Zuğulbadakı pansionatda müvəqqəti məskunlaşan qaçqınlarla görüşdə çıxışı
21 may 1994-cü il
Əziz bacılar və qardaşlar! Əziz həmvətənlərimiz! Əziz şuşalılar, xocalılar, laçınlılar, Azərbaycanın gözəl diyarı Qarabağ torpağının sakinləri, o torpaqda yaşamış, böyümüş soydaşlarımız! Hamınızı və sizin simanızda bu gün, bu müqəddəs gündə bütün Azərbaycan xalqını, Azərbaycan vətəndaşlarını xalqımızın böyük bayramı – Qurban bayramı münasibətilə təbrik edirəm, hamınıza səadət və xoşbəxtlik arzulayıram.
Qurban bayramı islam aləminin bizə yadigar qoyduğu müqəddəs bayramdır. Bu bayramı dünyada bütün müsəlmanlar qeyd edirlər. İndi biz milli ənənələrimizi, adətlərimizi, dinimizi, mədəniyyətimizi bərpa etmişik. Azərbaycan xalqı milli azadlığa nail olub, özü öz taleyinin sahibidir. Ulu babalardan, Həzrəti Məhəmməd peyğəmbərdən qalmış müqəddəs kitabımız Qurani-Kərim tərəfindən tövsiyə olunmuş Qurban bayramını bu gün azad və sərbəst şəraitdə qeyd edirik və beləliklə Azərbaycan xalqının həm müstəqilliyini, həm milli azadlığını, həm də öz tarixi ənənələrinə sadiq olduğunu bütün dünyaya bir daha nümayiş etdiririk.
Bayram insanlara həmişə şadlıq, xoş əhval-ruhiyyə gətirir. Ancaq indi xalqımız böyük dərd içərisindədir. Azərbaycan altı ildir ki, Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalaraq, torpaqlarını müdafiə edərək müharibə vəziyyətində və ağır şəraitdə yaşayır. Bu dövrdə Azərbaycan xalqının bir çox övladları, qəhrəman, cəsur oğulları torpağımızı müdafiə edərək şəhid olmuşlar.
Burada Şuşadan, Laçından, Xocalıdan qaçqın düşmüş soydaşlarımız – bacılarımız, qardaşlarımız, övladlarımız məskunlaşıblar. Bu, xalqımızın ağır şəraitdə yaşadığını göstərir. Ancaq xalqımız nikbindir, başını heç vaxt aşağı tutmayıb, sınmayıb, əyilməyib, heç vaxt diz çökməyib. Ona görə də bu ağır gündə, bəlalı gündə də biz adət-ənənələrimizi unutmuruq, Qurban bayramını qeyd edirik. Şübhəsiz ki, bayramı istədiyimiz kimi, bolluq, əmin-amanlıq şəraitində keçirməyə imkanımız yoxdur. Bunu hamı başa düşür. Ancaq hər birimizin qəlbində dərdlə, qəmlə yanaşı, bayram əhval-ruhiyyəsi, bayram sevinci, nikbinliyi də vardır. Ona görə də mən Qurban bayramı günündə məhz buraya, sizin yanınıza gəlmişəm. Sizinlə, bəlkə də Azərbaycanda ən çox dərd- qəm içində olan insanlarla görüşə gəlmişəm.
Yenə də deyirəm, siz çox əzab-əziyyət çəkmisiniz. İki ildir ki, doğma el-obanızdan, yerinizdən-yuvanızdan didərgin düşmüsünüz. Ata-babalarınızdan qalmış ev-eşiyinizi, var-yoxunuzu itirmisiniz. Mən bilirəm, içərinizdə elə ailə tapılmaz ki, şəhidi, itkisi olmasın. Hamı dərd içindədir. Vətənini, xalqını sevən hər bir azərbaycanlı sizin kimi dərd içərisindədir.
O cümlədən mən də – sizin qarşınızda durmuşam, sizi təbrik edirəm, ancaq qəlbim dərdlə doludur. Sizin dərdiniz, xalqımızın başına gələn bəlalar mənim də dərdimdir. Bir halda ki, mən xalqın iradəsi ilə Azərbaycan Respublikasının prezidenti seçilmişəm, deməli, mən hamıdan çox dərd çəkməliyəm və çəkirəm (Yerdən səs: Bizim ümidimiz Sizədir). Bacım, mənim də ümidim sizədir, Azərbaycan xalqınadır. Ancaq bilin, əlimdən gələni əsirgəməyəcəyəm ki, sizin ümidinizi, xalqımızın ümidini layiqincə doğruldum. Buna tam əmin ola bilərsiniz.
Bayram günündə hər şeydən əvvəl, torpaqlarımızın, ərazi bütövlüyümüzün, müstəqilliyimizin müdafiəsi yolunda canını qurban vermiş övladlarımızı, bacı və qardaşlarımızı minnətdarlıqla yad edirəm. Bir daha bəyan edirəm ki, onların qəhrəmanlığı heç vaxt unudulmayacaqdır. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır. Onlar öz qəhrəmanlığı, şəhidliyi ilə özlərinə əbədi abidə qoyublar. Vətənin müdafiəsində şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi rica edirəm.
Allah onlara rəhmət eləsin. Onların valideynlərinə, bacı-qardaşlarına, övladlarına Allah səbir versin. Allah sizə səbir versin. Allah sizi hifz etsin. Bir daha deyirəm, əminəm ki, o şəhidlərin qanı yerdə qalmayacaq, Azərbaycan xalqı onların apardığı mübarizəni davam etdirəcək, respublikamızın ərazi bütövlüyünə nail olacaqdır.
Mən şəxsən bilirəm ki, vəziyyətiniz ağırdır. İki ildir ki, didərgin həyatı keçirirsiniz. Burada özünüzə yer tapmısınız. (Yerdən səs: Darısqaldır). Bilirəm darısqaldır, bacı, əlbəttə çox darısqaldır. Mən də bilirəm, siz də bilirsiniz ki, son vaxtlar didərgin düşmüş adamların əksəriyyəti indi İmişlidə, Sabirabadda, Ağcabədidə və başqa yerlərdə çadırlarda yaşayır. Bəziləri isə bundan da pis şəraitdədirlər.
Sizə məlumdur ki, altı il davam edən müharibə nəticəsində torpaqlarımızın iyirmi faizi erməni silahlı qüvvələrinin işğalı altındadır. Bu müddətdə Şuşadan, Xocalıdan, Dağlıq Qarabağın azərbaycanlılar yaşamış başqa kəndlərindən, qəsəbələrindən, ətrafdakı rayonlardan, Laçından, Kəlbəcərdən bir milyondan artıq Azərbaycan vətəndaşı didərgin düşüb, yer-yurdunu itirmişdir. İndi böyük çətinliklə onların məskunlaşması üçün müəyyən şərait yaratmağa çalışırıq.
Mən vəziyyətinizin ağırlığını bilirəm, dözümünüzə, səbirliliyinizə böyük hörmət edirəm. Sağ olun ki, dözürsünüz, sağ olun ki, xalqın bu ümumi faciəsinə, bəlalarına səbrlə davam gətirirsiniz. Bu, xalqımıza xas olan xüsusiyyətdir. Xalqımız əsrlər boyu öz torpaqlarını, müstəqilliyini müdafiə edərək vuruşub, döyüşüb, şəhidlər veribdir. Bəzən əsarətə də düşüb, ancaq dözüb. Dözümlülük bizim xalqın xüsusiyyətidir, böyük mənəvi sərvətidir. Güman edirəm ki, bu fikri siz də qəbul edərsiniz – yaman günün ömrü az olar. Həmişə belə olmayacaq. Tarixə nəzər salsaq görərik ki, xalqımız beş il, on il yox, Bəzən əsrlərlə əsarətə, əziyyətə, məhrumiyyətə dözüb, ancaq mənliyini, inamını, milli qürurunu itirməyib.
