Türkdilli dövlətlərin başçılarının VI zirvə görüşündə nitqi
8 aprel 2000-ci il
Bakı
Hörmətli dövlət başçıları!
Hörmətli Məclis başçıları!
Xanımlar və cənablar!
Türkdilli dövlətlərin başçılarının VI zirvə görüşünün Azərbaycanda keçirilməsi xalqımızın və dövlətimizin həyatında əlamətdar hadisədir.
Azərbaycan xalqı adından hörmətli dövlət başçılarına, Məclis başçılarına, nümayəndə heyətlərinin üzvlərinə, bütün qonaqlara dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, türkdilli dövlətlərin başçılarının I Ankara görüşündən ötən dövr ərzində bizim birliyimiz inkişaf edib, möhkəmlənib və gələcək üçün böyük ümidlər yaradıb. Bu illər ölkələrimizin, dövlətlərimizin arasında bütün sahələrdə əlaqələr genişlənib, əməkdaşlığımız öz səmərəsini göstərib.
Bunlar bizim xalqlarımızın əldə etdiyi tarixi nailiyyətin, milli azadlığımızın, dövlət müstəqilliyimizin parlaq nəticəsidir.
Türkiyə Cümhuriyyətinin, mərhum Turqut Özalın, hörmətli prezident Süleyman Dəmirəlin nəcib təşəbbüsü, türkdilli dövlətlərin başçılarının iradəsi və arzusu ilə 1992-ci ilin oktyabrında Ankarada keçirilən zirvə görüşü və qəbul edilən Ankara Bəyannaməsi bizim ölkələrimizin həyatında tarixi hadisə olmuşdur və bu gün öz bəhrələrini verir.
Ötən illər ərzində türkdilli dövlətlər birliyi çərçivəsində əldə etdiyimiz nailiyyətlərdə, şübhəsiz ki, hər bir dövlətin, hər bir dövlət başçısının payı var. Ancaq böyük məmnuniyyət hissi ilə biz Türkiyə Cümhuriyyətinin prezidenti, hörmətli Süleyman Dəmirəlin bu sahədə xidmətlərini xüsusi qeyd etməliyik. Biz bu gün qeyd etməliyik ki, bu yeddi il ərzində türkdilli dövlətlər birliyinin yaşamasında və inkişaf etməsində o, böyük səylər qoymuşdur. Böyük dövlət xadimi, siyasi xadim, dünyada tanınmış böyük bir şəxsiyyət olan Süleyman Dəmirəl bizim birliyin bu cür uğurla davam etməsində xüsusi rol oynamışdır. Bütün bunlara görə, təbiidir ki, biz hamımız ona təşəkkür etməliyik.
Azərbaycan xalqı adından, bütün Azərbaycan vətəndaşları adından bu dəyərli işlərinə və səmərəli fəaliyyətinə görə əziz dostum, qardaşım Süleyman Dəmirələ hədsiz minnətdarlığımı, təşəkkürümü bildirirəm.
Bu gün toplaşdığımız VI Bakı zirvə görüşü bir daha təsdiq edir ki, xalqlarımız və ölkələrimiz arasında çoxtərəfli əməkdaşlıq birinci növbədə müştərək mədəniyyətimizin, adət-ənənələrimizin, tariximizin, milli- mənəvi dəyərlərimizin bərpası yolunda gözəl nəticələr vermiş, gələcək üçün geniş perspektivlər açmışdır.
Bu baxımdan, mühüm addımlardan biri kimi xalqlarımızın milli-mədəni irsinin öyrənilməsi və əlaqələndirilməsi məqsədi ilə TÜRKSOY təşkilatının yaradılmasını çox uğurlu hadisə hesab edirəm.
Bizim zirvə görüşlərimiz daha bir nəcib ənənənin təməlini qoymuşdur. Bu, dahi şəxsiyyətlərimizin, milli mədəniyyətimizin korifeylərinin, bəşər mədəniyyətinin inciləri sayılan milli eposlarımızın əlamətdar ildönümlərini, xalqlarımızın həyatındakı mühüm və tarixi hadisələri birlikdə bayram etməyimizdir. "Manas" eposunun 1000, Əmir Teymurun 660, Məhəmməd Füzulinin 500, Abay Kunanbayevin 150 illiyinin, Qazaxıstanın yeni paytaxtı Astananın açılışının birlikdə bayram edilməsi buna əyani sübutdur.
Sabah, aprelin 9-da isə biz türkdilli xalqların milli eposu, ümumi sərvətimiz olan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinə həsr olunan yubiley mərasimlərində iştirak edəcəyik. Bu yubiley YUNESKO-nun qərarı ilə bütün dünyada keçirilir.
