Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsində çıxışı
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin iqamətgahı
25 sentyabr 2008-ci il
Hörmətli şeyx həzrətləri!
Hörmətli din xadimləri!
Hörmətli xanımlar və cənablar!
Ramazan ayında bizim görüşlərimiz çox gözəl ənənəyə çevrilibdir. Biz hər il burada yığışırıq, birlikdə iftar açırıq və öz ürək sözlərimizi ifadə edirik. Bu gün mənim ünvanıma deyilən bütün xoş sözlərə görə şeyx həzrətləri, sizə və bizim dostlarımıza öz minnətdarlığımı bildirmək istəyirəm. Bütün Azərbaycan xalqını əmin etmək istəyirəm ki, mən bundan sonra da çalışacağam ki, Azərbaycan xalqına, doğma Vətənə ləyaqətlə xidmət edim.
Bildiyiniz kimi, Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndə bizim ölkəmiz ən çətin, ən ağır vəziyyətdə idi. Müstəqillik illəri Azərbaycan üçün sınaq illəri olmuşdur. Azərbaycan xalqı sübut etdi ki, özü öz müqəddəratını müəyyən edə bilər, özü seçdiyi yolla uğurla gedə bilər və qarşıda duran problemlərin həlli işində çox uğurlu addımlar ata bilər. Nəzərə alsaq ki, müstəqillik əldə olunanda bizim həm siyasi, həm də iqtisadi vəziyyətimiz çox ağır idi, sonrakı illər ərzində, 17 il ərzində əldə edilmiş nailiyyətlər doğrudan da çox böyükdür.
O da sirr deyil ki, bizim müstəqilliyimizin əsası məhz 1993-cü ildə qoyulmuşdur. Düzdür, 1991-ci ildən Azərbaycan müstəqil ölkə kimi yaşayırdı. Ancaq müstəqilliyimizin ilk illəri faktik olaraq Azərbaycanın gələcək müstəqil həyatını şübhə altına salmışdı. Çünki ölkədə yaranmış vəziyyət - daxili çəkişmələr, vətəndaş müharibəsi, torpaqlarımızın itirilməsi və iqtisadi iflic, demək olar ki, ölkənin gələcəyini qeyri-müəyyən etmişdi. 1993-cü ildə xalqın istəyi və tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra vəziyyət sabitləşdi və biz o ildən bu günə qədər, sözün əsl mənasında, inkişaf dövrünü yaşayırıq. Bu dövr asan olmamışdır, çətin, kəşməkəşli olmuşdur. Bu dövr ərzində həm müstəqilliyimizə zərbələr vuruldu, həm də sabitliyin pozulması istiqamətində addımlar atıldı, təxribatlar törədildi. Ancaq Azərbaycan dövləti və dövlətin rəhbəri öz müdrik siyasəti ilə bütün çətinlikləri aradan qaldırdı və indi dünyada çox böyük hörmətə malik olan ölkədir.
Biz daxildə mövcud olan problemlərin həllində çox uğurlu addımlar atırıq və bunun nəticələrini bütün istiqamətlərdə görürük. Mən bu barədə çox danışmaq istəmirəm. Hesab edirəm ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər hər şeyi hər bir sözdən daha yaxşı göstərir.
Son beş il ərzində mən ölkənin problemlərinin həlli işində öz səylərimi göstərmişəm. Prezident kimi çalışmışam ki, bütün istiqamətlərdə olan, bütün sahələrdə olan problemləri biz tezliklə həll edək. Azərbaycanda inkişafın sürəti, demək olar ki, bu amildən asılıdır. Mən çox istəyirdim və bu gün də istəyirəm ki, ölkə qarşısında duran problemlər tezliklə həll olunsun, Azərbaycan xalqı yaxşı yaşasın. Biz buna layiqik. Biz onilliklər ərzində, əsrlər boyu başqa ölkələrin tərkibində yaşamışıq. Biz böyük xalqıq, amma çox qısa tarixi bir dövr ərzində öz dövlətimiz olmuşdur. Son bir neçə yüzilliklər ərzində bizim müstəqil yaşamaq imkanımız olmamışdır. Ancaq buna baxmayaraq, biz öz milli mənsubiyyətimizi, milli ruhumuzu saxlaya bilmişik. Şübhəsiz ki, bu işdə əsas rolu bizim mənəvi dəyərlərimiz, ənənələrimiz, bizim dinimiz, ana dilimiz oynamışdır. Bütün bu amillər azərbaycanlıları bir millət kimi qorudu. Biz müstəqil həyata başlayanda bu müstəqilliyi möhkəm əsaslar üzərində qururduq və bu gün onu möhkəmləndiririk.
