İTAR-TASS-ın Moskvada çıxan həftəlik “Exo planeti” jurnalının 11-ci nömrəsində dərc edilmiş "Mehriban ƏLİYEVA: İnsan heç vaxt ləyaqətini itirməməlidir" başlıqlı müsahibəsi
19 mart 2009
AzərTAc həmin müsahibənin mətnini Azərbaycan dilinə tərcümə edərək yaymışdır.
Bu qadın çox ağıllı, çox gözəl olmaqla bərabər hər bir işdə nəticə əldə etməyi bacarır. O, sözün həqiqi mənasında öz ölkəsinin Birinci xanımıdır.
Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva həyatda hər şeyə nail olmuşdur - üç övlad böyütmüş, ərinə arxa və kömək olmuş, öz xalqının rifahı naminə çoxsaylı ictimai vəzifələri yerinə yetirmişdir.
Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkənin sosial inkişafının ən mühüm vasitələrindən birinə çevrilmişdir. Bu qadının sayəsində Azərbaycan dünyada bədii gimnastika mərkəzlərindən birinə çevrilmişdir. O, yeganə qadındır ki, həm YUNESKO-nun, həm də İSESKO-nun (İslam Ölkələrinin Təhsil, Elm və Mədəniyyət Təşkilatının) xoşməramlı səfiridir.
Nəhayət, o, sevimli həyat yoldaşı və anadır. Bəs xanım Əliyeva bütün bunlara necə nail olur? Bu gün biz “Exo planetı” jurnalının oxucularına Mehriban xanımdan aldığımız məxsusi müsahibədə bu barədə söhbət açmağa çalışacağıq.
-Son vaxtlar “Birinci xanım” anlayışının özü müəyyən informasiya brendinə çevrilmişdir. Dünya Ağ evin yeni sahibəsi Mişel Obama haqqında informasiyanı xüsusi maraqla izləyir, Karla Bruninin nə ilə maraqlandığını müzakirə edir, Hillari Klinton isə uğurla sübut edir ki, dövlət başçısının xanımı özü də ali dövlət vəzifəsinə iddia edə bilər. Siz necə hesab edirsiniz, birinci ledi öz əri ilə yanaşı hansı funksiyaları yerinə yetirməlidir? Şərq ənənələrinin zəngin olduğu Azərbaycan kimi ölkədə bu ictimai vəzifə ilə əlaqədar yükü daşımaq nə dərəcədə çətindir?
-Mən deməzdim ki, sizin dediyiniz bu brendə diqqətin artması hansısa ümumdünya prosesləri ilə bağlıdır. Hesab edirəm ki, cəmiyyət həmişə birinci lediləri diqqətlə izləmişdir.
Nisbətən yaxın vaxtlarda çoxlu gənc dövlətlərin yarandığı keçmiş SSRİ məkanında bu, bəlkə də bir yenilikdir.
Bu məsələdə hər bir ölkənin tarixi və mədəni xüsusiyyətləri rol oynayır. Elə cəmiyyətlər var ki, ənənəvi olaraq orada dövlət başçısının xanımı ictimai həyatda mühüm rol oynayır. Elə cəmiyyətlər də var ki, orada əksinə, ənənəyə görə belə hallar qəbul edilməmişdir və bu cəmiyyətlərdə birinci xanımlar fəal ictimai həyatda bir növ “kadr arxasında” qalırlar.
Diplomatik və siyasi protokolun formalaşmış qaydaları da güclü təsirini göstərir. Məsələn, yaranmış ənənələrə görə, hətta dövlət başçısının rəsmi dövlət səfərləri zamanı da Birinci xanımın səfər proqramı, adətən, o qədər də geniş olmur.
Mənim fikrimcə, bu məsələ hər bir halda subyektiv şəkildə həll edilir. O, ölkənin liderinin xanımının öz seçiminin nəticəsidir.
Əgər belə qadın ictimai həyatda özü üçün fəal rol seçərsə, bir qayda olaraq, onun mühüm humanitar layihələrdə iştirakından söhbət gedir.
Bu yük nə dərəcədə ağırdır? Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür.
Dövlət başçısının xanımı kimi mənim üçün həmişə ən vacibi o olmuşdur ki, mən öz ölkəm üçün nə edə bilərəm. Axı, mənim bu gün məşğul olduğum ictimai fəaliyyət beş il bundan əvvəl, ərim Azərbaycanın Prezidenti olan vaxtdan başlamamışdır. Sadəcə olaraq, indi həmin fəaliyyət mətbuatda daha tez-tez işıqlandırılır.
