Türk dünyasi yazıçılarının III qurultayında nitqi

Azərbaycan Elmlər Akademiyası
Rəyasət Heyətinin İclas Salonu

6 noyabr 1996-cı il

Hörmətli xanımlar və cənablar, əziz dostlar!

Sizi, türk dünyası yazıçılarının III qurultayını Azərbaycan xalqı, vətəndaşları adından, Azərbaycan dövləti adından səmimi qəlbdən salamlayır, bu şərəfli işinizdə uğurlar arzulayıram.

Türk dünyasının, türkdilli xalqların, ölkələrin yazıçılarının III qurultayının Azərbaycanda keçirilməsini ölkəmiz üçün əlamətdar hadisə hesab edirəm və bunu Azərbaycan Respublikasına, xalqına olan hörmət və ehtiramın təzahürü kimi qiymətləndirirəm.

Türk dünyası yazıçılarının qurultayı üçüncü dəfədir ki, toplaşır. Bu qurultay ilk dəfə 1992-ci ildə Türkiyədə, Ankarada öz əsasını qoymuş və Allaha şükürlər olsun ki, artıq ənənəyə çevrilmişdir. Heç şübhə etmirəm ki, bu, daim davam edəcəkdir. 1992-ci ildə Türkiyədə, Ankarada, Türkiyə Cümhuriyyətinin, onun mərhum prezidenti Turqut Özalın təşəbbüsü ilə başlanan bu qurultay türkdilli xalqların, türk dünyasının qədim, böyük tarixini yenidən canlandırmaq üçün çox gözəl və dəyərli təşəbbüs olmuşdur. Sonra, bu qurultay ikinci dəfə Türkiyədə, Ankarada keçirilərkən bizim əziz dostumuz, qardaşımız, Türkiyənin prezidenti hörmətli Süleyman Dəmirəlin təşəbbüsü və iştirakı ilə bu qurultaya güc verilmiş və bu ənənənin köklənməsini göstərmişdir.

Bu dəyərli təşəbbüs bu gün davam edir. Əmin olduğumu bildirmək istəyirəm ki, türk dünyasının yazıçıları və bizim ölkələrimiz, xalqlarımız bu işi davam etdirəcəklər, türkdilli xalqların, ölkələrin yazıçıları gündən-günə bir-birinə yaxınlaşacaq, bir-birinə kömək edəcək, xalqlarımızın ədəbiyyatını, mədəniyyətini, keçmişini, bu gününü daha geniş təhlil edib yeni-yeni dəyərli əsərlər yaradacaqlar. 

Türkdilli xalqlar qədim, çoxəsrlik tarixi boyu Avrasiya qitəsinin böyük hissəsində yaşayaraq dünya, bəşər mədəniyyətinə böyük töhfələr vermiş, onu zənginləşdirmişlər. Qədim tarix boyu türkdilli xalqların həyatı cürbəcür, bəzən xalqların varlığını təhlükə altına alan müharibələrlə, döyüşlərlə, təcavüzlərlə rastlaşmışdır. Ancaq xalqlarımızın dərin kökləri, bir-birinə mənəvi bağlılığı onları bütün bu mərhələlərdən, imtahanlardan, sınaqlardan çıxarmış və bugünkü günlərə gətirib çıxarmışdır. Biz öz tarixi köklərimizlə, milli köklərimizlə, mənəvi dəyərlərimizlə, milli-mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik.

Çoxəsrlik tariximizdə xalqlarımızı yaşadan, qoruyan və bugünkü günlərə gətirib çıxaran amillərdən biri, ola bilər ki, ən əsası, bizim mədəniyyətimiz, ədəbiyyatımız, deməli, şairlərimiz, yazıçılarımızdır. Xalqlarımız tarix boyu insan həyatının bütün sahələrində, bəşəriyyətin bütün sahələrində öz istedadını, biliyini, bacarığını göstərmiş elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq abidələri və böyük bədii əsərləri, musiqisi ilə parlaq səhifələr yazmışlar. Bunların arasında şairlərimizin, yazıçılarımızın xidməti və tariximizin yaranmasında, saxlanmasında onların əsərlərinin qiyməti çox böyükdür.

