İslam Konfransı Təşkilatının Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
İslam Konfransı Təşkilatının 2008-ci il martın 14-də Dakar şəhərində imzalanmış Nizamnaməsi təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2010-cu il
№ 989-IIIQ
İslam Konfransı Təşkilatının
NİZAMNAMƏSİ
Rəhmli və mərhəmətli Allahın adı ilə
Biz, İslam Konfransı Təşkilatının üzvü olan Dövlətlər aşağıdakıları qərara alaraq:
22-25 sentyabr 1969-cu il tarixində Rabat şəhərində keçirilmiş Üzv Dövlətlərin Krallarının, Dövlət və Hökumət başçılarının Konfransını, eləcə də 29 fevral - 4 mart 1972-ci il tarixində Ciddə şəhərində keçirilmiş Xarici İşlər Nazirlərinin Konfransını nəzərə almaq;
birlik və qardaşlıq kimi ali İslam dəyərlərini rəhbər tutmaq və Üzv Dövlətlərin beynəlxalq arenada ümumi maraqlarını qorumaq üçün onların arasındakı birliyin və həmrəyliyin inkişaf etdirilməsinin və möhkəmləndirilməsinin əhəmiyyətini təsdiq etmək;
Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin, bu Nizamnamənin və beynəlxalq hüququn prinsiplərindən irəli gələn öhdəliklərimizə sadiq qalmaq;
sülh, mərhəmət, dözümlülük, bərabərlik, ədalət və insan ləyaqəti kimi yüksək İslam dəyərlərini qorumaq və təşviq etmək;
Üzv Dövlətlərin əhalisinin sabit inkişafını, tərəqqisini və çiçəklənməsini təmin etməklə dünyada İslamın aparıcı rolunun bərpası istiqamətində fəaliyyət göstərməyə çalışmaq;
müsəlmanlar və Üzv Dövlətlər arasında birlik və həmrəyliyi genişləndirmək və möhkəmləndirmək;
bütün Üzv Dövlətlərin milli suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmət etmək, qorumaq və müdafiə etmək;
beynəlxalq sülhə və təhlükəsizliyə, sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında anlaşma və dialoqa töhfə vermək, dostluq əlaqələri, mehriban qonşuluq, qarşılıqlı hörmət və əməkdaşlığı inkişaf və təşviq etdirmək;
konstitusiya quruluşuna və hüquq sistemlərinə müvafiq olaraq Üzv Dövlətlərdə insan hüquqları və əsas azadlıqları, səmərəli idarəçiliyi, qanunun aliliyini, demokratiya və məsuliyyəti təşviq etmək;
Üzv Dövlətlər və digər dövlətlər arasında etimadı artırmaq və dostluq əlaqələri, qarşılıqlı hörmət və əməkdaşlığı təşviq etmək;
mötədillik, dözümlülük, müxtəlifliyə hörmət kimi İslam dəyərlərini, İslam rəmzlərinin və ümumi irsin qorunmasını tərbiyə etmək və İslam dininin ümumbəşəri mahiyyətini qoruyub saxlamaq;
əqli kamilliyə çatmaq üçün yüksək İslam ideallarına uyğun biliyin əldə edilməsi və yayılmasını inkişaf etdirmək;
tərəfdaşlıq və bərabərlik prinsiplərinə müvafiq olaraq qlobal iqtisadiyyata səmərəli şəkildə inteqrasiya etmək məqsədilə sabit sosial-iqtisadi inkişafa nail olmaq üçün Üzv Dövlətlər arasında əməkdaşlığı genişləndirmək;
ətraf mühitin bütün aspektlərini hazırkı və gələcək nəsillər üçün qoruyub saxlamaq və inkişaf etdirmək;
öz müqəddəratmı təyinetmə və daxili işlərə qarışmama hüququna, hər bir Üzv Dövlətin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etmək;
hazırda xarici işğal altında olan Fələstin xalqının mübarizəsinə dəstək göstərmək, öz müqəddəratını təyinetmə hüququ daxil olmaqla onlara ayrılmaz hüquqlarını əldə etmək və tarixi, İslam simasını və müqəddəs yerləri qorumaqla paytaxtı Qüds şəhəri olan suveren dövlət qurmaq imkanı yaratmaq;
Üzv Dövlətlərin qanunlarına və qanunvericiliklərinə müvafiq olaraq, qadınların hüquqlarını və onların həyatın bütün sahələrində iştirak etmək hüququnu qorumaq və təşviq etmək;
müsəlman uşaqlarının və gənclərinin düzgün tərbiyəsi üçün əlverişli şərait yaratmaq və mədəni, sosial, mənəvi və əxlaqi idealları möhkəmləndirmək üçün onlara təhsil vasitəsilə İslam dəyərlərini təlqin etmək;
Üzv Dövlətlərdən kənardakı müsəlman azlıqları və icmalarının ləyaqətini, mədəni və dini mənsubiyyətlərini qorumaqda onlara kömək etmək;
hər hansı dövlətin daxili yurisdiksiyasında olan məsələlərə qarışmama prinsipinə tərəfdar olaraq bu Nizamnamənin, BMT Nizamnaməsinin və beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn məqsəd və prinsiplərini təsdiq etmək;
beynəlxalq səviyyədə səmərəli idarəçilik və dövlətlər arasında bərabərlik, qarşılıqlı hörmət və daxili yurisdiksiyada olan məsələlərə qarışmama prinsipləri əsasında beynəlxalq münasibətlərin demokratikləşdirilməsinə çalışmaq;
bu məqsədlərə nail olmaq üçün əməkdaşlıq etməyi qərara alır və düzəlişlər edilmiş bu Nizamnamə barədə razılığa gəlirik.
