Bakının Bibiheybət ziyarətgahında Qurban bayramı mərasimində çıxışı

28 mart 1999-cu il

H a c ı  H i k m ə t  Ə l i z a d ə (Bibiheybət məscidinin axundu): Cənab prezident, 1994-cü il mayın 21-də, peyğəmbər əleyhissəlam həzrəti Məhəmmədin mövlud günü Siz ilk dəfə buraya gələndə indi gördüyünüz ikinci minarənin ucaldığı yerdə çıxış edib bizə söz verdiniz ki, inşallah, Bibiheydət məscidi tikiləcəkdir. Bu xeyirxah əməlinizə görə Sizə cansağlığı diləyirik. Allah Sizi bizə, xalqımıza çox görməsin. Sizin sözünüz də, əməliniz də bütövdür və hər işi başa çatdırırsınız. Bayramınız mübarək olsun!

H e y d ə r  Ə l i y e v: İş onda deyil ki, mən söz vermişəm və sözümü yerinə yetirmişəm. Təbiidir ki, mən söz verəndə həmişə onu yerinə yetirməyə çalışıram və çox vaxt da nail oluram. Amma bu, təkcə sizin arzunuz, istəyiniz olmamışdı. Bu, mənim qəlbimdən gələn bir hiss idi. Keçmişdə biz Azərbaycanda saraylar, böyük-böyük binalar yaratmışıq. Amma bu müqəddəs yerdə məscidin yaranması sizin də, bizim də – bütün müsəlmanların arzusu olubdur. Mən xoşbəxtəm ki, biz belə bir gözəl məscid yaratdıq. Gözəl də minarələri var, çox gözəldir. Özü də ancaq Azərbaycan memarlığı üslubunda tikilibdir, başqa cür ola bilməz. Çox gözəl məsciddir və o, burada olmalı idi. Bura müqəddəs yer, pirdir. İnsanlar buna inanır, buraya böyük ümidlərlə gəlirlər. Ona görə də burada belə bir məscid binası olmalı idi ki, insanlar gəlib həm öz arzu-istəklərini bildirsinlər, eyni zamanda ibadət eləyə bilsinlər. Mən çox xoşbəxtəm, çox gözəldir. 

H a c ı  A l l a h ş ü k ü r  P a ş a z a d ə: Bismillahir-rəhmanir-rəhim.

Həmd və səna olsun Allaha ki, bizi yaradıb və içərimizdən bizə elə şəxslər göndərib ki, onlar dünyaya gələndən sonra saleh işlər görürlər, insanlara yaxşı yollar göstərir, yaxşı əməllər sahibi olurlar.

Sovet rejimi, ateizm rejimi zamanı Bibiheybət məscidi, müqəddəs yerimiz – imam Rza əleyhissəlamın bacısı Hökumə xanımın dəfn olunduğu məscid yerlə yeksan edildi, şəhidliyə məruz qaldı. Hətta üstündən yol çəkildi ki, bir daha tikilməsin. Bəli, onu sökənlər, dağıdanlar, üstündən yol çəkənlər də təəssüf ki, xalqımızın nümayəndələri, azərbaycanlılar idi.

Amma bu gün biz Heydər minarəsindən birinci dəfə olaraq, hörmətli prezidentimizin iştirakı ilə, onunla bərabər gəlmiş qonaqların iştirakı ilə «Allahu-əkbər» səsini eşidirik, yəni dirilik səsini eşidirik. Allah-təala bir tərəfdən bizi ümidsiz eləyirdisə, bu gün bizə ümid, gələcəyə inam bəxş eləyibdir. Allah-təala Azərbaycan torpağına xalqımızı birlikdə görmək əzmində olan bir rəhbər göndərdi və biz bugünkü gündə onun nemətini görürük.

Biz bu məscidə cansız daş kimi baxmamalıyıq. Yox, bu məscid diridir, şahiddir, xalqımızın tarixidir. Xalqımızı əyə bilərlər, torpaqlarını əlindən müvəqqəti ala bilərlər. Amma heç vaxt imanımızı, inamımızı əlimizdən ala bilməzlər. Çünki bu xalqın belə oğulları varsa, inşallah, o xalq həmişə yaşayacaq və yaşamaqdadır.