Siz də itirməyəcəksiniz, biz də itirməyəcəyik. Gün gələcək ki, bu əzab-əziyyətli günlər tarixdə qalacaq, xalqımız öz müstəqil dövlətində şən, xoşbəxt, firavan yaşayacaqdır. Mən buna əminəm və sizi də əmin edirəm ki, Azərbaycanın dövlət hakimiyyəti və prezident kimi mən qələbəyə nail olmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Bugünkü görüşümüzdə fürsətdən istifadə edərək son vaxtlar respublikamızda gedən proseslər, ölkəmizdəki vəziyyət barədə bəzi fikirlərimi sizə çatdırmaq istəyirəm. Bilirsiniz ki, Ermənistanın Azərbaycana təcavüzü son illər ardıcıl davam edir. Nəticədə biz ərazimizin bir hissəsini itirmişik. Son vaxtlar, xüsusən mən Azərbaycanın rəhbərliyinə qayıdandan sonra ordu qurulması, müdafiə imkanlarımızın artırılması, eyni zamanda respublikamızın müstəqil dövlət kimi xalqın mənafeyinə uyğun siyasət yeritməsi istiqamətində bir sıra mühüm işlər görülmüşdür. Biz müharibə ilə əlaqədar, həm də beynəlxalq aləmlə münasibətləri möhkəmləndirmək sahəsində müəyyən iş aparmışıq. Bütün bunlar sizə məlumdur. Sizə məlumdur ki, Azərbaycanın böyük iqtisadi, intellektual, mədəni, sosial potensialı son illər bir tərəfdən müharibə, digər tərəfdən isə respublikamızın daxilində gedən siyasi proseslər nəticəsində, ayrı-ayrı qrupların hakimiyyət uğrunda mübarizəsi, bir çox adamların xalqın mənafeyinə zidd hərəkətləri nəticəsində dağılmışdır.
Bu gün elə burada yadıma salırlar ki, Şuşada görüşmüşdük (Yerdən səs: Vaqifin məqbərəsinin açılışına gəlmişdiniz). Bəli, düz deyirsiniz, Vaqifin məqbərəsinin açılışına gəlmişdim. Bir bacım dedi ki, Siz mənə "Şərəf Nişanı" ordeni vermişdiniz. Axı o görüşlər elə-belə görüşlər deyildi. O vaxt xalqımız rahat, firavan yaşayırdı. Xatirinizə salın, Şuşanın abadlaşması, gözəlləşməsi üçün 70-ci illərdə biz nə qədər işlər gördük! (Yerdən səs: Şuşada çoxmərtəbəli binaları Siz tikdirmisiniz, Qarabağa dəmir yolunu Siz çəkdirmisiniz). Bəli, çoxmərtəbəli yaşayış binaları, mehmanxana, şəhərin abadlaşması, tarixi abidələrin bərpası, məscidlərin bərpası, dahi şairimiz Molla Pənah Vaqifin məqbərəsi, xan qızı Natəvanın evinin bərpası, Bülbülün, Üzeyir Hacıbəyovun ev- muzeylərinin yaradılması... Görülən işlər çoxdur. Şuşalılar bunların hamısını yaxşı bilir. Bütün bu işlər o illərdə sizlə bizim birgə fəaliyyətimizin nəticəsidir. Bir Şuşada bu qədər iş görülmüşdü, indi görün Azərbaycanın başqa regionlarında nə qədər işlər görülmüşdü, böyük potensial yaranmışdı. Sənaye və kənd təsərrüfatı müəssisələri, elektrik stansiyaları tikilmiş, kanallar, su hövzələri, şose və dəmir yolları çəkilmişdi. Bəli, həmin Ağdama, Xankəndiyə, ondan sonra Balakənə, Şəkiyə dəmir yolları çəkildi. Nə qədər işlər görüldü.
Bunların hamısı xalqın əməyinin nəticəsi idi. İndi bu potensial dağılıb, bərbad hala düşüb. Müharibə dövründə bəzi adamlar bu potensialı əldə saxlamaq, qorumaq əvəzinə öz şəxsi mənafeləri naminə bunların hamısını dağıdıblar. Ona görə də son vaxtlar biz Azərbaycanın müharibədən çıxması, eyni zamanda ordumuzun qurulması, möhkəmlənməsi, müdafiə imkanlarımızın yaranması ilə əlaqədar bir çox tədbirlər görürük.
Bununla yanaşı müharibədən çıxmaq məsələsini sülh yolu ilə həll etmək üçün siyasi tədbirlər görür, böyük dövlətlərlə danışıqlar aparır, beynəlxalq təşkilatların imkanlarından istifadə edirik. Bunların hamısını bir yerdə cəmləyərək həm hərbi qüdrətimizi, həm iqtisadi potensialımızı müəyyən qədər hərəkətə gətirir, həm xarici siyasətimizi gücləndirir, həm də müharibə ilə əlaqədar siyasi tədbirlər həyata keçirməyə çalışaraq xalqı bu bəlalardan qurtarmağa cəhd edirik. Sizə deyə bilərəm ki, bizim bu tədbirlərimiz, gördüyümüz işlər öz nəticələrini verib və verir.
Sizə məlumdur ki, ordumuz əvvəllər, demək olar ki, dağınıq şəkildə idi, yox idi. Hərə özünə bir dəstə düzəltmişdi. Siz şuşalılar, xocalılar, Dağlıq Qarabağın adamları bunu yaxşı bilirsiniz. Biz birinci növbədə nizami ordu yaranmasına səy göstərdik. Bu sahədə böyük nailiyyətlər əldə etdik. Artıq ordumuz qurulub, nizami ordumuz var. Bilirsiniz ki, son aylarda, xüsusən keçən ilin oktyabr, noyabr aylarından sonra ordumuz Ermənistanın işğalçı silahlı qüvvələrinə qarşı hücum əməliyyatları apardı. Həmin hücumlar nəticəsində əvvəllər əldən getmiş torpaqlarımızın bir hissəsi geri qaytarıldı. Bu hücumlarda, döyüşlərdə ordumuzun bugünkü səviyyəsi bütün dünyaya nümayiş etdirildi. Ermənilər də, onların ordusu da bunu hiss etdilər, geri çəkildilər. Bu, gördüyümüz işlərin bir istiqamətidir.
Ancaq biz yaxşı bilirik ki, müharibə bundan sonra da davam etsə, yeni böyük faciələrə gətirib çıxaracaqdır. Ona görə də müharibəyə son qoymaq istəyirik. Biz istəyirik ki, məsələni sülh yolu ilə həll edək. Sülh yolu – danışıq yoludur. (Yerdən səs: Düz edirsiniz). Məsələni danışıqlar yolu ilə həll etmək olar. Ona görə də mən danışıqlar aparıram.
Onu da bilirsiniz ki, Dağlıq Qarabağ məsələsi bütün dünya dövlətlərinin siyasətində çox böyük yer tutur. Dünyanın elə bir dövləti yoxdur ki, Dağlıq Qarabağ probleminə öz münasibətini bildirməsin. Çox təəssüf hissi ilə deyə bilərəm ki, son illərdə Azərbaycanın xarici siyasətinin zəif olması nəticəsində ölkəmiz dünya miqyasında özünü göstərə bilməmiş və respublika siyasətçilərinin bacarıqsızlığı üzündən dünyada, böyük dövlətlərdə, Avropada, Amerikada belə fikir yaranıb ki, guya günahkar Azərbaycandır. Dağlıq Qarabağ erməniləri guya hüquqlarından məhrum ediliblər. Ümumi beynəlxalq ictimai fikir çox vaxt Ermənistanın tərəfindədir, bu həqiqətdir. Bəlkə siz bunu bilmirsiniz, başqaları bilmir, amma biz bunu bilirik. Siyasətlə məşğul olan adamlar, indi meydana çıxmış bəzi siyasətbazlar da bunu yaxşı bilirlər.
Biz bu son aylarda çalışmışıq ki, müharibəni dayandıraq, məsələni sülh yolu ilə həll edək. Ancaq bir şərtlə ki, işğal olunmuş torpaqlar geri qaytarılsın. Azərbaycan Respublikasının ərazi bütövlüyü, sərhədlərimizin toxunulmazlığı təmin olunsun. Amma siz bilməlisiniz ki, bu, asan iş deyil.
