II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında nitqi

Bakı, Heydər Əliyev Mərkəzi

30 may 2013-cü il

Hörmətli xanımlar və cənablar!
Əziz qonaqlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsi çox əlamətdar hadisədir. Şadam ki, bu Forum ikinci dəfə Bakıda keçirilir. Yadımdadır, iki il bundan əvvəl birinci Forumun keçirilməsi zamanı mən belə bir fikir irəli sürmüşdüm ki, yaxşı olar bu Forum ənənəvi olsun. Çox şadam ki, bizim dostlarımız da bu təşəbbüsü dəstəkləmiş və bu gün bizimlə bərabər ikinci Forumda iştirak edirlər.

Əslində bu Forumun keçirilməsi “Bakı prosesi”nin təzahürüdür. “Bakı prosesi” 2008-ci ildə başlamışdır. Hesab edirəm ki, müasir tarixdə bu, çox önəmli bir hadisə idi. Geniş prosesin başlanması Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin 2008-ci ildə Bakıda keçirilmiş toplantısında İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə yadımızda qalıb. Ondan sonra - 2009-cu ildə artıq İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısında Avropa Şurasından həmkarlar qoşulmuşlar. Yəni Bakı, əslində coğrafi körpü rolunu oynamaqla bərabər, mədəniyyətlərarası körpü rolunu da müvəffəqiyyətlə icra edir.

2010-cu ildə də çox önəmli hadisə baş vermişdir. Dünya dinləri liderlərinin Bakıda zirvə görüşü və 2011-ci ildə birinci Forum keçirilmişdir. Artıq “Bakı prosesi” inkişaf edir və əminəm ki, bu Forumda aparılan diskussiyalar, fikir mübadiləsi, məruzələr bizim ümumi işimizə töhfə verəcəkdir. Çünki biz hamımız istəyirik ki, dünyada dinlərarası, mədəniyyətlərarası münasibətlər sağlam zəmində həllini tapsın, əməkdaşlıq meylləri güclənsin, xoşagəlməz halların qarşısı alınsın, ümumiyyətlə, dünyada sivilizasiyalararası dialoqun inkişafında müsbət meyllər üstünlük təşkil etsin. Əfsuslar olsun ki, biz hələ istədiyimizə tam şəkildə nail ola bilmirik. Çünki dünyanın müxtəlif yerlərində dini, milli zəmində qarşıdurmalar, vətəndaş müharibələri baş verir, anlaşılmazlıq meylləri artır. Hesab edirəm ki, bu vacib məsələlərin bu formatda müzakirə edilməsi, ümumi işimizə, əməkdaşlıq işimizə bir töhfə olacaqdır. 

Hesab edirəm ki, bu Forumun Azərbaycanda keçirilməsi təsadüfi deyildir. Çünki Azərbaycan əsrlər boyu burada yaşayan bütün millətlərin, bütün dinlərin nümayəndələri üçün Vətən olmuşdur. Biz fəxr edirik ki, bu gün də müstəqil Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin nümayəndələri, bütün millətlər bir ailə kimi sülh, mehribanlıq, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu, bizim böyük sərvətimizdir, böyük üstünlüyümüzdür və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafında bu amil də öz rolunu oynamışdır.

Qeyd etməliyəm ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan dini tolerantlıq, dözümlülük məkanı olub. Çox şadam ki, müstəqillik dövründə bu müsbət meylləri biz nəinki qoruyub saxlaya bilmişik, hesab edirəm ki, onları daha da gücləndirmişik və artıq fəaliyyətimizi təkcə ölkənin hüdudları ilə məhdudlaşdırmırıq. Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün dünyada da əks-səda yaradır. Hesab edirəm ki, bizim bütün regional təşəbbüslərimiz – istər siyasi, iqtisadi, digər sahələrlə bağlı təşəbbüslərimiz də, eyni zamanda, regional əməkdaşlıq üçün yaxşı şərait yaradır və xalqlararası, millətlərarası dialoqun aparılması bu müsbət meylləri daha da gücləndirir. Ölkələrin siyasi maraqları ola bilər və vardır. Təbii ki, iqtisadi maraqlar da vardır. Bir çox hallarda ölkələri birləşdirən bu maraqlardır. Ancaq hesab edirəm ki, əməkdaşlığın müsbət meyllərini gücləndirmək üçün mütləq xalqlararası əlaqələr də sağlam zəmində qurulmalıdır. 