Mən Heydər Əliyev Fondunun prezidenti olandan sonra bu iş geniş miqyas almış, yeni səviyyəyə çıxmışdır. Bu fondun əsas iş istiqaməti ən müxtəlif istiqamətlərdə humanitar fəaliyyətdir. Buraya valideyn himayəsindən məhrum olan uşaqlara kömək, uşaq evlərinin, internat məktəblərinin abadlaşdırılması və maddi bazasının yaxşılaşdırılması daxildir. Biz təhsil, səhiyyə və mədəniyyət sahələrində geniş proqramlar nəzərdə tutmuşuq və həyata keçiririk. Təbii ki, mən bütün bu layihələrlə əvvəllər də məşğul olurdum. Lakin Birinci xanım statusu və fondda işləməyim bu fəaliyyəti sistemləşdirməyə, layihələrin miqyasını genişləndirməyə, onların həyata keçirilməsinə əlavə resurslar cəlb etməyə imkan vermişdir.
Bir daha vurğulamaq istəyirəm ki, mən Azərbaycan xalqının rifahına xidmət edən bu cür humanitar proqramların səmərəsini artırmaq üçün bütün mövcud imkanlardan istifadə etməyi özümə borc bilirəm.
-Sizin ictimai vəzifələriniz arasında YUNESKO-nun xoşməramlı səfiri və İslam Ölkələrinin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) xoşməramlı səfiri kimi fəxri missiyalar var. Bu, beynəlxalq ictimaiyyət tərəfindən göstərilmiş nadir etimaddır. YUNESKO-nun xoşməramlı səfirlərinin sayı 40 nəfərdən çox deyil. İSESKO-nun xoşməramlı səfirləri arasında yeganə qadın sizsiniz. Siz bu fəaliyyətdə nəyi özünüz üçün əsas hesab edirsiniz?
-Əlbəttə, bu cür nüfuzlu beynəlxalq təşkilatların səfiri olmaq çox şərəfli və məsuliyyətli missiyadır.
Həm YUNESKO, həm də İSESKO qeyri-siyasi təsisatlardır, bu, onların nizamnamələrində yazılmışdır. Ona görə də mənim hər iki təşkilatda fəaliyyətimin əsas tərkib hissəsi elə həmin humanitar layihələrdir. Bu fəaliyyət mənim ölkə daxilində görməyə çalışdığım işlərə çox yaxındır. Eyni zamanda, bu, beynəlxalq arenadır və mən orada öz ölkəmi təmsil edə bilərəm. Bu, müasir Azərbaycanı, onun çox dərin tarixi və mədəni köklərə malik olan xalqını göstərmək, bizim incəsənətin, musiqinin, ədəbiyyatın nailiyyətlərini bütün dünyaya çatdırmaq imkanıdır.
Azərbaycan müasir dünyəvi, müsəlman dövlətidir. Son dərəcə tolerantlığı ilə seçilən bu dövlətdə müxtəlif dinlərin nümayəndələri birlikdə rahat yaşayır, burada dini və ya etnik zəmində problemlər yaranmır.
Müasir dünyada belə ölkənin nümunəsi çox vacibdir. İndiki dövrdə Qərb-Şərq dialoqunun əhəmiyyəti son dərəcə aktualdır. Buna görə də xoşməramlı səfir kimi mənim vəzifəm elm, mədəniyyət, təhsil vasitəsilə islam dünyasının malik olduğu imkanları göstərməkdir.
Göstərməliyik ki, biz, yəni Qərb və Şərq, müxtəlif sivilizasiyalar kimi bir-birimiz üçün nə dərəcədə maraqlı və faydalı ola bilərik.
-Siz Azərbaycan Gimnastika Federasiyasının prezidentisiniz. Bu işdə sizi cəlb edən nədir?
-Mən 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentiyəm. Federasiyaya rəhbərlik etməyə razılıq verəndə tamamilə aydın və kifayət qədər praqmatik bir məqsədim vardı - gimnastikanı ölkəmizdə perspektivli və populyar idman növünə çevirmək.
İdmanın bu növü bizim respublikada ənənəvi olaraq populyar növ deyildi. Azərbaycanlılar həmişə idmanın güləş, boks və digər təkbətək mübarizə növlərini sevmişlər. Son illərdə komanda idman növləri fəal inkişaf etməyə başlamışdır.
