Məbəs bayrami – Məhəmməd Salavatullaha Peyğəmbərlik verilən gün münasibətilə keçirilən mərasimdə nitqi
Təzəpir məscidi
9 dekabr 1996-cı il
Hörmətli həmvətənlər!
Əziz müsəlmanlar!
Bu gün mən bizim üçün müqəddəs olan bu bayram günü burada – Allahın evində, Təzəpir məscidində sizinlə birlikdə olmağımdan həddindən ziyadə şadam.
Bu gün Məhəmməd əleyhissəlamın peyğəmbərliyə yetişdiyi gündür. Onun Allah-təala ilə bilavasitə danışdığı gündür, mehrab günüdür. Bu gün bütün müsəlmanların böyük bayramıdır.
Mən sizi bu bayram münasibətilə təbrik edirəm və Allah-təaladan xalqımıza, millətimizə, bütün dünya müsəlmanlarına sülh, əmin-amanlıq arzulayıram. Biz müsəlmanlar Allah-təalanın buyurduğu, peyğəmbər Məhəmməd əleyhissəlamın bizə göstərdiyi yolla, müqəddəs kitabımız Qurani-Şərifin verdiyi tövsiyələr yolu ilə əsrlər boyu getmişik, bu gün də bu yolla gedirik. Bu yol sülh yoludur, bu yol mehribanlıq, dostluq, əmin- amanlıq yoludur. Bu yol insanlara səadət gətirən yoldur. Mən fəxr edirəm ki, Azərbaycan müsəlmanları öz müqəddəs dininə itaət etmək, dini ayinlərə, qanun-qaydalara riayət etmək üçün indi geniş imkanlar əldə ediblər.
Qurani-Şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar insanları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir. Müsəlmanlar öz müqəddəs dininə sadiq olaraq əzab-əziyyətlər çəkmiş, ancaq böyük xoşbəxtliklərə də çıxmış və öz dininin, məsləkinin hər bir insan nə qədər böyük bir nemət olduğunu daim hiss etmişlər və bundan bəhrələnmişlər.
Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra xalqımızın mənəvi dəyərləri canlanıb, bərpa edilibdir, hər bir azərbaycanlı müsəlmanın həyat tərzinin əsas qanunu olubdur. Bu, bizim üçün böyük bir tarixi hadisədir və biz bunu yüksək qiymətləndirməliyik, xalqımızı, millətimizi, gənc nəsli, bütün cəmiyyətimizi islamın bu yüksək mənəvi dəyərləri əsasında yaşatmalı, tərbiyə etməliyik, həyatımızı bu mənəvi dəyərlər əsasında qurmalıyıq. Mən məmnunam ki, müstəqil Azərbaycan Respublikasında, ölkəmizdə dinimiz – islam dini xalqımızı sıx birləşdirir, həmrəy edir, dövlətimizin möhkəmlənməsinə, yüksəlməsinə çalışır və düşdüyü bu ağır bəlalardan, əzab-əziyyətdən qurtarmaqda xalqımıza kömək edir.
Biz bir daha dərk etməliyik ki, bunlar hamısı xalqımızın islamın mənəvi dəyərlərinə olan hörmət və ehtiramı, sədaqəti ilə bağlıdır. Xalqımız əsrlər boyu çox böyük sınaqlarla üzləşərək, şərəfli yol keçibdir. Ancaq tarix boyu qurbanlar da veribdir. Verdiyimiz o qurbanlar da bizim dinimizə, məsləkimizə, mənəviyyatımıza olan sadiqliyimizin təzahürüdür, nümunəsidir.