Belə yubiley tədbirlərinin birlikdə keçirilməsində əsas məqsəd xalqlarımızın əsrlər boyu yaratdığı zəngin mənəvi irsi indiki nəsillərə qaytarmaq, eyni kökə, eyni tarixə malik olduğumuzu bir daha dərk etməkdir. Digər tərəfdən, belə yubiley tədbirlərini keçirməklə biz nümayiş etdiririk ki, İbn-Sinanın, Nizaminin, Nəvainin, Yunis İmrənin, Füzulinin, Məhdimqulunun, Mahmud Qaşqarinin, Abayın, bir çox başqa dahilərimizin yaradıcılığı, "Kitabi-Dədə Qorqud", "Manas", "Alpamış" kimi ölməz dastanlar təkcə bizim xalqlarımıza məxsus deyil. Onlar həm də bütün bəşəriyyətin mədəni sərvətidir.
Sarsılmaz tarixi tellərlə bağlılığımızla bərabər, məqsəd və vəzifələrimizin, həll etdiyimiz problemlərin oxşarlığı ölkələrimizi və xalqlarımızı birləşdirən güclü amildir. Dərin razılıq hissi ilə qeyd etmək istəyirəm ki, Ankarada keçirilmiş birinci görüşümüzdən sonrakı dövr ərzində türkdilli dövlətlərin ikitərəfli münasibətləri daha da inkişaf etmiş, aramızda yüksək səviyyəli çoxlu səfərlər, beynəlxalq məclislərdə görüşlər və danışıqlar olmuşdur. Bu görüşlər və danışıqlar zamanı elə mühüm dövlətlərarası sazişlər imzalanmışdır ki, onların həyata keçirilməsi dövlətlərimizin müstəqilliyinin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə kömək edəcəkdir.
Türkdilli dövlətlərin başçıları arasında sıx şəxsi ünsiyyət, mehriban dostluq və qardaşlıq münasibətləri yaranmışdır. Bu isə ən çətin məsələlərin əlbir səylərlə həll olunmasına kömək edir. Bunun nəticəsidir ki, ölkələrimiz bir sıra iri beynəlxalq layihələr çərçivəsində müvəffəqiyyətlə əməkdaşlıq edirlər.
Bu gün hamımızı birləşdirən layihələrdən biri Xəzər dənizindən enerji daşıyıcılarının hasil edilməsi və onları dünya bazarlarına çıxaracaq infrastrukturların yaradılmasıdır.
Beynəlxalq əməkdaşlığın ən parlaq nümunəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilməsi ilə bağlı 1998-ci il oktyabrın 29-da qəbul edilmiş Ankara Bəyannaməsi təxminən bir il sonra ATƏT-in son sammiti zamanı imzalanmış tarixi İstanbul müqaviləsi ölkələrimizin gələcək inkişafı, regionumuzun təhlükəsizliyi və çiçəklənməsi, nəhayət, dünya iqtisadi sisteminə inteqrasiya, xalqlarımızın tərəqqisi və xoşbəxt gələcəyi baxımından ən mühüm mərhələlərdir. ATƏT-in İstanbul zirvə görüşündə Transxəzər boru kəməri haqqında imzalanmış sənəd də böyük əhəmiyyətə malikdir.
Şübhə yoxdur ki, neft ehtiyatlarının işlənilməsi iqtisadi fayda ilə yanaşı, bizim xalqlarımıza həm də böyük siyasi üstünlüklər qazandırır. Enerji resurslarının birgə hasilatı, dünya bazarlarına çıxmaq üçün neft və qaz kəmərlərinin çəkilməsi ölkələrimizin mənafeyini dünyanın çox inkişaf etmiş ölkələri ilə birləşdirəcək və regionun təhlükəsizliyinin, sabitliyinin və tərəqqisinin təminatçısına çevriləcəkdir.
Ölkələrimizin iqtisadiyyatının dirçəldilməsində mühüm rolu olan TRASEKA və Böyük İpək yolunun bərpası layihələrini xüsusi qeyd etmək lazımdır. TRASEKA proqramını yerinə yetirib Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizini gerçəkləşdirməklə biz həm iqtisadi inkişaf və yeni iş yerlərinin açılması üçün imkan yaradır, həm də xalqlarımızın yaxınlaşmasına və qarşılıqlı surətdə zənginləşməsinə kömək edir, regionumuzda sülh və sabitlik şəraitini möhkəmləndiririk.
Tarixi Böyük İpək yolunun bərpasına dair 1998-ci il sentyabrın 7-8-də Avropa Birliyinin himayəsi altında Bakıda dünyanın 32 dövlətinin və 15 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə keçirilmiş beynəlxalq konfransın böyük əhəmiyyəti olmuşdur. Böyük İpək yolunun bərpa edilməsi, TRASEKA proqramının həyata keçirilməsi Avropa Birliyi məkanından başlayıb Qafqazdan, Xəzər dənizindən keçməklə Mərkəzi Asiyaya uzanacaq - Şərqlə Qərbi, Avropa ilə Asiyanı birləşdirəcək bu nəqliyyat dəhlizi gerçəkliyə çevrilərək xalqlarımızın rifahının yüksəlməsinə böyük töhfə verəcəkdir. Bu layihənin reallaşmasında da türkdilli dövlətlər açar rolunu oynayır.
