Bakıda İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasında nitqi

Bakı, “Gülüstan” sarayı

19 iyun 2006-cı il

Hörmətli cənab baş katib, Hörmətli nazirlər, nümayəndə heyətlərinin başçıları, 
Əziz qonaqlar! 

Mən sizin hamınızı ürəkdən salamlayıram və “Azərbaycana xoş gəlmisiniz!” deyirəm. 

Biz İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 33-cü sessiyasının Azərbaycanda keçirilməsinə böyük əhəmiyyət veririk. İlk dəfədir ki, Azərbaycanda belə mötəbər görüş keçirilir. Əlbəttə, çox istəyirik ki, sessiya zamanı aparılan müzakirələr, fikir mübadiləsi bizim işimizi daha da təkmilləşdirsin, aramızda olan əlaqələri daha da möhkəmləndirsin. Mən şübhə etmirəm ki, qəbul ediləcək qərarlar, o cümlədən Bakı Bəyannaməsi bizim işimizə çox böyük töhfə verəcəkdir. 

İslam Konfransı Təşkilatı öz mövqelərini möhkəmləndirir, dünyada gedən proseslərə təşkilatın təsir imkanları artır və əlbəttə ki, bu, bizi çox sevindirir. Aramızda olan qardaşlıq, dostluq əlaqələri, həmrəylik bizi daha da gücləndirir. Siyasi müstəvidə bizim əlaqələrimiz çox yüksək səviyyədədir. İkitərəfli əlaqələrlə yanaşı, biz çoxtərəfli formatda müxtəlif beynəlxalq tədbirlərdə, müxtəlif regional əməkdaşlıq layihələrində uğurla iştirak edirik. Əlbəttə, çox istərdik ki, bizim aramızda bütün sahələrdə əlaqələr möhkəmlənsin. İlk növbədə, iqtisadi sahədə. Çünki müasir dünyada iqtisadi imkanlar, iqtisadi potensial, əlbəttə ki, ölkənin gücünü müəyyən edir, təsir imkanlarını genişləndirir. Biz öz fəaliyyətimizlə çalışmalıyıq ki, bir-birimizin iqtisadiyyatına dəstək verək, onu gücləndirək. Bunu etmək üçün, şübhəsiz, qarşılıqlı ticarət əlaqələri daha da genişlənməlidir. Mən ümid edirəm ki, bugünkü görüş bu sahədə gələcəkdə görüləcək işlərə çox mühüm təkan verəcək və təşkilatın üzvü olan dövlətlər arasında bütün sahələrdə əməkdaşlıq daha da möhkəmlənəcəkdir. 

Eyni zamanda, bu sessiyada bizi narahat edən məsələlər də müzakirə olunacaq və biz öz mövqeyimizi bildirməliyik. Dünyada gedən proseslər bəzi hallarda bizi narahat edir. İlk növbədə, bəzi ölkələrin kütləvi informasiya vasitələrində və müəyyən siyasi dairələr tərəfindən islamı terrorizmlə eyniləşdirmək cəhdləri bizi çox üzür, narahat edir və hiddətləndirir. Biz buna heç cür imkan verə bilmərik. İslamı terrorizmlə eyniləşdirmək olmaz. İslam sülh dinidir, mehribanlıq dinidir, dözümlülük dinidir. Azərbaycan özü terrorun qurbanıdır. Erməni terrorist təşkilatları bizə qarşı 30-dan çox terror aktı törətmişlər. Bu terror aktları nəticəsində 2 mindən artıq azərbaycanlı həlak olmuşdur. Ancaq biz bu terrorist təşkilatları hər hansı bir dinə bağlamırıq. Bu, düzgün deyildir. Terrorizmin nə dini var, nə də milliyyəti. Ona görə biz bu məsələlərə öz etirazımızı daha da inamla bildirməliyik, öz sözümüzü deməliyik. Eyni zamanda, gərək bütün təbliğat imkanlarımızdan istifadə edərək, çox böyük narahatlıq doğuran bu mənfi meyilə münasibətimizi bildirək, öz hərəkətlərimizlə bunun qarşısını alaq. 