I fəsil
MƏQSƏD VƏ PRİNSİPLƏR
Maddə 1
İslam Konfransı Təşkilatının məqsədləri aşağıdakılardır:
1. Üzv Dövlətlər arasında qardaşlıq və həmrəyliyi genişləndirmək və möhkəmləndirmək;
2. Ümumi maraqları qorumaq, Üzv Dövlətlərin haqq işlərini dəstəkləmək və xüsusilə İslam dünyasının və ümumiyyətlə dünya birliyinin qarşılaşdığı problemləri nəzərə alaraq, Üzv Dövlətlərin səylərini əlaqələndirmək və birləşdirmək;
3. Öz müqəddəratını təyinetmə, daxili işlərə qarışmama hüquqlarına və hər bir Üzv Dövlətin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etmək;
4. Təcavüz nəticəsində işğal altında olan istənilən Üzv Dövlətin suverenlik və ərazi bütövlüyünün beynəlxalq hüquq və müvafiq beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq əsasında bərpa edilməsini dəstəkləmək;
5. Üzv Dövlətlərin ümumi maraqlarını təmin etmək üçün onların qlobal səviyyədə siyasi, iqtisadi və sosial qərar qəbulu prosesində fəal iştirakını təmin etmək;
6. Qlobal sülh və təhlükəsizliyi təmin etmək üçün ədalət, qarşılıqlı hörmət və mehriban qonşuluğa əsaslanan dövlətlərarası əlaqələri inkişaf etdirmək;
7. Xalqların BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş hüquqlarına dəstəyi bir daha təsdiq etmək;
8. Fələstin xalqının öz müqəddəratını təyin etmək və tarixi, İslam simasını və müqəddəs yerləri qorunmaqla paytaxtı Qüds şəhəri olan suveren dövlət qurmaq hüququnu dəstəkləmək və ona bu sahədə imkan yaratmaq;
9. Ümumi İslam Bazarı yaratmaq məqsədilə iqtisadi inteqrasiyaya nail olmaq üçün islamdaxili iqtisadi və ticari əməkdaşlığı gücləndirmək;
10. Üzv Dövlətlərdə sabit və hərtərəfli sosial inkişaf və iqtisadi rifaha nail olmaq üçün səy göstərmək;
11. Mötədilliyə və dözümlülüyə əsaslanan İslam təlimi və dəyərlərini yaymaq, təşviq etmək və qorumaq, İslam mədəniyyətini yaymaq və İslam irsini qorumaq;
12. İslamın həqiqi simasını qoruyub saxlamaq, İslamın nüfuzuna xələl gətirən böhtanlara qarşı mübarizə aparmaq, sivilizasiyalar və dinlərarası dialoqu təşviq etmək;
13. Elm və texnikanı genişləndirmək və inkişaf etdirmək, bu sahələrdə Üzv Dövlətlər arasında tədqiqat və əməkdaşlığı təşviq etmək;
14. Qadınların, uşaqların, gənclərin, yaşlıların və xüsusi ehtiyaclan olan şəxslərin hüquqları da daxil olmaqla, insan hüquqlarını və əsas azadlıqları qorumaq, o cümlədən İslam ailə dəyərlərini mühafizə etmək;
15. Cəmiyyətin təbii və əsas vahidi kimi ailənin rolunu vurğulamaq, qorumaq və artırmaq;
16. Qeyri-üzv dövlətlərdəki müsəlman icmalarının və azlıqlarının hüquqlarını, ləyaqətini, dini və mədəni mənsubiyyətini qorumaq;
17. Beynəlxalq forumlarda ümumi maraq kəsb edən məsələlərdə birgə mövqe formalaşdırmaq və bu mövqeni müdafiə etmək;
18. Terrorçuluğun bütün forma və təzahürlərinə, mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, korrupsiyaya, çirkli pulların yuyulmasına və insan alverinə qarşı mübarizədə əməkdaşlıq etmək;
19. Təbii fəlakət kimi humanitar xarakterli fövqəladə vəziyyətlərdə əməkdaşlıq etmək və fəaliyyəti əlaqələndirmək;
20. Üzv Dövlətlər arasında sosial, mədəni və informasiya sahələrində əməkdaşlığı inkişaf etdirmək.