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir. Dilimizi isə yaşadanlar, zənginləşdirənlər, inkişaf etdirənlər şairlərimiz, yazıçılarımız olmuşdur. Biz adətən böyük tariximiz haqqında, xalqlarımızın böyük mədəniyyəti haqqında danışarkən birinci növbədə onların yaratdıqları bədii əsərlərə, şairlərimizin, yazıçılarımızın əsərlərinə istinad edir, bunları nümunə gətirir və təbliğ edərək, eyni zamanda öz tariximizi, mədəniyyətimizi təbliğ edirik. Qədim dövrlərdə “Dədə Qorqud”, “Manas”, “Alpamış”, “Koroğlu” dastanları, xalqlarımızın hamısına mənsub olan dahi şairlərimiz, yazıçılarımız – Nizami, Yunus İmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məhtimqulu, Abay və digərləri xalqlarımızın tarixini, mənəvi dəyərlərini əks etdirən, xalqlarımızı dünyada tanıdan ölməz əsərlər yaratmışlar və bunlar nəsillərdən-nəsillərə xalqlarımızı özünəməxsus milli-mənəvi dəyərlər, o cümlədən, ümumbəşəri dəyərlər əsasında tərbiyə etmiş, hazırlamış, vətənpərvərlik, Vətənə sədaqət hisslərini daim gücləndirmişdir.

Bunlar bizim keçmiş, uzaq tariximizdir. Amma eyni zamanda xalqlarımızın mədəniyyəti, ədəbiyyatı, şeri bir çox məhrumiyyətlərə, çətinliklərə məruz qalmışdır. Bu çətinliklər tarixin, ola bilər ki, bəzən çox böyük mərhələlərində mədəniyyətimizə zərbələr vurmuş, ancaq mədəniyyətimizi, ədəbiyyatımızı, şerimizi öldürə, məhv edə, yox edə bilməmişdir. Türkdilli xalqların bütün bu çətinliklərdən, sınaqlardan keçib gəlmiş mədəniyyəti, ədəbiyyatı, şeri indi dünyada, bəşəriyyətdə özünəməxsus görkəmli yerini tutubdur. 

XX əsr dünya tarixində çox mürəkkəb, ziddiyyətli, gərgin proseslər dövrü olmuşdur. Bizim əksəriyyətimiz, demək olar, hamımız bu əsrdə doğulmuşuq və artıq bu əsri başa çatdırırıq. Xalqlarımızın – türkdilli xalqların, ölkələrin mədəniyyəti, ədəbiyyatı XX əsrdə ziddiyyətli, eyni zamanda çox şərəfli və müvəffəqiyyətli yol keçmişdir. Bir tərəfdən, bizim mənəviyyatımızı, mədəniyyətimizi, ədəbiyyatımızı bir-birindən ayırmaq, parçalamaq, milliliyin qarşısını almaq cəhdləri çox güclü olmuş, ikinci tərəfdən də yaranmış, ictimai-siyasi vəziyyət və xalqlarımızın cürbəcür imkanlardan istifadə edib dünya mədəniyyəti ilə daha sıx əlaqələr qurması nəticəsində ədəbiyyatımız, mədəniyyətimiz çox inkişaf etmişdir.

Bu baxımdan Şərq mədəniyyətinin, Şərq ədəbiyyatının nə qədər zəngin olduğunu bu gün bir daha qeyd edərək, eyni zamanda XIX-XX əsrlərdə xalqlarımızın mədəniyyətinin, ədəbiyyatının Avropa mədəniyyəti, Rusiya mədəniyyəti ilə yaranmış əlaqələrdən istifadə edib çox böyük nailiyyətlər qazanmasını xüsusi qeyd etmək lazımdır. Bu, yeni bir şey deyil, təbiidir. Keçmişdə də böyük, dahi şairlərimiz, yazıçılarımız, tarixçilərimiz qədim yunan, Roma ədəbiyyatından, qədim Avropa ədəbiyyatından istifadə etmişlər. Eyni zamanda Qərb də həmişə Şərqin və xüsusən türkdilli xalqların, müsəlman Şərqinin yaratdığı böyük, tarixi əsərlərdən istifadə etmişdir. Şərqin və Qərbin mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin sintezi həm Qərbə, həm də Şərqə çox böyük müsbət nəticələr gətirmişdir. Bu proses XIX-XX əsrlərdə bizim xalqlarımız üçün çox müvəffəqiyyətli olmuşdur və onların ədəbiyyatının, mədəniyyətinin inkişafına çox güclü, müsbət təsir göstərmişdir.

