Müqəddəs Ramazan bayramı münasibətilə müsəlman dövlətlərinin – İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Liviya, Misir, İraq və Özbəkistanın Bakıdakı fövqəladə və səlahiyyətli səfirləri ilə görüşdə söhbəti

Prezident sarayı

17 dekabr 2001-ci il

H e y d ə r   Ə l i y e v: Hörmətli səfirlər!

Mən sizin hamınızı və sizin vasitənizlə təmsil etdiyiniz  ölkələrin xalqlarını, dövlətlərini müsəlmanların müqəddəs bayramlarından biri olan Ramazan bayramı münasibətilə təbrik edirəm və sizin hamınıza, xalqlarınıza, millətlərinizə sülh, əmin-amanlıq və rifah arzulayıram.

Müsəlmanlar bu bayramı böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən, öz milli adət-ənənələrini, milli dəyərlərini, dini dəyərlərini bərpa edəndən sonra azərbaycanlılar bütün müsəlmanlara xas olan bayramları, o cümlədən Ramazan bayramını geniş qeyd edirlər. Siz burada bunu görürsünüz. Hesab edirəm ki, bu da bizim dövlət müstəqilliyimiz nəticəsində əldə etdiyimiz nailiyyətlərdən biridir.

Mən sizin ölkələrin dövlət başçılarına təbrik məktubları göndərmişəm. Ancaq eyni zamanda bu gün sizinlə bilavasitə görüşüb həm sizi təbrik etmək, həm də sizin vasitənizlə bir daha sizin ölkələrinizi, xalqlarınızı, dövlətlərinizi təbrik etmək istəyirəm. Hesab edirəm ki, belə bayramlar gərək müsəlman dininə itaət edən xalqların inkişafına, tərəqqisinə yardım etsin və xalqların bir-birinə daha da dost olmasına, mehriban əlaqələr saxlamasına yardım etsin, ümumi birliyimizə yardım etsin.

Mən sizə bir daha cansağlığı, səadət arzu edirəm. Bayramınız mübarək olsun! Orucunuz qəbul olunsun.

N a s e r   M ə h ə m m ə d   A b d u   S a m i: Mərhəmətli, rəhimli Allahın adı ilə!

Zati-aliləri cənab prezident Heydər Əliyev!

Mən bu mübarək bayram münasibətilə öz adımdan və həmkarlarım – müsəlman ölkələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş səfirləri adından Sizi  salamlamaqdan və təbrik etməkdən məmnunluq duyuram. İslam dininin ən gözəl təbrik və salamını, yəni «Sülh, Allahın xeyri və bərəkəti olsun!» sözlərini deyirəm.

Mən bu münasibətlə burada şəxsən Sizdən eşitdiyim bəzi sözləri xatırlayıram. Siz o zaman bizimlə olan söhbətdə Azərbaycan xalqının islam dininə mənsub olması haqqında danışdınız. Uzun illər müxtəlif cəhdlərdən, mənsub olduğu dinindən təcrid etmək cəhdlərindən sonra Azərbaycan xalqının yenidən öz milli – dini dəyərlərinə qayıtması və öz dini mənsubiyyətini bərpa etməsi onun böyük qələbəsidir, böyük qətiyyətidir. Biz indiki gündə Azərbaycan xalqının öz dininə, dini dəyərlərinə bağlılığını, sədaqətini müşahidə edirik.

Burada iştirak edən bütün həmkarlarım bu gün Sizin rəhbərliyiniz altında qurulan yeni Azərbaycan haqqında danışırlar. Burada olanların hamısının müşahidə etdiyi əsas bir səciyyəvi cəhət var ki, bunu həm qonşu dövlətlər, həm də başqa dövlətlər müşahidə edirlər. O da burada hökm sürən, burada tam əmin-amanlıq, sabitlik şəraitinin hökm sürməsidir. O əmin-amanlıq ki, az-az ölkələrdə müşahidə olunur. Bütün bunlar isə Sizin müdrik rəhbərliyiniz altında və xalqınızın bu ideallara bağlılığı şəraitində mümkün olmuşdur. Biz bunların hamısını, yəni ölkədəki bu əmin-amanlığı, sabitliyi hər gün, hər yerdə müşahidə edirik, görürük.

