Astana şəhərində türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşündə nitqi

9 iyun 1998-ci il

Hörmətli dövlət başçıları!
Xanımlar və cənablar!

Sizi ürəkdən salamlayıram. Sizə və sizin xalqlarınıza xoşbəxtlik və firavanlıq arzulayıram.

Prezident Nursultan Nazarbayevi Qazaxıstan Respublikasının yeni paytaxtının – Astananın əsasının qoyulması münasibətilə təbrik edirəm, qonaqpərvərliyə və görüşümüzün gözəl təşkil olunmasına görə ona təşəkkürümü bildirirəm.

Türkdilli dövlətlərin başçılarının zirvə görüşü yaxşı ənənəyə çevrilmişdir və bu ənənə bizə problemlərimizi birlikdə, qardaşlıq şəraitində müzakirə etməyə, məsələlərin geniş dairəsi barədə fikir mübadiləsi aparmağa, gələcək üçün planlar müəyyənləşdirməyə imkan verir.

Dövlətlərimizin sıx, bərabərhüquqlu və səmərəli əməkdaşlığı zamanın hökmüdür, bizim bütün əvvəlki tariximizdən və müasir siyasi və iqtisadi proseslərin gedişindən irəli gələn obyektiv zərurətdir.

Yeni minilliyin astanasında ölkələrimizi nəinki tarixi köklər, adət və ənənələr, həm də dövlətlərimizin müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi, regionumuzda sülhün və sabitliyin bərqərar edilməsi, vətəndaşlarımızın həyatının, rifahının yaxşılaşdırılması kimi ümummilli mənafelər birləşdirir. 

Əminəm ki, dünya sivilizasiyasının inkişafına böyük töhfə vermiş olan xalqlarımız bu vəzifələri uğurlu yerinə yetirəcək və XXI əsrə ulu əcdadlarımızın layiqli varisləri kimi qədəm qoyacaqlar.

Çox zəngin təbii ehtiyatlar, dünya iqtisadi sisteminə uğurlu inteqrasiya, yeni Avrasiya nəqliyyat dəhlizləri layihələrinin həyata keçirilməsi, Transxəzər enerji magistrallarının çəkilməsi, «Böyük İpək yolu»nun dirçəldilməsi ölkələrimiz üçün yaxşı perspektiv yaradır.

Yeni kommunikasiya sistemləri dünya bazarlarını təbii sərvətlərimiz üçün açacaq, xalqlarımızın firavanlığının artmasını təmin edəcək, onların təhlükəsizliyi və tərəqqisi üçün möhkəm zəmin yaradacaqdır.

Məmnunluqla qeyd etmək lazımdır ki, 1996-cı ilin may ayında Türkmənistanın Sərəxs şəhərində Transqafqaz nəqliyyat dəhlizi haqqında imzalanmış saziş uğurla həyata keçirilir. Bunun sayəsində Avropadan Asiyaya daşınan yüklərin miqdarı artaraq 1995-ci ildəki 352 min tondan 1997-ci ilin axırınadək 1 milyon 340 min tona çatmışdır. Gözlənildiyinə görə, 1998-ci ildə Transqafqaz dəhlizi ilə 4 milyon tondan çox yük daşınacaqdır.

Bakı-Ceyhan boru kəmərinin çəkilməsi ilə bağlı böyük və fəal iş görülür. Ümidvaram ki, Transxəzər enerji magistrallarının çəkilməsi məsələləri də yaxın vaxtlarda öz həllini tapacaqdır.

TRASEKA proqramı üzrə «Avropa-Qafqaz-Asiya» nəqliyyat dəhlizinin yaradılmasına dair Avropa Birliyinin layihəsinin həyata keçirilməsinə hazırlıq uğurla gedir. Bu ilin aprelində Bakıda hazırlıq müşavirəsi keçirilmişdir. Müşavirədə Avropa və Asiyanın on iki ölkəsinin ekspertləri, habelə Avropa komissiyasının nümayəndələri iştirak edirdilər.

Müşavirənin iştirakçıları əsas çoxtərəfli sazişin layihəsini və onun texniki əlavələrini müzakirə edib ümumən razılaşdırmışlar. Müşavirədə hazırlanmış sənədlər qəti şəkildə razılaşdırılmaq və paraflanmaq üçün iştirakçı ölkələrin hökumətlərinə göndərilmişdir.

Sentyabrın 7-8-də Bakıda «Avropa–Qafqaz–Asiya» nəqliyyat dəhlizi layihəsində iştirak edən ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşünü keçirmək nəzərdə tutulur. Hörmətli dostlar, sizi bu zirvə görüşünə dəvət edirəm və onun nəticələrinin səmərəli olacağına ümid bəsləyirəm.

1992-ci ildə Ankarada keçirilmiş ilk zirvə görüşümüzdən sonra ölkələrimizin və xalqlarımızın həyatında çox hadisələr baş vermişdir. Bütün çətinliklərə baxmayaraq, biz dövlətlərimizin müstəqilliyinin möhkəmləndirilməsində, siyasi və iqtisadi islahatların aparılmasında, xalqlarımızın rifah halının yaxşılaşdırılmasında ciddi uğurlar qazanmışıq.

