İslam Konfransı Təşkilatının Məkkədə keçirilmiş üçüncü fövqəladə zirvə toplantısında nitqi

Məkkə, Səudiyyə Ərəbistanı
7 dekabr 2005-ci il

Hörmətli Kral həzrətləri, İki Müqəddəs Məscidin xadimi!
Hörmətli dövlət başçıları və nümayəndə heyətlərinin rəhbərləri!
Hörmətli qardaşlar və bacılar!

İlk növbədə, Sizi bu mühüm hadisə - İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının üçüncü fövqəladə zirvə görüşünün keçirilməsi münasibətilə salamlayır və zirvə görüşünün işinə uğurlar arzulayıram.

Bizə göstərilən qonaqpərvərliyə görə İki Müqəddəs Məscidin xadimi, Səudiyyə Ərəbistanının Kralı, qardaşımız Abdullah ibn Əbdüləziz Al Səuda və onun hökumətinə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, müqəddəs Məkkə şəhərində keçirilən bu zirvə görüşü İslam həmrəyliyinin daha da möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edəcəkdir.

57 dövləti birləşdirən İslam Konfransı Təşkilatı dünyanın nüfuzlu təşkilatlarından biri olaraq, beynəlxalq münasibətlərdə vacib rol oynayır. Təşkilat ona üzv olan dövlətlərin qarşılaşdığı problemlərin həlli prosesində səmərəli fəaliyyət göstərir, digər dövlətlər və beynəlxalq təşkilatlarla qarşılıqlı anlaşmanın bərqərar olmasına öz töhfəsini verir. Yarandığı vaxtdan etibarən İslam Konfransı Təşkilatı müasir dünyanın müxtəlif problemlərinin həllinə güclü təsir göstərir və münaqişələrin aradan qaldırılmasında iştirak edir.

İslam Konfransı Təşkilatı dünyada sülhün və əmin-amanlığın bərqərar olması naminə ardıcıl səylər göstərir. Biz İslam Konfransı Təşkilatının beynəlxalq terrorizmə qarşı barışmaz mövqeyini yüksək qiymətləndirir, BMT-nin himayəsi altında terrorizmlə mübarizə üzrə Beynəlxalq Mərkəzin yaradılmasına dair Kral Abdullah ibn Əbdüləzizin təşəbbüsünü dəstəkləyirik. Eyni zamanda, biz beynəlxalq terrorizmi İslam dini ilə əlaqələndirənlərə qəti etirazımızı bildiririk. Belə bir tezis tamamilə səhvdir, əsassızdır və qəbuledilməzdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra İslam Konfransı Təşkilatına üzv olmuşdur. Biz Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatı ilə sıx əməkdaşlığına xüsusi əhəmiyyət veririk. Quruma üzv olan ölkələrin xarici işlər nazirlərinin 30-cu və turizm nazirlərinin 5-ci konfransları gələn il ölkəmizdə keçiriləcəkdir.

Azərbaycan bir qədər əvvəl İslam Konfransı Təşkilatının Gənclər Forumunun yaradılmasının təşəbbüskarı olmuş və forumun təsis konfransı 2004-cü ilin dekabrında Bakı şəhərində keçirilmişdir.

Eyni zamanda, ölkəmiz üçün, eləcə də bölgə üçün ən böyük təhlükə mənbəyi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində İslam Konfransı Təşkilatının və digər ölkələrin dəstəyini yüksək dəyərləndirirəm.

Fürsətdən istifadə edib, bu dəstəyə görə öz minnətdarlığımı bildirirəm.

Artıq 15 ildir ki, Azərbaycan qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalmış, nəticədə torpaqlarımızın 20 faizi işğal edilmiş, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır. Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Dağlıq Qarabağda və digər yeddi rayonda qədim mədəniyyət abidələri məhv edilmiş, məscidlər dağıdılmış, müsəlman məzarları təhqir olunmuş, müsəlman sivilizasiyasının izləri yer üzündən silinmişdir. Hərbi təcavüz və etnik təmizləmə nəticəsində 20 mindən çox azərbaycanlı öldürülmüş, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox adam əsir və itkin düşmüş, girov götürülmüşdür. Uşaqlar, qadınlar və qocalar erməni təcavüzkarlarının törətdikləri soyqırımının bütün dəhşətlərini görmüşlər.