Maddə 2
1-ci maddədə qeyd edilən məqsədləri həyata keçirmək üçün Üzv Dövlətlər İslam təlimi və dəyərlərini rəhbər tutmaq və aşağıdakı prinsiplərə müvafiq olaraq hərəkət etmək öhdəliyi götürürlər:
1. Bütün Üzv Dövlətlər BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə sadiq qalacaqlarına dair öhdəlik götürürlər;
2. Üzv Dövlətlər suveren, müstəqildirlər, hüquq və öhdəlik cəhətdən bərabərdirlər;
3. bütün Üzv Dövlətlər mübahisələrini dinc yolla həll edir və münasibətlərində güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinirlər;
4. bütün Üzv Dövlətlər digər Üzv Dövlətlərin milli suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməyi öhdəsinə götürür və digərlərinin daxili işlərinə qarışmaqdan çəkinirlər;
5. bütün Üzv Dövlətlər beynəlxalq sülh və sabitliyin qorunub saxlanmasına yardım etmək və bu Nizamnamədə, BMT-nin Nizamnaməsində, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquqda təsbit edildiyi kimi, bir-birinin daxili işlərinə qarışmaqdan çəkinmək öhdəliyi götürürlər;
6. BMT Nizamnaməsində qeyd edildiyi kimi, bu Nizamnamədə heç nə Təşkilata və ya onun orqanlarına istənilən Dövlətin daxili yurisdiksiyasına aid olan və ya onunla bağlı olan məsələlərə qarışmaq səlahiyyəti vermir.
7. Üzv Dövlətlər milli və beynəlxalq səviyyədə səmərəli idarəçiliyi, demokratiyanı, insan hüquqlarını, əsas azadlıqları və qanunun aliliyini müdafiə və təşviq edirlər.
8. Üzv Dövlətlər ətraf mühiti qoruyub saxlamağa səy göstərirlər.
II fəsil
ÜZVLÜK
Maddə 3
1. Təşkilat İslam Konfransı Təşkilatının üzvü olan 57 Dövlətdən və 3-cü maddənin 2-ci bəndinə müvafiq olaraq Nizamnaməyə qoşula bilən digər Dövlətlərdən ibarətdir.
2. BMT-nin üzvü olan, müsəlman əhalisi çoxluq təşkil edən, Nizamnaməyə riayət edən və üzvlük üçün ərizə verən istənilən Dövlət Xarici İşlər Nazirləri Şurasının qəbul etdiyi razılaşdırılmış meyarlar əsasında Xarici İşlər Nazirləri Şurası tərəfindən konsensusla təsdiq edildiyi halda Təşkilata qoşula bilər.
3. Bu Nizamnamədə heç nə hazırkı Üzv Dövlətlərin üzvlük və ya digər məsələlərlə bağlı hüquq və imtiyazlarına xələl gətirmir.
Maddə 4
1. BMT-nin üzvü olan Dövlətə müşahidəçi statusu vermək barədə qərar Xarici İşlər Nazirləri Şurası tərəfindən yalnız konsensusla və Xarici İşlər Nazirləri Şurası tərəfindən razılaşdırılmış meyarlar əsasında qəbul edilir.
2. Beynəlxalq təşkilata müşahidəçi statusu vermək barədə qərar Xarici İşlər Nazirləri Şurası tərəfindən yalnız konsensusla və Xarici İşlər Nazirləri Şurası tərəfindən razılaşdırılmış meyarlar əsasında qəbul edilir.
