İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransının iştirakçılarına müraciəti

Heydər Əliyev Fondu

6 oktyabr 2008-cı il

Hörmətli qonaqlar, ilk növbədə, sizi Azərbaycanda salamlayıram. Heydər Əliyev Fonduna xoş gəlmisiniz. 

İSESKO-nun baş direktoru cənab Əbdüləziz bin Osman əl-Tüveycrini xüsusi salamlayıram və onu ölkəmizdə yenidən görməyə çox şadam. Əminəm ki, İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransı uğurlu olacaq, səmərəli keçəcək və gələcəkdə ölkələrimizin bu sahədə daha da uğurlu inkişafına öz layiqli töhfəsini verəcəkdir. 

Bildiyiniz kimi, indi Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. İqtisadi artım baxımından Azərbaycan dörd ildir ki, dünyanın lider ölkəsidir və bütün bu inkişaf, demək olar, həyatımızın bütün sahələrində özünü göstərir. Ölkədə son beş il ərzində 700 mindən artıq yeni iş yeri açılıbdır. Hər bir sahədə inkişaf gedir, yeni yollar tikilir. Ötən beş ildə ölkədə 1500-dən artıq yeni məktəb tikilibdir. Əlbəttə, sosial problemlər öz həllini tapır. Son bir neçə ildə yoxsulluğun səviyyəsi kəskin şəkildə azalmışdır. Beş il ərzində ölkənin büdcəsi on dəfədən çox artmışdır. 

Əlbəttə, bunlar hamısı ölkəmizin qarşısında gözəl perspektivlər açır. Bu baxımdan təhsil dövlət siyasətində ən vacib, ən önəmli bir istiqamətdir. Artıq bu gün hamı üçün aydındır ki, hər bir dövlətin ən böyük sərvəti onun intellektual potensialıdır. Məhz buna görə də indi ölkədə təhsil sahəsində bir çox irimiqyaslı layihələr həyata keçirilir. Mən qeyd etdiyim kimi, son illərdə 1500 yeni məktəbin tikilməsi, bir sıra ali məktəblərin təmiri və onların maddi-texniki bazasının yeniləşdirilməsi, dövlətin dəstəyi ilə ölkəmizin 1000-dən artıq tələbəsinin dünyanın ən qabaqcıl ali məktəblərində oxumaq imkanı alması buna misaldır. Bütün orta məktəblərdə kompyuterləşmə gedir, məktəblər ən müasir avadanlıqla təmin olunur. 

Bir sözlə, bugünkü gənclərin təhsili üçün ölkədə böyük imkanlar açılır və bizim məqsədimiz ölkəmizdə dünyada ən yüksək standartlara cavab verən təhsili təmin etməkdir. Əminəm ki, bugünkü konfrans da bu sahədə öz töhfəsini verəcəkdir. Bilirəm ki, bu konfransa bir çox ölkədən qonaqlar gəliblər və yəqin ki, Azərbaycanın bu sahədə uğurları, təcrübəsi onlar üçün maraqlıdır və konfransda təhlil olunacaqdır. Eyni zamanda, bizim üçün də başqa ölkələrin bu sahədəki uğurları çox faydalı və maraqlıdır. 

Qeyd etmək istəyirəm ki, son illər İSESKO ilə Heydər Əliyev Fondu arasında çox sıx əməkdaşlıq var. Biz həm təhsil sahəsində, həm də digər sahələrdə artıq bir neçə birgə layihə həyata keçirmişik. Bu ilin iyun ayında İSESKO-nun və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın paytaxtında - Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda böyük bir konfrans keçirildi. Əlbəttə ki, biz bu konfransda da təhsil məsələlərinə çox ciddi fikir vermişdik. Konfrans çox böyük əks-səda doğurmuşdur və biz belə qərara gəldik ki, bunu ənənəvi şəkildə, hər iki ildən bir Bakıda keçirək. Yəni, bizim bu sahədə İSESKO ilə işimiz davam edir və əminəm ki, gələcəkdə birgə daha yeni, çox layihələr həyata keçirəcəyik. 

Mən sizi bir daha Azərbaycanda salamlayıram, sizi görməyə çox şadam və konfransın işinə böyük uğurlar arzulayıram. 

Heydər Əliyev Fondu yaradılan ilk gündən təhsilə diqqəti öz fəaliyyətinin ən prioritet istiqaməti kimi elan edibdir. Bu sahədə bir çox layihələr həyata keçirmişik. Mən bu gün çox fəxr hissi ilə demək istəyirəm ki, ilk 200 yeni məktəb məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmişdir. Sonradan dövlət bu təşəbbüsü dəstəkləyib, yeni tikilən məktəblərin sayı artıq 1500-ə çatmışdır. Yəqin ki, siz filmdə bizim fəaliyyətimiz barədə ətraflı məlumat aldınız. Ona görə mən bu barədə çox danışmaq istəmirəm. Demək istəyirəm ki, Heydər Əliyev Fondu həm təhsil sahəsində, həm də digər sahələrdə, ölkələrimizin inkişafı üçün faydalı olan istiqamətlərdə hər bir beynəlxalq təşkilatla, ölkə ilə sıx əməkdaşlığa həmişə hazırdır. Təşəkkür edirəm. Bir daha sizə uğurlar azulayıram. 


 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.