Çoxları gimnastikanı, o cümlədən bədii gimnastikanı perspektivsiz idman növü hesab edirdi. Qızları bu idman bölmələrinə buraxmırdılar, çünki beynəlxalq yarışlarda nəinki qalib gəlməyə, heç iştirak etməyə də ümid yox idi. Halbuki bu, idmanın ən gözəl növlərindən biridir. Biz ən birinci həmfikir məşqçilər və inzibatçılar komandası yaratmaqdan başladıq. Həqiqətən, nəticə əldə etmək əzmində olan insanları topladıq.
Mən insanlarda peşəkarlığı çox yüksək qiymətləndirirəm. Bu iş mənim üçün yeni olduğuna görə, kömək üçün bu sahədə aparıcı mütəxəssis olan İrina Aleksandrovna Vinerə müraciət etdik. O, görkəmli məşqci və parlaq şəxsiyyətdir və idman dili ilə desək, startda İrina Aleksandrovna bizə çox kömək etdi.
2003-cü ildən etibarən biz Bakıda bədii gimnastika üzrə Dünya kubokunun mərhələ yarışlarını keçirməyə başladıq. Bunun sayəsində 2005-ci ildə bizim ölkədə ilk dəfə dünya çempionatını, 2007-ci ildə isə ilk Avropa birinciliyini keçirmək hüququ əldə etdik. O vaxt bizim gimnast Aliyə Qarayeva Azərbaycan tarixində ilk dəfə Avropa yarışlarında qızıl medal qazandı.
Sonra, yenə Azərbaycan tarixində ilk dəfə olaraq, biz Afina Olimpiadasında iştirak etmək üçün lisenziya aldıq. Pekində isə bizim idmançı qızlar gimnastikanın həmişə çox güclü olduğu İtaliya və Bolqarıstan kimi ölkələrin komandalarını geridə qoydular.
Yeri gəlmişkən deyim ki, bu il may ayında bizim paytaxtda yenə bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcəkdir.
Mənim fikrimcə, bütün bunlar onu göstərir ki, səylər birləşdirildikdə, istək və təbii ki, dövlətin dəstəyi olduqda arzu edilən nəticələrə nail olmaq mümkündür. Ən başlıcası isə odur ki, idmanın bu növü ilə məşğul olmaq istəyən qızların gimnastika bölmələrinə kütləvi axını başlamışdır. Özü də bu, təkcə paytaxta aid deyil.
Son illərdə respublikada 30-dan çox olimpiya idman kompleksi tikilib və tikilir, gənclər bu komplekslərə üz tutmuşlar. Bu, ona görədir ki, yarışlarda nəinki iştirak etmək, həm də qalib gəlmək, tanınmış idmançılara çevrilmək perspektivi yaranmışdır.
-Müasir Azərbaycanda qadının ictimai fəaliyyətdə, peşə sahəsində fəal rol oynamaqla yanaşı, həyat yoldaşı və ana, ailə ocağının qoruyucusu kimi ənənəvi rolunu saxlaması çətindirmi?
-Bu problem var, lakin bizim respublikada heç vaxt kəskin problem olmamışdır. Bu gün Azərbaycan qadını həqiqətən cəmiyyətin tam hüquqlu üzvüdür. O, ictimai həyatda kişilərlə bərabər iştirak edir və bunun üçün hər cür imkan vardır.
Kişilərlə bu rəqabət mübarizəsində qadınlar daha çox iştirak etmək arzusuna görə, öz lider keyfiyyətlərinə görə geri qalırlar. Lakin bu, hələlik belədir. Biz bu vəziyyəti dəyişmək üçün qızlarımızda sözün həqiqi mənasında məktəb partasından başlayaraq özünə, öz qüvvəsinə inam hissi tərbiyə etməli, peşə fəaliyyətində və ictimai həyatda kişilərlə rəqabət aparmaq üçün malik olduqları perspektivləri onlara göstərməliyik.
-Yəqin ki, siz şəxsi nümunənizlə də qadınları daha fəal həyat mövqeyi tutmağa istiqamətləndirirsiniz?
-İstərdim ki, bunu məhz belə qəbul etsinlər.
-Siz Azərbaycanda çox böyük hörmət bəslənilən bir nəsildən çıxmısınız. Öz ailənizin ənənələrinə münasibətiniz necədir?
-Mən elə bir ailədə doğulub böyümüşəm ki, orada qohumluq əlaqələri və ailə dəyərləri sarsılmaz olub və indi də belədir. Mənim babam Mir Cəlal Paşayevin ailəsi, o biri babam Nəsir İmanquliyevin ailəsi – bunlar hər ikisi Azərbaycanda yaxşı tanınmışdır, hər iki ailə elmdə, ədəbiyyatda, jurnalistikada, habelə ölkənin ictimai həyatında iz qoymuşdur.