Beləliklə, milli mədəniyyətimizin, ədəbiyyatımızın inkişafının qarşısını almaq cəhdləri nə qədər çox olmuşdursa da, milli ədəbiyyatımızda, mənəviyyatımızda, mədəniyyətimizdə olan bir o qədər, bəlkə də ondan da çox olan güclər özünə cürbəcür yollar açmış və ümumbəşəri dəyərlərdən istifadə edərək daha da yüksək səviyyələrə çatmışdır. Bunu bizim türkdilli xalqların, türk dünyasına mənsub olan ölkələrin XX əsr ədəbiyyatında, mədəniyyətində yaranmış əsərlərdə çox açıq-aydın görmək olar. Bizim hamımız bu əsərlərlə fəxr edirik.

Bu proseslər xüsusən Sovetlər İttifaqına mənsub olmuş türkdilli respublikaların həyatında baş vermişdir. Özbəkistanda da, Qazaxıstanda da, Türkmənistanda da, Qırğızıstanda da, Tatarıstanda da, Başqırdıstanda da, Azərbaycanda da və başqalarında da. Bu illərdə bizim çox itkilərimiz olmuşdur. Böyük, dahi şəxsiyyətlərimiz repressiya qurbanları olmuş, onların əsərləri uzun illər qadağan edilmişdir. Ancaq bununla yanaşı –  mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə vurulan bu zərbələrlə yanaşı, bu illərdə milli mədəniyyətimiz inkişaf etmiş, çox yüksək zirvələr fəth etmişdir. Bunların hamısının əldə olunmasında, bu nailiyyətlərimizdə yazıçılarımızın, şairlərimizin, ədəbiyyatşünaslarımızın xüsusi xidmətləri var.

XX əsrdə mədəniyyətimizi inkişaf etdirmək üçün cürbəcür qurultaylarda iştirak etmişik, cürbəcür formalarda əlaqələr yaratmışıq. Bunların əksəriyyəti səmərəli olubdur, bunların müsbət nəticələrini inkar etmək düzgün olmazdı. Çəkdiyimiz zərərləri, bizə vurulan zərbələri əldə etdiyimiz nailiyyətlərlə müqayisə edəndə hər iki sahəyə ədalətli qiymət verməliyik.

Ancaq indi, XX əsrin sonunda bizim xalqlarımız, ölkələrimiz üçün yeni, gözəl fürsət, yeni bir şərait yaranmışdır. O da ondan ibarətdir ki, dünyada gedən ictimai-siyasi proseslər, baş vermiş dəyişikliklər, Sovetlər İttifaqının dağılması türkdilli, türk dünyasına mənsub olan xalqların tam azad olmasına, müstəqillik əldə etməsinə və müstəqil dövlət qurmasına imkanlar yaratmış və bu, qısa bir müddətdə öz gözəl nəticələrini vermişdir.

Keçmiş Sovetlər İttifaqına mənsub olan respublikalar, o cümlədən, türkdilli ölkələr beş ildir ki, öz dövlət müstəqilliyini əldə ediblər. Tarix nöqteyi-nəzərindən beş il çox az bir zamandır. Ancaq bu beş il içərisində xalqlarımızın həyatında çox böyük müsbət dəyişikliklər baş vermişdir. Doğrudur, xalqlarımız keçid dövrünü yaşayır, keçid dövrünün özünün sosial-iqtisadi çətinlikləri var. Yenidən dövlətlər qurulur, demokratik proseslər bərqərar olur. Bununla yanaşı, bəzi münaqişələr və başqa hadisələr də bizim ölkələrin həyatının sürətlə inkişaf etməsinə maneçilik törədir. Ancaq bunların hamısına baxmayaraq xalqlarımızın əldə etdiyi nailiyyət ən yüksək qiymətə malikdir. Milli azadlıq, dövlət müstəqilliyi bizim xalqlarımız üçün hər bir şeydən üstündür və bunun naminə bütün əzab-əziyyətlərə dözmüşük, bu gün də dözürük, gələcəkdə də dözəcəyik. Ona görə ki, biz əbədi olaraq azad, sərbəst, müstəqil yaşamaq istəyirik.