Bu tikintidə zəhmət çəkənlər çoxdur. Bibiheybət məscidinin tikilməsində onun ətrafında yaşayan adi camaat, xalq kömək göstərib, işçilər də yaxşı çalışıblar. Elə adamlar var ki, daxilən, Allaha məhəbbət üçün, xalqına və rəhbərə məhəbbət üçün iş görürlər. Mən istərdim ki, şeyxülislam kimi, bu bayram günündə şəhərimizin meri Rəfael Allahverdiyevə bütün müsəlmanlarımız adından təşəkkürümü bildirim. Onun gördüyü işlər, köməyi sayəsində tikinti bu ərsəyə çatmışdır.

Bəziləri deyirlər ki, indi məscid tikmək vaxtıdırmı, başqa şeylər də tikmək olar. Bəli, zavod tikməklə bərabər, gərək bizim mənəviyyatımızın da qülləsi ucaldılsın. Xüsusən, Bibiheybət məscidinin ikinci dəfə həyat qazanmasına, bu məbədin, belə müqəddəs yerin olmasına böyük ehtiyacımız var.

Ürəyimdə çox söz var. Elə bilirəm ki, bu arzular təkcə mənim deyil, bütün xalqımızın arzularıdır. Mən bayaq dedim ki, bu məscidi yıxanlar, dağıdanlar da bizim xalqımızın nümayəndələri olub, qıraqdan gəlib külüng vuranlar olmayıbdır. Amma indi tikənlər prezident həzrətlərinin rəhbərliyi ilə onu ucaldıblar.

Bu gün Heydər minarəsindən birinci dəfə olaraq Allahu-əkbər azanı deyildi. Allahu-əkbər azanının mənası çox böyükdür. Yəni bu gün biz bu azanla birlik yaradırıq. «Allahu-əkbər» deməklə bildiririk ki, biz bir xalq, Azərbaycan xalqıyıq, bizi ayrı-ayrı millətlərə, məzhəblərə ayırmaq olmaz. Bu addımı atan, buna rəhbərlik edən, öz vəsaiti ilə bu minarəni tikdirən prezidentimizə dua edirik. Bütün xalqımızın adından, dili və dinindən asılı olmayaraq hamımızın adından ona, ailəsinə, apardığı işlərinə müvəffəqiyyətlər arzu edirik.

Dünən mən Məkkə ziyarətində olan bizim hacılarla danışdım. Bu gün onların hamısı Ərəfatda əllərini göyə qaldırıb dua edirlər, qurban kəsirlər. Prezident həzrətləri, mən istərdim onların da salam-dualarını Sizə, işçilərinizin hamısına çatdırım.

Mən bir daha minnətdarlığımı bildirirəm. Əlbəttə, Sizin gördüyünüz bu işlərə qiymət vermək mənim üçün çətindir. Mən dua edirdim ki, Allah-təala özü əcrini versin. Bilirik ki, Allah-təala bir şeyin əcrini verərsə, inşallah, o daimidir, heç vaxt yıxılmayacaq, büdrəməyəcəkdir. Kim də istəsə ki, ona qarşı getsin, özü həmişə məhv olacaqdır. Allah-təala prezidentimizə cansağlığı versin! Biz onun bugünkü gününə mübarək deyir, bayramını təbrik edirik.

Bütün Azərbaycan xalqını həmişə bayramlarda, toylarda, şənliklərdə görmək istərdik. Prezidentimizin siyasəti sayəsində torpaqlarımızın azad olunmasını istərdik. Mən bunu neçə dəfə demişəm və bir daha təkrar edirəm ki, biz ruhanilər, din xadimləri Sizin ruhani əsgərinizik. Biz həmişə Sizinləyik. Çünki Siz haqqın tərəfdarısınız, biz də həmişə haqla bərabərik və Sizinləyik. Allah Sizə cansağlığı versin!

H e y d ə r  Ə l i y e v: Əziz həmvətənlər!

Sizi, bütün Azərbaycan xalqını, bütün müsəlmanları müqəddəs bayramımız – Qurban bayramı münasibətilə təbrik edir, hamınıza cansağlığı, ölkəmizə sülh, əmin-amanlıq, rifah arzulayıram.

Qurban bayramı dostluq bayramı, məhəbbət, birlik, mehribanlıq bayramıdır. Bu gün kəsilən qurbanlarla hər bir şəxs, hər bir xalq, millət arzularının, niyyətlərinin yerinə yetməsi üçün Allahdan rəhm, kömək istəyirlər. Arzu edirəm ki, Azərbaycan torpağında müsəlmanların bu gün bayram münasibətilə kəsdikləri qurbanlar hamısı qəbul olunsun. Hər kəsin qəlbində olan arzular, niyyətlər yerinə yetsin. Hər kəs xoşbəxt, sağlam olsun. Bütün ölkəmizə, xalqımıza səadət arzulayıram.