Bir tərəfdən beynəlxalq ictimai fikir, əsasən, Azərbaycanın xeyrinə deyildir, ikinci tərəfdən erməni silahlı qüvvələri Azərbaycan tərəfinin zəifliyi nəticəsində – xalqın yox, xalqımız qəhrəman xalqdır, – respublikamızın müqəddəratını həll edən şəxslərin səriştəsizliyi, bəzən də xalqa xəyanəti nəticəsində torpaqlarımızı işğal etmişlər. Şübhəsiz ki, bu da məsələnin sülh yolu ilə həll olunmasında bizim üçün çətinliklər yaradır. Çünki bir tərəfdən Ermənistanı dəstəkləyən, müdafiə edən qüvvələr beynəlxalq aləmdə çoxdur, ikinci tərəfdən də Ermənistan silahlı qüvvələri torpaqlarımızı işğal edib və biz onları oradan silah gücünə çıxara bilmiriksə, danışıqlara gedəndə öz şərtlərini qoyurlar. Bilirsiniz, bu nə qədər ağır və çətin məsələdir! Bu məsələləri həll etmək üçün gərək çox ağıllı, tarazlı, düşünülmüş siyasət aparılsın və biz də belə bir siyasət aparmağa çalışırıq. Son illərdə Azərbaycanın Rusiya ilə əlaqələri çox pisləşmişdi. Azərbaycanda bir ilə yaxın hakimiyyətdə olan, adını Xalq Cəbhəsi qoyub, xalqa bir gün ağlamayan təşkilat Azərbaycanla Rusiyanın münasibətlərində çox pis vəziyyət yaratmışdı. Təsəvvür edin, axı dünya siyasəti çox mürəkkəb prosesdir. Dünyada heç bir dövlət, o cümlədən kiçik dövlət siyasətdə naşılıq göstərməməlidir, reallıqdan uzaq hərəkət etməməlidir. Yenicə müstəqilliyini əldə etmiş, müstəqil dövlət kimi hələ mövqelərini tam möhkəmlədə bilməyən Azərbaycan Respublikasının Rusiya kimi böyük bir dövlətlə ədavət aparması mümkündürmü? (Yerdən səslər: Yox, yox). Axı buna əsas da yoxdur. Axı Azərbaycan 200 il Rusiyanın tərkibində olmuşdur. Biz istəsək də, istəməsək də bu, tarixi reallıqdır. Bu 200 il ərzində Azərbaycanla Rusiya arasında hərtərəfli münasibətlər: insani, elmi, texniki, iqtisadi münasibətlər yaranıb. Bunların hamısını qıraq, dağıdaq, Rusiyada yaşayan bir milyon azərbaycanlıdan imtina edək və böyük bir dövləti özümüzə düşmən edək? Bu yaramaz.
Ona görə də biz ilk növbədə Rusiya ilə münasibətləri normal vəziyyətə salmağa çalışdıq. (Yerdən səslər: Siz düz edirsiniz, biz buna tərəfdarıq). İndi Azərbaycanın Rusiya ilə münasibətləri çox yaxşı səviyyədədir. Dostluq əlaqələri yaratmışıq, bundan sonra da belə olmalıdır. Hər bir müstəqil dövlətin dünya miqyasında gərək dostları olsun. Yaxın qonşusu isə gərək ona dost olsun, düşmən olmasın. Biz Rusiya ilə münasibətdə buna nail olmuşuq.
Bildiyiniz kimi, bundan sonra biz Müstəqil Dövlətlər Birliyinə daxil olduq. Bu da çox lazımlı bir işdir. Bütün bunlar Ermənistan ilə Azərbaycan arasında gedən müharibənin sülh yolu ilə dayandırılması üçün mühüm əsas yaradır. Bununla yanaşı, biz başqa dövlətlərlə də yaxın əlaqələr yaratmağa çalışırıq. Məsələn, Türkiyə ilə əlaqələrimiz dostluq və qardaşlıq xarakteri, tarixi xarakter daşıyır və bu əlaqələri davam etdiririk. Bildiyiniz kimi, mənim Türkiyəyə səfərim oldu, mühüm müqavilələr imzaladıq. Türkiyənin rəhbərləri ilə bizim aramızda çox səmimi münasibətlər var.
İran bizim yaxın qonşumuzdur. Orada milyonlarla azərbaycanlı yaşayır. Tarixən, əsrlər boyu bizim çox yaxın əlaqələrimiz olmuşdur. Ancaq son dövrdə elə siyasət aparırdılar ki, guya İran bizim düşmənimizdir. Bunun nəticəsində də İranla münasibətlərimiz pozulmuşdu. Biz bu münasibətləri də qaydaya saldıq. İran prezidenti ağayi Haşimi-Rəfsəncani Azərbaycana rəsmi səfər etdi, bir neçə müqavilə imzaladıq. İndi İranla həm iqtisadi, həm mədəni, həm də insani əlaqələrimiz çox yaxşı səviyyədə inkişaf edir.
Eyni zamanda biz dünyanın böyük dövlətləri ilə əlaqələrimizi inkişaf etdirməyə çalışmışıq. Amerika Birləşmiş Ştatları böyük dövlətdir və dünya siyasətinə onun güclü təsiri var. ABŞ-la Azərbaycan arasında münasibətlər də çox soyuq idi. Biz bunu aradan qaldırırıq və zənnimcə, bu, yaxşı səmərə verir. Təsəvvür edin, 1992-ci ilin sentyabrında ABŞ konqresi Azərbaycan haqqında ədalətsiz bir qərar qəbul etmişdi. Bu, Azərbaycan Respublikasının o vaxtkı rəhbərlərinin ağılsız siyasətinin, bəlkə də fəaliyyətsizliyinin nəticəsi idi. Həmin qərar ondan ibarətdir ki, guya Azərbaycan Ermənistanı blokada vəziyyətində saxladığına görə "Azadlığı dəstəkləmək haqqında akt"ın 907-ci bəndinə əsasən Azərbaycana humanitar yardım göstərilməsi qadağan olunmuşdur. Konqresin həmin qərarı Azərbaycan ilə ABŞ arasında böyük bir uçurum yaratmışdı. Əgər Azərbaycanı idarə edən və indi də orada-burada özlərini böyük siyasətçi kimi qələmə verən adamların ağılları var idisə, Rusiya ilə, İranla, Amerika Birləşmiş Ştatları ilə münasibətlər nə üçün pisləşdi, ABŞ konqresi nə üçün belə bir qərar qəbul etdi?
Biz ABŞ-la münasibətləri qaydaya salmaq üçün də fəaliyyət göstəririk. Amerika Birləşmiş Ştatlarının nümayəndələri bir neçə dəfə Azərbaycana gəlmişlər, mənim onlarla görüşlərim olmuşdur. Biz başqa vasitələrlə də onlarla əlaqə saxlayırıq. Sizə deyə bilərəm ki, bir ay əvvəl Amerika prezidenti cənab Bill Klinton mənə məktub göndərmişdi. Həmin məktubda Amerikanın Azərbaycana münasibətində müsbətə doğru dönüş olduğu hiss edilir. ABŞ prezidenti ilk dəfə olaraq məktubunda yazır ki, o, Azərbaycana humanitar yardım göstərilməsinə qadağa qoyulmasını ədalətsiz sayır və bildirir ki, Konqresin həmin qərarının ləğv olunmasına çalışacaqdır. Belə hesab edirəm ki, bu, Azərbaycanın indiki vəziyyətində ABŞ prezidenti tərəfindən atılmış çox təqdirəlayiq addımdır.
