Ermənistan və Azərbaycan arasında münaqişə üzrə Qətnamə
25 aprel 1993
İslam Konfransı Təşkilatı Xarici işlər nazirlərinin XXI konfransı
Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən İKT Xarici İşlər Nazirlərinin XXI konfransı İKT bəyannaməsinin prinsipləri və məqsədlərindən çıxış edərək,
Qarabağ məsələsi barəsində Ermənistanla Azərbaycan arasında münaqişənin kəskinləşməsi ilə əlaqədar dərindən narahat olaraq;
Ermənistanın Azərbaycana qarşı son hücumunu və Azərbaycan ərazisinin işğalını qətiyyətlə pisləyərək, Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzü nəticəsində humanitar problemlərin dözülməz vəziyyətindən təsirlənərək;
IKT Xarici İşlər Nazirlərinin 1992-ci ildə İstanbulda keçirilmiş V fövqəladə iclasının prinsipial mövqeyini yada salaraq, həmçinin İKT Xarici İşlər Nazirlərinin BMT qərargahında keçirilmiş əlaqələndirmə iclasının son rəsmi məlumatının müvafiq bəndlərini yada salaraq;
Qonşu ölkələrin və regional dövlətlərin, xüsusilə İran və Türkiyənin, Qarabağ məsələsini sülh yolu ilə həll edilməsi istiqamətində göstərdiyi cəhdləri nəzərə alaraq;
Ermənilərin son təcavüzünün beynəlxalq sülh və təhlükəsizlik üçün təhlükə yaratdığını dərk edərək;
bu yeni hərbi hücumun ATƏM çərçivəsində aparılan sülh prosesinə dağıdıcı təsir göstərə biləcəyindən xəbərdar olaraq;
Baş Katibin bu məsələ üzrə məruzəsini yüksək qiymətləndirərək:
- Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünü kəskin şəkildə pisləyir;
- Erməni qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən təcili çıxarılmasına və Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət bəsləməyi Ermənistandan ciddi surətdə tələb edir;
- Qarabağ məsələsini dövlətlərin ərazi bütövlüyünün və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət əsasında ədalətlə və sülh yolu ilə həll etməyə çağırır;
- Həm Ermənistanın, həm də Azərbaycanın əməli surətdə həyata keçirilən ATƏM sülh prosesində konstruktiv mövqe tutmalarını tələb edir və məsələnin sülh yolu ilə həllini çətinləşdirə biləcək hər bir əməldən çəkinməyi tələb edir;
- Azərbaycan hökumətinin və xalqının öz ölkəsinin müdafiəsi üçün etdiyi cəhdlərlə tam həmrəy olduğunu bir daha təsdiq edir;
- Yaşayış yerlərini tərk edənlərin öz evlərinə təhlükəsiz, hörmət və qayğı ilə qayıtmalarını asanlaşdırmağa çağırır;
- Üzv olan ölkələr İslam İnkişaf Bankından və digər İslam təsisatlarından Azərbaycan Respublikasına təcili maliyyə yardımı və humanitar yardım göstərməyi xahiş edirlər;
- BMT Baş Katibindən və Təhlükəsizlik Şurasının sədrindən Təhlükəsizlik Şurasında Ermənistanın təcavüzünü pisləyən və Azərbaycanın işğal edilmiş bütün torpaqlarından erməni qüvvələrinin çıxarılmasını tələb edən qətnamə qəbul olunması üçün bütün səlahiyyətlərdən istifadə etməyi xahiş edir;
- Baş Katibdən bu qətnamənin yerinə yetirilməsinə nəzarət etməyi və İKT Xarici İşlər Nazirlərinin XXII konfransınd bu haqda məruzə etməyi xahiş edir.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.