Bu gün xalqımız bəlkə də hər şeydən çox dostluq, mehribanlıq, birlik ehtiyacındadır. Son illər Azərbaycanda, cəmiyyətimizdə bu arzular günü-gündən möhkəmlənir. Xalqımızın, cəmiyyətimizin məhz birliyi, həmrəyliyi nəticəsində biz Azərbaycanda sülhə və əmin-amanlığa nail olmuşuq. Azərbaycan dövlətinin apardığı siyasət, həyata keçirdiyi tədbirlər xalqın əksəriyyəti tərəfindən minnətdarlıqla qəbul olunur. Xalqın, vətəndaşlarımızın hamısının səyləri nəticəsində biz ölkəmizdə sabitliyə nail olmuşuq, ictimai-siyasi sabitlik əldə etmişik. 

1994-cü ildə Ermənistan-Azərbaycan müharibəsində atəşi dayandırmışıq, atəşkəs rejimi əldə etmişik. İnsanlarımıza rahat, sülh şəraitində yaşamaq, yaratmaq, qurmaq imkanları təmin etmişik. Biz müharibədən tamamilə xilas olmaq istəyirik, işğal edilmiş torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün çalışırıq.

Ölkəmizin suverenliyi, müstəqilliyi, torpaqlarımızın müdafiəsi yolunda böyük qurbanlar vermişik. Qan tökülübdür, şəhidlər vermişik. Bu Qurban bayramı günündə bütün şəhidlərə Allahdan rəhmət diləyirəm, xalqımıza səbr diləyirəm. İnanıram ki, biz Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyik, işğal olunmuş torpaqlar azad olunacaq, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımız öz elinə-obasına qayıdacaqlar. Bütün xalqımızın rahat, firavan həyat sürməsi üçün imkanlar yaradılacaqdır.

Son illərdə bütün sahələrdə əldə etdiyimiz nailiyyətlər xalqımızın, vətəndaşlarımızın Azərbaycan dövlətinə, iqtidarına göstərdiyi etimadın, dəstəyin nəticəsidir, cəmiyyətimizin əksəriyyətinin həmrəy olmasının, birliyə, mehribanlığa səylər göstərməsinin nəticəsidir. Bütün bunlara görə bu gün mən Azərbaycanın vətəndaşlarına, xalqımıza təşəkkür edirəm. Bayram günü sizi əmin edirəm ki, Azərbaycanın dövləti bundan sonra da ölkəmizin müstəqilliyinin möhkəmlənməsi uğrunda əzmlə çalışacaq, vətəndaşlarımızın rifah halının yaxşılaşması üçün ardıcıl tədbirlər həyata keçirəcək və respublikamızın inkişafını təmin edəcəkdir. Buna əmin ola bilərsiniz.

Amma bunlara nail olmaq üçün yenə də və yenə də ölkəmizə sülh, əmin-amanlıq, sabitlik lazımdır, qarşılıqlı anlaşma, həmrəylik, birlik lazımdır. Mən bu gün sizləri, Azərbaycanın bütün vətəndaşlarını bu yolda əməkdaşlığa dəvət edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, biz istədiyimizə nail olacağıq. 

Bu gün biz Qurban bayramı münasibətilə islam aləminin müqəddəs yeri Bibiheybət pirinə, həzrəti Hökumənin qəbri olan yerə toplaşmışıq. Hamımızı sevindirən odur ki, keçmişdə, bir neçə il öncə burada olan xarabazarlıq ləğv edilibdir, 1933-cü ildə nadanlar tərəfindən dağıdılmış Bibiheybət məscidinin yerində yeni, ondan da gözəl, yaraşıqlı, əzəmətli məscid tikilib və bu gün biz bu məsciddəyik. Bu, bizim tariximizə, dinimizə, imanımıza, milli-mənəvi ənənələrimizə sədaqətin rəmzidir. Biz heç vaxt öz dinimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi unutmamalıyıq. Onları yaşatmaq, onlardan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir.

Mən məmnunam ki, qısa bir zamanda Bibiheybət məscidini yenidən yaratdıq. Xatirimdədir, 1994-cü ildə mən buraya gələrkən xırda bərpa işləri başlanmışdı. Hamımız birlikdə belə qərar qəbul etdik ki, həzrəti Hökumənin ruhuna, islam dinimizin ənənələrinə layiq, milli ənənələrimizə layiq məscid tikməliyik.