Ona görə mən bir daha demək istəyirəm, çox istəyirəm ki, Azərbaycanın qarşısında duran problemlər tezliklə həll olunsun. Azərbaycan inkişaf etmiş ölkəyə çevrilsin. Azərbaycanda insanlar rahat, firavan yaşasınlar. Maddi rifah şəraitində yaşasınlar. Bunun üçün biz hər şeyi edirik. Ölkədə sabitlik qorunub saxlanılır, Azərbaycanda həm iqtisadi, həm də sosial yönümlü layihələr uğurla icra olunur. Qəbul edilmiş bütün proqramlar vaxtlı-vaxtında icra edilir. Son beş il ərzində elə hal olmamışdır ki, hansısa vəd verilsin, yaxud da məsələ qarşıya qoyulsun, ancaq həll olunmasın. Bütün proqramlar konkret xarakter daşıyır və hər bir proqramın arxasında konkret icra mexanizmləri, maliyyə resursları və düşünülmüş strateji xətt dayanır. Belə olan halda, əlbəttə, ölkənin uğurları tezliklə baş verəcəkdir.
Bizim ölkəmiz iqtisadi inkişaf baxımından dörd il ərzində dünya miqyasında birinci yerdədir. Digər göstəricilərimiz onu deməyə əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik. Azərbaycan xalqını narahat edən bütün problemlər həll olunur. Mənim beş il bundan əvvəl qoyduğum məqsəd bundan ibarət olmuşdur. Problemlər var, onlar həll edilməlidir və onlar həll olunur.
Mən şübhə etmirəm ki, Azərbaycanda yaranmış bu gözəl ictimai-siyasi vəziyyət növbəti illərdə də davam edəcək və öz təsirini göstərəcəkdir. Bizim başladığımız layihələrin bir hissəsi növbəti illərdə başa çatacaqdır. Onların bəhrəsini növbəti illərdə görəcəyik. Ancaq artıq bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır, faktdır. Bunu Azərbaycan xalqı və bütün dünya görür.
Prezident kimi mənim üçün, ilk növbədə, Azərbaycan xalqının maraqları böyük önəm daşıyır. Mən çalışmışam və bundan sonra da çalışacağam ki, Azərbaycan xalqının maraqlarını tam şəkildə müdafiə edək, qoruyaq, Azərbaycan dövlətinin mövqelərini möhkəmləndirək. Azərbaycan yaşadığımız bölgənin inkişafı üçün, regional əməkdaşlığın dərinləşməsi üçün və bölgədə sabitliyin bərqərar olunması üçün öz önəmli töhfəsini verir. Biz bütün dövrlərdə bu işlərdə fəal iştirak edirdik və Azərbaycan bölgədə sabitləşdirici amil kimi daim mövcud idi. Ancaq, əlbəttə ki, böhranlı şəraitdə bu özünü daha da qabarıq büruzə verir. Dinc vəziyyətdə, yəni rahat şəraitdə, əlbəttə ki, bütün məsələləri çox asanlıqla həll etmək mümkündür. Kiməsə elə gələ bilər ki, bu işlər təbii xarakter daşıyır. Ancaq başqa cür də ola bilər. Azərbaycan başqa istiqamətdə inkişaf edə bilər. Bizim strateji seçimimiz, 1993-cü ildə müəyyən edilmiş siyasi xətt ən düzgün xəttdir. Strateji xətt düzgün xəttdir və bütün faktiki addımlarımız, siyasi təşəbbüslərimiz bir məqsədi güdürdü ki, Azərbaycanın dövlətçiliyi möhkəmlənsin, müstəqilliyi əbədi, dönməz olsun. Azərbaycanda vətəndaşlar yaxşı yaşasınlar və Azərbaycan öz daxili imkanlarından istifadə edərək, güclü dövlətə çevrilsin. Bu işdə biz qarşıya qoyduğumuz bütün vəzifələri uğurla icra etmişik.
Bu gün bir daha demək istəyirəm, nəinki ölkə daxilində, bölgədə Azərbaycanın təsir imkanları artır. Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik. Bizim bütün təşəbbüslərimiz - istər siyasi, istər iqtisadi, istər enerji, istər nəqliyyat və istərsə də başqa sahələrdəki təşəbbüslərimiz regional əməkdaşlığa yönəldilibdir. Bölgədə sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasına və möhkəmlənməsinə yönəldilibdir. Yəni, bizim təşəbbüslərimiz xoşməramlı təşəbbüslərdir.
Mən qətiyyətlə deyə bilərəm ki, növbəti illərdə Azərbaycanın bölgədəki nüfuzu, mövqeyi və rolu artacaqdır. Bu, həm böyük üstünlükdür, - halbuki, bu üstünlük göydən düşməyib, biz özümüz bunu əldə etmişik, - həm də böyük məsuliyyətdir. Yəni bölgədə gedən hadisələrə bizim təsir imkanlarımız artdıqca, məsuliyyətimiz də artır. Biz istər daxili siyasətdə, istərsə də xarici siyasətdə bütün addımları böyük məsuliyyət hissi ilə atırıq. Xarici siyasətimiz daxili siyasəti tamamlayır. Xarici siyasət Azərbaycanın dünyadakı mövqelərinin möhkəmlənməsinə xidmət göstərir. Daxili siyasətdə atılan addımlar - həm iqtisadi islahatlar, həm sosial məsələlərin həlli, həm də bütövlükdə ictimai-siyasi vəziyyətin sabitliyi Azərbaycan cəmiyyətinin inkişafına yönəldilibdir.