Nəhayət, mayın 17-də cənab Bill Klinton Qurban bayramı münasibətilə mənə təbrik göndərmişdir. Bunun böyük mənası var. Birincisi, göründüyü kimi, müsəlman bayramı, bizim dini bayramımız Amerika Birləşmiş Ştatlarında da qiymətləndirilir. ABŞ prezidenti mənim şəxsimdə Azərbaycan xalqını bu bayram münasibətilə təbrik edir. İkincisi isə, cənab Bill Klinton Dağlıq Qarabağ probleminin sülh yolu ilə, xüsusən beynəlxalq təşkilat olan ATƏM xətti ilə həll edilməsinə səy göstərilməsini bəyənir və bildirir ki, onun ölkəsi də bu sahədə fəaliyyət göstərəcəkdir. Bu iki faktla bildirmək istəyirəm ki, deməli, ABŞ ilə apardığımız danışıqlar da öz müsbət nəticəsini verir. Mayın 15-də Amerikanın mötəbər bir nümayəndə heyəti Azərbaycana gəlmişdi. Biz onlarla çox səmərəli danışıqlar apardıq.
Sizə məlum olduğu kimi, Fransa prezidenti cənab Fransua Mitteranın dəvəti ilə mən bu ölkəyə rəsmi səfərə getmişdim. Böyük Britaniyanın baş naziri cənab Con Meycorun dəvəti ilə İngiltərədə oldum. Çin Xalq Respublikasının sədri Szyan Szeminin rəsmi dəvəti ilə bu ölkəyə səfərə getdim. Həmin səfərlər zamanı çox faydalı işlər görüldü.
Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü var: ABŞ, Rusiya, İngiltərə, Fransa və Çin. Mən Rusiya prezidenti cənab Boris Yeltsinlə dəfələrlə görüşmüşəm. Digər dörd dövlətin başçıları ilə görüşlərimizin böyük əhəmiyyəti var. Müstəqil Azərbaycan dövləti həmin ölkələrlə mühüm müqavilələr bağlamışdır. Təsəvvür edin, yeni müstəqil dövlət olan Azərbaycan Respublikası dünya siyasətində aparıcı rol oynayan dövlətlərlə yaxın münasibətlər yaratmışdır. Bütün bunlar bir tərəfdən Azərbaycanı beynəlxalq aləmdə tanıdır, – təəssüf ki, bu sahədə hələ çatışmazlıqlarımız var, – digər tərəfdən beynəlxalq miqyasda Azərbaycanın mövqeyini möhkəmləndirir, beləliklə, ölkəmizin bu ağır vəziyyətdən çıxması üçün şərait yaradır.
Ancaq bizim xarici siyasətimiz təkcə bu dediklərimdən ibarət deyil və bu gün mən həmin məsələdən ətraflı danışmaq istəmirəm. Bunları deməklə niyyətim odur ki, xarici siyasətimizin əsas məqsədi Ermənistanla gedən müharibəyə sülh yolu ilə son qoymaqdır. Bunun üçün biz bir tərəfdən müdafiə qüvvələrimizi möhkəmləndirir, digər tərəfdən bütün başqa kanallardan istifadə edirik. Ayrı-ayrı dövlətlərlə, məsələn, Rusiya, ABŞ, Türkiyə ilə danışıqlar aparırıq. Eyni zamanda BMT-nin Təhlükəsizlik Şurası, ATƏM ilə çox sıx əlaqə saxlayırıq. Azərbaycan Respublikasına rəhbərlik etdiyim vaxtdan bəri Ermənistan-Azərbaycan müharibəsinə sülh yolu ilə son qoyulması üçün ATƏM-in fəaliyyətinə çox yüksək qiymət verirəm. Ona görə də biz bu təşkilatla daim əməkdaşlıq edirik.
Bildiyiniz kimi, ATƏM-in Dağlıq Qarabağa dair Minsk qrupu var və ona doqquz dövlət daxildir. Mən Minsk qrupunun rəhbərləri – əvvəlcə Mario Raffaelli, indi isə cənab Yan Eliasson ilə həmişə əlaqə saxlamışam. Son vaxtlar cənab Yan Eliassonla və onunla birlikdə Azərbaycana gəlmiş nümayəndə heyəti ilə dəfələrlə görüşmüşəm. Azərbaycanın mövqeyini izah etmək üçün saatlarla, bəlkə də günlərlə vaxt sərf etmişəm. Münaqişənin aradan qaldırılmasında ATƏM-in əsas rol oynamasına daim çalışmışam və indi də çalışıram. Cənab Yan Eliassonun Azərbaycana sonuncu səfəri zamanı apardığımız danışıqlarda belə nəticəyə gəlmişdik ki, atəşin dayandırılması üçün ATƏM təşəbbüs göstərsin, sonra isə müharibəyə son qoyulmasından ötrü yenə də ATƏM çərçivəsində tədbirlər görülsün.
Şübhəsiz ki, Yan Eliasson eyni zamanda Ermənistanla da əməkdaşlıq edir, onun mövqeyini öyrənir. Rusiya ilə də danışıqlar aparır. Son danışıqlarımız zamanı Yan Eliasson bildirmişdir ki, münaqişə ATƏM çərçivəsində aradan qaldırılmalıdır, lakin Rusiya bu işdə xüsusi rol oynamalıdır. Açığını deyim ki, Rusiya bu məsələnin həllində vasitəçilik rolu oynamağa cəhd göstərir. Biz buna nəinki etiraz etmir, əksinə, bundan istifadə etməyə çalışırıq. Çünki bu yolda bütün vasitələrdən istifadə etmək istəyirik. Ona görə də biz ATƏM-in Rusiya ilə müştərək fəaliyyət göstərməsinə razılıq vermişik. Çünki bu, ATƏM-in, onun Minsk qrupunun başçısı cənab Yan Eliassonun təklifidir.
Eyni zamanda biz beynəlxalq aləmdə fəaliyyətimizi genişləndirmək üçün daha bir addım atmışıq. Bildiyiniz kimi, vaxtilə, Sovetlər İttifaqı ilə Qərb ölkələri arasında rəqabət gedən zaman, "soyuq müharibə" dövründə iki böyük hərbi-siyasi blok var idi: Varşava Müqaviləsi Təşkilatı və NATO. Sovet İttifaqı dağıldıqdan sonra Varşava Müqaviləsi Təşkilatı süqut etdi, NATO bloku isə öz fəaliyyətini davam etdirir. NATO-ya daxil olan 16 dövlətin başçıları bu ilin yanvarında Brüsseldə toplaşaraq "Sülh naminə tərəfdaşlıq" proqramı hazırlamış və elan etmişlər ki, Şərqi Avropa dövlətləri həmin proqrama qoşula bilərlər.
Biz belə qərara gəldik ki, Azərbaycanın bu proqrama qoşulması onun beynəlxalq mövqeyinin möhkəmlənməsinə kömək edəcəkdir. Ona görə də "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmağı qərara aldıq və mən bu məqsədlə Brüsselə getdim. Orada NATO-nun baş qərargahında çıxış edərək Azərbaycanın həmin proqrama qoşulduğunu bəyan etdim və proqramı imzaladım. Onu da qeyd edim ki, keçmiş Sovet İttifaqı respublikalarından indi Müstəqil Dövlətlər Birliyinə daxil olan 12 dövlətdən yalnız üçü həmin proqrama qoşulmuşdu. Azərbaycan bu proqramı imzalayan dördüncü dövlətdir. Belə hesab edirəm ki, bu, bizim atdığımız doğru, düzgün və eyni zamanda cəsarətli addımdır.
Mən Brüsseldə olarkən ATƏM-in Minsk qrupu sədrinin müavini cənab Matias Mosberq oraya gəldi və mənə qəti dedi ki, Ermənistan-Azərbaycan müharibəsinin sülh yolu ilə aradan qaldırılması üçün hökmən Rusiyanın, Müstəqil Dövlətlər Birliyinin iştirakı lazımdır. Ona görə də, ATƏM belə bir fikirdədir ki, onlar Rusiya ilə, MDB ilə birgə fəaliyyət göstərməlidirlər. Mən ona bildirdim ki, əgər siz bu fikirdəsinizsə, biz də həmin fikri müdafiə edirik, çünki müharibəyə son qoymaq istəyirik. Əgər biz müharibəni ATƏM çərçivəsində dayandırırıqsa, ATƏM təşkilatı bu işə hansı dövləti cəlb etmək istəsə, etiraz etməyəcəyik. Beləliklə də yeni bir formula yarandı.