Bizi narahat edən digər məsələ bəzi ölkələrdə islama nifrət meyillərinin güclənməsidir. Biz indi sivilizasiyalar arasında dialoqdan çox danışırıq, amma əslində, real həyatda bunun əksini görürük. Onu görürük ki, müxtəlif ölkələrdə dini zəmində ayrı-seçkilik halları artır, islam dininə mənsub olan insanlara münasibət bəzi hallarda lazımi səviyyədə deyil və bu dini ayrı-seçkiliyə heç cür yol verə bilmərik. İndi biz qloballaşmadan söhbət açırıq, sivilizasiyalar arasında dialoqdan söhbət açırıq, demokratik dəyərlərə daha da sürətlə yiyələnirik. Belə olan halda, biz hər hansı bir zəmində - dini, yaxud da ki, milli zəmində ayrı-seçkiliyin olması, yaxud da hansısa dinin nümayəndələrinə mənfi münasibət göstərilməsi ilə heç cür barışa bilmərik. Mən əminəm ki, İslam Konfransı Təşkilatı ölkələrinin birgə səyləri nəticəsində biz bütün bu məsələlərə dair öz mövqeyimizi bildirəcək, öz sözümüzü deyəcəyik. Ümid edirəm ki, birgə fəaliyyətimiz, müştərək işimiz bizi narahat edən bütün məsələlərə aydınlıq gətirəcək və onların qarşısı alınacaqdır. 

Biz bu gün Azərbaycanda yığışmışıq. Mən qeyd etdim, bu, bizim üçün çox böyük hadisədir. İlk dəfədir belə mötəbər tədbir Azərbaycanda keçirilir və ümid edirəm ki, siz, eyni zamanda, ölkəmizlə də tanış olmaq imkanından istifadə edəcəksiniz. Azərbaycan çox qədim diyardır, çox tarixi bir yerdir. Ancaq müstəqil dövlət kimi gəncdir. Yalnız 15 il bundan əvvəl Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi və o gündən bu günə qədər beynəlxalq aləmin üzvü kimi öz mövqelərini möhkəmləndirir. Bizim müstəqil siyasətimiz Azərbaycan xalqının maraqlarına xidmət edir. Biz müxtəlif regional və beynəlxalq layihələrin iştirakçılarıyıq, onların təşəbbüskarıyıq. Azərbaycanda siyasi sabitlik mövcuddur, vətəndaş həmrəyliyi var. Biz öz iqtisadi potensialımızı çox sürətlə möhkəmləndiririk və iqtisadi artım baxımından Azərbaycan indi dünyada lider dövlətlər sırasındadır. Keçən il ümumi daxili məhsulun artımı 26 faiz təşkil etmişdir. Bu ilin beş ayında təxminən 40 faiz olmuşdur. O cümlədən sənaye istehsalının artımı da çox yüksək səviyyədədir. Çoxlu iş yerləri açılır, yoxsulluqla mübarizə çox cəsarətlə və sürətlə aparılır. Bir sözlə, Azərbaycan iqtisadi cəhətdən çox dinamik şəkildə inkişaf edən ölkədir və əlbəttə ki, bu, bizim qarşımızda yeni imkanlar yaradır, yeni üfüqlər açılır. Dünya birliyinin üzvü kimi Azərbaycan bütün beynəlxalq təşkilatlarda çox konstruktiv mövqedən çıxış edir. Birləşmiş Millətlər Təşkilatında, bütün başqa təşkilatlarda biz İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin mövqelərini həmişə müdafiə etmişik və bu siyasət bundan sonra da davam edəcəkdir. 

Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, müstəqilliyimizi əldə edəndən sonra bu günə qədər biz həmişə İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərdən dəstək, kömək görmüşük. Beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyinin müdafiə olunmasında İKT dövlətlərinin səylərini çox yüksək qiymətləndiririk və bu fürsətdən istifadə edib mən bütün nümayəndələrə öz təşəkkürümü bildirmək istəyirəm. 

