İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammitində çıxışı
İstanbul, “Çırağan” sarayı
23 dekabr 2010-cu il
Hörmətli cənab sədr, əziz qardaşım,
Hörmətli həmkarlar,
İlk növbədə, Zirvə görüşünü yüksək səviyyədə təşkil etdiyinə və bizə göstərdiyi qonaqpərvərliyə görə əziz qardaşım, Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə dərin minnətdarlığımı bildirmək istəyirəm. Qardaş Türkiyə torpağında yenidən olmağımdan çox məmnunam.
Eyni zamanda, təşkilata ötən müddət ərzində rəhbərlik etmiş İran İslam Respublikasının Prezidenti, əziz qardaşım Mahmud Əhmədinejada uğurlu rəhbərliyə görə minnətdarlığımı bildirmək istəyirəm.
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinə çox böyük önəm verir. Biz təşkilatda fəal iştirak edirik və təşkilatın güclənməsi çox müsbət haldır. Mən əminəm ki, gələcəkdə təşkilat dünya miqyasında getdikcə daha da önəmli rola malik olacaqdır. Bu rol artdıqca, əlbəttə ki, təşkilata üzv olan ölkələrin imkanları da genişlənəcəkdir.
Azərbaycan regional əməkdaşlıq məsələlərinə çox böyük əhəmiyyət verir. Biz regionda gedən proseslərin inkişafı üçün səylərimizi göstəririk. Konkret layihələrin icra edilməsi sahəsində - həm nəqliyyat, həm enerji sahəsində regionda yeni vəziyyət yaranmışdır və Azərbaycan çalışır ki, iqtisadi imkanlarını səfərbər edərək, bu genişmiqyaslı əməkdaşlığa daha da böyük töhfələr versin.
Ölkəmizdə iqtisadi proseslər müsbət istiqamətdə inkişaf edir. Son 7 il ərzində ölkəmizin ümumi daxili məhsulu təxminən 3 dəfə, büdcə xərcləri 12 dəfə artmışdır. Yoxsulluq isə 4 dəfə azalmışdır. Bu, bizə imkan verir ki, daha da böyük həcmdə maliyyə resurslarımızı ümumi məqsədlər üçün işə salaq. Beləliklə, regionda gedən iqtisadi əməkdaşlığa daha da güclü təkan veriləcəkdir. Hər bir ölkənin iqtisadi müstəqilliyini təmin etmək üçün, - xüsusilə indiki zəmanədə, - enerji təhlükəsizliyi məsələləri öz həllini tapmalıdır. Azərbaycan bu sahədə öz töhfəsini verir. Zəngin neft-qaz yataqlarımız nəinki ölkəmizin inkişafı, eyni zamanda, regional əməkdaşlıq üçün də müsbət rol oynayır. Azərbaycanın zəngin neft-qaz yataqları bizə imkan verir ki, təbii resurslarımızı qonşu dövlətlərə nəql edək. Bu gün ölkəmizdən dünya bazarlarına aparan yeddi neft və qaz kəməri vardır. Azərbaycan öz potensialını bu kəmərlər vasitəsilə realizə edir, eyni zamanda, bu, qonşu, qardaş, dost ölkələrin enerjiyə olan tələbatının müəyyən hissəsini ödəməyə imkan verir. Azərbaycan etibarlı tərəfdaşdır, öz öhdəliklərini həmişə yerinə yetirmişdir və bundan sonra da yerinə yetirəcəkdir. Biz həm təchizatçı, həm də tranzit ölkə, etibarlı tərəfdaş kimi artıq uzun illərdir ki, özümüzü təsdiq etmişik. Əminəm ki, enerji təhlükəsizliyi məsələlərinin uğurla həll olunması nəticəsində hər bir ölkə daha da böyük inamla inkişaf edəcəkdir. Gələcəkdə dünyada enerji ilə bağlı məsələlər daha da ciddi müzakirə mövzusu olacaqdır. Bunu nəzərə alaraq, deyə bilərik ki, enerji təchizatçısı kimi Azərbaycan növbəti illərdə də öz müsbət rolunu oynamağa hazırdır.
Bununla bərabər nəqliyyat sektorunda gedən proseslərə Azərbaycan çox müsbət yanaşır. Bizim icra etdiyimiz layihələr bölgədə yeni nəqliyyat infrastrukturunun yaranmasına gətirib çıxarmışdır. Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Ölkəmizin coğrafi vəziyyəti bizə imkan verir ki, hər istiqamətdə öz müsbət rolumuzu artıraq. Bu gün bölgədə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi nəticəsində yeni “Dəmir İpək yolu”nun bərpası mümkün olacaqdır.