III fəsil
ORQANLAR
Maddə 5
İslam Konfransı Təşkilatının Orqanları aşağıdakılardan ibarətdir:
1. İslam Sammiti
2. Xarici İşlər Nazirləri Şurası
3. Daimi komitələr
4. İcraiyyə Komitəsi
5. Beynəlxalq İslam Ədalət Məhkəməsi
6. İnsan Hüquqları üzrə Müstəqil Daimi Komissiya
7. Daimi Nümayəndələr Komitəsi
8. Baş Katiblik
9. Köməkçi orqanlar
10. İxtisaslaşmış qurumlar
11. Filiallar.
IV fəsil
İSLAM SAMMİTİ
Maddə 6
İslam Sammiti Üzv Dövlətlərin Krallarından, Dövlət və Hökumət başçılarından ibarətdir və Təşkilatın ali orqanıdır.
Maddə 7
İslam Sammiti Nizamnamədə nəzərdə tutulan məqsədlərin həyata keçirilməsi ilə bağlı bütün məsələləri birgə nəzərdən keçirir, onlar barədə qərarlar qəbul edir, bu məqsədlərin həyata keçirilməsi ilə əlaqədar məsələlərə rəhbərlik edir, Üzv Dövlətlər və İslam Dünyası üçün narahatlıq doğuran digər məsələləri müzakirə edir.
Maddə 8
1. İslam Sammiti hər üç ildən bir Üzv Dövlətlərdən birində keçirilir.
2. Gündəliyin hazırlanması və Sammitin keçirilməsi üçün bütün zəruri tədbirlər Baş Katibliyin yardımı ilə Xarici İşlər Nazirləri Şurası tərəfindən görüləcək.
Maddə 9
Növbədənkənar iclaslar, İslam dünyasının maraqları buna zərurət yaratdığı halda, İslam dünyası üçün mühüm əhəmiyyət kəsb edən məsələləri müzakirə etmək və Təşkilatın siyasətini müvafiq şəkildə əlaqələndirmək məqsədilə keçiriləcək. Növbədənkənar iclas istənilən Üzv Dövlətin və ya Baş katibin təşəbbüsü ilə və bu təşəbbüs Üzv Dövlətlərin adi səs çoxluğu ilə qəbul edildiyi halda keçirilir.
V fəsil
XARİCİ İŞLƏR NAZİRLƏRİ ŞURASI
Maddə 10
1. Xarici İşlər Nazirləri Şurası ildə bir dəfə Üzv Dövlətlərdən birinin ərazisində toplanır.
2. Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası istənilən Üzv Dövlətin və ya Baş katibin təşəbbüsü ilə və bu təşəbbüs Üzv Dövlətlərin adi səs çoxluğu ilə qəbul edildiyi halda keçirilir.
3. Xarici İşlər Nazirləri Şurası İslam Dünyası üçün narahatlıq doğuran xüsusi məsələlərlə məşğul olmaq üçün ayrı-ayrı sahələr üzrə nazirlərin iclaslarının keçirilməsini tövsiyə edə bilər. Belə iclasların hesabatlan İslam Sammitinə və Xarici İşlər Nazirləri Şurasına təqdim edilir.
4. Xarici İşlər Nazirləri Şurası aşağıdakılar vasitəsilə Təşkilatın ümumi siyasətinin həyata keçirilmə üsullarını nəzərdən keçirir:
a. Təşkilatın məqsədlərinin və ümumi siyasətinin həyata keçirilməsi üçün ümumi maraq doğuran məsələlərlə bağlı qərar və qətnamələrin qəbul edilməsi;
b. əvvəlki Sammit və Xarici İşlər Nazirləri Şurası tərəfindən qəbul edilmiş qərar və qətnamələrin icrası prosesinin nəzərdən keçirilməsi;
c. Baş Katibliyin və Köməkçi orqanların proqram, büdcə və digər maliyyə-inzibati hesabatlarının nəzərdən keçirilməsi və təsdiq edilməsi;
d. bir və ya daha artıq Üzv Dövlətə aidiyyəti olan məsələ ilə bağlı müvafiq tədbirlər görülməsi üçün əlaqədar Dövlətlər tərəfindən müraciət olan halda həmin məsələnin nəzərdən keçirilməsi;
e. istənilən yeni orqan və ya komitənin yaradılmasının tövsiyə edilməsi;
f. Nizamnamənin 16 və 18-ci maddələrinə müvafiq olaraq Baş katibin seçilməsi və Baş katibin köməkçilərinin təyin edilməsi;
g. müvafiq hesab etdiyi istənilən digər məsələnin nəzərdən keçirilməsi.