Biz Sizə möhkəm cansağlığı, uzun ömür arzulayırıq. Arzu edirik ki, Siz, Azərbaycan xalqı işğal edilmiş Qarabağ torpağının qarış-qarış hamısının azad olunmasını tez bir vaxtda görəsiniz.

Digər beynəlxalq təşkilatlar kimi, İslam Konfransı Təşkilatı da Birləşmiş Millətlər Təşkilatının Azərbaycanla bağlı, Azərbaycanın öz torpaqlarını azad etməsi ilə bağlı bütün qərarlarını tamamilə dəstəkləyir və Azərbaycanın öz torpaqlarını tam azad etməsini arzulayır.

Eyni zamanda mən həmkarlarım adından arzu edirəm ki, belə görüşlər gələcəkdə də təkrar olunsun və onlarda biz də iştirak edərək Sizi tam sağlam vəziyyətdə görək və Azərbaycanın öz amallarını həyata keçirməsinin şahidi olaq.

Zati-aliləri cənab Prezident, bu bayram münasibətilə Sizə bir daha təbriklərimizi yetiririk. Bayramınız mübarək olsun! Üzərinizə Allahın salamı, xeyir və bərəkəti olsun!

H e y d ə r   Ə l i y e v: Cənab səfir, sizə təşəkkür edirəm.

Bu bayram  münasibətilə Azərbaycan haqqında, Azərbaycanın bugünkü vəziyyəti haqqında öz həmkarlarınız adından, öz adınızdan dediyiniz xoş sözlərə görə məmnunam.

Mən çox məmnunam ki, siz öz ölkələrinizi Azərbaycanda təmsil edərək, burada sülh, əmin-amanlıq və ictimai-siyasi sabitlik şəraitində yaşayan bir ölkəni görürsünüz. Mən sülh deyəndə, bizim  ölkəmizdə xalqın arasındakı sülhü nəzərdə tuturam. Ancaq təəssüflər olsun ki, Ermənistan–Azərbaycan münaqişəsində hələ tam sülh əldə olunmayıbdır. Biz sadəcə, müharibəni dayandırmışıq. 1994-cü ildən atəşkəs rejimi hökm sürür. Bu vasitə ilə biz bir tərəfdən, Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasına çalışırıq, ikinci tərəfdən, ölkəmizin sosial-iqtisadi inkişafını təmin edirik.

Mən sizin dediyiniz sözləri məmnuniyyətlə qəbul edirəm ki, İslam Konfransı Təşkilatı hər dəfə dövlət başçılarının toplantılarında, xarici işlər nazirlərinin toplantılarında və başqa toplantılarda Ermənistan–Azərbaycan münaqişəsinin həll olunması haqqında qətnamələr qəbul edir və Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar hər dəfə öz etirazını bildirir, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edir. Mən buna görə də İslam Konfransı Təşkilatına və ona daxil olan dövlətlərin hamısına bir daha təşəkkürümü bildirirəm.

Mən sizi bir daha əmin edirəm ki, biz Azərbaycanda bundan sonra da ictimai-siyasi sabitliyi təmin edəcəyik və siz gələcəkdə də Azərbaycanda indi gördüyünüz sabitlik, əmin-amanlıq şəraitində məhsuldar işləyəcəksiniz. Burada Azərbaycan ilə öz ölkələriniz arasında əlaqələrin inkişaf etdirilməsində xidmətlərinizə görə mən sizə səmimi-qəlbdən təşəkkür edirəm.

Sizi Ramazan bayramı münasibətilə bir daha təbrik edirəm.

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.