Nailiyyətlərlə yanaşı, əlbəttə ki, sosial, iqtisadi problemlər də mövcuddur və biz bunları həll edirik. Amma elə problemlər var ki, biz onları təkbaşına həll edə bilmirik. Onların ən böyüyü, bizim üçün ən başlıca problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir. Uzun illərdir ki, Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır. Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma dədə-baba torpaqlarından didərgin düşüb və qaçqın-köçkün kimi yaşayır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizində bütün binalar, bütün infrastruktur tamamilə dağıdılıbdır. Ulu babalarımızın qəbirləri, məscidlər, tarixi abidələr, bütün binalar ermənilər tərəfindən yerlə-yeksan edilibdir. Bu, misli görünməmiş vandalizmdir. Azərbaycanın üzləşdiyi bu problem əlbəttə ki, bütün regionda əməkdaşlıq meyillərini azaldır. Biz çalışırıq və ümid edirik, nail olacağıq ki, bu məsələni sülh yolu ilə, danışıqlar yolu ilə həll edək. Biz sülh danışıqlarına sadiqik. Ancaq eyni zamanda, mövcud olan vəziyyətlə də barışa bilmərik. Azərbaycanın ərazi bütövlüyü, Ermənistan istisna olmaqla, bütün dünya tərəfindən tanınır. Birləşmiş Millətlər Təşkilatı bu məsələyə dair dörd qətnamə qəbul edibdir. O qətnamələrdə deyilir ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalıdır. Fəqət bu qətnamələr icra olunmur. Digər mötəbər beynəlxalq təşkilatların qərarları da bunu tələb edir. O cümlədən İslam Konfransı Təşkilatı, Avropa Şurası, GUAM təşkilatı və bir sıra başqa təşkilatlar bu məsələdə öz açıq, prinsipial mövqeyini ortaya qoyubdur. Ancaq əfsuslar olsun ki, bu qərarların icra mexanizmi yoxdur. Bizi narahat edən ən əsas məsələ odur ki, dünyanın ən mötəbər təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının da qərarların icrası ilə bağlı səmərəli mexanizmi yoxdur. İndi Birləşmiş Millətlər Təşkilatında gedən islahatlar haqqında fikir mübadiləsi aparılır. Hesab edirəm ki, birinci islahat ondan ibarət olmalıdır ki, bütün qəbul edilmiş qərarların icra mexanizmi olsun. Əgər qərar qəbul edilibsə, o, icra olunmalıdır. Əgər o ölkə ki, qərarı icra etmir, ona qarşı müəyyən tədbirlər görülməlidir. Bu, Birləşmiş Millətlər Təşkilatının işini daha da təkmilləşdirəcəkdir. 

Azərbaycan öz ərazi bütövlüyünün pozulması ilə heç vaxt barışmayacaqdır. Aparılan danışıqlar yalnız və yalnız o təqdirdə sülh sazişinə gətirib çıxara bilər ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Mən ümid edirəm ki, biz buna nail olacağıq. 

Tarixi baxımdan Dağlıq Qarabağ Azərbaycan torpağıdır, ermənilər oraya XIX əsrin əvvəllərində gəlmişlər. Hüquqi cəhətdən Azərbaycanın ərazi bütövlüyü tanınır və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Siyasi cəhətdən Azərbaycanın mövqeləri daha da möhkəmlənir və beynəlxalq təşkilatların dəstəyi bizim üçün çox əhəmiyyətlidir. O cümlədən İslam Konfransı Təşkilatının mövqeyi və artan nüfuzu bizim siyasətimizə daha da böyük güc verir. İqtisadi baxımdan Azərbaycan çox sürətlə inkişaf edir. Biz hələ işin əvvəlindəyik, gələcəyimiz çox uğurlu olacaqdır. Bütün hesablamalara görə, Azərbaycanın sürətli iqtisadi inkişafı onu çox zəngin ölkəyə çevirəcəkdir. Bütün bu amillər deməyə əsas verir ki, biz məsələnin həllinə nail olacağıq və mən istəyirəm ki, biz bunu sülh yolu ilə edək. Ancaq eyni zamanda, bütün başqa variantlar da masa üzərində olmalıdır. 

Mən fürsətdən istifadə edərək, bizim haqq işimizə dəstək verdiyi üçün İslam Konfransı Təşkilatına bir daha öz dərin minnətdarlığımı, təşəkkürümü bildirirəm. 