VI fəsil
DAİMİ KOMİTƏLƏR
Maddə 11
1. Mühüm əhəmiyyətli məsələləri Təşkilat və onun Üzv Dövlətlərinə çatdırmaq üçün Təşkilat aşağıdakı daimi komitələri yaratmışdır:
i. Qüds Komitəsi
ii. Məlumat və Mədəniyyət Məsələləri üzrə Daimi Komitə (COMİAC)
iii. İqtisadiyyat və Ticarət sahəsində Əməkdaşlıq üzrə Daimi Komitə (COMCEC);
iv. Elm və Texnika sahəsində Əməkdaşlıq üzrə Daimi Komitə (COMS-TECH).
2. Daimi komitələrə Krallar, Dövlət və Hökumət Başçıları sədrlik edir və
bu komitələr Sammitin qərarlarına müvafiq olaraq və ya Xarici İşlər Nazirləri Şurasının tövsiyəsi və belə Komitələrin üzvlüyü əsasında təsis edilir.
VII fəsil
İCRAİYYƏ KOMİTƏSİ
Maddə 12
İcraiyyə Komitəsi İslam Sammitinin və Xarici İşlər Nazirləri Şurasının hazırkı, əvvəlki və gələcək Sədrlərindən, Baş Katibliyin Qərargahına ev sahibliyi edən ölkədən, o cümlədən ex-officio Üzv kimi Baş katibdən ibarətdir. İcraiyyə Komitəsinin iclasları öz Prosedur Qaydalarına uyğun olaraq keçirilir.
VIII fəsil
DAİMİ NÜMAYƏNDƏLƏR KOMİTƏSİ
Maddə 13
Daimi Nümayəndələr Komitəsinin müstəsna hüquqları və iş metodu Xarici İşlər Nazirləri Şurası tərəfindən müəyyən edilir.
IX fəsil
BEYNƏLXALQ İSLAM ƏDALƏT MƏHKƏMƏSİ
Maddə 14
1987-ci ildə Küveytdə təsis edilmiş Beynəlxalq İslam Ədalət Məhkəməsi onun Əsasnaməsinin qüvvəyə minməsindən sonra Təşkilatın əsas məhkəmə orqanı olacaqdır.
X fəsil
İNSAN HÜQUQLARI ÜZRƏ MÜSTƏQİL DAİMİ KOMİTƏ
Maddə 15
İnsan Hüquqları üzrə Müstəqil Daimi Komitə Təşkilatın paktlarında, bəyannamələrində və insan hüquqları sahəsində universal səviyyədə razılaşdırılmış sənədlərdə təsbit edilmiş mülki, siyasi, sosial və iqtisadi hüquqları İslam dəyərlərinə uyğun şəkildə təşviq edir.
XI fəsil
BAŞ KATİBLİK
Maddə 16
Baş Katiblik Təşkilatın əsas inzibati vəzifəli şəxsi olan Baş katibdən və Təşkilatın tələb etdiyi heyətdən ibarət olacaqdır. Baş katib Xarici İşlər Nazirləri Şurası tərəfindən beş il müddətinə seçilir; onun bu vəzifəyə yalnız bir dəfə təkrar seçilmək hüququ vardır. Baş katib ədalətli coğrafi bölgü, rotasiya və bütün Üzv Dövlətlər üçün bərabər imkanların yaradılması prinsiplərinə müvafiq olaraq Üzv Dövlətlərin vətəndaşları arasından səriştəsi, vicdanlılığı və təcrübəsi nəzərə alınmaqla seçilir.
Maddə 17
Baş katibin vəzifələri aşağıdakılardır:
a. onun fikrincə Təşkilatın məqsədlərinə xidmət edən və ya onlara ziyan
verə bilən məsələləri Təşkilatın səlahiyyətli orqanlarının diqqətinə çatdırmaq;
b. İslam Sammitinin, Xarici İşlər Nazirləri Şurası və digər nazirlər iclaslarının qərar, qətnamə və tövsiyələrinin icrasına nəzarət etmək;
c. İslam Sammiti və Xarici İşlər Nazirləri Şurasının qərar, qətnamə və tövsiyələrini yerinə yetirmək üçün Üzv Dövlətləri zəruri sənədlər və xidməti
məlumatlarla təmin etmək;
d. Təşkilatın müvafiq orqanlarının işini əlaqələndirmək və razılaşdırmaq;
e. Baş Katibliyin proqram və büdcəsini hazırlamaq;
f. Üzv Dövlətlər arasında kommunikasiyanı təşviq etmək və məsləhətləşmələrə, fikir mübadiləsinə, o cümlədən Üzv Dövlətlər üçün əhəmiyyət kəsb edən məlumatın yayılmasına yardım etmək;
g. İslam Sammiti və Xarici İşlər Nazirləri Şurası tərəfindən ona həvalə olunmuş digər vəzifələri yerinə yetirmək;
h. Xarici İşlər Nazirləri Şurasına Təşkilatın işi barədə illik hesabat təqdim etmək.