Hesab edirəm ki, Forumun gündəliyi çox genişdir, burada müzakirə ediləcək məsələlər böyük əhəmiyyət kəsb edir və gələcəyə müştərək baxışlarımızla bağlı fikirlər də səslənəcəkdir. Bu, çox vacib məsələdir – müştərək gələcək. Bu dünyada hər bir xalq üçün, hər bir millət üçün yer vardır. Təki sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma olsun. Əməkdaşlığın üstünlüyünü biz Azərbaycanın uğurlu inkişafında görürük. Bizim regional təşəbbüslərimizlə bağlı olan bütün addımlarımız əməkdaşlığa yönəldilibdir. Biz əməkdaşlıq, qarşılıqlı dəstək vasitəsilə öz iqtisadi və siyasi maraqlarımızı da tam şəkildə təmin edirik. Regional əməkdaşlıq məsələlərinə gəldikdə hesab edirəm ki, bizim müsbət təcrübəmiz maraqlı ola bilər. Eyni zamanda, Azərbaycan nəinki çoxmillətli və çoxkonfessiyalı ölkədir, eyni zamanda, nadir ölkələrdəndir ki, həm Avropa Şurasının, həm İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və hər iki təşkilatda çox fəal iş aparır, hər iki təşkilatda çox möhkəm mövqelərə malikdir. Bax, bizim bu xüsusiyyətlərimiz hesab edirəm ki, mədəniyyətlərarası dialoqun inkişafına da töhfəsini verməkdədir.

Azərbaycan müsəlman aləminin bir parçasıdır. Əlbəttə ki, Azərbaycanda milli və dini ənənələr çox güclüdür. Müstəqil Azərbaycan dövləti güclü milli mənəvi dəyərlər üzərində qurulubdur. Eyni zamanda, Azərbaycanda müxtəlif dövrlərdə, xüsusilə XIX əsrdən başlayaraq Avropa təsiri də kifayət qədər güclü olmuşdur. İki gün əvvəl biz Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyini qeyd edirdik. Azərbaycan Demokratik Respublikası müsəlman aləmində ilk respublika idi və əslində nəinki Azərbaycan xalqının müstəqilliyini şərtləndirdi, eyni zamanda, bölgədə də, müsəlman aləmində də respublika quruluşunun inkişafına, yayılmasına təkan vermişdir. 

Azərbaycan müsəlman aləminin bir parçası olaraq İslam Əməkdaşlıq Təşkilatında da çox fəal iş aparır. Böyük qürur hissi ilə deyə bilərəm ki, Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. Bizim digər qədim şəhərimiz Naxçıvan isə 2018-ci il üçün bu şərəfli ada layiq görülmüşdür. Bununla bərabər, keçən il Bakıda Avropanın və bəlkə də dünyanın ən mötəbər musiqi yarışı – “Eurovision” keçirilmişdir. 2015-ci ildə Birinci Avropa Oyunları Azərbaycanda keçiriləcəkdir. Yəni, bax bu məsələlər özlüyündə göstərir ki, Azərbaycanda mədəniyyətlərarası dialoqun aparılması üçün nəinki çox gözəl zəmin və əsas vardır, eyni zamanda, biz öz təşəbbüslərimizlə, öz xarici siyasətimizlə və sivilizasiyalararası dialoqa verdiyimiz töhfələrlə bu əməkdaşlığı daha da genişləndiririk. 

Bu, doğrudan da çox vacib məsələdir, çünki dünyada biz hamımız bunun şahidiyik, həm müsbət, həm də mənfi meyllər vardır. Son vaxtlar xüsusilə multikulturalizmlə bağlı müxtəlif fikirlər səslənir. Bəziləri hesab edir ki, multikulturalizm iflasa uğrayıb, bəzi ölkələrdə hətta siyasətçilər bu barədə açıq bəyanatlar verirlər. İctimai rəydə görürük ki, multikulturalizm meyllərinin inkişafı ilə bağlı çox bədbin fikirlər vardır. Əfsuslar olsun ki, bəzi hallarda siyasi bəyanatlar, qeyri-hökumət təşkilatlarının, bəzi media qurumlarının fəaliyyəti sivilizasiyalararası dialoqun inkişafına deyil, əksinə, ayrı-seçkiliyə daha da şərait yaradır. Ona görə burada siyasətçilərin, ictimai xadimlərin məsuliyyəti də böyük əhəmiyyət daşıyır. Çünki bugünkü qloballaşan dünyada, internet dövründə istənilən yerdə səslənən hər bir fikir, hər bir söz dərhal dünyada böyük əks-səda verir.

