İslam Konfransı Təşkilatının Kasablanka zirvə toplantısının yekun iclasında Asiya dövlətləri adından təbrik nitqi

Kasablanka 
15 dekabr 1994-cü il

Hörmətli sədr!
Əlahəzrətlər!
Zati-aliləri!
Əziz bacılar və qardaşlar!

İslam Konfransı Təşkilatında Asiya dövlətləri adından söz demək üçün mənə imkan yaradılmasından böyük şərəf duyur və bunu yüksək qiymətləndirirəm. Bu imkandan istifadə edərək İslam Konfransı Təşkilatının banilərindən biri, bütün dünyada tanınmış görkəmli siyasi xadim, əziz qardaşımız, əlahəzrət kral II Həsənə, habelə onun simasında dost və qardaş Mərakeş xalqına Zirvə toplantısının təşkilinə çəkdikləri böyük zəhmətə görə, bizə göstərdikləri diqqət və qayğı üçün dərin minnətdarlığımızı bildiririk.

Biz bu günlər İslam Konfransı Təşkilatının baş katibi Həmid-əl-Qabidin, bütövlükdə    katibliyin ölkələrimiz arasında qardaşlığın daha da möhkəmləndirilməsi sahəsində çox səmərəli və faydalı işlərinin şahidi olduq və bütün bunlara görə də səmimi təşəkkürlərimizi bildirirəm. Ümidvaram ki, Yeddinci Kasablanka Zirvə toplantısı dünya müsəlmanlarının həmrəyliyinin daha da möhkəmlənməsində, İslam dövlətlərinin nüfuz və qüdrətinin artmasında yeni bir mərhələ olacaqdır. Konfrans həm də İslam aləminin qarşılaşdığı çətinliklərin və problemlərin dünya ictimaiyyəti tərəfindən daha dəqiq başa düşülməsinə geniş imkanlar yaradır.

Dərin məmnuniyyət hissi ilə qeyd etməliyəm ki, Yeddinci Zirvə toplantısı bütün müsəlman dövlətlərinin, xüsusilə Asiya qitəsində olan ölkələrin artan fəallığı, onların İslam Konfransı Təşkilatında daha geniş təmsil olunması ilə səciyyələnir. Son üç ildə İslam Konfransı Təşkilatının sıralarının 45-dən 52-yə çatması dediklərimə əyani sübutdur.

Şübhəsiz ki, bizim burada qəbul etdiyimiz qərarlar bütün İslam aləminin, xüsusən Asiya qitəsinin müsəlman ölkələrinin qarşısında duran problemlərin həllinə sanballı töhfə olacaqdır. Asiya qitəsinin müstəqilliyini yenidən qazanmış bir sıra müsəlman ölkələri, o cümlədən Azərbaycan İslam Konfransı təşkilatının diqqət və qayğısına böyük ehtiyac duyur. Çünki bu ölkələr həm keçmişdən miras qalmış ağır problemlərlə, həm də möhkəmlənməkdə olan müstəqilliyin doğurduğu təbii çətinliklərlə üzləşirlər. Buraya dərinləşməkdə olan iqtisadi böhran, ictimai-siyasi sistemin dəyişməsi ilə bağlı keçid dövrünün yaratdığı çətinliklər, bəzi dövlətlərin məruz qaldığı müharibələr, iqtisadi blokada və müxtəlif siyasi təzyiqlər daxildir.

Tacikistanda və Əfqanıstanda qardaş qanının axıdılması, Kəşmir və Fələstin problemləri, Ermənistanın Azərbaycana qarşı altı ildən bəri davam edən təcavüzü və onlarca digər problemlər bu gün çox ciddi narahatlıq doğurur.

Asiya qitəsinin bütün ağrılı problemlərinin konfransda dərin ürək ağrısı ilə qeyd edilməsi bizə xeyli təskinlik, həm də onların həlli ilə bağlı nikbinlik verir.

Üzləşdiyimiz bu problemlərin həlli dost və qardaş müsəlman ölkələrinin iqtisadi və siyasi yardımı ilə xeyli asanlaşa bilər. Arzu edərdik ki, İslam Konfransı Təşkilatı mövcud gərginliyin aradan qaldırılmasına, müharibə ocaqlarının söndürülməsinə, doğma yurdlarından didərgin düşənlərin el-obasına qayıtmasına kömək etmək, günahsız insanların qanının axıdı İmasına son qoymaq üçün öz nüfuz və səylərini daha da artırsın.

İcazə verin, sizi əmin edim ki, Asiya regionunun müsəlman dövlətləri, o cümlədən Azərbaycan İslam Konfransı Təşkilatının fəaliyyətində, habelə Zirvə toplantısında qəbul edilmiş qərarların ardıcıllıqla yerinə yetirilməsində öz səylərini durmadan artıracaq, bu təşkilatın nüfuzunun daha da yüksəlməsi üçün əlindən gələni əsirgəməyəcəkdir.

İslam Konfransı Təşkilatının Yeddinci Zirvə toplantısının uğurla başa çatması münasibətilə sizi bir daha təbrik edirəm. Sizə və sizin xalqlarınıza, müsəlman bacı və qardaşlarımıza səadət və əmin-amanlıq arzulayıram.

Tam əmin olduğumu bildirmək istəyirəm ki, İslam Konfransı Təşkilatı gələcəkdə daha da fəallaşacaq, güclənəcək və dünya siyasətində özünəməxsus layiqli yer tutacaqdır.

“Azərbaycan” qəzeti, 20 dekabr 1994-cü il
 
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.