Azərbaycan milli və dini dözümlülük baxımından nümunə ölkə kimi göstərilir. Bu, reallıqdır və o, Azərbaycan xalqı tərəfindən yaradılıbdır. Bu sahədə həm dövlət siyasəti çox güclüdür və birmənalıdır, həm də Azərbaycanda yaşayan insanların duyğuları da çox təmizdir.
Azərbaycanda bütün insanlar, bütün millətlərin, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt milli, yaxud da dini zəmində nəinki qarşıdurma, heç anlaşılmazlıq da olmamışdır, olmamalıdır və əminəm ki, olmayacaqdır. Bu, bütün başqa amillərlə yanaşı, ölkəmizin uğurlu inkişafını təmin edən amildir. Yəni bizdə həm ictimai-siyasi vəziyyət sabitdir, həm təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin olunur, həm də iqtisadi islahatlar uğurla icra edilir. Bildiyiniz kimi, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi qiymətləndirmişdir. Bu, böyük qiymətdir və bu qiymət dünyanın ən böyük beynəlxalq maliyyə qurumları tərəfindən verilibdir. Bu, kimliyi bəlli olmayan hansısa təşkilatın, yaxud da qeyri-dövlət təşkilatının rəyi deyil. Bu, ciddi beynəlxalq maliyyə qurumlarının verdiyi qiymətdir.
Biz gələcək illərdə bütün istiqamətlərdə öz səylərimizi davam etdirəcəyik. Azərbaycanda ictimai-siyasi vəziyyət sabit olaraq qalacaqdır. Azərbaycanda demokratiyanın inkişafı istiqamətində mühüm addımlar atılacaqdır. Deyə bilərəm ki, bu gün biz bu istiqamətdə böyük nailiyyətləri əldə etmişik. Azərbaycanda təhlükəsizlik tədbirləri görüləcək, iqtisadi islahatlar, sosial proqramların icrası davam etdiriləcəkdir. Növbəti illərdə böyük infrastruktur layihələri gözlənilir. Bizim maliyyə imkanlarımız artır. Növbəti ilin dövlət büdcəsi təxminən 15 milyard dollar həcmində olacaqdır. Bu, son 5-6 il ərzində misli görünməmiş bir irəliləyişdir. Bizim dövlət xərclərimiz on dəfədən çox artır. Bunun nəticəsi olaraq, bütün layihələr uğurla icra edilir.
Bir daha demək istəyirəm ki, biz öz gücümüzə arxalanırıq və öz gücümüzdən səmərəli istifadə edirik. Bütün bu işlər Azərbaycan xalqının dəstəyi sayəsində görülür. Yəni bizim bütün uğurlarımız Azərbaycan xalqının uğurlarıdır. Əgər xalq bizim təşəbbüslərimizi dəstəkləməsəydi, onların heç biri yerinə yetirilə bilməzdi. Bir sözlə, mən gələcək illərə böyük nikbinlik hissi ilə baxıram və bilirəm ki, Azərbaycanın çox parlaq, bundan da gözəl gələcəyi olacaqdır. Bizim nəzərdə tutduğumuz işlərin bir hissəsi icra olunub, bir hissəsi icra edilir, amma böyük hissəsi gələcəkdədir. Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil olacaqdır. Bizdə iqtisadi, siyasi, sosial və digər sahələrdə bütün meyarlar dünyanın ən inkişaf etmiş ölkələrinin meyarlarına bərabər olacaqdır. Belə olan halda, ölkəmizin uzunmüddətli inkişafı təmin olunacaq və Azərbaycan uğurla irəliyə gedəcəkdir.
Biz müqəddəs Ramazan bayramı ərəfəsindəyik, bir neçə gündən sonra bu gözəl bayramı qeyd edəcəyik. Bu gözəl bayram Azərbaycan xalqının qəlbində daim yaşamışdır. Düzdür, müstəqillikdən əvvəl biz bu bayramı, sadəcə olaraq, evlərdə qeyd edirdik. Ancaq yenə də bu, həmişə azərbaycanlılar üçün çox əziz, doğma bayram olmuşdur.
Bu gözəl bayram ərəfəsində bütün Azərbaycan xalqına xoşbəxtlik, cansağlığı, yeni-yeni uğurlar arzulayıram. Doğma Vətənimizə yeni nailiyyətlər arzulayıram.
Sağ olun.
AzərTAc
25 sentyabr 2008-ci il
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.