Mən hesab edirəm ki, biz müsbət təcrübəni daha da geniş şəkildə təbliğ etməliyik. Çünki burada, bu Forumda iştirak edən insanları bir amal birləşdirir. Bizi multikulturalizmin inkişafı, mədəniyyətlərarası dialoqun uğurlu gələcəyi və beləliklə, dünyada gedən müsbət meyllərin gücləndirilməsi amalı birləşdirir. Belə olan halda biz də çalışmalıyıq ki, öz işimizlə, öz praktiki addımlarımızla bu müsbət meylləri gücləndirək. 

Yenə də Azərbaycana qayıdaraq deyə bilərəm ki, multikulturalizm Azərbaycanda əsrlər boyu mövcud olmuşdur. Sadəcə olaraq əvvəlki dövrlərdə biz bu ifadə ilə tanış deyildik. Bu, nisbətən yeni bir ifadədir. Tolerantlıq, dözümlülük, multikulturalizm. Ancaq bu amillər daim var idi. Azərbaycan multikulturalizmin ünvanlarından biridir. Azərbaycanda qeyd etdiyim kimi, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycanda bütün dinlərin tarixi abidələri qorunur. Biz öz tarixi keçmişimizə çox böyük hörmətlə yanaşırıq. Bakıda zərdüştilik dininin gözəl abidəsi qorunub saxlanılır - Atəşgah. Bu ayın 17-də Şamaxıda ölkəmizin ən qədim məscidi bərpadan sonra yenidən açılmışdır. Məscid 743-cü ildə - 1270 il bundan əvvəl tikilmişdir. Bu gün Azərbaycan bu məscidi bərpa edib. Azərbaycan dövləti Bakıda sinaqoqun tikintisinə də öz dəstəyini əsirgəməmişdir. Qədim alban kilsələri Azərbaycanda dövlət tərəfindən bərpa edilir, qorunur, pravoslav, katolik kilsələri fəaliyyət göstərir. 

Yəni, təkcə bax bu faktların sadalanması göstərir ki, doğrudan da multikulturalizm üçün çox gözəl imkanlar vardır. Hesab edirəm ki, dünyanın istənilən yerində bu müsbət meyllər güclənə bilər. Təki siyasi iradə olsun. Təki siyasətçilərdə bu məsələ ilə bağlı düzgün istiqamət üstünlük təşkil etsin. Çünki multikulturalizmin alternativləri demək olar ki, yoxdur. Bunun alternativi ayrı-seçkilikdir, ksenofobiyadır, rasizmdir, faşizmdir. Mən hesab edirəm ki, XXI əsrdə mütərəqqi bəşəriyyət bu xoşagəlməz meyllərin qarşısının alınması üçün daha da fəal olmalıdır. Bu fəallıq müxtəlif formalarla tamamlanmalıdır. 

Hesab edirəm ki, Bakıda keçirilən ikinci Forum bu ümumi işimizə verilən böyük töhfədir. Ancaq biz təkcə forumların keçirilməsi ilə öz işimizi məhdudlaşdırmamalıyıq. Biz müxtəlif tədbirlər hazırlamalıyıq, müxtəlif aksiyalar keçirməliyik. Mədəniyyətlərarası dialoqun inkişafı üçün ciddi tədbirlər görülməlidir.

Şadam ki, birinci Forumdan keçən dövr ərzində biz bu istiqamətdə önəmli addımlar atmışıq. Əminəm ki, bu Forumun nəticələri də çox müsbət olacaqdır. Forumdan sonra fəaliyyət planımız da qəbul ediləcəkdir. 

Multikulturalizmin inkişafı hər bir xalq, hər bir dövlət üçün lazımdır, vacibdir. Xüsusilə etnik təmizləmədən zərər çəkmiş ölkə olan Azərbaycan üçün. Çünki məhz multikulturalizm meyllərinin aşağı səviyyədə olması nəticəsində Azərbaycan torpaqları işğal altına düşmüşdür. Bu işğal 20 ildən çoxdur ki, davam edir. Bizim xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Azərbaycan əhalisi Dağlıq Qarabağdan və ətraf rayonlardan qovulmuşdur. Bizim bütün dini abidələrimiz, tarixi sərvətlərimiz dağıdılıb, talan edilib. Buna sübut ATƏT-in iki missiyasının məruzələridir. O missiyaların məruzələrində açıq-aydın göstərilir ki, işğal edilmiş torpaqlarda erməni silahlı qüvvələri tərəfindən bütün abidələr, bütün infrastruktur, bütün binalar dağıdılıbdır. Bu ədalətsizlik davam edir. Əfsuslar olsun ki, münaqişə öz həllini tapmır. Beynəlxalq hüquq normaları əfsuslar olsun ki, bu münaqişə ilə bağlı işləmir.

