Azərbaycan İslam Konfransı Təşkilatı sıralarında Kasablanka Zirvə Toplantısı başa çatdıqdan sonra mətbuat üçün bəyanatı

Kasablanka
15 dekabr 1994-cü il

Mən Asiya dövlətləri adından Zirvə toplantısının yekunu münasibətilə sözlərimi dedim. Hesab edirəm ki, bu, Azərbaycan Respublikasına, xalqımıza göstərilən diqqət və hörmətdir. Mən bunu qəbul edirəm. Çox məmnunam ki, belə bir imkan yarandı və mən Asiya dövlətləri adından burada çıxış etdim...

Burada çox böyük, ciddi qətnamələr qəbul olundu. O cümlədən Azərbaycan ilə əlaqədar üç qətnamə qəbul edildi: birincisi, Ermənistanın Azərbaycana təcavüzünün pislənməsi, ikincisi, Azərbaycanın düşdüyü ağır vəziyyətlə əlaqədar İKT-nin və onun üzvü olan dövlətlərin respublikamıza iqtisadi və humanitar yardımı haqqındadır, üçüncüsü isə yekun bəyannaməsində Ermənistanın Azərbaycana təcavüzü haqqında geniş bir bölmə var. Həmin bölmədə bu təcavüzün Azərbaycana nə qədər zərər vurduğu, insanları həyatından məhrum etdiyi, ərazimizin dağıldığı geniş əks olunmuşdur. Burada eyni zamanda tələb olunur ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpağını qeyd-şərtsiz tərk etsin. O cümlədən Şuşa və Laçın rayonlarının azad olunması məsələsi də oraya salınıbdır. Bunlar hamısı bizim üçün çox əhəmiyyətlidir...

Bu toplantıda bütün İslam aləminə aid olan, qaynar nöqtələrlə əlaqədar bir çox qətnamələr qəbul edildi. Yekun bəyannaməsi də çox böyükdür, çoxbölməlidir. Orada bütün məsələlər öz əksini tapmışdır. Ona görə də mən şübhə etmirəm ki, bütün dünyada böyük əks-səda doğuracaq. Dünya siyasətinə bunun müəyyən təsiri olacaqdır...

Zirvə toplantısı başa çatdıqdan sonra Mərakeş kralı II Həsənlə görüşüm oldu. Biz toplantının yekunları, eyni zamanda Mərakeşlə Azərbaycan arasında ikitərəfli əlaqələr barədə söhbət etdik. Kral II Həsən məni Mərakeşə rəsmi səfərə dəvət etdi. Qeyd etdi ki, bu səfərin ramazan ayı başa çatandan sonra həyata keçirilməsini çox arzu edərdi. O bildirdi ki, bu səfər Azərbaycanla Mərakeşin əlaqələrinin inkişaf etdirilməsi üçün çox lazımdır. Bir çox problemlər var və onları müzakirə etmək vacibdir. Mən bu təklifi məmnuniyyətlə qəbul etdin və dedim ki, bu dəvətdən mütləq istifadə edəcəyəm.

Eyni zamanda mən Mərakeş kralını Azərbaycana rəsmi səfərə dəvət etdim. Bildirdim ki, Azərbaycan ilə onun tanışlığı bizim İslam aləmində problemlərin həll olunmasına çox kömək edəcəkdir. O da mənim təklifimi məmnuniyyətlə qəbul etdi və dedi ki, çalışacaq dəvətimi mütləq qəbul edərək Azərbaycana səfər etsin.

“Azərbaycan”qəzeti, 20 dekabr 1994-cü il

 
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.