Belə bir ailədə doğulmaq mənim üçün xoşbəxtlikdir. Mən hələ uşaq yaşlarımdan gördüyüm ənənələri heç vaxt unutmuram.
Hər hansı mühüm hadisələr - ad günləri, yubileylər, böyüklərin peşə uğurları, növbəti elmi adlar alması bütün ailənin iştirakı ilə qeyd edilirdi. Bütün nəsillərin nümayəndələri bir yerə toplaşırdı. Maraqlıdır ki, bu ailə mühitində heç birimiz darıxmırdıq.
Yaşlılar qəribə, çox demokratik bir ab-hava yaradırdılar, lakin bunun onların nüfuzuna təsiri yox idi.
Bunun nə qədər müdrik və biz gənclər üçün nə qədər vacib olmasını indi başa düşürəm. Deyə bilərəm ki, biz uşaqlar üçün belə hadisələr ilk həyat universitetləri idi. Onlar bizi çox nəzakətli formada və məcburiyyətə əsla əl atmadan yetkin həyata hazırlayırdılar.
Biz öz milli köklərimizi və ənənələrimizi dərk edir, insanlarla ünsiyyətdə olmağı öyrənirdik, nəyin həqiqi, nəyin illüziya olmasını bizə izah edirdilər. Ailədə başa düşməyə başlamışdıq ki, vicdanlı, namuslu olmaq həmişə fayda gətirəcəkdir. Bizə yaxşı zövq aşılayırdılar, başa salırdılar ki, mənəviyyat həmişə hər şeydən qiymətlidir.
Bizə dəqiq və düzgün həyat yolları göstərirdilər. Yaşlı həyatımızın bütün təməli məhz o vaxt, uşaqlıq dövründə, bu ailə mühitində qoyulmuşdu. Bütün bunlar bizim ailənin yaşlı nəslinin çox böyük xidmətidir.
Təəssüf ki, nənələrim və babalarım dünyasını dəyişmişlər. Onlar həyatdan gedəndə bütöv bir epoxa da onlarla birlikdə gedir. Lakin atam bu ailə ənənələrini əziz tutur, indiyə qədər də bütün ailə, bu ailənin bütün nəsilləri onun başına toplaşır və bu mühitdə hamı özünü yaxşı hiss edir. Ümid edirəm ki, bu ənənə qorunub saxlanacaqdır.
Bilirsinizmi, ümumiyyətlə, həyatda mənim bəxtim çox gətirib. Ərə gedib Əliyevlər ailəsinin üzvü olandan sonra mən iyirmi il Heydər Əliyev kimi bir insanın yanında yaşamışam. Ailəmiz həmişə bir yerdə olmuşdur. Biz çətin illərində də, xoşbəxt anlarında da onun yanında olmuşuq.
Heydər Əliyev çox sadə bir azərbaycanlı ailəsindən çıxmışdı. O, özünün tamamilə fenomenal qabiliyyətləri, sarsılmaz iradəsi, Azərbaycana və Azərbaycan xalqına hədsiz sevgisi sayəsində həqiqətən əsl ümummilli lider olmuşdur. Bu insan qalib kimi yaşamış və dünyadan qalib kimi getmişdir. Adamların böyük əksəriyyətindən fərqli olaraq, biz onu təkcə siyasi xadim, dövlət rəhbəri rolunda deyil, həm də adi insan, ailə başçısı, övladlarını sevən ata və baba kimi görmüşük. Mən taleyimə minnətdaram ki, belə bir imkanım olmuşdur. Bu insanla ünsiyyət mənim üçün qeyri-adi bir həyat məktəbi olmuşdur. Ümid edirəm ki, ondan nə isə öyrənə bilmişəm.
Mənə son dərəcə ağırdır ki, o, nəticələrinin dünyaya gəlməsini görmədi.
-Bu yaxınlarda qızınız Leylanın əkiz oğlanlarının olması yəqin ki, ailənizin həyatında böyük bir hadisəyə çevrilmişdir?
-Leylanın və əri Eminin iki gözəl oğlunun olması mənim üçün çox böyük sevincdir. İlk növbədə ona görə ki, bu, mənim qızımın xoşbəxtliyidir.
Leyla və Emin bir-birinə çox gözəl yaraşırlar. Özü də təkcə zahirən yox, - hər ikisi gözəldir, - həm də daxilən yaraşırlar və bu, daha vacibdir. Onlar əvvəlcə iki nəfər idi, indi isə dörd nəfərdirlər - əməlli-başlı ailədir.