Milli azadlığın, sərbəstliyin, müstəqilliyin xalqlarımıza bəxş etdiyi töhfələr göz qabağındadır. Ancaq biz bunun böyük gələcəyini də görürük. Bunlardan da biri ondan ibarətdir ki, biz sərbəst, müstəqil olaraq, heç bir kəsdən, heç bir dövlətdən asılı olmayaraq, öz istədiyimiz kimi əlaqələrimizi qururuq və əməkdaşlıq edirik, milli ənənələrimizi, milli dəyərlərimizi, mədəniyyətimizi birlikdə inkişaf etdirməyə çalışırıq. Türk dünyası yazıçılarının III qurultayı da və ümumiyyətlə, belə bir qurultayın yaranması, ənənəyə çevrilməsi də əldə etdiyimiz azadlığın, müstəqilliyin bəhrələridir.

Türkdilli ölkələr bu illərdə keçmiş, hamımıza mənsub olan mədəniyyətimizi, ədəbiyyatımızı yenidən təhlil etmək üçün, bu mənəvi dəyərlərimizin qiymətini birlikdə anlamaq üçün çox iş görübdür. Türkdilli ölkələrin dövlət başçılarının görüşü bu baxımdan çox mühüm amildir. Bu görüşün də əsası, 1992-ci ildə Türkiyə Cümhuriyyətində türkdilli dövlət başçılarının təşəbbüsü ilə qoyulubdur. Bu il oktyabrın 21-də biz Daşkənddə türkdilli ölkələrin dövlət başçılarının dördüncü görüşünü keçirdik. Onu bildirmək istəyirəm ki, görüşdən-görüşə bu qurumun, yəni türkdilli dövlətlərin başçılarının, bu təşkilatın bu gün və gələcək üçün nə qədər əhəmiyyətli olduğunu biz dərk edirik.

Keçən görüşlərlə Daşkənd görüşünü müqayisə edərkən tam aydın görünür ki, bizim dövlətlərimiz, ölkələrimiz, dövlət orqanlarımız belə görüşlərin hər bir ölkə, xalq üçün son dərəcə əhəmiyyətli və səmərəli olduğunu dərk ediblər və mən tam əminəm ki, gələcək görüşlər daha da səmərəli olacaq və bu təşkilat daim yaşayacaqdır.

Bizim bu təşkilatın, görüşlərin əsas məna-məqsədi aydındır. Biz birinci növbədə ölkələrimiz arasında olan iqtisadi əməkdaşlığı genişləndirməyə çalışırıq. Bir dilə, bir kökə mənsub olmağımız, ölkələrimizin bir ərazidə, bir-birinə qonşu olan ərazidə yerləşməsi və coğrafi cəhətdən bir-birimizə çox yaxın olmağımız, şübhəsiz ki, iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün əsas yaradır. Hər bir iqtisadiyyat eyni zamanda milli mentalitetlə, milli-mənəvi dəyərlərlə də əlaqədardır. Bu baxımdan ölkələrimizin bir-biri ilə iqtisadi əməkdaşlıq etməsi üçün daha çox imkanlar var.

Amma eyni zamanda xalqlarımızın böyük tarixini yenidən təhlil etmək, yenidən qiymətləndirmək, ona düzgün, ədalətli qiymət vermək və hər bir xalqın tarix boyu yaratdığı mənəvi dəyərləri, ədəbiyyat, mədəniyyət abidələrini bütün xalqlar üçün doğma etmək bizim bu görüşlərin mərkəzində duran prinsiplərdir, vəzifələrdir. Bu sahədə yenə də mədəniyyətin, ədəbiyyatın, yazıçıların rolu böyükdür.