Maddə 18
1. Baş katib ədalətli coğrafi bölgü prinsipinə əsaslanaraq və səriştə, vicdanlılıq və Nizamnamənin məqsədlərinə sadiqlik amillərini nəzərə almaqla, 5 il müddətinə təyin edilmək üçün Xarici İşlər Nazirləri Şurasına öz köməkçilərinin namizədliyini irəli sürür. Baş katibin köməkçisi vəzifələrindən biri Qüds və Fələstin məsələsinə həsr edilir. Bu vəzifəyə namizədi Fələstin Hökuməti irəli sürür.
2. Baş katib İslam Sammitinin və Xarici İşlər Nazirləri Şurasının qətnamələrinin və qərarlarının icrası üçün Xüsusi Nümayəndələr təyin edə bilər. Belə təyinatlar, eləcə də xüsusi nümayəndələrin mandatları Xarici İşlər Nazirləri Şurasının razılığı ilə təsdiqlənir.
3. Baş katib ədalətli coğrafi bölgü prinsipinə müvafiq olaraq, səriştə, bu vəzifəni tutmaq üçün müvafiq keyfiyyətlər, vicdanlılıq və gender amilini nəzərə almaqla Üzv Dövlətlərin vətəndaşları arasından Baş Katibliyin işçilərini təyin edir. Baş Katib müvəqqəti ekspert və məsləhətçilər təyin edə bilər.
Maddə 19
Baş katib, Baş katibin köməkçiləri və Baş Katibliyin işçiləri öz vəzifələrini icra edərkən, istənilən hökumət və ya digər təşkilata təlimat almaq üçün müraciət edə və ya onlardan hər hansı belə təlimatı qəbul edə bilməz. Onlar yalnız Təşkilat qarşısında məsuliyyət daşıyan beynəlxalq rəsmilər olaraq öz vəzifələrinə zidd olan hərəkətlər etməkdən çəkinməlidirlər. Üzv Dövlətlər vəzifənin beynəlxalq xarakterinə hörmət etməli və vəzifələrinin icrası zamanı onlara təsir etməyə çalışmamalıdırlar.
Maddə 20
Baş Katiblik inzibati və təşkilati məsələlərlə bağlı ev sahibliyi edən ölkə ilə sıx əməkdaşlıq etməklə İslam Sammitinin və Xarici İşlər Nazirləri Şurasının iclasları üçün hazırlıq görür.
Maddə 21
Baş Katibliyin qərargahı, Qüds şəhəri azad edilənədək Ciddə şəhərində yerləşəcəkdir. Bundan sonra Qüds şəhəri Təşkilatın daimi qərargahı olacaqdır.
XII fəsil
Maddə 22
Təşkilat Nizamnaməyə uyğun olaraq Xarici İşlər Nazirləri Şurasının təsdiqindən sonra köməkçi orqanlar, ixtisaslaşmış qurumlar yarada və filial statusu verə bilər.
KÖMƏKÇİ ORQANLAR
Maddə 23
Köməkçi orqanlar İslam Sammiti və Xarici İşlər Nazirləri Şurasının qərarlarına uyğun olaraq Təşkilat çərçivəsində yaradılır və onların büdcəsi Xarici İşlər Nazirləri Şurası tərəfindən təsdiq edilir.
XIII fəsil
İXTİSASLAŞMIŞ QURUMLAR
Maddə 24
Təşkilatın ixtisaslaşmış qurumları İslam Sammitinin və ya Xarici İşlər Nazirləri Şurasının qərarlarına müvafiq olaraq Təşkilat çərçivəsində yaradılır. İxtisaslaşmış qurumlara üzvlük könüllüdür və Təşkilatın üzvləri üçün açıqdır. Onların büdcələri müstəqildir və Nizamnamələrində göstərilən müvafiq qanunverici orqan tərəfindən təsdiq edilir.