Bu müddətdə ikitərəfli münasibətlərimiz və regional əməkdaşlıq daha da inkişaf etmişdir. Şəxsi görüşlərimiz və dostluq münasibətlərimiz getdikcə daha da sıx xarakter alır və bunlar qarşıya çıxan problemləri uğurla həll etməyimizə imkan verir.

Dərin məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, ümumi mənəvi irsimizin təbliğinə və inkişafına böyük diqqət yetirilir. Qırğızların «Manas» eposunun minilliyinin, özbək xalqının böyük oğlu Əmir Teymurun 660 illiyinin, Şərqin görkəmli mütəfəkkiri, Azərbaycan şairi Füzulinin 500 illiyinin, böyük qazax şairi Abayın 150 illiyinin bayram edilməsi xalqlarımızın mədəni həyatında mühüm hadisələrə çevrilmişdir.

Ümumi sərvətimiz olan məşhur «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyi 1999-cu ildə YUNESKO ilə birlikdə Azərbaycanda geniş qeyd ediləcəkdir.

Hörmətli dövlət başçıları!

Xalqlarımızın səadət və tərəqqisi üçün ən mühüm şərtlərdən biri sülh, təhlükəsizlik və sabitlikdir. Biz silahlı münaqişələrə, separatizm, təcavüzkar millətçilik təzahürlərinə, mövcud dövlət sərhədlərini zor gücünə dəyişdirmək, müstəqil dövlətlərin ərazi bütövlüyünü pozmaq cəhdlərinə yol verməmək üçün səylərimizi əsirgəməməliyik.

Azərbaycana qarşı Ermənistan Respublikasının təcavüzünün nəticələri sizin hamınıza yaxşı məlumdur. Ermənistan silahlı birləşmələri ərazilərimizin 20 faizini işğal ediblər, bir milyondan çox vətəndaşımız öz doğma yerindən-yurdundan didərgin salınıbdır, onlar qaçqına çevrilibdir və son dərəcə ağır şəraitdə yaşayırlar.

Azərbaycan xalqına çox böyük maddi və mənəvi ziyan vurulmasına baxmayaraq, biz münaqişənin sülh yolu ilə aradan qaldırılmasına tərəfdarıq, möhkəm və uzunmüddətli sülhə nail olmaq üçün hər şeyi edirik.

Atəşkəs haqqında 1994-cü ilin may ayında imzalanmış sazişin böyük əhəmiyyəti vardır. Münaqişə tamamilə aradan qaldırılanadək biz atəşkəs rejiminə ciddi şəkildə əməl edəcəyik.

Biz ATƏT-in Minsk qrupu ilə, onun həmsədrləri olan Rusiya, ABŞ və Fransa ilə fəal əməkdaşlıq edirik.

Azərbaycanın ədalətli, konstruktiv mövqeyi ATƏT-in 1996-cı ildə keçirilmiş Lissabon zirvə görüşündə dəstəklənmişdir. Bu zirvə görüşü Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması yolunda mühüm hadisə olmuşdur. Lissabon zirvə görüşü sülh sazişinin əsasını təşkil etməli olan başlıca prinsipləri təsdiqləmiş, hərtərəfli nizamasalma üçün lazımi hüquqi baza yaratmışdır.

Bu prinsiplər Ermənistanın və Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağa yüksək özünüidarə statusu verilməsini və Dağlıq Qarabağın bütün əhalisinə təhlükəsizlik üçün təminatı təsdiq edir.

Lissabon zirvə görüşündən sonra Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün konkret təkliflər işləyib hazırlamışlar. Ümidvarıq ki, Ermənistan tərəfi həmsədrlərin təkliflərinə konstruktiv mövqelərdən yanaşacaq, bu isə dayandırılmış danışıqlar prosesinə yenidən başlamağa və çoxdan gözlənilən sülhə nail olmağa imkan verəcəkdir.

Azərbaycanın işğal olunmuş əraziləri azad edilməlidir. Dinc sakinlər doğma yerlərinə-yurdlarına qayıtmalıdırlar. Bu labüddür və sülh nə qədər tez bərpa olunarsa, bunun həm Azərbaycana, həm Ermənistana, həm də bölgəmizin bütün ölkələrinə daha çox xeyri dəyər.

Hörmətli dövlət başçıları!

Keçən altı il bizi bir daha inandırır ki, türkdilli dövlətlərin zirvə görüşü öz zəruriliyini, həyat qabiliyyətini sübuta yetirmişdir və fəal əməkdaşlığımız üçün əlverişli şərait yaradaraq fayda gətirir. Biz türkdilli dövlətlərin forumunun fəaliyyətini dəstəkləyir və xalqlarımızın həyatında onun rolunu və əhəmiyyətini yüksək qiymətləndiririk.

Növbəti görüşümüzü Azərbaycanın paytaxtı Bakıda keçirməyi və onu xalqlarımızın böyük mədəniyyət abidəsi olan «Kitabi-Dədə Qorqud» dastanının 1300 illiyinin bayram edilməsi ilə bir vaxta salmağı təklif edirəm.

Diqqətinizə görə təşəkkür edirəm. 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.