BMT Təhlükəsizlik Şurası bu münaqişənin həlli ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılmasına dair açıq-aydın mesajlar vardır. İşğala qeyd-şərtsiz son qoyulmalıdır. Ancaq Ermənistan bu qətnamələrə əməl etmir və işğal, ədalətsizlik davam edir. Beynəlxalq hüquq normaları kobudcasına pozulur. Münaqişənin tezliklə həlli bir tərəfdən beynəlxalq hüquq normalarına hörmətin əlaməti, digər tərəfdən tarixi ədalətin bərpası demək olacaqdır. Çünki Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bütün toponimlər Azərbaycan toponimləridir. Bütün abidələr xalqımızın məhsuludur, Azərbaycan xalqının istedadının, zəhmətinin məhsuludur. 

Münaqişənin tezliklə həll edilməsi bölgəyə sülh gətirəcəkdir. Belə olan halda bölgədə proseslər daha müsbət istiqamətdə gedəcəkdir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən, beynəlxalq təşkilatlar tərəfindən tanınır. Münaqişənin həlli yalnız ərazi bütövlüyü prinsipləri əsasında ola bilər. 

Biz hesab edirik ki, bu gün və sabah bu vacib məsələlərlə bağlı dəyərli fikirlər eşidəcəyik. Forumun keçirilməsi əlamətdar hadisədir. İki il bundan əvvəl birinci Forumun keçirilməsi də hesab edirəm ki, çox rəmzi xarakter daşıyırdı. Son iki il ərzində Azərbaycanda bütün istiqamətlər üzrə inkişaf davam etmişdir. Mədəniyyətlərarası dialoqun inkişafı ilə bağlı çox vacib tədbirlər keçirilmişdir. 2011-2012-ci illərdə iki dəfə Beynəlxalq Humanitar Forum keçirilmişdir. Demək olar ki, o forumların da mövzuları təxminən eynidir. Baxmayaraq ki, torpaqlarımızın 20 faizi işğal atlındadır və bir milyondan artıq vətəndaşımız məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycanın sürətli inkişafı davam etmişdir. Azərbaycan inkişaf edir. Bizim uğurlu inkişafımız bütün istiqamətlərdə özünü göstərir. 

Keçən Forumdan ötən dövr ərzində dünya birliyi Azərbaycana böyük etimad göstərmişdir. 2011-ci ilin oktyabr ayında Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu, xalqımız, müstəqil dövlətimiz üçün böyük tarixi hadisədir. 

İqtisadi sahədə uğurlu inkişaf meylləri daha da güclənmişdir. Demək olar ki, Azərbaycanda əsas iqtisadi və sosial məsələlər uğurla öz həllini tapır. Hətta dünyada gedən böhran illəri ərzində Azərbaycanda iqtisadiyyat artmışdır. Bu gün iqtisadiyyatın şaxələndirilməsi prosesi uğurla davam etdirilir. Dayanıqlı inkişaf üçün bu, əsas şərtdir. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini artırır. Azərbaycan iqtisadiyyatı dünyada 50 ən rəqabət qabiliyyətli iqtisadiyyatlar arasındadır. Əlbəttə, sabit maliyyə vəziyyətimiz, sabit siyasi vəziyyətimiz, regional təşəbbüslər, təbii sərvətlər və ən önəmlisi insan kapitalı bu gün Azərbaycanı qabağa aparan amillərdir. Bir neçə il bundan əvvəl biz bəyan etmişdik ki, insan kapitalı hər şeydən üstündür. Çox güclü sosial siyasət aparılır. Eyni zamanda, mədəniyyətlə bağlı, tarixi irsimizin qorunması ilə bağlı çox böyük işlər görülür. 

Əminəm ki, qonaqlar Bakının tarixi abidələri ilə də tanış olacaqlar. Şəhərimizə ilk dəfə gələn insanlar da xoş təəssüratlarını özləri ilə öz vətənlərinə aparacaqlar. 

Mən bir daha, əziz dostlar, sizin hamınızı ürəkdən salamlayıram. Azərbaycana gəldiyiniz üçün sizə minnətdaram. 

Foruma uğurlar arzulayıram. Sağ olun!

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.