Son illər Azərbaycan xalqının başına bəlkə indiyə qədər görünməmiş misilsiz bir bəla gəlmişdir. O da Ermənistanın Azərbaycana səkkiz il bundan öncə başladığı hərbi təcavüzdür. Bu təcavüz nəticəsində, məhz bizim içimizdə olan ayrı-ayrı qüvvələrin məsləkimizə, mənəviyyatımıza və milli dəyərlərimizə, ruhumuza xəyanət etdiklərinə görə biz itkilər vermişik, böyük çətinliklərlə qarşılaşmışıq, torpaqlarımızın bir qismi işğal olunubdur, qəsbkar Ermənistan silahlı qüvvələrinin tapdağı altındadır. İşğal olunmuş torpaqlarda Azərbaycan xalqının varidatı viran olub, dağılıb, bizə böyük zərbələr dəyibdir. İşğal edilmiş torpaqlarımızda milli abidələrimiz, islam abidələri, müqəddəs məbədlərimiz, qəbirlərimiz, ocaqlarımız dağıdılıbdır, viran olunubdur. Bunlar xalqımıza vurulan böyük mənəvi zərbələrdir. Şəhidlər vermişik, Azərbaycanın qəhrəman övladları Vətənimizin, torpağımızın müdafiəsi yolunda özlərini qurban veriblər. Onlar əbədiyyətə qovuşublar. Onlar milli-mənəvi dəyərlərimizə sadiq qalaraq, həyatlarını qurban verərək özlərinə behiştdə daim yer tapıblar.
Bunlar hamısı bizim itkilərimizdir. Eyni zamanda xalqımızın öz milli dəyərlərinə, dininə, mənəviyyatına sədaqətinin nümunəsidir. Bildiyiniz kimi, iki il yarımdan çoxdur ki, biz atəşi dayandırmışıq. Artıq qan tökülmür, övladlarımız tələf olmur. Sülh şəraiti yaratmışıq. Bunu da məhz ona görə yaratmışıq ki, məsələlərin sülh yolu ilə həll edilməsinə nail olaq.
Bu da bizim milli, dini dəyərlərimizin üzərində qurulmuş siyasətdir. İslam həmişə insanları sülhə, barışığa dəvət edibdir. Biz dinimizin bütün qanunlarına sadiqik. Amma eyni zamanda, islam dini heç vaxt başqa dinlərə düşmənçilik göstərməmiş və göstərmir. Ona görə də biz bu milli, mənəvi dəyərlərimizə əsaslanaraq məsələlərin sülh yolu ilə həll edilməsinə çalışırıq.
Bildiyiniz kimi, atəşkəs əldə olunandan indiyədək ardıcıl surətdə, mütəmadi olaraq biz bu işlərlə daim məşğuluq. Ümidvaram ki, bu sülhsevər yolumuz öz müsbət nəticəsini verəcək və biz işğal olunmuş torpaqlarımızı azad edə biləcəyik, müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa edə biləcəyik, öz ərazimizin, torpaqlarımızın tam sahibi olacağıq. İndi ağır vəziyyətdə yaşayan, həyatını çadırlarda keçirən çoxlu bacı-qardaşlarımız öz yerlərinə-yurdlarına qayıdacaqlar.
Mən bu gün, bu müqəddəs gündə torpaqlarımızın, Vətənimizin müdafiəsi uğrunda canlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların valideynlərinə, qohum-əqrəbalarına Allahdan səbir diləyirəm. Mən yerindən-yurdundan didərgin düşmüş, ağır şəraitdə yaşayan, bir neçə ildir ki, həyatını çadırlarda keçirən vətəndaşlarımıza bu gün, bu müqəddəs gündə səbir, dözümlülük diləyirəm. Bu müqəddəs bayram günü dəyanətə, dözümlüyə görə onlara təşəkkürümü, hörmət və ehtiramımı bildirirəm. Bilməlidirlər ki, onlar Azərbaycan dövlətinin, prezidentin daim qayğısı altındadırlar. Bilirlər və bilməlidirlər ki, bütün Azərbaycan xalqı, vətəndaşlarımız onların bu dərdlərinə şərikdirlər və onlarla həmişə bərabərdirlər, həmrəydirlər, onların bu vəziyyətdən çıxmasını Allah-təaladan arzu edirlər və buna dua edirlər.