Təsəvvür edin, biz, türkdilli dövlətlər birlikdə “Manas”ın 1000 illiyini qeyd etdik, böyük qazax şairi, filosofu Abayın 150 illiyini qeyd etdik. Özbəkistanın böyük dövlət xadimi, bütün türk dünyasının böyük şəxsiyyəti Əmir Teymurun 660 illiyini qeyd etdik. Bu günlərdə biz böyük Azərbaycan şairi, eyni zamanda bütün türk dünyasına mənsub olan Məhəmməd Füzulinin 500 illiyini bir yerdə qeyd edəcəyik.

Bizim tarixi köklərimiz xalqlarımızın öz iradəsi ilə bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və qeyd etdim, – mənəvi dəyərlərimizin inkişafı tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə, keçilməz yollarla rastlaşıbsa da, dayanmayıb, inkişaf edib, qalxıbdır. Amma indi isə, türkdilli xalqların müstəqil dövlətləri olduğuna görə və bizim əlimizdə böyük imkanlar yarandığına görə bu prosesləri daha da gücləndirə, daha da mütəşəkkil edə bilərik. Bu, bizim vəzifəmizdir, borcumuzdur. Bir də qeyd etmək istəyirəm ki, bu sahədə yazıçıların böyük xidməti, böyük rolu var və onların üzərinə bundan sonra da böyük vəzifələr düşür.

Bizim xalqlarımız uzun illər cürbəcür dövlətlərin tərkibində olduqlarına görə bir çox hallarda dillərindən və milli dəyərlərindən lazımi qədər istifadə etməkdən məhrum olublar, yaxud da ki, onların bu imkanları məhdudlaşdırılıbdır. Ancaq bizim dilimizi, mədəniyyətimizi. milli dəyərlərimizi yaşadanlar həmişə, bütün mərhələlərdə yazıçılar olublar. Ona görə də bu gün türk dünyası yazıçılarının III qurultayında mən bütün xalqlarımızın bütün dövrlərdə yaşayıb-yaratmış yazıçılarına və bu gün həyatımızda yaşayıb-yaradan yazıçılara təşəkkürümü, minnətdarlığımı bildirirəm.

Siz, şübhəsiz ki, burada öz yazıçılıq işlərinizin gələcəkdə qurulması ilə əlaqədar lazımi tədbirlər görəcək, lazımi qərarlar qəbul edəcəksiniz. Ancaq mənim tövsiyəm ondan ibarət olardı ki, bizim xalqlarımızın bir-biri ilə daha da yaxınlaşması üçün, bir-birini bilavasitə daha da anlaşması üçün, dillərimizin inkişaf etməsi üçün və bir kökdən olan dillərimizin bir-birinə daha da yaxınlaşması üçün yazıçılar öz xidmətlərini göstərsinlər. Bizim dillərimiz bir kökə mənsubdur və bir-birimizi anlayırıq. Ancaq yaxşı olardı ki, dediyim bu sözləri mənim özbək, qırğız, qazax qardaşlarım da azərbaycanlı kimi anlasınlar və eyni zamanda bu qurultayda Başqırdıstandan, Qırğızıstandan olan yazıçıların çıxışlarını bizim azərbaycanlılar da tamam anlaya bilsinlər.

Şübhəsiz ki, bizim xalqlarımızın dilləri bir kökdən olaraq, hərəsi öz tarixi yolu ilə gedərək böyük inkişaf dövrü keçmişdir. Ancaq mən Azərbaycan dili haqqında danışarkən deyə bilərəm ki, bizim Azərbaycan dilimiz XX əsrdə çox inkişaf etmiş, çox zənginləşmişdir. Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilirik. Burada mən Azərbaycan yazıçılarının, dilçilərinin, ədəbiyyatşünaslarının xidmətlərini xüsusi qeyd edirəm. Çünki hər bir respublikada proseslər cürbəcür gedibdir.