Əlbəttə ki, biz bölgədə gedən proseslərə öz münasibətimizi bildirməliyik. Ancaq və ancaq sülh, təhlükəsizlik, sabitlik şəraitində hansısa inkişafdan söhbət gedə bilər. Əgər müsbət nümunələrə nəzər salsaq görərik ki, hansı ölkədə bu, təmin olunursa, o ölkədə inkişaf da mövcuddur. Biz bu regionda yaşayırıq. Ona görə regionda gedən proseslər, şübhəsiz ki, bizim siyasətimizi müəyyən dərəcədə müəyyənləşdirir. Eyni zamanda, Azərbaycanın siyasəti regionda gedən proseslərə öz təsirini göstərir. Belə olan halda, hamımız çalışmalıyıq ki, regionda sülh, təhlükəsizlik tam şəkildə bərqərar olunsun, mümkün olan risklər azalsın. Biz yeni risklərin yaranmasına imkan verməməliyik və bütün məsələləri danışıqlar yolu ilə həll etməliyik. Biz bunun tərəfdarıyıq və belə olan halda, bölgədə risklər daha da azalacaqdır. Biz bunu istəyirik. Biz istəyirik ki, ölkələrimiz inkişaf etsin, insanlarımız daha da yaxşı yaşasınlar, daha da savadlı olsunlar. Bizim qarşımızda duran problemlərin biri də təhsillə bağlıdır. İnsanlarımızın maarifləndirilməsi, yüksək biliyə yiyələnməsi çox önəmli məsələdir və dünyanın gələcəyini müəyyən edir. Bilik, savad, yeni texnologiyaların tətbiq olunması - bütün bunlar bizim üçün önəmli məsələlərdir. Bizim həmrəyliyimiz, bir-birimizi dəstəkləməyimiz, əlbəttə ki, işimizi daha da asanlaşdıracaqdır. 

Əziz qonaqlar, bir daha demək istəyirəm: mən çox şadam ki, siz bu gün Azərbaycandasınız, bizə qonaq gəlmisiniz. Bəziləriniz üçün bu, Azərbaycana ilk səfərdir və gözəl fürsətdir ki, Azərbaycanla tanış olasınız. Əminəm ki, İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərlə bundan sonra da əlaqələrimiz daha da möhkəm olacaqdır. Yenə də deyirəm, cəmi 15 ildir ki, Azərbaycan beynəlxalq aləmin üzvüdür. Biz gərək özümüzü tanıdaq, özümüzü təqdim edək, imkanlarımızı təklif edək ki, əməkdaşlıq daha da sürətlə getsin. Azərbaycan İslam Konfransı Təşkilatındakı fəaliyyətini daha da möhkəmləndirmək əzmindədir. Biz hesab edirik ki, təşkilatın çox önəmli rolu var və ümid edirik ki, bu rol artacaqdır. Təşkilat nə qədər möhkəm olsa, bizim mövqeyimiz də bir o qədər güclənəcəkdir. 

Mən bir daha sizin hamınızı Azərbaycanda ürəkdən salamlayıram və sessiyanın işinə uğurlar arzulayıram. Sağ olun. 

Yəmənin xarici işlər naziri Əbubəkir Abdulla əl Qirbi, Malayziyanın xarici işlər naziri Seyid Həmid Cəfər Albar, İslam Konfransı Təşkilatının baş katibi İkmaləddin İhsanoğlu məruzə etdilər. Onlar bu mötəbər tədbirin yüksək səviyyədə təşkilinə, gözəl şəraitin yaradılmasına, sessiyada iştirak etdiyinə və məzmunlu nitqinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, dövlətimizin başçısının ötən il İKT-nin Ciddədə yerləşən baş qərargahını ziyarət etməsini məmnunluqla xatırlatdılar. 

Xalqımızın ümummilli liderinin tarixi xidmətlərini xüsusi vurğulayan natiqlər dedilər ki, görkəmli siyasi xadim Heydər Əliyev İslam Konfransı Təşkilatının fəaliyyətinə çox yüksək qiymət verirdi. 1998-ci ildə İKT-nin sessiyasındakı dərin məzmunlu çıxışı bizim üçün nümunədir. Onun təşəbbüsü ilə islam dünyasının həmrəyliyi üçün bir sıra mühüm tədbirlər keçirilmişdir, Qafqazda islam dəyərlərinin qorunması, əmin-amanlığın bərqərar olunması və digər mühüm istiqamətlərdə göstərdiyi səylər heç zaman unudulmayacaqdır. 