FİLİALLAR
Maddə 25
Filiallar, məqsədləri bu Nizamnaməyə uyğun olan və Xarici İşlər Nazirləri Şurası tərəfindən filial kimi tanınan müəssisə və orqanlardır. Filiallara üzvlük könüllüdür və Üzv Dövlətlərin orqan və təsisatları üçün açıqdır. Onların büdcəsi Baş Katibliyin, Köməkçi orqanların və ixtisaslaşmış qurumların büdcəsindən asılı deyil. Xarici İşlər Nazirləri Şurasının qətnaməsi vasitəsilə bu filiallara müşahidəçi statusu verilə bilər. Onlar köməkçi orqanlardan və ya ixtisaslaşmış qurumlardan, eləcə də Üzv Dövlətlərdən yardım ala bilərlər.
XIV fəsil
İSLAM TƏŞKİLATLARI VƏ DİGƏR TƏŞKİLATLARLA ƏMƏKDAŞLIQ
Maddə 26
Təşkilat bu Nizamnamədə göstərilən məqsədlərin yerinə yetirilməsi üçün İslam təşkilatlan və digər təşkilatlarla əməkdaşlığı genişləndirir.
XV fəsil
MÜBAHİSƏLƏRİN DİNC YOLLA HƏLLİ
Maddə 27
İslam dünyasının maraqlarına xələl gətirən və beynəlxalq təhlükəsizliyi, sülhü təhdid edən mübahisənin tərəfləri olan Üzv Dövlətlər öz seçimləri əsasında xeyirxah xidmət, danışıqlar, araşdırma, vasitəçilik, barışıq, arbitraj, məhkəmə qaydasında tənzimləmə və ya digər dinc vasitələrlə bu mübahisənin həllinə çalışırlar. Bu kontekstdə xeyirxah xidmətlərə İcraiyyə Komitəsi və Baş katiblə məsləhətləşmələr aid ola bilər.
Maddə 28
Təşkilat beynəlxalq sülh və təhlükəsizliyi qoruyub saxlamaq və mübahisələri dinc yolla həll etmək üçün digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq edə bilər.
XVI fəsil
BÜDCƏ VƏ MALİYYƏ
Maddə 29
1. Baş Katibliyin və Köməkçi orqanların büdcəsi Üzv Dövlətlər tərəfindən, onların milli gəlirlərinə müvafiq olaraq formalaşdırılır.
2. Təşkilat İslam Sammiti və Xarici İşlər Nazirləri Şurasının razılığı ilə Üzv Dövlətlərin, ayrı-ayrı şəxslərin və təşkilatların könüllüsurətdə verdiyi ianə hesabına xüsusi fond və vəqflər yarada bilər. Bu fond və vəqflər Təşkilatın maliyyə sisteminə aiddir və ildə bir dəfə Maliyyə Nəzarəti Orqanı tərəfindən təftiş edilir.
Maddə 30
Baş Katiblik və Köməkçi orqanlar öz maliyyə işlərini Xarici İşlər Nazirləri Şurası tərəfindən təsdiq edilmiş Maliyyə ProsedurQaydalarına müvafiq olaraq idarə edir.
Maddə 31
1. Daimi Maliyyə Komitəsi Xarici İşlər Nazirləri Şurası tərəfindən, iştirak edən Üzv Dövlətlərin akkreditə olunmuş nümayəndələrindən yaradılır və Komitə Baş Katibliyin və onun Köməkçi orqanlarının proqram və büdcəsini Xarici İşlər Nazirləri Şurası tərəfindən təsdiq edilmiş qaydalara müvafiq olaraq tərtib etmək üçün Təşkilatın Qərargahında toplanır.
2. Daimi Maliyyə Komitəsi Xarici İşlər Nazirləri Şurasına illik hesabat təqdim edir və sonuncu proqramı, büdcəni müzakirə və təsdiq edir.
3. Üzv Dövlətlərin maliyyə/audit ekspertlərindən ibarət Maliyyə Nəzarəti Orqanı Baş Katibliyin və onun Köməkçi orqanlarının daxili qaydalarına və əsasnamələrinə uyğun olaraq onları təftiş edir.
XVII fəsil
PROSEDUR QAYDALARI VƏ SƏSVERMƏ
Maddə 32
1. Xarici İşlər Nazirləri Şurası öz prosedur qaydalarını qəbul edir.
2. Xarici İşlər Nazirləri Şurası İslam Sammitinin prosedur qaydalarını təklif edir.
3. Daimi Komitələr öz prosedur qaydalarını müəyyən edirlər.
Maddə 33
1. İslam Konfransı Təşkilatının iclasları üçün Üzv Dövlətlərin üçdə ikisi yetərsay təşkil edir.