Mayın 13-də Minsk qrupunun başçısı Yan Eliasson yenidən Bakıya gələrək bizə bir layihə təqdim etdi. Həmin layihədə atəşin dayandırılması və atəşkəsin möhkəmləndirilməsi rejimi nəzərdə tutulmuşdur. Biz atəşin kəsilməsi üçün bir neçə təşəbbüs göstərmişdik. Məsələn, aprelin 28-də təklif etdik ki, Rusiyanın vasitəçiliyi ilə atəş dayandırılsın. Lakin Ermənistan tərəfi atəşin kəsilməsinə razı olmadı.
Bildiyiniz kimi, mayın 5-də Bişkekdə MDB Parlamentlərarası Məclisinin görüşü olmuş, Dağlıq Qarabağ haqqında məsələ müzakirə edilmişdir. Həmin görüşə Afiyəddin Cəlilovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti də getmişdi. Biz ona müəyyən təlimat verərək bildirmişdik ki, görüşün məzmunu hələlik bizə məlum deyil. Görüşdə iştirak etmək, danışıqlar aparmaq lazımdır. Əgər bir sənəd imzalanmalı olarsa, prezidentin razılığı olmadan onu imzalamasın. Afiyəddin Cəlilov da bu göstəriş əsasında hərəkət etmişdir. Orada hazırlanan sənədi imzalamağa Azərbaycan dövlətinin başçısı tərəfindən səlahiyyəti olmadığına görə o, sənədə qol çəkməmişdi. Lakin sonra biz sənədi müzakirə etdik. Orada yalnız atəşin kəsilməsi haqqında bir müddəa var idi. Atəşin kəsilməsi naminə həmin sənədi Azərbaycanın imzalamasını lazım bildik. Bizim razılığımızla mayın 8-də Azərbaycan Ali Sovetinin sədri Rəsul Quliyev həmin sənədi imzaladı. Bundan sonra, mayın 10-dan etibarən atəş dayandırılmışdır. Bişkek protokolunu imzalamaqda Azərbaycanın əsas məqsədi atəşin dayandırılması idi və biz buna nail olmuşuq.
Minsk qrupunun rəhbəri Yan Eliassonla danışıqlar zamanı onun gətirdiyi müqavilə layihəsi ilə razılaşdıq və öz düzəlişlərimizi edərək xahiş etdik ki, həmin sənədi Ermənistanla da razılaşdırsın. Bundan sonra Yan Eliasson Ermənistana getdi. Ermənistan tərəfi həmin layihəni özünə sərfəli şəkildə bir qədər dəyişdirdi. Mayın 16-na Yan Eliasson yenidən Bakıya qayıtdı.
Bu zaman Moskvada Rusiya, Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşü keçirilirdi. Biz həmin görüşə də razılıq vermişdik. Mən bir daha deyirəm, müharibənin dayandırılması üçün biz bütün vasitələrdən istifadə etməyə çalışırıq. Ancaq mayın 16-da Rusiyanın müdafiə naziri mətbuat nümayəndələri ilə böyük görüş keçirmiş və Azərbaycan tərəfinin razılığı olmadan elan etmişdir ki, Rusiyanın sülhməramlı qüvvələri Azərbaycanla Ermənistan arasındakı bölgələrə göndəriləcək, bundan ötrü iki batalyon – 1.800 nəfər ayrılacaq və s. Azərbaycandan xahiş edilirdi ki, belə bir protokolu imzalasın. Həmin protokolu indiki halda bizdən ötrü münasib saymadığıma görə Azərbaycanın müdafiə nazirinə göstəriş verdim ki, onu imzalamasın və dərhal Bakıya qayıtsın. Eyni zamanda Bakıda bu məsələ barədə Minsk qrupunun başçısı Yan Eliassona məlumat verdik. Dediyim kimi, biz Yan Eliassonun təklif etdiyi layihəyə razı olduğumuzu bildirmişdik. Lakin Ermənistan tərəfi onu imzalamaqdan imtina etdi.
Beləliklə, biz bir daha göstərdik ki, Azərbaycan sülh tərəfdarıdır, müharibəni beynəlxalq təşkilatlar xətti ilə, o cümlədən Rusiyanın vasitəçiliyi ilə qurtarmaq istəyir. Ermənistan isə bir daha göstərdi ki, müharibənin dayandırılmasına tərəfdar deyildir. Bundan sonra cənab Yan Eliasson Vyanaya qayıtdı. Sizə məlumat verə bilərəm ki, ATƏM, onun Minsk qrupu və cənab Yan Eliasson Rusiya ilə sıx əlaqə saxlayırlar.
Bir daha qeyd edim ki, mayın 10-dan etibarən atəş dayandırılmışdır. Mənə belə gəlir ki, bu, bizim üçün müsbət haldır. Son aylarda ordumuz qəhrəmanlıqla vuruşmuş, böyük cəsarət göstərmişdir. Ancaq itkilərimiz də çox olmuşdur. Açıq deyirəm, elə gün olmuşdur ki, bir bölgədə əlli nəfər şəhid vermişik. Azərbaycan Ordusunun əsgər və zabitləri torpağımız uğrunda canlarından keçmişlər. Ermənilər mayın 1-də Tərtəri tutmaq, sonra Bərdəyə hücum etmək niyyətində idilər. Onların başqa planları da vardı. Lakin ordumuzun döyüş mövqelərində möhkəm dayanması düşmənin planlarını boşa çıxardı.
Yaxşı bilirsiniz ki, Ermənistan müharibəni tək aparmır. Ona kömək edən dövlətlər və qüvvələr sizə məlumdur. Müharibəni Ermənistan təkcə özü aparsaydı, Azərbaycanın hələ yenicə yaradılan ordusu düşməni torpaqlarımızdan çoxdan çıxarmışdı. Dünyada elə qüvvələr, elə ölkələr var ki, biz onların siyasətinə təsir göstərə bilmirik, onlar öz mənafeləri istiqamətində hərəkət edirlər. Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan. Güman edirəm, siz inanırsınız ki, biz buna qadirik. Prezident kimi mən də gecə-gündüz bu məsələlərlə məşğul oluram.
Ancaq respublikamızın belə çətin dövründə, müxtəlif istiqamətlərdə fəaliyyət göstərdiyimiz bir vaxtda daxildəki bəzi qüvvələr yenə də aranı qarışdırmaq istəyirlər. (Yerdən səslər: Onlarla heç kimin əlaqəsi yoxdur. Biz yalnız sizi tanıyırıq). Mən bilirəm ki, onlara heç kim inanmır. Bəli, millət mənə inanır, bunu bilirəm. Azərbaycan xalqı səs verərək məni prezident seçmişdir. Yeddi milyonluq Azərbaycan xalqı mənə etimad göstərmişdir. Bunu bilirəm, buna da güvənirəm, sizə, Azərbaycan xalqına arxalanıram.
Bunları nə üçün deyirəm? Bəlkə də belə şeylərə fikir verməzdim. Ancaq son günlər bu proseslərdə Azərbaycan rəhbərliyinin guya düz addım atmadığını bildirməklə ayrı-ayrı qüvvələr yenə aranı qarışdırmağa çalışırlar. Burada Bişkek protokolundan söhbət gedir. Mayın 18-də Milli Məclisin növbəti iclasında bir qrup deputat – Etibar Məmmədov, Xalq Cəbhəsindən olan deputatlar və onlara qoşulmuş bir neçə məsləksiz adam Bişkek protokolu ilə əlaqədar hay-küy qaldırdılar. (Yerdən səslər: Onlara zərbə dəyməyib, dəysəydi müharibənin ağrı-acısını bilərdilər. Aranı qarışdıran Etibar Məmmədovdur, onu rədd eləməsən işlər düzələn deyil). Düz deyirsiniz, onlara çarpanaq dəyməyib, dəysəydi, hər şeyi bilərdilər.