Məruzəçilər ötən illər ərzində görülən işlərdən danışdılar, bu beynəlxalq təşkilatda praktik islahatların aparılmasının, iqtisadi, siyasi, elmi, mədəni, texnoloji və digər sahələrdə üzv ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsinin zəruriliyini bildirdilər. 

Müsəlman ölkələrinin üzləşdiyi problemlərdən geniş bəhs edən məruzəçilər Fələstin, İraq, Kəşmir, Kipr problemlərindən, Azərbaycanın ən ağrılı məsələsi olan Dağlıq Qarabağ münaqişəsindən, habelə Somali və Sudanda baş verən hadisələrdən də bəhs etdilər. Xüsusi vurğulandı ki, adı çəkilən münaqişələrin və problemlərin özünəməxsusluğu olsa da, ədalətin bərpası üçün beynəlxalq hüquq normaları əsas şərt olmalıdır. İşğalçı Ermənistan Azərbaycan ərazisinin 20 faizini zəbt etmiş, etnik təmizləmə həyata keçirərək insanları doğma yerlərindən zorla çıxarmış, tarixi-mədəniyyət abidələrini məhv etmişdir. Hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır və münaqişənin həlli istiqamətində Azərbaycanın tutduğu haqlı mövqe yüksək qiymətləndirilməli və bu sahədə İKT dövlətlərinin səylərinin birləşdirilməsi zəruridir. İKT bütün dünyada sülhün və əmin-amanlığın yaradılmasını arzulayır və bu məqsədlə təşkilatın İraqda nümayəndəliyinin açılması nəzərdə tutulmuşdur. 

Məruzələrdə Qərbin bəzi mətbuat orqanlarında Məhəmməd Peyğəmbərə karikaturaların dərc olunması və bununla bağlı yaranmış gərginlik kəskin şəkildə pislənildi. Bildirildi ki, mötəbər təşkilat kimi İKT bütün dinlərə hörmətlə yanaşır və bundan sonra da sivilizasiyalararası dialoqun genişləndirilməsi məqsədi ilə fəaliyyətini davam etdirəcəkdir. İKT-nin üzvü olan ölkələrin iqtisadi-ticarət əlaqələrinin inkişafının zəruriliyi vurğulandı, İKT çərçivəsində həyata keçirilən və müxtəlif sahələri əhatə edən layihələrdən də söhbət açıldı. 

İslam Konfransı Təşkilatının baş katibi İkmaləddin İhsanoğlu məlumat verdi ki, ötən il müqəddəs Məkkə şəhərində keçirilən yığıncaqda İKT-nin qarşıdakı on il ərzində görəcəyi işləri əhatə edən proqram xarakterli xüsusi fəaliyyət planı hazırlanmışdır. Burada Ermənistan-Azərbaycan münaqişəsinin, eləcə də digər münaqişələrin aradan qaldırılması, habelə iqtisadi, ticarət əlaqələrini və bütün digər sahələri əhatə edən məsələlərlə bağlı təkliflər, fikirlər öz əksini tapmışdır. 

Baş katib həmin fəaliyyət planını Prezident İlham Əliyevə təqdim etdi. 

Asiya ölkələri qrupu adından Pakistanın, Afrika ölkələri qrupu adından Qvineyanın, ərəb ölkələri qrupu adından isə Sudanın xarici işlər nazirləri çıxış etdilər, sessiyanın yüksək səviyyədə təşkilinə və keçirilməsinə, göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına və Azərbaycan hökumətinə təşəkkürlərini bildirdilər. Onlar qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və dərinləşdirilməsi baxımından sessiyanın üzv ölkələr üçün faydalı və səmərəli olacağını vurğuladılar, bəzi problemlərdən və münaqişələrdən əziyyət çəkən ölkələrə humanitar yardımın göstərilməsi üçün lazımi işlərin görülməsinin vacibliyini söylədilər. 

Sonra xarici işlər nazirlərinin 33-cü sessiyasına sədrlik Azərbaycana keçdi. 

Sonra çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sessiyada iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi, sessiyaya sədrliyin Azərbaycana keçməsini böyük etimad və məsuliyyət kimi qiymətləndirdi. 

AzərTAc
19 iyun 2006-cı il

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.