Azərbaycan Respublikasına İqtisadi Yardım barədə 16/7-E IS saylı qətnamə
13 dekabr 1994
İslam Konfransı ölkələri xarici işlər nazirlərinin VII toplantısı
İslam Konfransı ölkələri xarici işlər nazirlərinin Mərakeş Krallığının Kasablanka şəhərində 13-15 dekabr 1994-cü il tarixdə keçirilmiş (Qardaşlıq və Dirçəliş) VII toplantısı qonşu Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar yaranmış vəziyyəti yada salaraq;
Ölkənin tarixinin çox ağır və kritik anında İslam Konfransı Təşkilatı üzvü olan ölkələrin Azərbaycan hökuməti və xalqı ilə yekdil həmrəyliyini təsdiqləyərək;
Bu münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad edərək;
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində silahlı əməliyyatları, bunun nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunmasını, təxminən bir milyon azərbaycanlının öz vətənindən zorla çıxarılması, təcavüz nəticəsində insan hüquqlarının kobud şəkildə pozulmasını pisləyərək;
Azərbaycan hökuməti və xalqı ilə İslam Konfransı Təşkilatına üzv dövlətlərin həmrəyliyini konkret şəkildə nümayiş etdirmək zərurətini lazım bilərək;
İKT-yə üzv olan bəzi ölkələrin və İKT-nin müvafiq qurumlarını, BMT qurumları və beynəlxalq təşkilatların Azərbaycana göstərdiyi yardımı alqışlayaraq;
- Dünya birliyindən Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalına son qoymaq, onların Azərbaycan ərazisindən qeyd- şərtsiz çıxarılması və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ciddi və təsirli tədbirlər görülməsini tələb edir.
- İKT-nin üzv dövlətlərinə və İslami qurumlara müraciət edir ki, Azərbaycan xalqının iztirab və əzablarını yüngülləşdirmək üçün Azərbaycan hökuməti və xalqına iqtisadi və humanitar yardım göstərsinlər.
- Beynəlxalq təşkilatları Azərbaycana təcili humanitar və maliyyə yardımı göstərməyə çağırır.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.