Bu yol nəinki Azərbaycanı Türkiyə ilə birləşdirəcək, eyni zamanda, Avropanı Asiya ilə birləşdirəcəkdir. Beləliklə, iqtisadi səmərə baxımından bu yolun çox böyük önəmi olacaqdır. Biz bu layihədə çox fəal iştirak edirik. Ümid edirik ki, bu yolun tikintisi yaxın zamanlarda başa çatacaq və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr də bu imkanlardan əlbəttə ki, istifadə edəcəklər.
Bütün bu uğurlu iqtisadi və infrastruktur layihələrinin icrası ilə bərabər, qeyd etməliyəm ki, bölgədə sabitlik, sülh, təhlükəsizlik təmin olunmalıdır. Əfsuslar olsun ki, bizim ölkələrimizdə mövcud olan, həllini gözləyən münaqişələr, problemlər, təhdidlər imkan vermir ki, istədiyimizə tam şəkildə nail ola bilək. Hər bir ölkənin uğurlu siyasi, yaxud da ki, iqtisadi inkişafı sabitlik şəraitində mümkündür. Azərbaycanda siyasi sabitlik artıq çoxdandır ki, bərqərar olunmuşdur. Ancaq həll olunmamış münaqişələr, Azərbaycan torpaqlarının 20 faizinin hələ də Ermənistanın işğalı altında qalması çox böyük regional təhlükə mənbəyidir. Azərbaycanlılara qarşı Azərbaycanın əzəli torpağı olan Qarabağda və ətraf bölgələrdə etnik təmizləmə siyasəti aparılmışdır, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə salınmışdır, torpaqlarımızın 20 faizi Ermənistanın işğalı altındadır və bu ədalətsizlik uzun illərdir ki, davam edir. Baxmayaraq ki, beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı və onun Təhlükəsizlik Şurası məsələnin həlli ilə bağlı 4 qətnamə qəbul edib və o qətnamələrdə Ermənistan qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur, hələ də Ermənistan tərəfi bu beynəlxalq hüquq normalarına əməl etmir və işğalçı siyasətini davam etdirir. İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlar buna bənzər qərarlarla çıxış etmişlər. Əlbəttə ki, bu, məsələnin ədalətli və hüquqi müstəvidə həll olunması üçün çox möhkəm zəmindir. Ancaq biz reallıqda hər hansı bir irəliləyiş görmürük və Azərbaycan uzun illərdir ki, bu işğaldan əziyyət çəkir. Biz bu vəziyyətlə əlbəttə ki, barışmayacağıq. Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Biz çalışırıq ki, bunu danışıqlar yolu ilə, sülh yolu ilə edək. Azərbaycanın ərazi bütövlüyü bütün dünya ölkələri tərəfindən tanınır, müzakirə mövzusu deyildir və heç vaxt olmayacaqdır.
Həll olunmamış münaqişələr digər tərəfdən iqtisadi inkişafımıza böyük əngəllər yarada bilmədi. Ancaq nəzərə alsaq ki, əgər bu münaqişə olmasaydı, əlbəttə, həm ölkəmizin inkişafı, həm regional əməkdaşlıq məsələləri daha da uğurla və sürətlə həll oluna bilərdi.
Mən bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatında bundan sonra da fəal iştirak edəcəkdir. Biz təşkilatın güclənməsinə töhfəmizi verməyə davam edəcəyik. Bu təşkilat artıq böyük beynəlxalq təşkilata çevrilibdir və əziz qardaşım, Türkiyənin Prezidenti Abdullah Gülün təklifinə də çox müsbət baxıram ki, təşkilatın Bankına əlavə üzvlərin qoşulması müsbət hal kimi qiymətləndirilir. Azərbaycan öz tərəfindən Banka tamhüquqlu üzv olmaq, səhmdar olmaq üçün bu dəvətdən istifadə edəcəkdir.
Bir daha əziz qardaşım, Prezident Abdullah Gülə yüksək qonaqpərvərliyə, Zirvə görüşünü yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkürümü bildirirəm. Təşkilatımıza yeni uğurlar, qələbələr arzulayıram. Sağ olun.
“Xalq qəzeti”.-2010.- 24 dekabr.-№ 283.-S. 1-2.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.