Fürsətdən istifadə edərək, mən öz torpaqlarından qovulmuş qaçqın və məcburi köçkünlərə göstərilən köməyə görə İslam Konfransı Təşkilatının və donor ölkələrin rəhbərlərinə minnətdarlığımı bildirirəm.

Azərbaycanda erməni terrorçularının törətdikləri 30-dan artıq terror aktları nəticəsində 2 mindən çox günahsız Azərbaycan vətəndaşı qətlə yetirilmiş, on minlərlə insan xəsarət almışdır. Terror aktlarında dinlə bağlılıq axtaranlardan fərqli olaraq, biz ermənilərin törətdikləri vəhşiliklərə bu mövqedən yanaşmırıq. Terrorçuluğun dini kökləri yoxdur.

Azərbaycan münaqişənin beynəlxalq hüququn normaları və prinsiplərinə uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli şəkildə nizama salınmasını, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası qətnamələrinin, İKT, ATƏT,

Avropa Şurası və digər beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsini tələb edir.

Mən bir daha vurğulamaq istəyirəm ki, münaqişə etnik təmizləmə və suveren dövlətin ərazilərinin de-fakto ilhaq olunması əsasında deyil, beynəlxalq hüquq normaları əsasında həll edilməlidir. Biz ərazi bütövlüyümüzlə bağlı heç bir güzəştə getməyəcəyik.

Münaqişə Azərbaycanın iqtisadiyyatına ağır zərbə vurmuşdur. Lakin biz daxili ehtiyatlarımızı səfərbər edərək, sosial-iqtisadi böhranın aradan qaldırılmasına nail olduq. Bu gün Azərbaycan sürətlə inkişaf edən ölkədir. Azərbaycan siyasi və iqtisadi sabitlik ölkəsidir.

1996-cı ildən 2004-cü ilədək olan dövrdə hər il iqtisadi artım təqribən 10 faiz olmuşdur. 2005-ci ilin 11 ayı ərzində isə ÜDM-in artımı 24 faiz, sənaye istehsalının artımı isə 30 faiz olmuşdur. Təkcə son iki ildə ölkədə 300 mindən çox yeni iş yeri açılmışdır. Azərbaycan dövlətinin iqtisadi siyasətində əhalinin həyat səviyyəsinin yüksəldilməsi, onun sosial təminatının yaxşılaşdırılması əsas yer tutur. Bu məqsədlə 2006-cı ildə dövlət büdcəmiz təqribən 70 faiz artacaqdır.

Bu fürsətdən istifadə edərək, biz üzv ölkələr arasında qarşılıqlı iqtisadi əməkdaşlığa öz töhfəmizi vermək istəyirik. Bu gün buna böyük ehtiyac duyulur. Biz qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi vasitəsilə bir-birimizin iqtisadiyyatına yardım etməliyik. Bunun üçün hazırda yaxşı imkanlar mövcuddur. Təşkilata üzv olan ölkələrdə müasir infrastruktur var. Biz Azərbaycanda qardaş ölkələr ilə iqtisadi əməkdaşlığa böyük diqqət yetiririk. Biz bir-birimizin mallarını almalıyıq, dost ölkələrin sərmayələri üçün daha yaxşı mühit yaradılmasında bir-birimizə yardım etməliyik. Beləliklə, biz iqtisadi inkişafımıza töhfə verə biləcəyik. Bu, çox vacib məsələdir və Azərbaycanda ikitərəfli iqtisadi əlaqələrə təkan vermək məqsədi ilə daha böyük addımları atmağa hazırıq.

Mən İslam həmrəyliyinə, İslam Konfransı Təşkilatının prinsiplərinə və məqsədlərinə sadiq olduğumu bildirirəm, sülh, sabitlik və tərəqqi naminə hamını öz səylərini birləşdirməyə çağırıram. Mən sizin hamınıza və xalqlarınıza xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Sağ olun.

“Azərbaycan” qəzeti, 8 dekabr 2005-ci il
 
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.