Bütün bu məsələlərin həll edilməsi üçün son illər gördüyümüz işlərin demək olar ki, zirvəsi dekabr ayının 2- 3-də Portuqaliyanın Lissabon şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin dövlət başçılarının Zirvə görüşü idi. İki ildən bir Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının görüşü keçirilir. Belə bir görüş iki il bundan əvvəl Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmişdir. Biz orada Azərbaycanın mövqelərinin təmin olunması üçün dəyərli işlər görmüşdük və yaxşı nəticələr əldə etmişdik. Bundan sonra iki il müddətində atəşkəsin saxlanması və sülhün əldə edilməsi üçün aparılan geniş miqyaslı danışıqlar məhz iki il bundan öncə Macarıstanda, Budapeştdə qəbul edilmiş bu qərarın əsasında olmuşdur.
İndi isə biz bundan sonra da sülh danışıqlarını müvəffəqiyyətlə həyata keçirmək, bu danışıqların əsas prinsiplərini təsdiq etmək məqsədi ilə Lissabonda çox gərgin mübarizə apardıq və hesab edirəm ki, yaxşı, müsbət nəticə əldə etdik. Bu nəticə də ondan ibarətdir ki, biz Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasına əsas yaradan bir sənədin qəbul edilməsinə nail olduq. Əgər televiziyanı, radionu izləmisinizsə, bilirsiniz ki, bu danışıqlar nə qədər gərgin, çətin, dramatik vəziyyətdə keçmişdir. Ancaq yəqin siz televiziya verilişlərindən onu da görüb hiss edə bilmisiniz ki, Azərbaycan nümayəndə heyəti, Azərbaycan prezidenti xalqımızın milli mənliyini, onun müstəqil bir millət, ölkəmizin müstəqil bir dövlət olduğunu orada bütün dünyaya nümayiş etdirə bildi.
Orada biz öz tələblərimizi irəli sürdük. Lissabon Zirvə görüşünün son sənədinin qəbul olunması məsələsində çox gərgin və təhlükəli bir vəziyyət yarandı. Biz məsələni belə qoyduq: bizim tələblərimiz qəbul olunmalıdır, əgər belə olmasa, Azərbaycan dövlətinin nümayəndə heyəti bu təşkilatın qanuna görə olan öz hüququndan istifadə edərək Zirvə görüşünün yekun sənədinin qəbul olunmasının qarşısını alacaqdır.
Şübhəsiz ki, bu, çox mürəkkəb bir vəziyyət yaratdı. 55 dövlətin başçılarının iki ildə bir dəfə bir araya gəlməsi, məsələləri müzakirə etməsi və son nəhayətdə heç bir qərar qəbul etməməsi, şübhəsiz ki, hər bir ölkə, dövlət üçün beynəlxalq aləmdə çox ağır bir nəticə ola bilərdi. Ancaq biz milli mənafeyimizin təmin olunmasını əsas şərt kimi qoyaraq həmin o hüququmuzdan çox cəsarətlə, deyə bilərəm, böyük risklə istifadə etdik. Məhz bunun nəticəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Lissabon Zirvə görüşü bizim istədiyimiz bəyannaməni, bəyanatı qəbul etdi. Bu bəyannamə, bəyanat ondan ibarətdir ki, Zirvə görüşündə təmsil olunan bütün dövlətlər, – Ermənistan istisna edilməklə, – hamısı təsdiq etdi ki, Azərbaycanın ərazi bütövlüyü dəyişilməzdir, toxunulmazdır və o, təmin olunmalıdır. Məsələnin sülh yolu ilə həll olunması üçün Dağlıq Qarabağa yalnız və yalnız Azərbaycan Respublikasının tərkibində yüksək muxtariyyət statusu verilə bilər.