Gəlin, belə danışaq. Görürəm, ürəyiniz doludur. Mən sizi günün altında saxlamışam, özüm də durmuşam. İstəyirəm fikirlərimi sizə çatdırım. Ondan sonra bu mikrofon, bu da siz, çıxıb sözünüzü deyə bilərsiniz.
Bəli, bunlar Milli Məclisdə tələb edirlər ki, Bişkek protokolu məsələsi gündəliyə salınsın. Axı bu protokolda, əvvəla, elə bir şey yoxdur, – o mənada ki, müzakirə olunası bir məsələ yoxdur. İkincisi, protokoldan əsas məqsəd atəşin kəsilməsidir. Ona görə də bu məsələ müzakirə edildi. Mən də Milli Məclisdə idim. Səsə qoyuldu, – parlamentin qaydası var. Onlar lazımi qədər səs toplamadılar. Yəni məsələ müzakirə üçün gündəliyə salınmadı. Tənəffüsdən sonra onlar, Milli Məclisin təxminən 15 nəfər üzvü bir yerə toplaşıb bəyanat, ultimatum vermiş və məclisdən çıxıb getmişlər. Bundan sonra məclisin salonda qalan əksər üzvləri onların haqqında bəyanat vermişlər.
Əvvəla, məclis üzvlərinin iclası tərk etməsi parlament etikasına, parlament təcrübəsinə zidd olan bir hərəkətdir. Görünür ki, onların parlament mədəniyyəti çatmır. Odur ki, mən bir prezident kimi, onların bu hərəkətini pisləyirəm və hesab edirəm ki, xalq mənimlə həmrəy olacaqdır. Buna görə də onlara deyirəm ki, qeyri-qanuni hərəkətlərindən əl çəksinlər. Lakin iş bununla bitmir. Ola bilərdi ki, mən bu məsələlərə burada da toxunmayım, amma məcburam.
Sonra Etibar Məmmədov öz partiyasının binasında Xalq Cəbhəsinin, müxtəlif partiyaların, Qarabağ Azadlıq Hərəkatı deyilən təşkilatın nümayəndələrini başına yığmışdır. Siz heç belə hərəkat tanıyırsınız? (Yerdən səslər: Belə hərəkat yoxdur). Hanı o hərəkat, gəlsin ortaya çıxsın. Əgər o, doğrudan da Qarabağ azadlıq hərəkatıdırsa, qoy getsin Qarabağda vuruşsun. (Yerdən səslər: onların hansı birinin uşağı Qarabağda vuruşur?). "Boz qurd" adında guya ki, bir partiya var, bu, İsgəndər Həmidovdur. Nə isə, bütün bunlar və başqaları yığışıb bir bəyanat vermişlər. Bu, çox çirkin, ədalətsiz, bizim bugünkü həyatımıza, milli mənafeyimizə zidd olan bəyanatdır. Əvvəldən axıradək yalan, iftira və böhtandır. Guya ki, buraya rus qoşunları gəlir və bəyanatı imzalayanlar da Azərbaycanı rus qoşunlarından müdafiə etmək istəyirlər.
Əvvəla, buraya rus qoşunu gəlmir. Xalqı aldatmaq lazım deyil. Mən son vaxtlar həyata keçirdiyimiz tədbirlər barəsində sizə məlumat verdim və bunu xalqımız bu gün televiziya vasitəsilə eşidəcək. İkincisi, əgər onların dövlət tərəfindən görülən tədbirlərə hər hansı etirazı, iradı varsa, qoy gəlib dövlətlə danışıqlar aparsınlar. Azərbaycan müstəqil dövlətdir. Azərbaycan xalqı tərəfindən seçilmiş prezident var. Orada-burada toplaşıb, köhnə ab-hava ilə yaşayaraq dəstə yığmaq, mitinq çağırmaq, daha nə bilim, cürbəcür əməllərə əl atmaq – bütün bunlar artıq xalqda nifrət hissi doğurur. Heç kəs belə əməlləri bəyənə bilməz. Çünki bütün bunlar qanuna zidd hərəkətlərdir.
Nə isə, mən buna da əhəmiyyət vermədim. Lakin dünən yenə də yığışıb milli müqavimət hərəkatı yaradıb və elan ediblər ki, bu gün mitinq keçirəcəklər. Nə mitinq? Kimlərdir bunu edən? Etibar Məmmədov, İsgəndər Həmidov, sonra Tofiq Qasımov, İsa Qəmbərov, İbrahim İbrahimov. Bir neçə belə adam. Bəli, dünən belə bir hərəkat yaradıblar ki, camaatı mitinqə çağırsınlar. Şübhəsiz ki, onların heç bir mitinqinə heç kəs icazə verməyəcəkdir. Əgər onlar qanunsuz hərəkət etsələr, dövlət qanunları tətbiq olunacaq və bu işdə əli olan hər kəs öz cəzasını alacaqdır. Bunu mən elan edirəm.
İkincisi, bu adamların hərəkəti barədə. Mən bunu Azərbaycanın milli mənafeyinə zidd olan hərəkət kimi qiymətləndirirəm. (Yerdən səslər: xəyanətdir, xəyanətdir). Bəli, doğru deyirsiniz, xəyanət kimi qiymətləndirirəm. Azərbaycan dövləti, Azərbaycanın dövlət başçısı, dövlət strukturları qalıb bir kənarda, hakimiyyət iddiasında olan üç-dörd nəfər guya Azərbaycan xalqını müdafiə etmək istəyir. Azərbaycan xalqı özünü müdafiə etmək üçün prezident seçmişdir, prezident də xalqın təhlükəsizliyinin təminatçısıdır, onun hüquqlarının qorunmasının təminatçısıdır. Azərbaycan torpaqlarının toxunulmazlığının təminatçısıdır. Bəs onlara kim belə səlahiyyət veribdir? Hansı əsasla? Axı əslində kimdir onlar?
Bilirsinizmi, mən onların haqqında heç nə demək istəmirəm, çünki onların səviyyəsinə enmək fikrində deyiləm (Yerdən səslər: millət bilir). Düz deyirsən qardaş, millət bilir. Mən onların səviyyəsinə enmək istəmirəm. Çünki onlar lazımi səviyyəyə qalxmaq üçün, əgər düz yolla getsələr, hələ 10-15 il fəaliyyət göstərməlidirlər. Onlar heç bir təcrübəsi olmayan adamlardır. İndi hərəsi özünə bir partiya düzəldib. Biz demokratiyaya yol açmışıq, partiyalar var. Etirazımız yoxdur, qoy fəaliyyət göstərsinlər. Azərbaycanda 40-dan artıq partiya qeydə alınıb, bəzi qəzetlər ağızlarına gələni yazır, – xalq bunlara fikir vermir, çünki inanmır, – böhtan atırlar. Bütün bunlara dözmək olar. Demokratiya, siyasi plüralizm nöqteyi-nəzərindən mən bunlara etiraz etmirəm və gələcəkdə də etməyəcəyəm. Amma böhtançılığa, xalqı aldatmağa, cinayətə sövq etməyə yol verməyəcəyəm və bu barədə hamıya xəbərdarlıq edirəm.
Mən Etibar Məmmədova həmişə hörmət etmişəm. Amma görürəm ki, burada sizin onun haqqında fikriniz pisdir (Yerdən səslər: O, bizi çöllərdə qoyub). Bilirəm, siz bunu onun özünə deyərsiniz. Bir gənc kimi, müəyyən qədər siyasi fəaliyyət göstərdiyinə görə mən ona həmişə hörmətlə yanaşmışam. Lakin qoy Etibar Məmmədov eşitsin və anlasın ki, o, mənim hörmətimi qiymətləndirməlidir. Çünki onun iddialarla yaşamağa hələ heç bir mənəvi haqqı yoxdur. O, son üç-dörd ildə qarşısına bir məqsəd qoymuşdur: Nəyin bahasına olursa- olsun hakimiyyətə gəlmək. Yaxşı, hakimiyyətə gəlmək istəyirdinsə, vaxtilə prezident seçkiləri keçirildi. Əbülfəz Elçibəy, Nizami Süleymanov, təxminən yeddi nəfər, o cümlədən də Etibar Məmmədov namizədliyini irəli sürmüşdü. Seçilərdi, gəlib olardı prezident. Əbülfəz Elçibəyi guya seçdilər. Bəli, guya. Nə isə, seçdilər, o da oldu prezident. Bu da başladı onun əleyhinə işləməyə. Məqsədi də gəlib prezident olmaq idi.