Bizim respublikamızda – Azərbaycanda təxminən 30-cu, 40-cı, 50-ci illərdə, hətta 60-cı illərə qədər Azərbaycan dili hakim bir dil deyildi. Ona görə də Azərbaycan dilinin inkişaf etməsi, zənginləşməsi üçün dövlət tərəfindən lazımi işlər görülmürdü. Ancaq bunların hamısına baxmayaraq, bizim yazıçılarımız, şairlərimiz, ədəbiyyatşünaslarımız, dilçi alimlərimiz öz işlərini görüblər və məlumdur ki, 70-ci illərdə onlar Azərbaycan Respublikasının dövlət dəstəyini də alıblar və bütün bunların nəticəsində biz indi, dövlət müstəqilliyimizi əldə edən zaman, müstəqil dövlət kimi Dünya Birliyinə daxil olduğumuz zaman zəngin Azərbaycan dövlət dili ilə fəxr edə bilərik.

Son illər bizim ölkələrimizdə gedən cürbəcür proseslər mədəni, elmi, ədəbi əlaqələrimizi müəyyən qədər zəiflədibdir. Ona görə də indi xalqlarımızın böyük simalarının yubileylərinin keçirilməsi ilə əlaqədar, türk dünyası yazıçılarının bu qurultaylarının keçirilməsi, TÜRKSOY təşkilatının fəaliyyəti ilə əlaqədar biz keçən illərdə müəyyən sahələrdə yaranmış boşluğu aradan götürməliyik. Biz çalışmalıyıq ki, ölkələrimiz, xalqlarımız arasında olan əlaqələr bundan sonra bütün sahələrdə sürətlə inkişaf etsin. Dövlət nöqteyi-nəzərindən, dövlət tərəfindən biz bunu edirik və türkdilli dövlətlərin başçılarının görüşləri buna çox böyük imkan verir. Dövlət başçılarının ikitərəfli görüşləri də buna çox böyük imkanlar verir, dövlətlərimiz, ölkələrimiz arasında imzalanmış sazişlər və surətlə inkişaf edən iqtisadi əlaqələr bunların hamısına imkan yaradır. Alimlərimiz, mədəniyyət xadimlərimiz, yazıçılarımız bütün bu imkanlardan səmərəli istifadə etməli və bizim mədəni, ədəbi əlaqələrimizi daha da gücləndirməlidirlər. Əmin ola bilərsiniz ki, Azərbaycan hökuməti bu sahədə əlindən gələni əsirgəməyəcəkdir.

Biz bu günlər böyük şair Məhəmməd Füzulinin 500 illik yubileyini qeyd edəcəyik və bu münasibətlə də burada keçirilən görüşlər hesab edirəm ki, mədəni və ədəbi əlaqələrimizin inkişaf etməsi üçün yeni bir imkandır. Bu gün, türk dünyası yazıçılarının III qurultayı işə başladığı zaman bu qurultayın yaranması və inkişaf etməsi üçün Türkiyə Cümhuriyyətinin və onun dövlət orqanlarının xidmətlərini bir daha xüsusi qeyd etmək lazımdır. Ümumiyyətlə, dövlət müstəqilliyi əldə edəndən sonra türkdilli dövlətlərin bir-biri ilə əlaqələrinin sürətlə inkişaf etdirilməsi, mədəni əlaqələrin yaranması üçün və bunlarla əlaqədar cürbəcür tədbirlərin keçirilməsi üçün Türkiyə Cümhuriyyətinin və xüsusən onun prezidenti, bizim böyük dostumuz hörmətli Süleyman Dəmirəlin xidmətlərini xüsusi qeyd etmək lazımdır.

Bu gün burada, türk dünyası yazıçılarının III qurultayında çıxış edən dəyərli qonaqlarımız çox qiymətli sözlər dedilər. Mən hesab edirəm ki, bunlar hamısı Azərbaycanın ictimai-siyasi həyatı, Azərbaycanın ictimaiyyəti üçün çox əhəmiyyətlidir. Əmin olduğumu bildirmək istəyirəm ki, bu günlər keçirilən cürbəcür görüşlər bizim əlaqələrimizi daha da inkişaf etdirəcəkdir. Yazıçılıq sənətinə, ədəbiyyata, mədəniyyətə bir daha öz hörmət və ehtiramımı bildirir, türk dünyası yazıçılarının III qurultayının işində sizə uğurlar arzulayıram. Sağ olun.
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.