Xoşbəxtəm ki, buna nail olduq. Bu məscid bütün ziyarətə gələnlər üçün böyük bir töhfədir. Böyük xoşbəxtlikdir ki, biz bu töhfəni hər bir müsəlmana bəxş edə bilirik. Keçmiş illərdə biz Azərbaycanda çox zavodlar, fabriklər, saraylar, məktəblər, xəstəxanalar, elmi tədqiqat institutları, teatrlar, kinoteatrlar tikmiş, yaratmış, ölkəmizi inkişaf etdirmişik. Ancaq o illərdə bizim dinimiz qadağan edilmişdi, millətimizin, xalqımızın ən əziz dəyərlərinə itaət etməkdən məhrum olmuşdur, Azərbaycanda məscidlərin əksəriyyəti dağıdılmışdı. 

Ona görə də indi bu boşluğu mütləq doldurmalıyıq və bunu da edirik. Azərbaycan vətəndaşları, insanlar öz imkanlarından istifadə edərək ölkəmizin hər yerində dini ocaqlar, məscidlər yaradırlar. Bu təqdirəlayiqdir. Bu sahədə bizim də işlərimiz göz qabağındadır. Gördüyümüz işlərin ən gözəl nümunəsi də bu gün toplaşdığımız Bibiheybət məscididir. Biz bunu yaratmışıq ki, azərbaycanlılar, müsəlmanlar bundan istifadə edib öz istəklərini, arzularını yerinə yetirsinlər. Biz bunu gələcək nəsillər üçün bir abidə kimi yaratmışıq. İnanıram ki, xalqımız bu müqəddəs yeri, Bibiheybət məscidini daim yaşadacaqdır.

İndi Azərbaycan müstəqil dövlətdir, öz taleyini özü həll edir. Bundan sonra biz heç vaxt imkan verməyəcəyik ki, yadellilər, dinimizə, imanımıza, mənəviyyatımıza zidd olan hansısa qüvvələr gəlib bizə hakim olsunlar və mənəvi dəyərlərimizə yenidən xəsarət gətirsinlər. Bundan sonra heç vaxt buna yol verilməyəcəkdir. İnanıram ki, Bibiheybət məscidi bu gündən sonra daha da zənginləşəcək və gələcək üçün yaşayacaq, gələcək nəsillərə bizdən töhfə olacaqdır.

Mən bu gün bütün Azərbaycan xalqına, müsəlmanlara ən xoş arzularımı bildirirəm. Əziz dostlar, bu gün bu müqəddəs məscidə toplaşdığınıza görə sizə təşəkkür edirəm. Hər birinizə cansağlığı və səadət arzulayıram. Bayramınız mübarək olsun! Sağ olun.

* * *

H a c ı  A l l a h ş ü k ü r  P a ş a z a d ə: Əziz prezidentimiz və Sizinlə gələn dövlət işçiləri! Bu, bizim üçün yeni addımdır. Bilirsiniz ki, vaxtilə nəinki Qurban bayramını qeyd etmək, hətta qurban kəsmək bizim üçün çox çətin idi. Bir vaxt vardı qurbanı gizli kəsirdik, qorxurduq. Amma indi müstəqil Azərbaycan dövlətinin rəhbəri kimi, Siz Qurban bayramı gününü elan etdiniz və o günü istirahət günü elədiniz. Bugünkü gündə də Qurban bayramını bizimlə bir yerdə keçirirsiniz. Allah-təala Sizi bəladan qoruyub saxlasın. Allah-təala Sizin rəhbərliyinizlə bütün Azərbaycanın, xalqımızın gələcəyini xoşbəxt eləsin. Bir arzum da var: Allah-təala xoş niyyətlərinizə çatmağınıza kömək eləsin və biz də həmişə Sizə duaçıyıq. 

Sizə bir daha minnətdarlığımı bildirirəm, çox sağ olun. Sizin gəlişiniz bizim üçün xeyirdir, xoşbəxtlikdir. Bütün müsəlmanlara, Azərbaycan müsəlmanlarına, mənəviyyatımıza verdiyiniz qiymətdir ki, bu qədər işiniz olduğu halda, gəlib bizimlə görüşürsünüz. Biz bunu çox qiymətləndirir və bir daha minnətdarıq. Çox sağ olun. 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.