Əbülfəz Elçibəy öz-özünə yıxıldı, aradan çıxıb qaçdı. (Yerdən səslər: Bizi qoydu qaçdı). Bəli, qoyub qaçdı. O qaçandan sonra mən Etibar Məmmədovu işə cəlb etmək istədim. Siz bunu bilirsiniz. Mən onu yanıma çağırıb təklif etdim ki, gəl, xarici işlər naziri işlə. Dedi yox, bu vəzifə mənim üçün azdır. Dedim onda dövlət katibi ol. Dedi yox, bu vəzifə də mənim üçün azdır. Yaxşı, onda gəl səni baş nazirin birinci müavini qoyaq. Dedi yox, bu da mənim üçün azdır. Bəlkə Ali Sovetin sədrinin birinci müavini qoyaq? Yox, bu da mənim üçün azdır. Dedim, bəs sən nə istəyirsən? Deyir, siz gərək məni baş nazir vəzifəsinə qoyaydınız, amma bu vəzifəyə Surət Hüseynovu təyin etdiniz. Dedim, bu mənim işimdir. Bir halda ki, xalq mənə inanıb, mən onu baş nazir qoymuşam. Baş nazir vəzifəsi artıq tutulub, amma ondan bir pillə aşağı olan bir neçə vəzifə təklif edirəm. (Yerdən səslər: Ona ancaq vəzifə lazımdır). Bir görün, mənə sonra nə deyir: Siz gəlin, xarici işlər naziri, iqtisadi əlaqələr naziri, dövlət katibi vəzifələrini birləşdirin, Dövlət Neft Şirkətini də buraya əlavə edin və bir vəzifə yaradın, onu da mənə verin. Bilirsiniz, mən ona baxdım və dedim ki, axı sən hələ bir yerdə bir ağac da əkməmisən, bir arxa su gətirməmisən, bir daşı bir daşın üstünə qoymamısan, bəs səndə bu qədər iddia haradandır? Ona dedim ki, mən belə şeyi edə bilmərəm. Amma bu vəzifələrdən hansını istəyirsənsə, gəl seç, götür. Məqsədim də sağlam məqsəd idi. Düşündüm ki, cavan adamdır, siyasətə qoşulub, gəlib bu vəzifələrdən birində işləsin, təcrübə toplasın. Bəlkə gələcəkdə bundan bir xadim çıxdı. Amma gördüm ki, yox, bu, allahlıq iddiasındadır. Çıxıb getdi. Bütün bunlara baxmayaraq, mən onunla normal münasibət saxlayırdım.
Bu yaxınlarda mənə zəng vurdu ki, sizinlə görüşmək istəyirəm. Dedim vaxtım yoxdur. Təkid etdi, dedi ki, Türkiyəyə gedirəm. İki gündən bir Türkiyəyə gedir, heç bilmirsən oraya nəyə gedib-gəlir. Müxtəsəri, dedim, yaxşı, gəl. Nə isə, gəldi. Bəzi məsələlərdən danışdıq. Sonra gedib qəzetində yazır ki, Heydər Əliyevə mən bunu dedim, onu dedim. Yazır ki, o vaxtlar Heydər Əliyev mənə vəzifə təklif etdi, amma mən getmədim. Yalan deyir. O, mən təklif etdiyim vəzifədən artıq vəzifə istəyirdi. Baş nazir olmaq, ya da xüsusi bir vəzifə istəyirdi. İndi mən belələri ilə əməkdaşlıq etmək istəyirəm. Amma belələri ilə necə əməkdaşlıq edəsən.
İndi bu adam onları başına yığıb. Halbuki onlar bir-biri ilə vuruşurdular. Məsələn, vaxtilə İsgəndər Həmidovla bu Etibar Məmmədov vuruşurdu. Yadımdadır, Əbülfəz Elçibəy prezident idi və o vaxt mən Naxçıvanda yaşayırdım. Bir dəfə, yadımda deyil, ya dövlət katibi, ya da baş nazir olan Pənah Hüseynov Etibar Məmmədovun partiyasının nümayəndələri ilə televiziya ilə dialoq aparırdı. Bu zaman İsgəndər Həmidov gəlib telestudiyada dialoq gedən salona daxil oldu, xuliqanlıq etdi, bunları söydü, hamını qovub dağıtdı. Amma o vaxtlar Azərbaycanda bir rəhbərlik yox idi ki, İsgəndər Həmidovu bu xuliqanlığına görə cəzalandırsın. Olan olub, keçən keçib. Nə etmək olar. O vaxt düşmən idilər. Amma indi Etibar Məmmədov gedib İsgəndər Həmidovla birləşib ki, gəlin, bu iqtidara qarşı mübarizə aparaq.
Bəs bu İsgəndər Həmidov kimdir? Onu siz yaxşı tanıyırsınız. Özü də heç bir əsası olmadan, heç bir xidməti olmadan gəlib ortaya düşüb, özünə də bir "Boz qurd" partiyası yaradıb. Birincisi, bu "Boz qurd" partiyası nə partiyadır? İkincisi, bu partiya vəsaiti haradan alır? Qəzet çıxarır, yalan-yalan şeylər yazır. Bu İsgəndər Həmidov indi də gəlib ki, mən mitinq keçirəcəyəm.
Yaxud götürək İsa Qəmbərovu. O əyri yolla, düz yolla, Allah bilir, hansı yolla Ali Sovetin sədri oldu. Yaxşı, işləyə bilmədin, qardaş, çıxıb qaçdın. Keçən il iyun ayının 11-də özü istefa verdi ki, mən işləyə bilmirəm. Nə üçün? Çünki Azərbaycanı gətirib vətəndaş müharibəsi vəziyyətinə çıxartdılar. Düz bir il bundan qabaq, keçən ilin may ayında-iyunun əvvəllərində Azərbaycanda artıq vətəndaş müharibəsi başlanmışdı, qardaş qırğını gedirdi. Azərbaycan od tutub yanırdı, parçalanırdı. Bir tərəfdən Gəncədə bir dəstə, digər tərəfdən Lənkəranda bir dəstə, başqa tərəfdən, ayrı bölgələrdə dəstələr peyda olmuşdu. Azərbaycan dağılıb gedirdi. Azərbaycanı bu şəraitə gətirib salanlardan biri olan İsa Qəmbərov üç saat mənim özümdən xahiş edib ki, gəlin, respublikanı bu vəziyyətdən çıxarın. Mən dedim ki, gələ bilmərəm, çünki siz Azərbaycanı çox pis vəziyyətə salmısınız. Əbülfəz Elçibəy üç-dörd gün mənimlə danışıqlar apardı. Onlar bir həftə çalışdılar ki, məni Naxçıvandan buraya gətirsinlər. Mən də gəlib onların düz üzünə dedim ki, siz Azərbaycanı dağıtmısınız. Özləri istefa verdilər. İsa Qəmbərov da, Pənah Hüseynov da istefa verdi.
Pənah Hüseynov qaçıb aradan çıxdı, on bir aydır gizlənir, bilən yoxdur, haradadır. Biri deyir xaricdədir, biri deyir filan yerdədir. Əgər düz adamdırsa, niyə qaçıb aradan çıxır? Əbülfəz Elçibəy də buradan qaçdı, on bir aydır ki, Kələki kəndində oturub, orada hərdənbir danışıqlar aparır, camaatı çaşdırır. Yaxşı, əgər hakimiyyət sizdə idisə və siz də onu saxlaya bilmədinizsə, Azərbaycanı vətəndaş müharibəsi vəziyyətinə gətirib çıxardınızsa, ölkəni dağıtdınızsa, bəs indi nə istəyirsiniz?! Bu xalqdan nə istəyirsiniz? Niyə camaatı çaşdırmağa can atırsınız? Gedin yerinizdə sakitcə oturun, bəlkə cəzadan xilas oldunuz.