Ötən ilin aprelində ABŞ-ın paytaxtı Vaşinqtonda biz NATO-nun 50 illiyinə həsr olunmuş təntənəli iclasda iştirak etdik. Elə həmin vaxt senator Sem Braunbəkin təşəbbüsü ilə ABŞ Senatında İpək yolu ölkələrinin dövlət başçılarının, Amerika Birləşmiş Ştatları administrasiyasının yüksək səviyyəli nümayəndələrinin, konqresmenlərin iştirakı ilə konfrans keçirildi. Konfrans bizim məqsəd birliyimizi, Böyük İpək yolunun bərpa edilməsində fəal iştirak etmək, əməkdaşlığımızı inkişaf etdirmək arzusunda olduğumuzu bir daha təsdiq etdi.
XX əsrin sonu dünyanın geosiyasi mənzərəsini dəyişdirmiş hadisələrlə əlamətdardır. Xalqlarımızın öz müstəqilliyini əldə etməsi, demokratik inkişaf yolunu seçərək irəliləməsi tariximizdə yeni səhifələr açır.
Lakin bununla yanaşı, dünyada separatçılıq, terrorizm, dini ekstremizm təhlükəsi heç də azalmamışdır, əksinə, artmışdır. Məhz Ermənistanın hərbi təcavüzü nəticəsində Ermənistan-Azərbaycan hərbi münaqişəsi yaranmışdır. Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, bir milyondan artıq azərbaycanlı hələ də qaçqındır və çadır şəhərciklərində ağır şəraitdə yaşayır. Azərbaycan tərəfi ardıcıl surətdə sülhsevər siyasət yeridərək münaqişənin beynəlxalq hüquq normalarına uyğun surətdə ədalətli həllinə, işğal olunmuş ərazilərimizin azad edilməsinə və qaçqınların doğma yurdlarına qayıtmasına çalışır.
1994-cü ilin may ayında Ermənistanla atəşkəs haqqında saziş əldə edilib və ona əməl olunur. ATƏT-in Minsk qrupu, onun həmsədrləri Rusiya, ABŞ və Fransa məsələnin sülh yolu ilə həll olunması uğrunda çalışır. Lakin Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməməsi, qeyri-konstruktiv mövqe tutması məsələnin həll olunmasına maneə yaradır.
Münaqişənin həll olunmasında irəliləyiş əldə edilməsi məqsədi ilə son vaxtlar Ermənistan prezidenti ilə Azərbaycan prezidenti arasında bir neçə görüş keçirilmişdir. Sülhə nail olmaq üçün qarşılıqlı kompromislərə gedilməsi zərurəti bildirilmişdir. Lakin oktyabr ayında Ermənistanda baş vermiş terror hadisələri, Ermənistanda mövcud olan daxili vəziyyət bu danışıqların davam etdirilməsinə imkan vermir.
Biz əminik ki, sülh danışıqları davam edəcək, məsələnin ədalətli həllinə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına, qaçqın və köçkünlərin öz yerlərinə qayıtmasına nail olacağıq.
Ermənistanın Azərbaycana hərbi təcavüzü bizim xalqımıza böyük zərbələr vurmuşdur. Biz bu münaqişəni aradan qaldırmaq üçün var qüvvəmizlə çalışırıq. Amma bildiyiniz kimi, təhlükə sovuşmayıb. Hər bir hərbi təcavüzün qarşısı vaxtında alınmalıdır və dünya birliyi belə təhlükələri aradan qaldırmaq üçün qəti tədbirlər görməlidir. Vəziyyətdən hamı düzgün nəticə çıxarmalıdır. Separatizmin, terrorizmin, dini ekstremizmin qarşısını almaq üçün dünya birliyi, eləcə də türkdilli dövlətlər birliyi səmərəli birgə fəaliyyət göstərməlidirlər.
ATƏT-in İstanbul sammitində Azərbaycan Respublikası Qafqazda təhlükəsizlik və əməkdaşlıq paktının qəbul edilməsi barədə təkliflə çıxış etdi. Biz bölgədə sabitliyin və sülhün bərqərar olmasına gətirib çıxaracaq Qafqaz paktının yaradılması haqqında Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Süleyman Dəmirəlin dünyanın 12 ölkəsinin başçılarına etdiyi müraciəti alqışlayırıq. Bu təkliflərin həyata keçirilməsi üçün biz səylərimizi birləşdirməliyik. Beləliklə, biz baş verə biləcək təhlükələrin qarşısını ala bilərik.
Hörmətli dövlət başçıları!
Hörmətli Məclis başçıları!
Xanımlar və cənablar!
Sizi Azərbaycan Respublikasının paytaxtı Bakıda bir daha salamlayıram, şəxsən sizə, sizin xalqlarınıza səadət və firavanlıq arzulayıram. Əminəm ki, görüşlərimizin böyük əhəmiyyəti vardır və onlar bizim dostluq və qardaşlığımızın möhkəmlənməsinə, türkdilli dövlətlər və xalqlar arasında çoxtərəfli əlaqələrin daha da inkişaf etməsinə qiymətli töhfə verir.
Diqqətinizə görə təşəkkür edirəm.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.