Bu bəyannamə, bəyanat, sənəd çox tarixi bir sənəddir. Demək, ATƏT-ə, yəni Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin hamısı, ən böyük ölkələrdən başlamış – Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya, Fransa, Almaniya, Türkiyə və başqaları, lap kiçik dövlətlərə qədər, hamısı yekdil oldular ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalıdır. Bu məsələnin sülh yolu ilə həll edilməsi ancaq bu prinsiplər əsasında ola bilər. Biz buna nail ola bildik.
Hesab edirəm ki, apardığımız sülhsevər siyasətdə bu sənədin qəbul olunması indi bizim üçün böyük bir mərhələ, imkanlar açır. Biz çalışacağıq ki, bu imkanlardan səmərəli istifadə edib, Azərbaycan Respublikasını, nəhayət, bu bəladan qurtaraq, işğal olunmuş torpaqlarımızı azad edək və Azərbaycan torpaqlarının hamısının üzərində öz hakimiyyətimizi bərpa edək.
Bir-iki gün bundan əvvəl ictimaiyyət nümayəndələri ilə görüşümdə mən bu barədə çox geniş məlumat vermişəm. O məlumat, mənim o çıxışım qəzetlərdə dərc olunubdur. Güman edirəm ki, siz mənim dediyim o sözlərlə, həmin o yazılarla ətraflı tanış olmusunuz. İnanıram ki, hərəniz sahənizdə bu siyasətimizin, tədbirlərimizin aparılmasında bizə dayaq, kömək, bizimlə həmrəy olacaqsınız.
Respublikamızı bu ağır vəziyyətdən çıxarmaq üçün xalqımız daha da sıx birləşməlidir, həmrəy olmalıdır, millətimiz bir olmalıdır. Millətimizin içində cürbəcür, bəlkə də nadürüst, nalayiq qüvvələr hələ ki var. Ancaq mən bu gün məmnuniyyət hissi ilə qeyd edirəm ki, xalqımızın tam əksəriyyəti, millətimizin, respublikamızın vətəndaşlarının tam əksər hissəsi Azərbaycanın bu doğru, düzgün yolunu, dövlətçilik, müstəqillik prinsiplərimizə, yüksək milli-mənəvi, dini amallarımıza uyğun olan bu yolu bəyənir, dəstəkləyir və bu yolda hamımızın bir yerdə getməsi üçün əlindən gələni edir.
Ona görə də mən bu gün məlumatları verərək bir daha sizi, bütün Azərbaycan xalqını, müsəlmanları, vətəndaşlarımızı birliyə, həmrəyliyə dəvət edirəm. Azərbaycan dövlətinin müstəqilliyinin yaşaması və möhkəmlənməsi naminə, respublikamızın ərazi bütövlüyünün bərpa olunması naminə, işğal edilmiş torpaqlarımızdan Ermənistan silahlı qüvvələrinin çıxarılması və bu torpaqların azad olunması naminə hamınızı birliyə, həmrəyliyə dəvət edirəm.
Mən əminəm ki, siz, xalqımızın hamısı mənim bu səsimə səs verəcək, siz bu ağır günləri, illəri birlikdə keçib gedəcəyik və Azərbaycanın xoşbəxt gələcək günlərini görəcəyik.
Bu bayram münasibətilə mən sizi bir daha təbrik edirəm. Bizim Lissabonda əldə etdiyimiz bu nailiyyətlər xoşbəxt bir günlərə təsadüf edir – Məhəmməd peyğəmbərin peyğəmbərliyə yetişməsi gününə, onun Allah-təala ilə bilavasitə danışması, merac gününə təsadüf edir. Bunun özü də böyük bir xoşbəxtlikdir. Bu da onu göstərir ki, bizim amalımız safdır, pakdır, ülvidir. Bu amallar bizi uğurlara, xoşbəxt günlərə gətirəcəkdir.
Sizin hamınıza, bütün Azərbaycan müsəlmanlarına cansağlığı, xoşbəxtlik, rifah arzu edirəm. Müstəqil Azərbaycan Respublikasına günü-gündən möhkəmlənmək, yüksəlmək arzu edirəm. Sağ olun.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.