Tofiq Qasımov. Bunu gətirib xarici işlər naziri qoymuşdular. İndi orada-burada elə hey danışır. Başqa bir söz deyə bilmərəm. Onun bir dəfə belə normal danışdığını görmək olmaz. İndi gəlib atılıb meydana. Yaxşı, sən bir il xarici işlər naziri oldun, bu bir ildə Azərbaycanın xarici siyasətini qura bilmədin. Məhz sən xarici işlər naziri olan dövrdə ABŞ konqresi Azərbaycan üçün humanitar yardıma embarqo qoydu. Sən heç nəyə nail ola bilmədin. Azərbaycanın bir sıra dövlətlərlə münasibətləri korlandı. İndi de görək, nə iş görmüsən? Heç bir iş görməmisən! Belə bir halda sən nə istəyirsən?
Mən daha başqalarının adlarını çəkmək istəmirəm. Bunlar guya bu gün, ya da sabah mitinq keçirmək istəyirlər. Bəli, İsa Qəmbərov məktub yazır ki, mən mayın 28-də Azadlıq meydanında mitinq keçirmək istəyirəm. Nə münasibətlə? İstiqlal günü münasibətilə! Bu İstiqlal günü məgər sənə məxsusdur?! 28 May Azərbaycan xalqının İstiqlal bayramıdır. Bu, xalqımızın bayramıdır. Azərbaycan dövlətinin bayramıdır. Ona görə də dövlət bu bayrama lazımi hazırlıq görür və onu layiqincə qeyd edəcəkdir. Lakin hansısa bir təşkilatın gəlib bu bayramı xüsusi keçirməsi, yaxud da özünü dövlətdən ayırması hansı qanun-qaydaya uyğundur? Bunların heç birisi yaramaz. Bütün bunlar xalqın indiki ağır şəraitdə yaşadığı dövrdə, bu vəziyyətdən çıxmaq üçün yollar axtardığımız vaxtda, müharibəyə son qoymaq əzmində olduğumuz halda aranı vurmaq, sabitliyi pozmaq, müharibəni davam etdirmək deməkdir, çünki nə qədər ki, müharibə var, o vaxta qədər də onlar var. Nə qədər ki, müharibə var, onlar bundan istifadə edərək öz şəxsi məqsədlərinə çatmağa can atırlar. Müharibə qurtarandan sonra bunlar olmayacaqlar. Amma onlar bu gün də xalq üçün yoxdurlar.
Bu fikirləri sizə çatdırmaqla yanaşı, onlara xəbərdarlıq edirəm: Mən bir prezident kimi bütün Azərbaycan xalqını, əhalinin bütün təbəqələrini, bütün siyasi qüvvələri, bütün partiyaları, bütün təşkilatları milli həmrəyliyə, vətəndaş həmrəyliyinə dəvət etmişəm və dəvət edirəm. Milli həmrəylik, vətəndaş həmrəyliyi ancaq Azərbaycanın xalq tərəfindən seçilmiş qanuni prezidenti ətrafında ola bilər. Bu həmrəylik başqa bir şəkildə ola bilməz! Kim milli həmrəyliyə həqiqətən qoşulmaq istəyirsə gəlsin bizimlə əməkdaşlıq etsin. Mən hər bir kəslə əməkdaşlıq etməyə hazıram. Xalqın milli mənafeyi naminə, xalqı bu vəziyyətdən çıxarmaq naminə! Kim bu yolda kiçik bir müsbət addım atarsa, mən onu bəyənməyə, təqdir etməyə hazıram. Amma ayrı-ayrı dəstələrin qruplaşıb özlərinə bir mərkəz yaratmasına, yaxud Azərbaycan dövlətinə qarşı sui-qəsd etməsinə və ya təxribat törətməsinə, habelə özləri demişkən, kütləvi aksiyalar təşkil etməsinə yol verməyəcəyəm, Azərbaycan dövlətinin qanunları çərçivəsində mən bunlara qarşı lazımi tədbirlər görəcəyəm və ümidvaram ki, Azərbaycan xalqı daim məni müdafiə edəcəkdir.
Mən bu məsələləri sizə geniş çatdırmaq istədim. Güman edirəm ki, fikirlərim bu axşam televiziya vasitəsilə Azərbaycan xalqına çatdırılacaqdır. Ona görə ki, bizim indi apardığımız siyasət, necə deyərlər, çox mürəkkəb yolla gedir. Onu bilin. Demək olar ki, biz nazik bir sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun, ərazi bütövlüyümüz təmin edilsin və Azərbaycan müharibə şəraitindən çıxsın. Bəziləri deyir ki, müharibə aparaq, 5-6 il də vuruşaq. Amma belələrinin özləri burada oturub, müharibəyə getmir.
Mən sizə deyə bilərəm ki, bu son iki gündə, xüsusən mayın 18-də Milli Məclisdə onlar özlərini ədəbsiz apardıqlarına görə, mənə minlərlə teleqram gəlir. Bu teleqramların əksəriyyəti Qarabağ bölgəsindən Ağdamdan, Bərdədən, Ağcabədidən, Goranboydan, bütün cəbhə bölgələrindən göndərilir. Hamı da məndən tələb edirlər ki, icazə verin, biz gəlib Bakıda bəzi siyasətbazlarla özümüz haqq-hesab çəkək. Orada xalqın yüzlərlə nümayəndəsi icra hakimiyyətlərinin binalan qarşısına toplaşıb deyir ki, bizə şərait yaradın, gedək Bakıya, prezidentə münasibətimizi bildirək və o adamlara öz sözümüzü deyək.
Mən hamıya deyirəm ki, heç bir qarışıqlıq salmaq lazım deyil, o adamların cavabını biz özümüz veririk. O ki qaldı sizin bu həmrəyliyinizə, teleqramlarınıza, mən onlara görə sizə minnətdaram. Azərbaycanın ictimai rəyi mənə məlumdur. Azərbaycan xalqı bu adamların çirkin hərəkətinə nifrət edir. Lakin onlar əvvəllər bəzən belə zorakı, ağılsız hərəkət edərək bəzi məsələlərə nail olduqlarına görə güman edirlər ki, bu, indi də ola bilər. İndi bu mümkün deyil. Mən bu sözləri ona görə deyirəm ki, onları tutduqları yoldan çəkindirim, başa düşsünlər ki, düz yolla getməlidirlər. Düz yolla gedərlərsə, cəmiyyətdə öz yerlərini tutacaqlar. Yox, əgər belə hərəkət edəcəklərsə, Azərbaycanın dövləti var və dövlətçiliyimiz qorunacaq, Azərbaycan qanunları tətbiq ediləcək və kimliyindən asılı olmayaraq, hər kəs öz cəzasını alacaqdır. Güman edirəm ki, siz də bu fikirdəsiniz.
Mən bu fikirləri sizə çatdıraraq bir daha hamınıza, sizin simanızda bütün Qarabağ mahalının əhalisinə, şuşalılara, laçınlılara, kəlbəcərlilərə, ağdamlılara, füzulilərə, cəbrayıllılara, qubadlılara, zəngilanlılara, sakinləri didərgin düşən digər bölgələrin bütün əhalisinə öz hörmət və ehtiramımı bildirirəm. Əmin olun ki, sizin həyat şəraitinizlə maraqlanırıq və bundan sonra da maraqlanacağıq. Qaçqınların məskunlaşdığı yerlərdə dəfələrlə olmuşam. Oraya çox yardım göndərilir – xaricdən də, bizdən də. Buraya da göndərilir. Çalışacağıq ki, bu məsələlər bundan sonra daha yaxşı həll edilsin. Amma siz də, bir halda ki, dözürsünüz, yenə də dözün. Biz çalışacağıq ki, müharibə şəraitindən tezliklə qurtaraq, torpaqlarımızı geri qaytaraq, hər biriniz öz ev-eşiyinizə dönəsiniz. Sağ olun!
Bir daha bayramınızı təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.