-istifadə etdiklərinə, səhlənkarlıqlarına, bu məsələlərə laqeyd olduqlarına. görə yardımlar qaçqınlara çatdırılmır. Bu, dözülməz haldır. İndi həyatımızda ən dözülməz və ən mənfi hallardan biri məhz budur.
Ona görə də mən bu gün fürsətdən istifadə edərək bir tərəfdən dövlət orqanlarından, hakimiyyət orqanlarından tələb edirəm ki, qaçqınlar yaşayan yerlərə xüsusi fikir verilsin, xüsusən çadırlarda yaşayan insanlara, şəhid ailələrinə, əlillərə daha çox qayğı göstərilsin.
Çadır şəhərciklərinə daim getmək lazımdır. Həmin çadırların hamısı kənd rayonlarımızda yerləşibdir. Mən bu gün buradan, Səttarxan adına zavoddan üzümü həmin rayonların icra hakimiyyəti başçılarına tutaraq deyirəm: qaçqınların vəziyyəti üçün onlar şəxsi məsuliyyət daşıyırlar. Bütün yerli hakimiyyət orqanlarına deyirəm ki, onlar qaçqınların vəziyyəti ilə əlaqədar şəxsi məsuliyyət daşıyırlar. Tələb edirəm ki, onlar bu işlə hər gün məşğul olsunlar. Mən əmr verməyə məcbur olacağam ki, yerli hakimiyyət orqanları başçılarının hamısı gedib çadırlarda qaçqınlarla bir yerdə yaşasınlar. Həmin adamlar onda dərk edəcəklər ki, qaçqınların vəziyyəti necədir. Qoy onlar müharibənin sonunadək öz evlərini şəhid ailələrinə, qaçqınlara versinlər, özləri isə köçsünlər çadırlara və müharibə qurtarana qədər, qaçqınlar öz evlərinə qayıdana kimi orada yaşasınlar. Onda onlar anlayacaqlar ki, çadırda yaşayanların vəziyyəti necədir.
Eyni zamanda mən bu gün respublika təşkilatlarından tələb edirəm. Qaçqınların işi ilə məşğul olan dövlət komitəsi var, Nazirlər Kabinetində mən xüsusi olaraq baş nazirin müavinini təyin etmişəm, orada İzzət Rüstəmov bu işlə məşğul olur. Nazirliklərin rəhbərlərindən tələb edirəm ki, bu məsələlərə ciddi yanaşsınlar, təcili tədbirlər görsünlər. Bu günlərdə mən qaçqınların yerləşdiyi şəhərciklərə, yerlərə komissiyalar göndərəcəyəm. Onlar gedib yerlərdə vəziyyəti öyrənməlidirlər.
Bu gün demək istəyirəm ki, qaçqın və əlil, şəhid ailəsi üçün ayrılmış yardımı mənimsəmək ən böyük cinayətdir. Xalq sözü var, bunu yeyən bilməlidir ki, o, ilan sümüyü kimi onun boğazında qalacaqdır. Bundan böyük xəyanət, bundan böyük cinayət ola bilməz!
Güman edirəm ki, siz də mənim fikirlərimlə həmrəysiniz, yəqin din xadimləri də düşərgələrdə olacaqlar, qaçqınlarla görüşəcəklər, çadırlarda yaşayanların vəziyyətini öyrənəcəklər və hamımız həmin adamların həyat şəraitinin yaxşılaşması üçün əlavə tədbirlər görəcəyik.
İndi həyatımız çox rəngarəngdir. Bir tərəfdən biz müstəqil dövlətdə yaşayırıq. Bir neçə gündən sonra 28 May İstiqlal gününü bayram kimi qeyd edəcəyik. Üç il yarımdan artıqdır ki, Azərbaycan müstəqil dövlət kimi yaşayır. Digər tərəfdən, görürsünüz ki, bu dövr nə qədər problemlər, nə qədər çətinliklər yaradıb, nə qədər ağır bir yolla gedirik. Ancaq bilin və inanın ki, bu ağırlığı siz də çəkirsiniz, mən də çəkirəm. Bəlkə mən sizdən də çox çəkirəm. Çünki mənim üzərimə düşən ağırlıq bütün ölkənin, bütün xalqın çətinliyi və dərdidir. Xalqımın, Azərbaycanın, doğma Vətənimin, torpağımızın dərdmi çəkmək, onun qayğısına qalmaq mənim üçün ən şərəfli vəzifədir.
Ona görə də mən bu yolu sizinlə bir yerdə keçirəm və bir yerdə də gedəcəyik. Bu yolda kim bizə mane olacaqsa, onların qarşısı indiyədək alındığı kimi, bundan sonra da alınacaqdır. Biz düz yolla, haqq yolu ilə, Allah yolu ilə, Quran yolu ilə, demokratiya yolu ilə, həqiqət yolu ilə, müstəqillik yolu ilə gedirik. Biz istəyirik ki, Azərbaycanda haqq-ədalət olsun, Azərbaycan müstəqil yaşaya bilsin, xalqımız milli azadlığını həmişə qoruyub saxlaya bilsin. Biz istəyirik ki, respublikamızda insan hüquqları qorunsun, demokratiya tamamilə bərqərar olsun, hər kəs öz sözünü deyə bilsin, hər kəs öz hüququnu müdafiə etməyi bacarsın, heç kəsin hüququ tapdanmasın və heç kəs heç kəsi istismar etməsin. Biz bu yolla gedirik və bu yolla da gedəcəyik. İnanın ki, tutduğumuz bu yol bizi Azərbaycanın çox gözəl gələcəyinə aparıb çıxaracaqdır. Biz sizinlə bu gələcəyə çatacağıq və gələcək nəsillərimiz bizim etdiyimiz işlərin bəhrəsini görəcəklər.
Bir daha sizinlə görüşməyimdən məmnun olduğumu bildirirəm, hacıları təbrik edirəm. Səttarxan adına zavodun kollektivinə uğurlar arzulayıram. Sizin hamınıza, bütün Azərbaycan xalqına həyatımızın bu ağır dövründə dözüm, eyni zamanda fədakarlıq, xoşbəxtlik və səadət arzu edirəm. Sağ olun!
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.