Mən bu uşaqların doğulmasına həm də ona görə sevinirəm ki, atam ömründə ilk dəfə ulu baba olmuşdur. Bir daha təkrar edirəm, çox təəssüflənirəm ki, Heydər Əliyev bu günü görmədi. Lakin inanıram ki, o da hansı şəkildəsə bizim bu sevincimizi bölüşür.
-Siz hədiyyə almağı, yoxsa hədiyyə etməyi çox xoşlayırsınız? Yaxın adamlarınız üçün hansı hədiyyələri və necə seçirsiniz?
-Adətən, bu suala hamı belə cavab verir ki, onlar hədiyyə almağı yox, özləri hədiyyə verməyi xoşlayırlar. Mən bu cür cavabların səmimiliyinə inanıram, çünki özüm də beləyəm. Hədiyyə vermək mənə hədiyyə almaqdan daha çox sevinc bəxş edir. Xüsusən də o adamın ürəyindən keçəni hiss edəndə və həqiqətən onun arzuladığı hədiyyəni verəndə.
Qəribə də olsa, oğlum üçün hədiyyə seçmək hər şeydən çətin olur. O, lap balaca olanda hansı oyuncaqları xoşladığını və hansıları xoşlamadığını dəqiq bilirdim. İndi onun 11 yaşı var, zövqü dəyişib və bəzən mən çətin vəziyyətə düşürəm.
Ərim üçün hədiyyə seçmək də asan deyil. O, çox təvazökar adamdır, adətən, yalnız məişətdə zəruri olan şeylərdən istifadə edir.
Yadımdadır, ərimin 45 yaşı tamam olanda ona nə bağışlamaq barədə uşaqlarla uzun müddət götür-qoy etdik. Axırda uşaqlarla birlikdə şəkil çəkdirdik, bu şəkil üçün çərçivə sifariş etdik və bu sözləri yazdırdıq: “Biz səni çox sevirik”.
Bu, onu çox mütəəssir etmişdi, çox razı qalmışdı və bizim həmin fotoşəklimiz o vaxtdan bəri həmişə onun stolunun üstündədir.
-Sizin həyatınızda elə bir şey varmı ki, onu dəyişmək istərdiniz? Daha bir sual. Nəyi özünüzün ən böyük uğurunuz hesab edirsiniz?
-Bilirsinizmi, mən əminəm ki, bizim həyatımız istənilən rəssam təxəyyülündən, öz keçmişimiz və gələcəyimiz barədə hər hansı fantaziyadan daha mürəkkəb və çoxşaxəlidir.
Mənim həyatımda çətin anlar da olub, əvəzolunmaz itkilər də, son dərəcə məyus olduğum hallar da. Lakin mən öz həyatımda nə isə dəyişmək və ya başqa cür etmək istərdimmi? Yəqin ki, yox. Ona görə ki, həyatın hər bir təcrübəsi vacib və qiymətlidir. Çünki bəzən hətta bir şeyi itirəndə də, əvəzində nə isə qazanırsan və həyatın ən acı təcrübəsinin özü də bir təcrübədir.
Mənim fikrimcə, başlıca məsələ heç vaxt, heç bir şəraitdə ləyaqətini itirməmək, öz vicdanı ilə alver etməməkdir. İnsan özündən narazı olmayanda onun yaşaması xeyli asan olur. Bir də, əlbəttə, xeyirxah əməllər sahibi olmağa çalışmaq lazımdır. Ona görə ki, ömür qısadır və daha çox xeyirxah işlər görməyə çalışmaq lazımdır. Bayağı səslənsə də, bu, belədir.
Nailiyyətlərə gəldikdə isə mənim babam Mir Cəlal Paşayev görkəmli yazıçı və alim olmuşdur. Çoxlu kitabların, elmi əsərlərin müəllifi idi. Lakin ölümündən bir qədər əvvəl sizin indi mənə verdiyiniz sualı ona da verəndə demişdi: “Mənim ən böyük nailiyyətim mənim ailəmdir”.
Mənim də cavabım belə olacaqdır. Mən əminəm ki, həyatda əsas uğurum üç təmiz, ləyaqətli və xeyirxah insan tərbiyə etməyimdir. İndi, onlar artıq böyüyüblər və mən inamla deyə bilərəm ki, bu, belədir.
Söhbəti apardılar: Mixail Qusman
Elmar Hüseynov
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.