2. Qərarlar konsensus əsasında qəbul edilir. Konsensus olmazsa və Nizamnamədə başqa cür müəyyən edilməyibsə, qərar iştirak edən və səs verən üzvlərin üçdə iki səs çoxluğu ilə qəbul edilir.
XVIII fəsil
YEKUN MÜDDƏALAR İmtiyaz və immunitetlər
Maddə 34
1. Təşkilat vəzifələrini yerinə yetirmək və məqsədlərini həyata keçirmək üçün Üzv Dövlətlərdə zəruri imtiyaz və immunitetlərə malikdir.
2. Üzv Dövlətlərin nümayəndələri və Təşkilatın rəsmiləri İmtiyaz və immunitetlər haqqında 1976-cı il tarixli Sazişdə müəyyənləşdirilmiş imtiyaz və immunitetlərə malikdirlər.
3. Baş Katibliyin, Köməkçi orqanların və ixtisaslaşmış qurumların heyəti öz vəzifələrini yerinə yetirmək üçün Təşkilatla ev sahibliyi edən ölkələr arasında razılaşdırılan imtiyaz və immunitetlərə malikdirlər.
4. Təşkilata üzvlük haqqını vaxtında ödəyə bilməyən Üzv Dövlətin borcunun məbləği əvvəlki iki ilin üzvlük haqqına bərabər olarsa və ya bu məbləği aşarsa, Üzv Dövlət Xarici İşlər Nazirləri Şurasında səs vermək hüququnu itirir. Bununla belə, Şura Üzv Dövlətin üzvlük haqqını ondan asılı olmayan səbəblərə görə ödəyə bilmədiyinə əmin olarsa, Üzv Dövlətə səs vermək üçün icazə verilir.
TƏŞKİLATDAN ÇIXMA
Maddə 35
1. İstənilən Üzv Dövlət Baş katibə bir il əvvəl bildiriş göndərməklə Təşkilatdan çıxa bilər. Belə bildiriş barədə bütün Üzv Dövlətlərə məlumat verilir.
2. üçün müraciət edən Dövlət çıxma haqqında müraciətin təqdim edildiyi maliyyə ilinin sonunadək öz öhdəliklərinə bağlı olur. O, həmçinin Təşkilata borclu olduğu digər haqları ödəyir.
DÜZƏLİŞLƏR
Maddə 36
a) Bu Nizamnaməyə düzəlişlər aşağıdakı prosedura uyğun olaraq edilir:
istənilən Üzv Dövlət bu Nizamnaməyə düzəliş edilməsi ilə bağlı Xarici İşlər Nazirləri Şurasına təklif verə bilər;
b) düzəliş Xarici İşlər Nazirləri Şurasının üçdə iki hissəsi tərəfindən təsdiq edildikdə və Üzv Dövlətlərin üçdə ikisi tərəfindən ratifikasiya edildiyi təqdirdə qüvvəyə minir.
TƏFSİR
Maddə 37
1. Bu Nizamnamənin istənilən maddəsinin təfsiri, tətbiqi və ya icrası ilə bağlı yaranan istənilən mübahisə dostcasına və bütün hallarda məsləhətləşmələr, danışıqlar, barışıq və ya arbitraj yolu ilə həll edilir.
2. Bu Nizamnamənin müddəaları Üzv Dövlətlərin konstitusiyalarının tələblərinə uyğun yerinə yetirilir.
Maddə 38
Təşkilatın dilləri ərəb, fransız və ingilis dilləridir.
KEÇİD MÜDDƏALARI
Ratifikasiva və qüvvəyəminmə
Maddə 39
1. Bu Nizamnamə Xarici İşlər Nazirləri Şurası tərəfindən üçdə iki səs çoxluğu ilə qəbul edilir və hər bir Üzv Dövlətin konstitusiya prosedurlarına müvafiq olaraq Üzv Dövlətlər tərəfindən imzalanmaq və ratifikasiya edilmək üçün açıqdır.
2. Təsdiqnamələr saxlanılmaq üçün Təşkilatın Baş katibinə verilir.
3. Bu Nizamnamə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə müvafiq olaraq 1 fevral 1974-cü il tarixində qeydiyyatdan keçirilmiş İslam Konfransı Təşkilatı Nizamnaməsini əvəz edir.
2008-ci il martın 14-də Dakar şəhərində (Seneqal Respublikası) imzalanmışdır.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.